|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Üfüq   MUXTAROV

AZƏRBAYCANIN DAHİ ŞAİRİ  MƏMMƏD  ARAZ

20 dekabr 2003-cü ildə Moskvada “Jar  Ptitsa” teatrında  Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin təşəbbüsü ilə Azərbaycan xalq şairi Məmməd Arazın 70 illik yubileyinə həsr olunmuş gecə keçirildi. Gecənin açılışını elan edən professor Tofiq Məlikli Azərbaycan Respublikasının vəfat etmiş əks-prezidenti Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Bu mərasim başa çatdıqdan sonra  Gecə tərtib olunmuş proqram üzrə davam etdirildi.
Gecənin aparıcısı Jurnalistlər Birliyinin üzvü Cəfərsadiq Abbasov şairin yaradıcılığı haqqında məlumat verdikdən sonra çıxış etmək üçün səhnəyə 157 saylı məktəbin şagirdlərini dəvət etdi. Şagirdlər müəllimə Sevil İsmayılovanın rəhbərliyi ilə şairin “Üç oğul anası” poemasını  səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim etdilər. Bu azərbaycanlı balaların nəfis çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Gecədə coxsaylı Məmmədsevərlər iştirak edirdilər.

Azərbaycanın poeziya çəmənliyində ilahinin yaratdığı ən ətirli bir çiçək ətir saçır – Məmməd Araz ətri!
Azərbaycan poeziya səmasında bir ulduz yanır – adı Məmməd Araz ulduzu!
Azərbaycan poeziya ərazisindən bir çay axır – Məmməd Araz çayı!
Azərbaycanın müdriklik poeziyasında bir Dədə Qorqud nəfəsi var – Məmməd Araz nəfəsi!
Ilk şer kitabı “Sevgi nəğməsi” (1959) çapdan çıxmışdır. Indiyə kimi onun       20-dək kitabı  çapdan çıxmış və tam əminliklə demək olar ki, onun hər çapdan çıxan kitabı bir çox oxucuların böyük sevincinə səbəb olmuşdursa, o kitablara sahib olmaq istəyindən məhrum olan oxucular isə çox “məyusluq” hissləri keçirmişlər. Çünki bu böyük şairin kitabının çıxmağı ilə qurtarmağı bir olardı. Onun qələmindən çıxan və oxucunun qəlbini oxşayan yeni sözlərin, fikirlərin qəribliyindəydilər oxucular. M. Araz heç bir yazısını ona hansısa bir “ad”ın verilməsi naminə, mükafat naminə yazmır. O, kiminsə diqtəsi ilə yazan sənətkarlardan olmayıb. O, xalqdan, xalqının keçirdiyi faciəli hisslərdən, vətəninin gözəl təbiətindən, adətlərimizdən, ənənələrimizdən elə gözəl, elə səlist yazır ki, sanki bir dahi rəssam öz əvəzedilməz fırçasıyla rəsm əsəri yaradır. Bəli, şairlə rəssam müqayisə ediləndirlər. Çünki qələmlə fırça əkizdirlər. Rəssam cansız saydığımız təbiəti öz kətan lövhəsində canlandırıb danışdırdığı kimi, şair də öz qələmi ilə, öz zəkası ilə lal qayaları, ürəksiz insanları dilə gətirir, necə deyərlər, onlara dil verib, danışdırır, onları insanlığa qaytarmaq istəyi ilə yaşayır:
            Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq –
            Bu daşların, qayaların keçmişini  oyadacaq.
            Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq.
            Bu basılmaz nərlər-ərlər,
            Bu qaya sərkərdələr.
            Onda məni – bir balaca daş əsgəri,
            Qoyar yəqin qoşulmağa bu cərgəyə,
            Qayaların keçmişini qayalara yazdım, deyə.
            Onda vətən sanar məni bir balaca vətən daşı,
            Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...
M. Araz yaradıcılığı həm dağdı, hən aran, həm kənddi, həm də şəhər – bir sözlə, M. Araz yaradıcılığı bir vətəndir, adı bütöv Azərbaycan:
            Gülüm, bir də görüşünə yubansam,
            Adımı tut, harda dağlar dumansa.
            Gözünü sıx, hansı daşda su yansa,
            O daş altda Məmməd Araz yaşayır.
Bəzən özümüzdən böyük-böyük danışmağımız da olur. Ətimiz ətindən, qanımız qanından olan millətimizin qabırğasına döşüyürük. Nələr demirik, nələr danışmırıq nizamiləri, nəsimiləri,  füzuliləri, xətailəri və daha kimləri – kimləri yetirən bir millətin, xalqın ünvanına. Görəsən, belə danışmağa haqqımız çatırmı?  “Belələrimiz”in cavabını M. Araz yerində verir:
            Bu millətə nə verdik ki?
            Kimsə qapdı ziyasını,
            Kimsə pozdu sırasını,
            Duzla yuduq yarasını,
            Xörəyinə duz vermədik...

