|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Nizami XUDİYEV

ŞERİMİZİN   CANLI   KLASSİKİ
           
Hamiya yaxşı bəllidir ki, tarixin ən qədim dövrlərindən üzü bəri tanınmış söz sahibi olmaq son dərəcə çətin və məsuliyyətlidir. Ona görə ki, söz hər zaman eşidiləndir, söz insanların bir-birinə ehtibarı və inamıdır. Qələm sahiblərinin insana, həyata, dünyaya baxışı məhz sözdən gəlib keçir. Sözü duyan, sözlə insan kimi rəftar edən, sözə məhəbbətlə yanaşan, sözdə öz istəyini tapa bilən sənət adamları daha xoşbəxtdir. Çünki onlar duyduqlarını və düşündüklərini özlərinə yaxın və doğma olan sözə çevirməyi bacarırlar. Məncə, belə xoşbəxt sənətkarlar sırasında ədəbiyyata və sənətə öz qanı, canı ilə xidmət göstərən nadir qələm sahibi Məmməd Araz da var.

Dilçi alim də, ədəbiyyatşünas da, filosof da müəyyən bir məsələ barəsində əsl həqiqəti üzə çıxarmaqdan ötrü müxtəlif mənbələri araşdırır, araşdırma üçün faktlar, dəlillər seçir və nəhayət, müqayisələr aparır. Müqayisə yolu ilə deyilən fikir, müqayisədən doğan nəticə daha elmi, daha inandırıcı olur. Amma mən Məmməd Araz poeziyasını heç bir sənətkarın yaradıcılığı ilə müqayisə etmək fikrində deyiləm. Ona görə yox ki, Məmməd Araz şeri özündən əvvəlki sənət adamlarının, yaxud öz müasiri olan şairlərin yaratdığı poetik nümunələrlə müqayisəyə gəlmir. Əksinə, Məmməd Araz öz sələfləri ilə müasirləri arasında elə bir ortaq nöqtədir ki, onun bədii düşüncəsindən süzülən fakt və nümunələr vasitəsilə Azərbaycan söz sənəti tarixinin böyük bir mərhələsini tam genişliyi ilə təhlil edib ümumi nəticələrə gəlmək olar. Məmməd Arazı başqaları ilə müqayisə etməmək, şerini başqalarının şerləri ilə tutuşdurmamaq istəyimiz ondan irəli gəlir ki, onun poeziyası öz-özü ilə müqayisəyə daha çox meyllidir. Bax, bu cəhətdən M. Araz sələflərindən, müasirlərindən kifayət qədər seçilir və fərqlənir.
Məmməd Araz Batabata yaxın bir yerdə - Şahbuz dağlarının ətəyində yerləşən Nurs kəndində doğulub. O yerləri gəzənlər, tanıyanlar saf bulaqların suyu ilə sərin və təmiz havanın necə məhrəm olduğunun canlı şahididirlər. Oradakı çaylar, göllər, bağ-bağçalar, ətirli çiçəklər elə bir dünyadır ki, onlara baxanda hər dəfə gözlərim önündə bir sirr açılır. Yollara, cığırlara nəzər yetirdikdə doğulan hər niskilin də öz mənasını, öz siqlətini görürük. Elə düşünməyin ki, mən M. Arazın doğulduğu, gəzdiyi yerlərin bədii lövhəsini yaratmaq fikrindəyəm. Yox, M. Araz qələminin gücü və qüdrəti bu cəhətdən həm tükənməz, həm də sərrastdır.
                            Mənim şimşəklərim hara şığıdı?
                         Mənim dolularım haraya yağdı?
                         Mənim yağışlarım daha şıdırğı,
                         Qarım daha təmiz, daha da ağdır.

                        O zaman ləpirim quşlar hürküdür,
                        Torağay çıxmazdı qarşıma belə.
                         Kəpənək qonmazdı çiynimə bu cür,
                         Yemşan ələnməzdi başıma belə.

                        O zaman yarpaqlar biri bir palaz,
                        İndiki yarpaqlar qulaq boydadı.
                        O zaman uşaqlar böyükdü bir az,
                        İndiki uşaqlar uşaq boydadı.
Bu bəndlərin məzmunu və ahəngi şairin özünün özü ilə müqayisəsi üçün nə qədər münbit zəminə malik olduğunu tam aydınlığı ilə sübut edir. Kəndin keçmişi və bu günü arasındakı fərq yalnız yağışa, qara, torağaya, kəpənəyə görə deyil, həmçinin uşaqların seçilməsinə görə də müəyyənləşir.
M. Araz poeziyasında şairin doğulduğu doğma kəndin balacalığından doğan niskil və təəssüf onun gözəlliyinə olan məftunluqla tarazlaşır və son dərəcə             qeyri- adi bədii lövhə yaranır:
            Kəndim, balacasan, çox balacasan,
            Adın yox dünyanın xəritəsində.
            Atılıb qalmısan gözlərdən uzaq,
            Çaylı, baldırğanlı çay dərəsində.
Şair kəndin balacalığından, dünyanın xəritəsinə düşməməsindən doğan niskili onun təbiətinin füsünkarlığı –“çaylı, baldırğanlı çay dərəsi” ilə yuyur və oxucu qəlbinə qəribə bir rahatlıq bəxş edir.
Elə buradaca qeyd etmək istəyirəm ki, Məmməd Arazın gəzib dolaşdığı yerləri mən də qarış-qarış gəzmişən. Böyük şairin vəsf etdiyi bulaqları, meşələri, dağları, dərələri, çayları, yamacları mən də doyunca seyr etmişəm. Amma bunlar mənə öz yaşıma görə Məmməd Arazdan sonra qismət olub. Bu yerdə etiraf etməli başqa bir məqam da var. O da bundan ibarətdir ki, mən o daşı, o torpağı Məmməd Arazı oxuduqdan sonra daha dərindən tanımışam. Bu tanışlıqda M. Araz şeri mənim ən mehriban, ən səmimi müəllimim olub.
Məmməd Araz şerlərinin birində təbiəti dərslik hesab edir. Bəli, təbiət bizim oxuduğumuz və öyrəndiyimiz bütün dərsliklərin ən mötəbəri, ən alisidir. Bəşəriyyət yarandıqdan bəri dərslik nə qədər vərəqlənir, nə qədər öyrənilirsə,  yenə dünyanın bütün sirləri açılmır, tükənmir. Bu fikrin mənası təbiətin yalnız          sirli-sehrli olmasını göstərməkdən ibarət deyil. Şairin başlıca məqsədi insanla təbiəti vəhdətdə götürmək, insanı təbiətə qarşı qoyanlara kəskin cavab verməkdir. Məmməd Arazın təbiətə vurğunluğunda ən başlıcası torpağa, daha geniş mənada doğma Vətənə olan sevgi dayanır. O, şerlərinin birində yazır:
            Yerdə çörək diləyən,
            Xış dili bilməliydi,
                         Quş dili bilməliydi,
                         Daş dili bilməliydi.
Həyata və dünyaya, keçmişə və gələcəyə, torpağa və daşa, nəhayət, insana və Vətənə bağlılığın bu qədər səmimi, bu qədər dəqiq, eyni zamanda, bu qədər poetik ifadəsi son dərəcə nadir sənət hadisəsidir. Qətiyyətlə deyə bilərəm ki, poeziya tarixində belə nümunələr hər zaman yaranmır. İdeya və qayəsinə, səmimi ifadə tərzinə, bədii dil xüsusiyyətlərinə görə bütövlük və tamlıq qazanan bu cür şer nümunələrinə, əsasən, şifahi xalq ədəbiyyatı xəzinəsində rast gəlmək olar. Bunun da əsas səbəbi folklor nümunələrinin xalq düşüncəsindən süzülüb gəlməsi, xalq tərəfindən cilalanmasıdır. Elə M. Araz şeri də xalqdan gələn ruhla, xalqdan gələn tələblə yazılanda folklor nümunələrinə daha çox oxşayır, bəzən də xalq şerindən seçilmir.
Məmməd Araz “Məndən ötdü, qardaşıma dəydi” şeri ilə Azərbaycan oxucusunun Vətən duyğusunu təkrarlanmaz bir forma və məzmunda canlandırıb. O, şerimizi Vətəni ümumi sözlərlə bəzəmək, qafiyəbazlıqla tərifləmək, Vətəndən yazmağı sui-istifadəyə çevirmək yolundan saxladı. Yalnız sözdə görünən Vətən çığır-bağırlarından doyan, iş və əməl cağrışına qoşulmaq istəyən oxucular M. Arazın həqiqətə səsləyən “Məndən ötdü, qardaşıma dəydi” şerini böyük “acgözlüklə” qarşıladı. M. Araz bircə şerlə milyonlarla oxucuya Vətəni necə sevmək, öz şair müasirlərinə isə Vətəni sevdirmək dərsi verdi. Bircə şerlə bütün Azərbaycan vətəndaşları Vətənə dəyən daşın ağrısını öz ağrısı hiss etdi:
            Səndən ötən mənə dəydi,
            Məndən ötən sənə dəydi.
            Səndən, məndən ötən zərbə,
            Vətən, Vətən, sənə dəydi.
Şair ürəyinin çəkə bilmədiyi Araz dərdi ülvi bir vətənpərvərlik duyğusundan doğulmuşdur. Biganəliyə və laqeydliyə qarşı qılınc çəkən Məmməd Araz biganəliyin və laqeydliyin gətirdiyi bəlaların ən acı, ən ağrılı ünvanını da göstərir:
            Xətainin süqutuna qəh-qəh çəkdi.
            Sonra, sonra
            Səhərəcən başına yüz qədəh çəkdi.
            O qəh-qəhin dalğasından,
            O məstliyin baş fırladan havasından
                        qopan daşdı –
            Azərbaycan torpağından Araz boyda
                         şırım açdı.
Məmməd Araz şerində hər sözün, hər kəlmənin öz yeri var. Bəzən oxucu heyrətə gəlir ki, ilahi, adi bir insan – şair düşüncəsi bu qədər sözün içərisindən şerin ideyasına və ahənginə uyğun bir vacib kəlməni necə həssaslıqla seçib tapa bilir. Görünür, Məmməd Araz kimi böyük şair olmaq üçün xalqın bütün maddi və mənəvi sərvətlərini incədən-incəyə qədər duyub başa düşməlisən. Bu mənada bədii dilin yaratdığı mübaliğələrdən də şair o yerdə istifadə edir ki, məhz orada insan qəlbinin dağ boyda kədəri inikas etdirilir. “Arazın nəğməsi” şerində bu həqiqətin ən parlaq nümunəsi var:
            Qoca şahidisən qoca dünyanın,
            Çox nahaq qanlara boyanmısan sən.
            Nə bilim, bəlkə də neçə ananın
            İlıq göz yaşından yaranmısan sən.
Anaların göz yaşından yaranan Araz boyda nisgil Məmməd Arazın şerində mövzu olur. Ona görə də “Mən Araz şairiyəm” deyir. M. Arazın yuxularına buta timsallı gözəl-göyçək qızlar deyil, məhz Araz girir. O, öz yuxularından Arazın dərdi ilə diksinib ayılır. Araz dərdi ilə Araz sevgisi Məmməd Araz poeziyasında elə qaynayıb qovuşur ki, onları bir-birindən ayırmaq ananı baladan ayırmaq qədər cətindir:
            Gündüzlər aynam olub,
            Gecələr laylam olub.
            Qamışından kəsilib
            Mənim çaldığım tütək,
            Mən ondan süd içmişəm
            Anamdan süd əmən tək.    
M. Arazın bir çox misralarını aforizmə çevirən də məhz elə onun poeziyasının həmişə bizə gərək olan əqidə, məslək damarıdır. Sənətin əqidə, məslək gücündən doğulan canlı misralar “Vətən daşı” olmaq istəməyən adamlardan daha məğrurdur. Bu məğrurluğu biz aşağıdakı misraların izi ilə gedə-gedə Məmməd Arazdan öyrənirik:
            Vətən mənə oğul desə, nə dərdim
            Mamır olub qayasında bitərdim.
Qəribədir, Məmməd Arazın çəkdiyi dərd heç kəsin dərdinə bənzəmir. Azərbaycan oxucusuna Füzulinin, Sabirin, Mirzə Cəlilin dərdi yaxşı tanışdır. Ədəbi yaddaşın səhifələrində xalqın istək və arzularının həqiqətə çevrilə bilməməsindən doğan ictimai kədər Füzuli və Sabirdə, Mirzə Cəlil və Məmməd Arazda eyni mənbədən qaynaqlanır. Fərq burasındadır ki, Füzulidə, Sabirdə, Mirzə Cəlildə çəkilməyən dərd öz ağırlığı ilə daha çox tanınır və çiyinlərin tab gətirə bilmədiyi ağrı ilə reallaşır. Bəzən də bu dərdə ürək dözmür, ürək tab gətirmir. Əslində, bu dərd vətəndaş mövqeyinin mübaliğəsindən, yanğıdan, iztirabdan keçən bədii inikasıdır. Lakin Məmməd Arazda dərdin ölçüsü çəki ilə, ağırlıq vahidi ilə deyil, vaxt və zamanla ölçülür:
            Bəlkə bu halımdan incidi dağ-daş,
            Bunu öz vaxtında duya biləydim.
            Bir günlük uşaqlıq gunahımı, kaş,
            Bütün ömrüm boyu yuya biləydim.
Hələ biz onu demirik ki, çox şairlər özlərini günahsız –“aydan arı, sudan duru” hesab edirlər. Günah kiçik olsa belə onu görüb etiraf etmək cəsarəti Məmməd Araz ürəyinin böyüklüyü və işığıdır. Əslində, Məmməd Arazı yaşadan da elə bu böyüklüyün və işığın gücüdür.
Azərbaycan mədəniyyət tarixinə baxışda XX əsrin əvvəlləri ilə sonları arasında kifayət qədər müqayisələr aparmaq olar. Bu müqayisələr həm oxşar, həm də fərqli cəhətləri ortaya çıxarmaq üçün xeyli əsas verir. Dildə də, ədəbiyyatda da, incəsənətdə də, hətta siyasətdə də bunu görmək və göstərmək çətin deyil. Həmin müqayisə zəmininin daha  bariz nümunəsi Mirzə Cəlil və Məmməd Araz yaradıcılığındadır. Həqiqət belədir ki, XX əsrin əvvəllərində Mirzə Cəlil “Anamın kitabı” əsərini yazıb xalqımızın taleyinin bir çox məqamlarını əbədiləşdirdi. XX əsrin axırlarına yaxın isə Məmməd Araz “Atamın kitabı” poeması ilə yeni dövrün canlı epopeyasını yaratdı. Hər iki kitabın bir qədim qaynağı var. Bu qaynaq “Dədə Qorqud kitabı” adlanır. Deməli, Məmməd Araz poeziyası ən qədim milli qaynaqdan, ən saf ənənədən qida alır.
Həqiqi poeziya yarışı səmimi söz sahibi olmaqdan keçir. Əsl şair səmimiliyi bədii dildən, sözdən, misradan süzülüb gələndə daha güclü, daha həqiqi olur. Məmməd Araz səmimiyyəti gözə girmir, ürək bulandırmır, əksinə, göz oxşayır, ürəyə yayılır. Çünki onun yaradıcılığında səmimiyyətin ifadə imkanlarının özü də son dərəcə səmimi və qeyri-adidir:
            Anadan-bacıdan gizlətdiyimi,
            Kağızdan, qələmdən gizlətməmişəm.
Bu deyim, anaya və bacıya üzbəüz deyilə bilməyən hiss və duyğunun bədii sözə, şerə söyləməyin ən klassik etirafıdır. Bundan sonra adam öz-özünə düşünür: nə qədər səmimi olmaq lazımdır ki, səmimiyyətin Məmməd Araz etalonu qarşısında duruş gətirə biləsən?
Şair üçün şerin janrını, vəznini, bölgüsünü, qafiyəsini öyrənmək və bilmək o qədər də çətin deyil. Ədəbiyyat tarixini, ayrı-ayrı sənətkarların yaradıcılığını dəyərləndirmək qələm əhli üçün heç bir problem yaratmır. İnsanı və həyatı müşahidə qabiliyyəti də hər insanda öz səviyyəsinə uyğun olaraq yetərincə var. Amma sözü duymaq və sözü danışdırmaq hər kişinin işi deyil. Bunun üçün fitri istedad, sözün gücünü duymaq gərəkdir. Ona görə də Məmməd Araz sözə, bədii dilə cansız material kimi baxmır, onu hərəkətə gətirir və daim hərəkətdə görür:
            Söz gərək ox keçməz qayadan keçə,
            Yoxdursa sözünün kəsəri, yazma.
            Özün sevməyincə, sevilməyincə,
            Özgədən məhəbbət əsəri yazma.
     Təkcə bu misraların özü sənət yoluna qədəm qoyan yeni yaradıcı nəsillər üçün çox əhəmiyyətli və mənalıdır. Böyük bir təcrübə məktəbinin nəticəsi kimi meydana çıxan sözün kəsərli olmasına, şairin duyulan və düşünülən mətləblərindən yazmasına çağırış əsl ustad nəsihətidir. Məsələ burasındadır ki, M. Araz dərindən bildiyi bir mənanı ürəyində sirr kimi saxlamır, onu kiməsə qısqanmır, hətta açıb söyləməkdən həzz alır, həmin mənanın kim üçünsə gərəkli olacağına ürəkdən inanır. Etiraf etmək lazımdır ki, belə bir ürək genişliyi az-az təsadüf edilən poetik və əxlaqi keyfiyyətdir.
Məmməd Araz şerinin lirik qəhrəmanı adi adam deyil. Bu qəhrəman sözün həqiqi mənasında, şəxsiyyətdir. Məmməd Araz şerlərində sevən də, nifrətə layiq olan da, bağışlanan da, dərd çəkən də, dərdini bölüşən də gözümüz qarşısında şəxsiyyət kimi ucalır:
            İsmi dönük son tufanım olsa da,
            Son ümidim, son gümanım olsa da,
            Gündoğanım, günbatanım olsa da,
            İnnən belə o gözlərə baxmaram.
Vəfasızlığa qarşı bu qədər inadkar olmaq yalnız Məmməd Araz poeziyasına xasdır!
            Tutarlı söz gəzmə özünü yorub,
            Məni bilirsən ki, aldatmaq asan...
            Desələr: “Ay səni qonaq cağırıb,
            Marsla evlənəcək” inanasıyam.
Sevgiyə qarşı bu qədər məhəbbət də elə Məmməd Araz şerinin möcüzəsidir! Bütün bunlar Məmməd Araz şəxsiyyətindən süzülüb gəlir. Çünki o, həyatda və cəmiyyətdə öz sözünü deyə bilən, öz sözünə hörmətlə yanaşmağı bacaran şəxsiyyətdir.
M. Araz “Əl dəydi, çaxmaq daşıyam” şerində yazır:
                          Təklikdə çaylaq daşıyam,
                          Məni qoymayın təklənəm!
                          Əl dəydi, çaxmaq daşıyam!
                          Məni qoymayın təklənəm!..
  Əslində, M. Araz təklikdən qorxmur. Onun hər bir şeri tək-tənha olduğu çağların bəhrəsidir. M. Araz şer, sənət adamının təkliyindən deyil, umumiyyətlə, təkliyin faciəsindən yazır, tək qalıb yalquzağa dönməyin ağrısından danışır. Şerdəki M. Arazdan fərqli olaraq həyatdakı Məmməd Arazın təklənməsinə yol verməmək isə hər bir oxucunun vətəndaşlıq borcudur. Bu mənada Məmməd Araz haqqında  yazmağı mən də özümə borc bildim və bu yazını vaxtilə  “50 yaşıma ön söz” şerini yazan böyük şair Məmməd Arazın 70 yaşına ön söz kimi ünvanladım.  

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws