Esmira FUAD
BU GÜN GƏRƏK HƏR ANIMIZ VƏTƏN DESİN
71 il öncə dünyaya bir uşaq gəldi Məmməd adında... Tay-tuşları çöl-çəməndə uşaq oyunları oynamağa qaçanda o, “vüqarı dağ, sinəsi dastan” nənəsinin dizlərinin dibini kəsdirər, ondan yeni-yeni nağıllar, dastanları danışmağı istərdi... Ellərin sevinci, ellərin dərdi kiçik uşağın saçları qar nənəsinin dilində dilə gələr, onunsa beyninə, ürəyinə axar, özünə yurd-yuva salardı... Kiçik Məmməd nənəsinin kitabını – sazlı-sözlü sinə dastanını vərəqlədikcə duyğuları qanadlanar, söz adlı füsunkar pəriyə məhəbbəti, ilahi sevgisi pərvazlanardı. Nənənin pərdə-pərdə dilə gətirdikləri əsrimizin ən çox oxunan, ən çox sevilən, ən çox təqdir edilən, doğulub boya-başa çatdığı Ana Vətəni – Azərbaycanı qayalar döşündə bitən çiçəyə, çiçəklər içində qayaya bənzədən və uğrunda ölməyə hazır olduğu bu Vətən ona oğul deyərək qəbul edərsə, mamır olub hər qayasında əbədi bitmək arzusu ilə yaşayan qüdrətli bir şairini – hələ sağlığında ikən hər birimizin qəlbində heykəlləşən Məmməd Arazını yetişdirir, formalaşdırırdı:
Onun Araz kimi kükrəyib daşan,
Kürün nəğməsinə nəğmələr qoşan,
Hünər dastanı da, sevinc səsi də,
Bəzən söz üstündə titrəməsi də,
Nənəmin qəlbindən qəlbimə doldu.
Məni şair edən o kitab oldu.
O kitabın səsi el səsi idi,
O kitab nənəmin sinəsi idi.
Bütün bunlar onun yumruq boyda ürəyində çəlimsiz vücuduna sığışmayan ən əzəmətli dağlar misallı böyük və əbədi Azərbaycan eşqi göyərtdi. Ana Vətənə məhəbbət, sevgi atəşi qaladı... Bu böyük, əbədi məhəbbət onun od-alov saçan misralarına, dərdli, nisgilli, həzin, lirik şerlərinə çökdü:
Ana torpaq, əzəl gündən
Gül-çiçəkli yazım sənsən.
Ömrüm boyu könül səsim
Bir də könül sazım sənsən.
Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
Bülbül olsam ömrüm boyu
Bağlarını dolanardım.
Qartal olsam başı qarlı
Dağlarını dolanardım.
Külək olsam çöllərinin
Saçlarını darayardım.
Öz eşqimi naxış-naxış
Hər daşına, hər qayana
nəqş edərdim.
Nənənin şair balası Vətənin dərdləri, ağrıları ilə baş-başa, nəfəs-nəfəsə yaşadı, onlara şerlər, nəğmələr qoşdu. Ilk öncə, özünə ən böyük dərd ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısını sandı... Göz yaşlarını imperiya cəlladlarının Araz çayı boyunca parçaladığı bütöv Azərbaycan xalqının göz yaşlarına qatdı. Ana təbiətin nazlı, ədalı gözəlinə qıymadı, onun ağız ədəbiyyatında, şairlərin yaradıcılığında qınaq hədəfinə çevrilməsinə, məzəmmətlənməsinə, günahsız günahkarlığına dözmədi, özünə Araz təxəllüsünü seçdi və sanki onu qınaqlardan qorudu. Xan Araza neçə-neçə şerlər yazdı, məhəbbətlə əzizlədi, körpəliyindən bəri qəlbində daşıdığı böyük sevgini hayqırdı:
... Qələm gəldi əlimə
Araz gəlir dilimə!
Sudan çıxan balıq tək
Ölərəm mən Arazsız.
Tayı itmiş ceyran tək
Mələrəm mən Arazsız.
Axı, Araz şair üçün Ana təbiətin xalqımıza bəxş etdiyi nemət deyil, həm də sinəsində neçə dağlar, açılmış və açılmamış sirlər yatan, ağrılı tariximizi, yanan keçmişimizi yaşadan varlıqdır.
Yox Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram:
Ağlayır da, gülür də...
“Avesta”nın külündən
Bulanıqdır hələ də...
Beləcə yarandı gah həzin, gah coşqun nəğmə deyən, hər havası bir sazdan, səsi Koroğludan, hirsi-hikkəsi Tomrisdən, qəmi-kədəri Dilqəmdən, Abbasdan qalan ləpələrinə ağ saçları Səbuhinin bağışladığı, dalğasında igidlərin döyüş səsi, gizli nəğmələrində neçə sevgilinin hicran naləsi,
VƏTƏN MƏNƏ OĞUL DESƏ
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yurub salan qanaddım.
Ulduzlara barmaq silkib daş atdım,
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim,
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış,
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
Xəzanımdır, xəzanımdır, xəzanım.
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm,
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970
sinəsində yatan dərdi, möhnəti yüz ilə yazılası dastan olan Araza həsr etdiyi “Arazın nəğməsi”, “Mən Araz şairiyəm”, “Araz yadıma düşüb”, “Yenə Arazı gördüm” kimi şerləri...
Araz şeri ilə Araz şairi Araza dastan bağladı. “Araz axır” adında, poeziyamızın isə əbədiyaşar Məmməd Araz qolunu yaratdı!..
Və poeziyamızın bu özünəməxsus, son dərəcə orijinal, duyğuların şahə qalxdığı, hisslərin təlatümə gəldiyi Məmməd Araz qolunda oxucular istədiklərinin, təşnə olduqları arzuların, düşüncələrin, illərlə qəlblərində yaşatdıqları duyğuların bədii sözün qüdrəti ilə təkrarsız poetik əksini tapdılar. Bu poeziyada nakam sevgililər itkin düşmüş sevgilərinin doğurduğu müdhiş yalqızlığa, tənhalığa həmdəm, həmdərdlə qarşılaşdılar, onların qəlb ağrılarını duyan, dərk edən bir insanla dərdləşmək, əzablarını bölüşmək imkanı qazandılar. Şeriyyətin vurğunları sevgidən doğan sevinci də, kədəri də, dərdi, möhnəti də onun lirik əsərlərində duydular, yaşadılar və sanki həsrəti, iztirabı, əzabı gözləri ilə gördülər:
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm...
Çapılıb, talanıb məhəbbət orda...
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam, özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam...
Tarixi yaddaşı, xalq təfəkkürünü bədii yaradıcılığın fikir-hiss kontekstinə gətirərək əvvəlcə “Nənəmin kitabı” və “Anamdan yadigar nəğmələr”, sonra isə “Atamın kitabı”nı yazan vətəndaş – şairin əsas mövzusunu Vətən, Azərbaycan təşkil edən şerlərindən qəti bir hökm oxunur: – “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”... Bununla Ana Vətənə, onun daşına, torpağına diqqəti cəlb edir. Oxucuları ayıq salır ki, mənim sevərək vurğunluqla vəsf etdiyim daşlar, qayalar adi daş, qaya deyil.
Bu daşlar, səf-səf qayalar ulularımızın tarixidir, nəsillərin yaddaşıdır, insanlığa qayıdış, yaxın və uzaq keçmişimizin səsidir. Nə zamansa onların dilinin tapılacağına, sinəsində yatan həqiqətlərin oxunacağına inanan şair
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq,
Bu daşların, qayaların
keçmişini oyadacaq.
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq... –
yazdı və o zaman Vətənin onu da bir balaca “vətən daşı” sayacağından iftixar hissi duydu. Bu iftixardan pay aldı, səsinə səs verdi neçə-neçə Məmməd Araz şerinin vurğunları...
“Araz axır”, “İllərdən biri”, “Ömür karvanı”, “Dünya sənin, dünya mənim”, “Vətən! – desin” şer topluları masaüstü kitablarına çevrildi elini, ulusunu, torpağını sevərək ona ürəkdən bağlı olan soydaşlarının...
“Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Dünya sənin, dünya mənim”, “Azərbaycan – dünyam mənim”, “Vətən! – desin” şerləri dillərində əzbər oldu.
Məmməd Araz misralarındakı fikrin, fəlsəfənin dərinliyi, məzmunun, mənanın dolğunluğu, səlis, sərrast ifadəli deyim qarşısında oxucu heyrətini gizlədə bilməyərək qeyri-ixtiyari olaraq beynindən keçirir: – “İlahi, elm, texnika, atom əsrində yenə də söz sözdür, şer şer... Yenə də söz hakimlərin hökmündən qüdrətli, cəlladların qılıncından kəsərlidir”.
Ustad şairimiz xalqın görən gözü, düşünən beyni oldu və qılıncdan kəsərli qələmi ilə Azərbaycan ədəbiyyatında “Vətən poeziyasını” - həm güldürən, həm ağladan söz dünyasını yaratmağı bacardı və oxucularını bu söz dünyasının əbədi qonaqlarına çevirdi. Bu ədəbiyyat bağçasının heç zaman solmayacaq güllərinin bənzərsiz ətrini sinədolusu ciyərlərinə çəkən əbədi qonaqlar:
O gur səslər içində səsimi tanımalıyam,
Yerimi, yerişimi, izimi tapmalıyam,
Özümü axtarmalı, özümü tapmalıyam, –
deyən son dərəcə təvazökar ulu şairimizin ədəbiyyatımızın “Xan çinarı” olduğunu qürur hissi ilə qəbul edir və onun Vətən naminə, millət və xalq naminə, hər birimizin alnıaçıq gələcəyi naminə söylədiklərini tez-tez təkrar edirlər:
Bu gün gərək hər anımız
Vətən! – desin
Qılıncımız, qalxanımız
Vətən! – desin.
Qoca millət, hər andımız,
amalımız,
Əgər varsa,
Zərrə qədər imanımız
Imanımız Vətən! – desin.
2003