            Bu millətə nə verdik ki?
            Biz səhv etdik, batdı qana
            Millət ata, millət ana,
            Illacı qalsın bir yana,
            Dərdi də ucuz vermədik...
Ömrü boyu xalqı soyub talayanları, nəfsləri xatirinə öz xalqına zülm edib dondan-dona girənləri haqq yola gətirmək istəyən şair özünü ilahiyə tutur:
            Bir dinlə zamanın sevdiyi səsi:
            Tülkü qaqqıltısı, qurd mələrtisi...
            ... Qarışıb: xalq kimdi, xalqı çapan kim.
            Işıq paylayan kim, işıq qapan kim...
            Ya rəbbim, mən sənə olanı dedim,
            Azacıq yadımda qalanı dedim.
            Qalan dərdimizi yükləsək əgər,
            Kəl olsa, nər olsa – qəddi əyilər.
            Ya rəbbim, arabir düş yanımıza,
            Arabir ölçü qoy vicdanımıza.
            Ya rəbbim, bu dünya sən quran deyil,
            Qudurğan sən görən qudurğan deyil.
Xalqını əzablardan, düşdüyü bəlalardan xilas etmək əvəzinə hər cür oyunlardan çıxan, özünü xalqın ağsaqqalı hesab edən “ağ saqqallıların” törətdikləri pis əməllər şairi rahat buraxmır.   
            Hələ bu dünyanın qeylü-qalı çox,
            Bilməm zəhəri çox, yoxsa balı çox,
            Çox verdim özümə bu sualı, çox:
            Ərzin nadanından ağsaqqalı cox!
            Bu dünya niyə düzəlmir, baba?!
Tarixlərdən bəri sapı özündən olan özümüzkülərin ucbatından başına min cür bəlalar gələn, neftinin qaranlığında yaşayan, bol nemətinin dilənçisinə dönmüş millətimizin dərdi-səri, keçirdiyi iztirablar M. Arazın mənəvi və fiziki iztirabına çevrilib. O, milləti manqurtlara qarşı səfərbərliyə,  mübarizəyə çağırır.
Onun hər bir şeri böyük bir sənət əsəridir. Hər yazısında oxucu yeni bir fikirlə, yeni bir ideya ilə rastlaşır: qoca vulkan, içindən dovşanı qov, qədim tarix dərəsi, haralısan damarı, Araz boyda şırım, vətən daşı və s.
M. Araz çevik, obrazlı və dərin mənalı ifadələrdən istifadə edib elə fikirlərlə insanın keçmişini, tarixini şərh edir ki, çoxcildli tarix kitablarını oxumağa bəzən lüzum qalmır. Buna nümunə olaraq şairin  “Məndən ötdü, qardaşıma dəydi” şerini göstərmək olar.
Qeyd etdiyimiz kimi, M. Araz Dədə Qorqud müdrikliyinə malik bir insan, bir sənətkardır. Liderlərinin, ağsaqqallılarının  ucbatından min bir bəlaya düçar olmuş xalqını ovundurmaq istəyir, onu ömürlük sınmaq təhlükəsindən çıxarmaq üçün hər bir əziyyətə qatlaşır, sözün gücünə əl atır:
            Əyilməkdir  ağlamağın tərs üzü,
            Dərdi dartıb üzməyəni dərd üzür,
            Ağlayanı tez də tapır dərd, hüzür,
            Bəlkə tanrı belə yazıb, ağlama,
            Səsini boğ millət qızı, ağlama!
Dahi şairimizə ilahidən ən önəmli can sağlığı, uzun ömür və uğurlar diləyirik! Əminik ki, şairimizin yaratdığı bu sənət nümunələri gələcək nəsillər üçün bir məktəb, bir ocaq olacaqdır!

Moskva  23.12.03
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws