HƏYATDA hər şeyi zorla almaq olar, şairlikdən başqa...
(Cəlil Məmmədquluzadə)
“... İndi oxuculardan tez-tez bu sözləri eşitmək olur:- Məmməd Araz xalq şairi olmamışdan da xalqın şairi idi...... İndi şairin dostları da, hətta düşmənləri də etiraf etməyə məcburdurlar ki, hər xalqın yaxşı şairləri olsa da, Məmməd Arazı yoxdur! (Tofiq Mütəllibov: “Xalq şairi olmamışdan da” məqaləsindən).
QARŞIMIZDA XATİRƏLƏRDİR Gülxanım müəllimənin sevincləri, ürək ağrıları-yaşantıları... Məmməd Arazlı ömründən yaddaşında yaşananlar. Xatirələri varaqladıqca gah salonları titrədən səsini eşidirik M.Arazın, gah hansısa bürokratın onun işini əngəlləməyinin şahidi olur, bu əngəlləmələrin nəticəsində tapdığı xəstəliklə qol-boyun olduğu illərin çətinliklərini duyuruq.
“ Bir gödək ömürdə bir ailəni yarıda bilmədim məhəbbətimlə” təəssüfünü yaşayan Məmməd Araz. Həmçinin ədəbi qalmaqallardan bezib bəzi bürokratlara ünvanladığı məktublarda “ Mən, nəhayət, yazmaya da bilərəm” əsəbi 20-ci əsrin əvvəllərində C.Cabbarlının da eynən belə “Təki o yoldaşlar yazsınlar, mən yazmaya da bilərəm” ( Sona Cabbarlının xatirələrindən ) qəzəbi ilə necə də səsləşir. Nadanlar həmişə istedadların qabağına kötük atmaqla məşğul.
Məni görməmisən ev paltarında,
Bazarlıq, su dartmaq evdarlığında.
Xatirələri oxuduqca biz Məmməd Arazı “ pərdə arxası” həyatda, “ev paltarında”, “bazarlıq, su dartmaq evdarlığında” görür, öz doğma yurduna gedəndə rus əsgərlərinin yoxlamasına məruz qalarkən, eləcə də, əslində, ata-baba ocağı Göyçə gölü sahillərini gəzib-dolanarkən acı bir təəssüflə: “ Buralar indi Ermənistan torpağı adlanır, evimizin içində məskən salmış yağı evidir” deyən vətəndaş yanğısının da şahidi oluruq. Onun təbiət möcüzələrinin qabağında “heykələ dönüb” donub qalması bizim üçün elə də qəribə deyil. – O, Məmməd Araz idi. Onun balaca qızlarına nağıl danışmağı, onlarla oynamağı və bütün bunlara vaxt ayıra bilməyi diqqətimizi çəkir. Məhz “Xatirələr”dən bilirik ki, bizim çətin anda dost bilib sığındığımız, bəzən gözümüzün yaşını silməyə belə gücü çatan Məmməd Araz şerləri kommunal xidməti yaxşı olmayan, darısqal otaqlarda dünyaya “ğöz açıb”. Gəncliyində, sağlam olanda bəlkə belə də keçinmək olardı, elə keçiniblər də. Bəs Məmməd Araz olanda, şerləri dillər əzbəri olan vaxt, üstəlik də əlacı olmayan bir dərdə mübtəla olanda, lifti düz-əməlli işləməyən binanın 11-ci mərtəbəsində ona ev verənlər nə fikirləşiblər? Bəlkə də onlar böyük “qəhrəmanlıq” etdiklərini düşünüblər. Bir yandan da, bu – söz meydanında təlxəklik edənlər.
Nə yaxşı ki, M.Araz bütün bunlardan bezib, qələmi yerə qoymayıb. Hələ cavanlıqda xəstələndiyi vaxt qorxarmış, – “Cənub həsrətini özümlə aparacağam” – deyə, üstəlik Cənub həsrətinin üstünə Qarabağ dağı çəkildi, “bitməmiş şerləri” qaldı
Qarşımızda xatirələrdir..
Telefon zəngi məni xəyallarımdan və yazımdan ayırır. Bacımdı.
- Səsin niyə tutqundur? – soruşur.
- Gülxanım müəllimənin xatirələrini oxuyuram. Bir adam nə qədər haqsızlığa düçar olarmış, – deyirəm.
- Eh, onun təxəllüsü elə ən böyük dərddir, – deyir bacım.
Bir şeyi özümə heç vaxt bağışlamayacağam, Gülxanım müəllimə, Məmməd Arazın sağlığında 25 il ona məktub yazmaq istədim, çox daşınıb-düşündüm, amma nədənsə utandım, çəkindim. Bəlkə mənim məktubum nağıldakı kimi sərçənin yanan evə dimdiyində bir damcı su gətirməsinə bənzəyəcəkdi. Bu, bəlkə də, çətin anlarında bir oxucu sevgisi boyda təsəlli, dayaq olacaqdı ona?!
Nə qədər ağrı-acılar var bu xatirələrdə.
Bəs Məmməd Arazın artıq bir xalqın mənəvi Allahına çevrildiyi vaxt (fikir S. Tahirindir) ona “Əməkdar mədəniyyət işçisi” adı vermək nə ironiyaydı?
“O, öz xəstəliyinə üsyan edirdi – Qara yanvarda, Qarabağ savaşı başlananda – “ bunu Gülxanım müəllimə deyir. Əgər belə olmasaydı o, özündə qüvvə tapıb birbaşa Murovdağa – səngərdəki döyüşçülərin yanına getməzdi. Təkcə elə buna görə onun yaşamağa haqqı vardı – özü yazdığı kimi.
Heyf, çox heyf ki, Araz ömrü ədəbi qalmaqallara, nadanlarla savaşlara da səpələnib. Əgər bütün bunlar olmasaydı (olmaya da bilərdi), o daha nələr yaradardı. Bəlkə mənhus xəstəlik də onu tapmazdı.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf...
Min təəssüf ki, onun ömrünün xoş günləri çox az oldu. “Dərdim, əzabımın ağır yükünü, yalnız alar biri, götürər biri” deyən M. Arazın o “BİRİ”, bircəsi daim Siz oldunuz, Gülxanım müəllimə. Onun hər şıltağına (yəqin ki, şairliyindən və xəstəliyindən irəli gələn) səbrlə dözdünüz, həmişə ona dayaq oldunuz. “Bir qadın ömrünü bir şair ömrünə qurban verdiniz”. “Amma Məmməd Araz kimi bir şair bunu deyərdi” deməkdən də özümü saxlaya bilmirəm. O “yazmadığım məktub”da həmişə sizə minnətdarlıq edirdim ki, M.Arazı bizlər üçün yaşadırsınız. Indi də sağ olun, Gülxanım müəllimə, bu xatirələrlə siz Məmmədsevərlərin (yəni sevməyən də var?) qəlbində şairə bir heykəl də ucaltdınız.
P.S. Gülxanım müəllimə, sizin kitaba söz yazmaq mənim üçün çox çətin idi. Çünki siz həm dil-ədəbiyyat müəllimisiniz, üstəlik də Məmməd Araz kimi şairin ömür-gün yoldaşı və tədqiqatçısısınız. Əgər yazdığım söz sözünə qoşula biləcəksə, o “yazmadığım məktub”u yazılmış sayıram.
Nurlan Umud
SÖZ ARDI YERİNƏMəmməd Arazın el şairi Ələsgərdən heyranlıqla dediyi bir misra vardı: İnsan payız ölə, yazda dirilə... Məmməd Araz payızda öldü... Bu Yaz xatirələrlə, həyat yoldaşı yazan xatirələrlə isə sanki təkrar dirildi.
Qarşımızda xatirələrdir, – Məmməd Araz canlanıb-dirilən xatirələr.
Bəs “Bir gül ilə bahar olmaz” deyirlər?! Baxın bir GÜLün möcüzəsinə! Görün bir GÜLlə, tək bircə GÜLlə şair ömrü öz baharını yenidən necə yaşayır!
... Məmməd Araz payız öldü, yazda dirildi, – Məmməd ömrünün gülü Gülxanım müəllimənin ona bu bahar yeni bir ömür verən xatirələri ilə.
Qardaşxan,
30.03. 2006
DÜNYADA SƏSİM VAR BİR DÜNYA TUTMAZ, QOYMA MƏNDƏN SONRA QALA DÜNYANI... (M.A)
Bu yazımda məqsədim kimisə günahlandırmaq, kimisə pisləmək deyil. Olan olub, keçən keçib. Onların çoxu indi haqq dünyasındadır. Elə Məmmədin özü də. Lakin Məmmədin keçdiyi həyatı, onun xəstəliklə bağlı çəkdiyi əzabları, sağlamlığına təsir edən hadisələri yazımda əks etdirməyə bilməzdim. Bu, gələcəyin tarixidir və Məmməd Araz da tarixdə öz yerini tutan şəxsiyyətdir. Mən hələ bütün hadisələri yumşaldılmış formada yazmışam, oxuyub inciyənlərdən qabaqcadan üzr istəyirəm.
İKİ DÜNYA AYRI DÜŞÜR ÖZ DÜNYASINDAN, QƏRİBƏDİR, BU DÜNYANIN XƏBƏRİ YOXDUR. (M. Araz)QÜRUB ÇAĞI....
Qürub çağı... qəribə bənzəri var, ömrün qürub çağı ilə təbiətdə təkrar olunan qürub çağının... Amma fərqi bənzərindən daha çoxdur, təbiətdə hər axşam təkrar olunur, həyatda isə... Ala-toranlı həyatdan neçə səhifə qaldığını heç kim təsəvvür etmir və ya da təsəvvür etmək istəmir.
Günəşin batmasına baxmağı xoşlardı. Qırmızı kürə şəfəqlərinin əl-ayağını yığıb batmağa hazırlaşanda o da çevrilib otağa girərdi. Dərindən ah çəkib həsrətlə bir də üfüqə boylanardı. Kənardan baxardım. Ürəyindən nə keçdiyini bilməzdim. Onunla bərabər mən də kövrələrdim... Deyərdi, Gülxanım, burda alatoran olanda, yəqin ki, kənddəki evimizin balkonundan görünən dağların başı az da olsa işıqlı qalar. Sanki bitmək üzrə olan bir insan ömrünün lap son ümidi kimi...
Ömrünün qürub çağı... Yazmışdı...
Bu torpağa səpilməyə dən kimi acam,
Bu torpağın dan yerində dəfn olunaydım.
(M.A)
Ömrünün qürub çağı... Yaşadığı həyata tez-tez boylandığı, qəlb süzgəcindən keçirdiyi çağı...
Yaşadığımız evin həyətində onu tez-tez gəzdirərdim. Bir dəfə ayaq saxlayıb üzümə baxdı:
- Gülxanım, ən xoşbəxt günlərimizdi.
- Hansı mənada – soruşdum.
-Hə, bir səhər yuxudan ayılıb görərik ki, ikimizdən birimiz yoxuq...
Niyə belə kövrəlmişdi, görəsən?
Qismətə inanıram...
Tələbə vaxtı M.S.Ordubadinin “Qılınc və qələm” romanını oxuyanda Qətibənin gənc İlyasa (Nizamiyə) dediyi – aşağıda qeyd etdiyim – bu sözləri özümdən asılı olmayaraq həmişə təkrarlardım:
“...O nəfis şerlərin ilhamını məndən alsın. Sənin ilham dənizindən çıxan nadir incilər mənim boynumdan asılsın. Sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istərdim...”
Görəsən niyə bu sözlər beynimdə həmişə özünə yer tapmışdı? Bilmirəm...
Qəribə müqayisədir... Romantika...
47 il bir yerdə ömür sürmüşük. Mənalı günlərimiz də olub, adi günlərimiz də. Xırda umu-küsülər də olub, barışmalar da... Ancaq bir-birimizin əlindən möhkəm yapışaraq ömrümüzün qürubuna doğru irəliləmişik...
...2004-cü ilin 1 dekabrında, günorta saat 2-yə 15 dəqiqə qalmış əbədi yuxuya getdi. Yazmışdı:
Yazda ölüm asan olur,
Saxla məni yaza, Allah!
Payızda öldü...
Onu həmişəlik itirdiyimə inanmıram. Mahnıda deyildiyi kimi:
“...Bilirəm ki, hara getsəm,
Yenə məni izləyir(sən),
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyir(sən)...”
Axşamlar mənə elə gəlir ki, qapını açacağam: “...Bağışla, əzizim, səni bu vaxta qədər tək qoydum...” deyəcək...
Acı xatirəyə, həzin gileyə
Sakit olmağıma güman gətirmə.
(Qabil)
Yazmışdı:
Hardasa qab yuyan, ev yığışdıran,
Yetim qocalığın qorxudur məni.
(M.A)
Və xoşladığım misralarından bəzilərini ürəyimdə təkrarlamaqla təsəlli tapıram.
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız,
Perikən bir eşqi ovuda bilsin...
Yanan bir qəzəbi soyuda bilsin...
(M.A)
Məmməd yazmışdı...
“...Dərin qaranlıq bir gecədə ən uzaq dağ döşündə gecəni qarsa, göyü yalaya-yalaya yanan bir ocağı müşahidə etmisinizmi? Qərib yolçu və ya uzaq mənzil kəsən səyyah üçün o tək ocaq ən yaxın həmdəmdir; gecə yolçusunu məqsədə səsləyən yeganə işıqdır.
ŞAİR əbədi ocaq, əbədi bələdçi, əbədi ağsaqqal deməkdir. Məncə, şair, ƏSL şair həmişə işıqdır. O, kədərləndirib köyrəldəndə də, qəzəbləndirib yerdən üzəndə də, nakam bir məhəbbətin tərcümeyi-halını danışanda da... İŞIQ olmayan sənət ildırımın ağzından qopsa belə insanlara lazım deyil...”
Şair, məncə, əsl şair həmişə işıqdır deyən bu şairin həyatına ötəri nəzər salaq...
Qəribədir Məmməd ölən və basdırılan günlərdə ətrafda olan bütün göyərçinlər bizim şüşəbəndimizin kənarlarına qonmuşdular. Bunu bütün adamlar müşahidə etmiş və təəccüblərini gizlətməmişdilər. Nə əvvəllər, nə də sonralar belə bir hadisə olmamışdı. Bir səhv iş o oldu ki, o səhnəni çəkib götürməmişdilər...
ÖN SÖZ ƏVƏZİ Xatirələr yumağını aç – yeri,
Ürəyimin sevda yeri – boş yeri
( M.A)
Tanınmış yaradıcı adamların şəxsi həyatı və yaradıcılıq bioqrafiyası xalq üçün həmişə maraqlı olub. Məmməd Araz da geniş oxucu dairəsinin diqqət mərkəzində olan bu qəbil sənətkarlardan idi. Pərəstişkarları hələ sağlığında səmimi bir həvəslə şairin həyatına maraq göstərir və müxtəlif səpkidə söhbətlər yayırdılar. Bu maraq ən çox da xalqın bütün təbəqələri tərəfindən sevilən və əsl sənətkar kimi qəbul edilən şairin vaxtsız xəstələnməsi ilə əlaqədar idi. Məmmədsevərlər onun sağalmaz xəstəliyə necə tutulduğu barədə həqiqəti bilmək istəyirdilər. Məmməd ömrünün 71-ci ilində dünyasını dəyişəndən sonra onun keçdiyi həyat yoluna qədirbilən oxucuları tərəfindən marağın daha da artdığının şahidi oldum. Həyatımın bir hissəsi olan bu qeydlər həmin marağın QİSMƏN ödənməsinə yönəlib.
BİR QƏDƏR ÖZÜM HAQQINDA Yelləmi, selləmi keçdi ötən gün,
O, bəlkə ötəri şimşək səsiydi...
(M.A)
Uşaqlığımı yaşadığım dövrdə ailələrin bir qismi qız uşaqlarını oxutmazdı. Atam ziyalı olduğu üçün ailənin savadlı olmasına xüsusi önəm verərmiş. Deyərmiş – tarixi, ədəbiyyatı bilmək, onlarla maraqlanmaq bütün ixtisas sahiblərinin borcudur.
Üzünü görmədiyim atam Fətəli Moskvada təhsil alıb. Əvvəl müəllim, sonra hərbçi kimi çalışıb. (şəkil) Rayonumuzda tanınmış ziyalılardan sayılırmış. Mətbuatda ilk dəfə Xınalıq dili haqqında yazan müəllif olub. Ilk orden alanların arasında olub. Çox cavan yaşında rəhmətə gedib.
Biz – bacılarım və qardaşım institutu qurtarana qədər atama görə fərdi təqaüd almışıq və dövlət tərəfindən bizə çoxlu güzəştlər edilib.
Anam evdar qadın olsa da oxumağımıza ciddi nəzarət edərdi. Müəllimlər ailəsi olmuşuq. Bibim coğrafiya, qardaşım tarix, böyük bacım ibtidai sinif, ortancıl bacım və mən ədəbiyyat ixtisası üzrə müəllim işləmişik.
Evin sonbeşiyi mən olmuşam.
Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı...
(M.A)
Qubalı qızıyam. Orta məktəbi bitirib Bakıda ali təhsil almaq arzusunda olmuşam. Lakin anamın təkidi ilə Quba İkiillik müəllimlər institutunun ədəbiyyat fakültəsinə daxil oldum. Oranı fərqlənmə diplomla qurtarıb ADU- ya daxil olmaq arzusu ilə Bakıya gəldim. İki il iş stajım olmadığına görə sənədlərimi qəbul etmədilər. Onda atamın yaxın dostu İsmayıl Əfəndiyevə müraciət etdim ( O, APİ-də işləyirdi). İsmayıl müəllim mənə xarici dillər institutuna daxil olmağı təklif etdi:
- Gəl sənə kömək edim, xarici dillərdən birini seç, orada oxu. Xarici dillərə bu saat ehtiyac çoxdur. Savadlı qızsan, orada qalıb müəllim də işləyərsən.
Qorxdum, xarici dil keçməmişdik. Sonralar peşman olsam da gec idi. Və atdığım səhv addımın acısını çəkə-çəkə APİ-nin (Ped. Universitet) qiyabi şöbəsinə daxil oldum. O vaxtın qərarına görə ikiillik müəllimlər institutunu bitirənləri qiyabi şöbənin 3-cü kursuna qəbul edirdilər.
1956-cı ilin yayını başa vurub kəndimizə qayıtdım. Mənimlə bir qrupda oxuyanların, demək olar ki, hamısı yaşlı kişi və qadınlar idi. Yaşca ən kiçiyi mən idim. Məmmədin böyük qardaşı İbrahim və əmisi oğlu Aşurla bir qrupda oxuyurduq. Onları bir qrup yoldaşı kimi tanıyırdım. Məmmədin onların yanına gəlib-getdiyini və məni xoşlayıb izlədiyini sonralar bildim.
Dəmir yolu vağzalının yanında, keçmiş Kamo küçəsində kəndimizin qızları ilə birlikdə mənzil kirayələmişdik. APİ-yə yaxın olduğu üçün dərsə piyada gedib-gələrdik.
1957-ci ilin yayında təsadüfən orta məktəbdə bir yerdə oxuduğum sinif yoldaşlarımla rastlaşdım. Onların yanında arıq, qarayanız, uzun saçlarını arxaya daramış, “bakenbardlı” bir oğlan da vardı. Qalın bığları da diqqət çəkirdi. Uşaqlardan biri:
- Mənim yaxın dostumdur, yaxşı şairdir, – Məmməd İbrahimovdur, – dedi. Məmməd dilləndi:
- Mənə elə gəlir ki, bu qızı görmüşəm, qardaşımla bir qrupdadırlar, hətta adını da bilirəm, Gül və xanım.
Bu sözlərə bir o qədər də əhəmiyyət vermədim. Uşaqlar məni də özləri ilə dəniz kənarına gəzməyə dəvət etdilər:
- Elə dənizə yaxın yerdəyik, sən də bizimlə gəl, bir az gəzişək, müəllimlərimizi, sinif yoldaşlarımızı yada salaq – dedilər.
Razılaşdım. Gəzişdiyimiz vaxt “Azərbaycan” jurnalında çap olunmuş şerlərdən xoşuma gələnləri əzbərdən dedim. Heç bilmirdim ki, bu şerlərdən bir neçəsi Məmmədin imiş. Çünki şeri oxuyanda müəllifinə fikir verməzdim, xoşum gəldi, əzbərləyərdim. Sonralar bildim ki, bu, Məmmədin xoşuna gəlibmiş. Elə fikirləşməyin ki, şeri, şairi xoşlayırdım, yox, sadəcə biz gənclər oxumağa üstünlük verirdik. Vaxtımızı oxumaqla keçirməyə məcbur idik.
Bir neçə gündən sonra “təsadüfən” bir də rastlaşdıq və bu rastlaşma sonradan yaxın tanışlığa çevrildi. (Məmməd sonra zarafatla deyirdi ki, özü qəsdən yolunu oralardan salırmış ki, mənimlə rastlaşsın).
Nişan üzüyünü dükandan tapmaq o vaxtlar problem idi. Zərgərdən almalı olduq. 600 manata dedilər. Məmmədin pulu çatmadığına görə iki yüzünü mən, dörd yüzünü o verdi.
Siyasi iqtisaddan kəsrim və yazı işlərim qaldığı üçün oktyabr ayında Bakıya gəldim. Məmmədlə belə qərara gəldik ki, kiçik bir kompaniya edək, çünki toya gücümüz çatmaz, Məmmədin bir o qədər də pulu yox idi.
Biz ki, gələcəyə ümid sarıdan,
Dünyanın ən varlı adamlarıyıq.
(M.A)
Molla və dövlət kəbinimiz Qubada kəsildi. Məmməddən xahiş etdim ki, öz familiyamı saxlamağa mənə icazə versin, familiya dəyişməkdən xoşum gəlməzdi. Məmməd bir az tərəddüddən sonra razılıq verdi, amma ürəyində narazı olduğunu hiss etdim. Bu, sonralar tez-tez özünü büruza verərdi. Həmişə mənə hirslənəndə istehza ilə “yoldaş Məlikməmmədova” deyərdi.
Beləliklə, 1958-ci ilin 8 noyabrında ailə həyatımızın təməli qoyuldu.
8 noyabrda Qubada möhkəm yağış yağırdı. Küçələr palçıq idi. Məmmədin dostları – İlyas Tapdıq, Sərdar Əsəd, Firidun, Daryuşla bərabər tanımadığım qonaqlar da vardı. Evimiz ikimərtəbəlidir. Pilləkan yaş olduğuna görə Daryuş sürüşüb yıxılmış, əzilməsə də yaxşıca palçığa bulaşmışdı. Daryuşun yıxılması rəhmətlik Sərdar Əsədə ləzzət eləmişdi. Tez-tez həmin məqamı xatırlayar, – “Yadda qalan hadisədir” – deyərdi.
Maşına minəndə isə İlyas gülə-gülə dedi:
- Gülxanım, sevin ki, canını bu palçıqdan qurtardıq.
Buna sevinmişdim, amma qarşıda məni gözləyən çətinliklərdən xəbərim yox idi, həyatımı bağladığım, o qədər də tanımadığım bu adamla sonrakı həyatım necə olacaqdı, əgər yanılmışamsa, nə etməli?
Yolda güzgümü də sındırmışdılar. Bu da el arasında pis hadisə hesab olunurdu. Amma Məmməd imkanı daxilində məni darıxmağa qoymazdı, bu da mənim şübhələrimi az da olsa alt-üst edərdi.
Məmməd o vaxtkı pulla 600 manata keçmiş 1-ci Sverdlovski küçəsində 125 saylı binada bir otaq almışdı. Bu mənzil çox darısqal olmaqla yanaşı həm də yarımzirzəmi idi. Kiçik pəncərəsi həyətə baxırdı. (Həmin mənzil indi də daima yuxuma girir və bu yaxınlarda həmin həyətə gedib kənardan otağımıza bir xeyli baxmışam). Otaqda çarpayı, stol və divan güclə yerləşirdi. Yaşamağa heç bir şəraiti olmayan bu mənzili Məmmədin anası Cahan xala gəlib-gedənə belə tərifləyərdi:
- “Siz bu otağın şəraitsizliyinə fikir verməyin, bura padşahlardan böyük adamlar yığışırlar”.
BU “PADŞAHLARDAN BÖYÜK ADAMLAR” KİMLƏR İDİ?
Uzun qış gecələrində söhbətlərimiz ancaq uşaqlıq və gənclik (subaylıq) illəri ilə bağlı olardı. Məmməd bəzən özü də hiss etmədən elə şirin danışardı ki, danışıq dili ilə yazı dili arasında çox fərq hiss etməzdim.
Məmmədin söhbətlərindən bəzi məqamlar:
Xatirələrin qəhrəmanlarından biri bu balaca daxmanın “daimi sakini” sayılan Əli Kərim idi. Əlinin yaradıcı adamlara aid belə bir bölgüsü varmış; “darnı” və “bezdarnı”. Bir çoxlarının adı “bezdarnı” siyahısında idi. Rüfət Zəbioğlu Əli Kərimlə bərk dost olsa da adını “bezdarnı”ların siyahısında görüb ondan inciyərdi. Rüfət tez-tez Əlidən xahiş edərdi:
- Əli, mənim adımı o zəhrimar “qara siyahı”dan poz, xahiş edirəm.
- Olmaz, – deyərdi Əli, – necəsən elə də yazmışam.
Əli evə gələn kimi qapını içəridən vurardı. Soruşardım:
- Əli, qapını niyə bağlayırsan?
- Upravdom görər, bizi qovar, – deyərdi. Əli çox utancaq idi. Əliyə sataşardım:
Əli, bəlkə səninlə dostam deyə mənim adımı “darnı” siyahısına salmısan? Uşaq kimi and içərdi Əli:
- Yox, vallah, sən həqiqətən layiqsən.
Məmməd sonralar da Əlidən çox hörmətlə danışardı.
Bu kiçik otağın daimi sakinlərindən biri olan İdris Zamanlı haqqında da gülə-gülə danışardı Məmməd:
- İdris yaman danışqan idi və danışdıqca da tez-tez “mən ölüm, vur bura,” – deyərdi. Axırda əlimi açıq qoyub deyərdim:
- İdris, mən yatdım, əlim açıqdır, kefin nə qədər istəyir əlimə vura bilərsən.
Əlbəttə, Məmmədin qonaqları təkcə Əli Kərimlə İdris Zamanlı deyildi; Cabir Novruz, Sərdar Əsəd, İlyas Tapdıq, Tofiq Bayram və başqa adlarını unutduğum gənc şairlər də bəzən yatmağa yer tapmayanda Məmmədin balaca otağına toplaşardılar. (Əlbəttə, bunlar onların subay vaxtlarına aid idi)
Məmməd bütün bunları təkrar-təkrar danışar, ürəkdən gülərdi.
Məmmədin kiçik qardaşı Əbülfəz gündüz bizimlə qalar, gecələr isə yataqxanaya gedərdi. Məmmədin anası Cahan xala da bizimlə qalırdı.
Xörək bişirməyi bacarmazdım. Ata evində evin kiçiyi olduğuma görə xörək bişirmək növbəsi mənə çatmamışdı. Xörəyi bildiyim kimi bişirərdim, çalışsam da xörək dadlı alınmazdı. Əbülfəz deyinsə də, Məmməd sakitcə yeyərdi. Düzü, yaşadığımız bütün illərdə mən onun xörəyə müəyyən irad tutduğunu görməmişəm və onun bu xasiyyəti həmişə xoşuma gəlib.
Evimizə tanınmş filoloq rəhmətlik Firidun Hüseynov da tez-tez gələr, uşaqlıqlarından maraqlı söhbətlər edərdi. Onlar Məmmədlə bir kənddən idilər, eyni zamanda uşaqlıq dostu idilər.
Firidunun söhbətlərindən:
Həmişə cütə gedərdik. Bəzən ikimiz də işin öhdəsindən gələ bilməzdik. Bizi çox vaxt öküzlərin boyunduruğunda oturdardılar. “Rəhbərimiz” kəndin ağsaqqalı Xanış kişi işimizdən razı qalmayanda bizi söyməyə ürəyi gəlməz, acıqlı-acıqlı deyərdi:
- Adə, kəndinizdə “xotuq” (yəni, “qoduq”) neçəyədir? Biz cavab verə bilməzdik, onda bizi qovar – “əkin yerini tapdalamayın” – əmrini də verərdi.
Məmməd də söhbətə qoşular, öz əlavələrini edərdi:
- Biz uşaqlar səhərlər gündoğana, axşamlar günbatana “at çapıb” günəşə yetmək, onu səhərlər dağ başından bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymamaq istəmişik. Amma... Biçin biçmək çətin işdir, bunu hamı bilir. Biz biçilmiş sünbülləri toplayıb dərz bağlayardıq. Hamıdan kiçik olduğum üçün kəndin ağsaqqalı Əliş kişi məni işdən xilas etmək məqsədi ilə tez-tez bulağa göndərərdi. Kənddə ancaq qocalar, qadınlar, bir də uşaqlar qalmışdı. Müharibə, aclıq, ehtiyac və qurumayan göz yaşları... yay vaxtı gündüzün canüzücü ağır işlərindən sonra gecələr yer şumlamağa gedən, yorğunluqdan, yuxusuzluqdan mürgüləyib boyunduruqdan dəfələrlə yıxılıb-duran, qoşqu mallarını haylamaqdan səsi batan “kişi uşaqlar”dan biri də mən idim. Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Bir də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindir.
Sonralar Məmməd bütün bunları bədii dildə belə təsvir edəcək:
“Kotan cırıldaya-cırıldaya holavara dəm tutur... Qızıl öküzlər mürgülü kotanı dartır. Arabir qoca macqal: – yeri, başına dönüm, yeri, – deyir.”
Məmmədin əmisi oğlu Bahadurun söhbətlərindən:
- Müharibədən sonra bərk qıtlıq idi. Biz Ermənistana duz aparar, onu kartofa dəyişib gələrdik. Babamız da bizimlə gedərdi ki, uşaqlara böyüklük etsin. Elə vaxtlar olurdu ki, yağışa düşürdük, səhərə qədər açıq yerdə yağışın altında bir-birimizə sığınıb yatardıq. Dağın ayazı ola, yağış ola... Səhər ayılanda görürdük ki, az qala donmuşuq. Bir dəfə alverimizi edib geri qayıdırdıq, başımız oyuna qarışdı. Bir də gördüm ki, ulağın belindəki xurcun yoxdur. Məmmədin xurcunu isə yerində idi. Evdə “məhkəməm” olacaqdı. Fürsət axtarırdım ki, Məmmədin də xurcununu it-bat eləyim. Batabata çatanda çayın gur yerində xurcunu itələyib suya saldım. Su güclü olduğuna görə Məmmədin xurcunu tutmaq cəhdi boşa çıxdı. Daha tək deyildim, ikimiz də xurcunsuz idik.
Beləcə, uşaqlıq illərini xatırlayaraq ləzzətlə gülərdilər.
Məmməd həmişə nadincliyindən də ürək dolu danışardı:
- Çox nadınc idim. Uşaqlardan ayrılıb tək qalanda da özümə bir “əyləncə” tapardım. Bir dəfə yorğanı başıma salıb itimizi qorxutmaq istədim. It üstümə cumub ayağımı möhkəm dişlədi. Düz bir ay ayağımı yerə basa bilmədim. Görürsən ki, yeri indi də qalır.
Uşaqlarla qayışqapdı oynayanda isə bu iki dişimi itirdim...
Məmmədin uşaqlığı atası 1945-ci ildə təqsirsiz ləkələnib tutulduqdan sonra daha da çətinləşdi. “Artıq onlar xalq düşməninin uşaqları idilər”. Bütün çətinliklər də buradan başlanırdı. Bu haqda öz əli ilə yazdıqları:
MƏNİM TALEYİMDƏ YAXŞI ADAMLARBurada mənim şair taleyimdən söhbət getmir, sadəcə insan taleyinin kiçik bir yarpağını tərpədirəm, o, qırıla da bilərdi. Bu dediklərim şair taleyinin nə əvvəli, nə də sonudur.
Bir vaxtlar anket vərəqlərində təxminən belə məzmunda maddə var idi:
“Ailə üzvlərindən, qohumlarından tutulanı, xaricdə olanı varmı?” Babasının, atasının bioqrafiyasından xəbəri olmayan bir ziyalının vəzifəyə təsdiq olunma məqamında “paxırı açılırdı” və atasının bibisinəvəsinin qaynı oğlu nə vaxtsa İranda yaşayıb. Bundan qətiyyən xəbəri olmayan adam sarsaq damğaya məruz qalır, “irəliçəkmə mənfəətindən” bir dəfəlik məhrum olurdu.
Cavan vaxtlarımda mənim də atamın “xalq düşməni” “fəxri adını” gizlətdiyim məqamlar olub.
44 il bundan əvvəlki əhvalatı uşaq yaddaşımdan alıb bu günə gətirməyim çox da asan başa gəlməyib. Mən “xalq düşməni” oğlu kimi “gözü kölgəli” yaşamaq istəməmişəm. On il beləcə yarı gizli, yarı aşkar bioqrafiyamın gizlətdiyim kölgəli cəhətlərini indi açıb elan edirəm. Əslində çox şey itib. Atam özü həyatda yoxdur. O, bu inamla da köçüb getdi ki: mənim on il havayı yatmağımda sövet hökumətinin günahı yoxdur. Onun düşməni hardasa şura hökumətinin gözünə girən bir naxələfdir, dinsiz-imansız bir saxtakardır.
1945-ci ilin avqustunda tutulmuşdu, 1955-ci ilin avqustunda özündən bir neçə il əvvəl bir bəraət və üzürxahlıq kağızı gəldi...özü də Tbilisidən! Oradan niyə? – Bilmirəm.
Atamı 1945-ci ilin avqust ayında günortaya yaxın, payız şumu (ən düzü herik şumu) elədiyi yerdə tutdular. Biz iki hodax axşam çağına qədər onu gözlədik. Atam qayıtmadı. Dalımızca gələn olmadı. Öküzləri qara şumda ac-susuz, boyunduruq altında qoyub qaçıb gəldik kəndə. Yazıq heyvanları boyunduruqdan kim açdı, kotan-zəncir kimə təhvil verildi bilmədik. Bir neçə gündən sonra məlum oldu ki, atamı göyşapqalılar tutub. Kənd adamları arasında xısınlaşma başladı. Inqilab illərində, kollektivləşmə dövründən, qolcomaqlarla mübarizə təcrübəsindən, ən nəhayət, 1937-ci il tuthatutundan xəbəri olanlar və bütün bu işlərdə “üzə dirənən ştatında çıxış edənlər” orda-burda ağızlarından qaçırtdılar: Basdılar getdi. Bu ”ştatlı üzə duran” atamdan bir az əvvəl səksənə yaxın yaşı olan Abdulla bəy adlı bir kişinin üzünə durmuşdu ki, o Molotova Motolov deyib.
Çox keçmədi, bir həftədən sonra məlum oldu ki, biz “xalq düşməninin” övladlarıyıq, ehtiyatlı olmaq lazımdır. Bizim ailə “qara siyahıya” düşdü. Bir qədər geriyə qayıdıb demək istəyirəm ki, atamdan təxminən bir ay əvvəl bizim kənddən qaranlıq gecələrin birində yeddi zəhmətkeşi, yeddi biçinçini, yeddi əkinçini heç bir günahı olmayan yeddi “günahkarı” ailəsi ilə birlikdə o vaxt markasını bilmədiyim üstüörtülü maşınlara yığıb apardılar. Altı aydan sonra Sibirdən kağızları gəldi. Adamlar çox ayıq idilər, konkret ünvana, qohum-qardaşa, qonşuya gələn məktublara yiyə duran olmurdu! Bu “yazıq” “boynu bükülü” məktubları poçtalyon oxuyub kəndə yaydı. Sonralar bildik ki, atamın vəzifəsi bir kənd ağsaqqalı kimi bircə kəlmə demək imiş, daha doğrusu, yazılıb hazırlanmış ifadə mətninə qol çəkməliymiş ki: bu adamlardan belə iş gözləmək olar. Bunlar faşist almaniyasının qalib gələcəyinə inana bilərdilər. “Ya bu mətnə qol çəkməlisən, ya da 10 ili kürəyinə yapışdırırıq”. Istintaq aparanın axırıncı sözü bu olub. Fiziki əzabdan, sorğu-sualdan, eyni kəlməni yüz dəfə çeynəməkdən bezən qoca atam çox qətiyyətlə deyib: “10 ilimi ver! Mən ağsaqqal çağımda böhtan deyə bilmərəm”.
Mən bu vaxt elə bilirdim ki, insanlar hamısı bir işləyirsə, deməli, bir gülür, bir sevinir, bir düşünürlər... İnsan adlanan şəxs ancaq yaxşıdır. Yer əkənə, yer suvarana, toxum səpənə necə pis demək olar?
Əmlakımız müsadirə olunan gün əsil “səhnə qəhrəmanlarının” üz-üzə gəldiyi gün idi. Bu səhnəni kimsə yazmışdı, kim isə həyatda təsəvvürə gəlməyəcək dərəcədə gərgin bir tamaşa yaratmışdı. Mən heç, heç vaxt belə əsər görməmişdim, yəqin ki, görməyəcəkdim. Tamaşanın “baş rejissoru” – rayon mərkəzindən gəlmiş qara qabaq adam “açılış elan elədi”, özü də ilk təklifi irəli sürdü: atdan başlayın, at ailə başçısınındır, məhbusundur, deməli, kolxoza çatır. Komisiya üzvləri pıçıldaşıb nə isə bir qərara gələ bilmədilər. Fərməşdəki yorğan-döşəyi, ayaq altdakı xalça-palazı sayan kişi əl saxlayıb “baş rejissora” qətiyyətlə dedi: – At innən belə ailənin başçısı olacaq böyük oğula – qonşu kənddə müəllim işləyən İbrahim yoldaşa çatacaq, kolxoz idarə heyətində dəqiq məlumat var ki, at onun puluna alınıb. “Baş rejissor” dərinə getmədi, açıq etiraz eləmədi.
Mal-qara (deyəsən iki inəyimiz vardı), qoyun-keçi, at və eşşəyimiz çölə - naxıra, sürüyə buraxılmamışdı; həyətə əyilən ağac budaqlarını, çəpərə dırmaşan sarmaşıqları, gicitkan kollarını gəmirə-gəmirə komissiyanın qərarını səbirsizliklə gözləyirdilər. İndi, hadisələrin üstündən illər adladığı bir vaxtda vicdanla deməliyəm ki, müsadirə komissiyası yetimlərin xeyrinə bölgü apardılar. Güya bütün əmlakın yeddidə birini məhbusa “verib”oradaca müsadirə elədilər. Atamın payına bir dana, bir dəst yorğan-döşək, bir də divardan asılı kərənti və oraq düşdü. Kimsə vəzifəsini tezcə yerinə yetirdi – dananın boğazına ip salıb fermaya apardı. Yorğan-döşəyi anam səliqə ilə yığıb eyvana – məhəccərin üstünə qoydu. Kim apardı, hara apardı – daha bunlar yadımda deyil. Mənim vəzifəm bu oldu ki, səhərdən bəri ac-acına qalan, “nümayişə hazır vəziyyətdə olan” mal-heyvanı örüşə çıxardım.
Açığı müsadirə tamaşasını uzatmağa, dəqiq təsvir etməyə gücüm çatmır, yaş məni boğur, həyəcanımı idarə eləyə bilmirəm. Bu yaxşı yadımdadır ki, əhvalatdan sonra bizə və sürgün olunmuşların kənddə qalmış qohum-əqrəbalarına müəyyən dərəcədə münasibət aydınlaşmağa başladı. Biz artıq “professional xalq düşmənləri” idik. Bizə fermada işləmək, xırmanda taxıl döymək, toxum səpmək və bunlara bənzər təsərrüfat işlərində əmək haqqı qazanmaq rayon mərkəzindən gələn təlimatlara əsasən (yəqin ki, göstəriş şifahi idi) qadağan olunurdu. Bəs necə eləmək? Çörək qazanmaq lazımdı. Mənim uşaq dünyamda o zaman yaxşılar, pislər seçildi. Pislər suyumuzu kəsir, otumuzu göz-görəti biçib aparır, üstəlik itimizə daş atır, toyuq-cücəmizi perikdirməkdən zövq alırdılar. Bizim dinməyə haqqımız yoxdu. Bizim atamız xalq düşməni idi. Onda Dadaş əmilər, Abbas, Əli kişilər döşlərini irəli verdilər. Dadaş əmi kolxoz sədrinin özünə demişdi ki, “İnfilin oğlunu mənə köməkçi ver”. (O vaxt taxılbiçən maşınlar yox idi, bu işi qadınlar görürdülər). Qadınlar – bir dəstədə 5-6, bəzən də 10-12 qadın yetişmiş zəmini biçib tökür, bir nəfər kişi də biçilmiş taxıldan dərz bağlayıb balaca taya vururdu. Bu biçinçi qadınlar (cavan gəlinlər, qızlar) elə sürətlə işləyirdilər ki, bir kişi onlarla ayaqlaşa bilmirdi. Onda köməkçiyə ehtiyac olurdu. Bağçıların əmək haqqı yaxşı idi. Ancaq 12 yaşlı bir uşaq üçün bu çox ağır işdi. Bütün günü ikiqat vəziyyətdə işləməyə fiziki qüvvəm çatmırdı. Qadınların gözü qabağında “kişilik qürurunu” sındırmaq da olmazdı. Hərdən yavaşca deyərdim: “Dadaş əmi, vay belim”. Dadaş əmi tez səhəngləri yoxlardı. Bay, su qızıb ki, – deyərdi, – səhəngi boşaldıb mənə verərdi, yüyür bulağa, yavaşca qulağıma deyərdi, “tələsmə, bulaq üstündə bir az otur, dincini al”. Yaxşılar yaxşılıq edərdi, amma özlərini gözə soxmazdı. Onlar insan taleyinin keşiyində durmağı vəzifələrinə daxil xidmət sananlardı. Yaxşılar birinci əl uzadanlar, əldən tutanlar, həmişə zamanı çiyinlərində aparanlardı.
Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər zaman yaxşını yetirə bilmir.
Nadanlar külüngü, pislər yağışı,
Yaxşının yerini itirə bilmir.
Yaxşılar sırasında bizim üçün yaxşıların yaxşısı nənəm idi. Kiçik oğlunu müharibədə itirmişdi, ortancıl oğlunu da xəbərsiz-ətərsiz aparmışdılar. Ona heç cür “xalq düşməni” sözünü xırdalayıb başa salmaq olmurdu. Nənəm deyirdi:
- Mənim ocağımda haram tikə bişməyib. Mənim oğlum niyə qonum-qonşuya düşmən olmalıdı? Bizimlə qoynu-qoltuğu dolu açıq-aşkar əlaqəsi olan bu ipək qarı oğlunun bəraət alıb qayıtdığı günü görmədi, on illik həsrətə hamımız dözdük, bircə nənəm dözmədi.
Mən öz bioqrafiyamda bu məsələləri gizlətmişəm. Deyə bilməmişəm, deməyə utanmışam ki, mənim atam “xalq düşmənidir”. Pis adamlar baxışları ilə yandıq verici bir əda ilə bu “günahı”başıma çırpıblar, yaxşı adamlar sifətimdən bu xəcalət əlamətini çox incəliklə - araya başqa söz qatmaqla, söhbətin axarını hansı bir ikinci dərəcəli səmtəsə dəyişiblər...
Qış günləri evdə eşitdiyim cəhrə səsi, bayatı yanğısı, holavar zümzüməsinin həzin musiqisi idi.
Şaxtalı günlərdə soyuq siniflərdə dərs öyrəndiyim, aylı gecələrdə kəndin sakit həyatına “daş atdığım” günlər az olmayıb. Müharibənin son illərini yaxşı xatırlayıram. Kəndimizdə orta məktəb bağlandığına görə 7-ci sinifdən sonra iki il məktəbdən qaldım.
Belə bir şerim var “Komsomola keçdiyim gün”. Bu hadisəni mən çox təmtəraqlı ifadələrlə, olmayan şəkildə təsvir etməyə çalışmışam. Indi, yaşımın bu vaxtında, belə bir etiraf mümkünsə, özüm-özümdən üzr istəyərdim. Komsomola keçdiyim günün ağrı-acısı sevincindən – həzzindən çox olub, xeyli çox.
... Orta məktəbdə 1-ci sinifdən 10-cu sinfə qədər əlaçı olmuşam. Bir dəstə uşağı komsomola keçirmək üçün kənd məktəbindən rayon mərkəzinə gətirdilər. Nümayəndə heyətinə məktəb partiya təşkilatının katibi rəhbərlik edirdi. Qəbul mərasimi rayon komsomol komitəsi birinci katibinin otağında gedirdi. Yaxşı yadımdadır; katib komsomola keçənlərin adını oxuyur, adı çəkilən ayağa durur, katib “etiraz yoxdur ki” sualını verir, razılığı, narazılığı gözləmədən öz sualına “yoxdur” – deyib xoşbəxt uşaqları təbrik edirdi. Mənim adımı çəkəndə otağa çox dərin sükut çökdü. Hiss elədim ki, büro üzvləri arasında mənim vəziyyətimə şərik olanlar da var, baş sağlığı verənlər də. Kimsə sükutu pozdu: “Atası xalq düşmənidir. Deyə bilmərəm onun günahı konkret nədən ibarətdir”. Partiya təşkilatının katibi icazə almadan ayağa durdu: “Yoldaş Stalin deyib ki, oğul atanın, ata oğulun, qardaş qardaşın günahına cavabdeh deyil”.
Bu sözün dərininə gedən olmadı: Yoldaş Stalin bu sözü nə vaxt deyib, harda yazılıb.
Bayaqdan bəri ayaq üstə olan mən başıma yağan suallara ağlaya-ağlaya cavab verirdim. Birinci katib ayağa durdu və qəti şəkildə dedi: “Sovet dövründə doğulmuş uşaqdı, özü də əlaçıdı, suallara yaxşı cavab verdi. Təklif var – keçirilsin!”
Sonralar öyrəndim ki, mənim göz yaşımdan kövrələn bu yaxşı adam o vaxt Şahbuz rayon komsomol komitəsinin birinci katibi İbrahim Səfərov olub.
(vərəqin arxasında yazılıb: - yazan qalmasa da yazılan qalır).
İLLƏR, TEZ ÖTDÜ İLLƏR... ( “Dünya sənin, dünya mənim...” kitabındakı bioqrafiyasına əlavə kimi bu sözlər də yazılmışdı)
7-ci sinifdən sonra iki il məktəbdən qaldım. Çöl işləri, əkib-biçmək, yer belləmək, qoyun-quzu otarmaq, çörək qazanmaq daha vacib idi. 9-10-cu sinifləri Kənd Şahbuzda oxudum.
Məktəb partası arxasında oturan kimi bütün unutduqlarım bərpa olundu. Ağıl pəncərəmi yenidən günəşə açdım. Yer üzündə Nizami, Füzuli, Mirzə Fətəli varmış, Mirzə Cəlil, Sabir doğub, yola salıbmış bu dünya...
Orta məktəbi 50-ci ildə bitirib gön çarığı iplik corabı çıxartdım. Ayağım ayaqqabı gördü; o zaman çox dəbdə olan göy sətindən gödək qollu yay pəncəyi tikdirdim. 1950-ci ilin avqust ayında Bakıya gəldim. Sənədlərimi universitetin filologiya fakültəsinə verdim. Bütün fənnlərdən “beş” qiymət aldım. Axırda rus dilindən yazdığım inşadan kəsildim. Bu uğursuz təsadüf məni universitetə girməyə qoymadı. Sənədlərimi APİ-nin coğrafiya fakültəsinə verdim və qəbul olundum. Tələbə yoldaşlarımın bir neçə nəfəri istisna olmaqla, demək olar, hamısı uçduqları yuvalara – öz doğma rayon və kəndlərinə qayıtdılar. O zamandan 30 ildən artıq vaxt keçib. Onların çoxu baba olub. Bəziləri ilə tez-tez, bəziləri ilə isə nadir hallarda görüşürəm. Saç-saqqal ağarsa da 50-ci illəri gənclik hərarəti ilə xatırlayır, kövrəlir, “bu necə yuxu idi – yozulmamış qaldı, bu necə ömür idi – bir an kimi keçdi” – təəssüfü ilə keçmişə qayıtmaq istəyirəm...
Məmmədin təyinatını öz rayonlarına – Şahbuza, oradan da ata ocağına – Nurs kəndinə vermişdilər.
1954-cü ilin payızından 1955-ci ilin yayına qədər kəndlərində təkcə coğrafiya yox, yuxarı siniflərdə kimya və astranomiya fənnlərini də şagirdlərə tədris etməli olub.
Özü bu haqda mənə belə danışmışdı: “Nə qədər haray saldım ki, mən kimyagər deyiləm, – direktor - ədəbiyyat müəllimim olmuş Vəliyəddin Əliyev məhəl qoymadı:” – Sən Bakıdan təzə gəlmisən, qara şəhəri görməmiş olmazsan,” – deyə əmrimi verdi.
Şeir yazmaq həvəsinin necə yarandığını özü də hiss etməyibmiş. Ancaq söhbətlərinin birində qeyd etmişdi ki, oxuduğu Kənd Şahbuzun məktəb kitabxanasından S. Vurğunun “İstiqbal təranəsi” adlı şerlər kitabını almış, Kənd Şahbuzla öz kəndləri arasındakı yolda istirahət edərkən kitabı açıb oxumuş və qarşılaşdığı ilk şeir “Dilcan dərəsi” olubmuş:
Yenə səni gördüm, Dilcan dərəsi...
Və həmin misranın təsiri ilə “Yenə səni gördüm, Nursu dərəsi” misrası beynində həkk olunubmuş. Danışırdı ki...
Ilk şerim həmin şerin təsiri ilə yarandı. Mən o şerdə heç bir yenilik etməmişdim. Ancaq məsələ bu idi ki, şer yazmışdım, ilk şer:
Yenə səni gördüm Nursu dərəsi...
Məmməd kənddə müəllim işlədiyi vaxtlar da yaradıcılığından qalmır, yazdığı şerləri mərkəzi mətbuata göndərirdi. “Azərbaycan” jurnalının işçisi Böyükağa Qasımovun cavab məktubu indi də arxivində durur. Məktubun məzmunu belədir:
Məmməd, salam!
Məktubunu və şerləri alıb oxuduq. “Palıd”, “Adın yox, diplomun qalır dünyada”, “Qocanın vəsiyyəti” adlı şerlərini çap üçün bəyəndik. O birilər qaldı. Üç şeri bu yaxın nömrələrin birində mütləq çap edəcəyik. Işlərin necədir? Təzə nə yazırsan? Nə vaxt gəlirsən?
Hələlik sağ ol!
Təzə şerlərini gözləyirik. Müvəffəqiyyətlər arzu edirəm.
Böyükağa.
18.1V. 55 –ci il.
Bakı.
Təhsil aldığı illərdə hazırda görkəmli akademik olan Budaq Budaqovla yaxın dost olmuşdular. Budaq 1956-cı ildə elmi axtarışlar aparmaq məqsədilə Quba-Qusar zonasına ekspedisiya təşkil etmiş və orada kollektor işləmək üçün Məmmədi də dəvət etmişdi. Budağın söhbətlərindən:
“ ... İş otağımın qapısı açıldı, içəri qarayanız bir oğlan daxil oldu. 23 yaşlı bu cavan oğlan ekspedisiyada iştirak etmək istəyirdi:
- Deməli, Siz Məmməd İbrahimovsunuz. Müəllimin Məmməd Zülfüqarov sizin yaxşı şair olacağınızı inamla deyir. Məncə, M. Zülfüqarov təcrübəli müəllim olduğu üçün səhv etməz. Amma onu da nəzərinizə çatdırım ki, biz Azərbaycanın ən yüksək zirvələrində müasir buzlaqları və qədim buzlaşmanı öyrənəcəyik. Bu çətin işə dözə biləcəksənmi?
Məmmədin cavabı çox qısa oldu:
- Mən Şahbuz rayonunda, dağlar qoynunda böyümüşəm. Salvartı dağı, Batabat yaylağı, Kükü dağları bizim oylağımızdır. Dağlardan çox qorxmuram. Məni dağlar özünə möhkəm bağlayıb.
Və Budaq söhbətində bunu da qeyd etmişdi ki, 1956-cı ilin iyul ayının ilk günlərinin birində Quba tərəfə yola düşdük. Siyəzənə çatmışdıq, maşını saxlatmış Məmməd yolun kənarında dayanmış, sir-sifəti, kirpikləri tozdan ağarmış bir qarabala ilə qucaqlaşıb görüşdü. Məni onunla tanış etdi. Bu cavan Cabir Novruz idi. Xızıdan, Upa kəndindən gəlib Bakıya gedirdi.
Məmməd həmin vaxt Şahdağın zirvəsinə yaxın yerdən xeyli balıqqulağı tapmışdı və bu balıqqulağını tədqiq edənlər Qafqazın yaşının daha qədim olduğu qərarına gəlmişdilər.
Şerlərindən “ləzəli qız”, “Şah dağı”, “Bulaq başında”, “Yeddi bulaq əfsanəsi” həmin dövr təəssüratlarının məhsuludur.
Onun “Bulaq başında” şerinin yaranması isə məzəli bir əhvalatla bağlıdır. Məmməd özü bu haqda belə danışmışdı:
-Çoxdan idi şəhər həyatından ayrılmışdım. Darıxırdım. Düşərgəmiz bulağa yaxın idi. Qızlar bulaqdan su aparardılar, özləri də yaman qəşəng idilər; ağbəniz, qırmızıyanaq. Bir qızı güclə dilə tutmuşdum ki, qardaşı qəfildən peyda oldu və qıza bərk təpindi. “Pərizada” rədifli şer də yazmaq istəyirdim, ancaq Böyükağa məni qabaqladı, təkrar olmasın deyə yazmadım.
Bəli,uzun qış gecələrində söhbətlərimiz yaradıcılıqdan, yazıçılarla oxucuların görüşlərindən də olardı.
Tofiq Mütəllibov belə görüşlərdən biri haqqında yazmışdı:
“ – APİ-nin akt zalında görkəmli şair və yazıçılarla görüş keçirilirdi. Görüşdə gənc qələm sahibləri də şerlərini oxuyurdu. Məmməd də şerlərini oxuyanda birdən çaşdı, şerin misraları yadından çıxdı. Zalda oturan tələbələrdən biri şerin ardını dedi, sonra bütün zal həmin tələbəyə qoşuldu. Məmməd heyrətdən donub qalmışdı. Yazıçı Mehdi Hüseyn yerindən qalxdı – Məmmədə işarəylə dedi, – “Bax, əsl istedad budur, bu gəncin böyük gələcəyi var...”
Bakıya qayıtdıqdan sonra iki il də universitetin jurnalistika fakültəsində oxumuş, lakin təhsilini davam etdirməmişdi. Hətta 44 saylı məktəbin binasında yerləşən gecə məktəbində müəllim də işləmişdi.
Hələ ki, günlərimiz pis keçmirdi. Bir-birimizin “əlindən tutub” öz aləmimizdə yaxşı günlərə doğru irəliləyirdik...
Tələbəliyim hələ davam edirdi. Qış sessiyasında bir kurs işim yazılmamış qalmışdı. Mövzu Balzakın “Qobsek” əsərinin təhlili idi. Onu yazmağı Məmmədə həvalə etmişdim. Məmməd əsərin təhlilini elə gözəl vermişdi ki, bu, Hidayət müəllimin çox xoşuna gəlmişdi. Mənə dedi:
- Qubalı qız, kurs işini oxudum, çox gözəl təhlil eləmisən. Yazını müəllim yoldaşlarıma da göstərmişəm, demişəm ki, qiyabiçilər arasında gör necə savadlıları var. Gələn seminarda çıxış edəcəksən.
Yaman yerdə axşamlamışdım. Əhvalatı axşam Məmmədə danışdım.
- Müəllim deyir, çıxış et də.
- Bacarmaram, mənim vəzifəm sənin yazdığını köçürmək olub, yadımda heç nə qalmayıb.
- Onda müəllimə düzünü de.
Səhərisi gün elə də etdim:
- Hidayət müəllim, kurs işini mən yazmamışam, mənim vəzifəm sadəcə köçürmək olub, əsas müəllifi isə Məmməddir. Ona görə də mən çıxış edə bilməyəcəyəm.
- Vay səni, qubalı qız, görüm səni yanasan, mən də hey səni tərifləyirəm.
Hidayət müəllim Məmmədi tanıyırdı, xeyli deyindi.
Qarşıdan yay gəlirdi. Şəraitsizlik Məmmədi də, məni də sıxırdı. Məmməd axşamlar iş yerində qalır, yaradıcılıqla məşğul olurdu. “Üç oğul anası” poemasının bəzi fəsillərini belə şəraitdə yazmışdı.
Artıq Məmmədin imzası hörmətlə qarşılanırdı. O vaxtlar şairlərin pyes və ya nəsrə keçmələri dəbdə idi. Və yaxşı qonorar da alırdılar. Sözüm onda yox... Məmməd də Hüseyn Ərəblinski haqqında material toplayırdı. Fikirlərini, süjet xəttini mənə danışmışdı. Maraqlı idi. Yazmaq istəyirdi, hətta bir neçə vərəq də qaralamışdı, amma sonra yazmadı. Səbəbini soruşduqda: - “İstədiyim kimi alınmır” – dedi.
Əl yazmalarını yığıb qaydaya salanda mənə məlum oldu ki, məktəb həyatına aid poema da yazmaq istəyirmiş. Görünür, poemanın məzmununu müəllim işlədiyi vaxtlar fikirləşibmiş. Müxtəlif parçalar arxivdə durur. Əlimə düşən parçalarını oxudum, xoşuma gəldi. Savalan və Salvartı dağlarının adlarını da ilk dəfə oradan öyrəndim. Etibar əsərin baş qəhrəmanı olmalı imiş. Şəraitsizlik əlindən bu əsər də yarımçıq qalmışdı. Arxivdə xeyli qəzəlləri vardı. Nədənsə çapa vermirdi. Belə bir söz də dedi ki, “İstəmədi” rədifli qəzəlini aktrisa Nəcibə Məlikovanın xahişi ilə yazıb...
Yayda Bakının istisindən qaçıb öz kəndimizə gəldik. Anamın yanında bir az rahatlanırdım. Hələ kənddə Məmməd böyük bacımın yoldaşına “Ay bacanaq” adlı bir şer də yazmışdı:
Yenə gəldim yoluxmağa,
Dostu, yarı, ay bacanaq.
Nə sirdir ki,düşməz yolun,
Bizə sarı, ay bacanaq.
Səni yıxdı “yeklər”, “dülər”...
Zər ustaya “şeş-beş” verər.
Uduzmusan, bəri göndər
Toyuqları, ay bacanaq
Bir həftə var axtarıram,
Vədəsindən qaçmaz adam.
Yüz toyuq kəssə barışmam
Təbriz qarı, ay bacanaq.
Sədan gəlir divar üstdən,
Buludlara yazıb qəsdən,
Çimdirərəm yağışla mən
Daş-divarı, ay bacanaq
Eşib qara bığlarını
Deyərsən bəs çaxır hanı?
Gəzirəm Əmirsoltanı,
Barı-barı, ay bacanaq.
Bir də girişmə oyuna,
Özün zər at, özün oyna.
Göndərrəm çolpa toyuna
Qırğıları, ay bacanaq.
M. İbrahimov.
59-cu ilin avqust ayında Məmməd mənə bildirdi ki, Moskvada oxumaq üçün evlənməmişdən qabaq ərizə veribmiş, indi cavabı gəlib, onu İkiillik Ali Ədəbiyyat Kursuna qəbul ediblər və mütləq getməlidir. Çox təəccübləndim; əvvəla yüklüydüm, sonrası da işləmirdim, ev yox, ehtiyac isə çox. Bütün bunlar bir yana, ən pisi bu idi ki, Bakıda qeydiyyatda deyildim.
Bilmirəm, mənim yerimdə başqası necə hərəkət edərdi... Mən susdum, görürdüm ki, mən etiraz etsəm də əhəmiyyəti yoxdur, gedəcək. Beləliklə, o, Moskvaya – SSRİ Yazıçılar İttifaqının nəzdindəki M. Qorki adına İkiillik Ali Ədəbiyyat kursuna getdi, mən də yenidən anama sığındım.
“...Biz sənə demişdik ki, tanımadığın adama getmə...” – ifadəli baxışlarla mənə baxan bacılarımın, anamın, qohumların gözlərindən bu sözləri oxusam da özümü o yerə qoymurdum və Məmməddən tez-tez məktub alsam da cavab da yazmırdım. Çox güzəştlərə getmişdim, daha belə də deməmişdim. Məktublarında Məmmədin də darıxdığını hiss edib yumşalardım.
Mənim qızcığazım, salamlar!
Mən ikinci məktubu, üçüncü məktubu yazandan sonra səndən cavab aldım. Onsuz da mən darıxıram. Sənin darıxmağını eşidəndə də lap bədbin oluram. Sənsiz özümü təsəvvür edə bilmirəm. Sən mənə hamıdan, hər şeydən əzizsən. Dünən Moskva altındakı Qorki kəndinə getmişdik. Məktəbdən aparmışdılar. Lenin ömrünün axırlarını orada yaşayıb. Orada da vəfat edib.
Bizim yoldaşlardan biri, – latviyalı arvadını gətirib (o da bizimlə idi). Şəhərdən bir az aralı ayı 500 manata ev tutublar. Dünən onları görəndə bir az da darıxdım. Bunları yazmıram ki, darıxasan. Ayrı vaxtında olsa bəlkə də narahat olmazdım. Indi vəziyyətin necədir? Çox yatmırsan ki?
... Sənə danışdığım poemadan xeyli yazmışam: Mühəndisdir. Araz sahilinə işləməyə gedir. Qatar bir stansiyada dayanır. Həmin stansiyadan o, müharibə vaxtı İrana gedib, bir qızla sevişib(müharibə illəri), qızı bu taya buraxmayıblar. O, qayıdıb qərb döyüşlərinə gedib, müharibə qurtarıb, o, ali məktəbi bitirib işləməyə gedir. Həmin stansiyada ani fikrə gedir. Bütün süjet o, fikirdə ikən danışılır. (Orijinaldırmı?) Çay axır, ona elə gəlir ki, onun ürəyini qoparıb Araza atırlar. Ürəyinin dalınca qaçır, görür o, ürək deyil, həmin sevdiyi qızdır. Əlini ona uzadır. Bu vaxt bir qaraquş şığıyıb qızı aparır. O, quşun dalınca qaçır. Sərhədçilər onu saxlayırlar. Elə bilirlər o, dəli olub. O, başına gələni danışır:
Ev tikməyə gəlmişəm,
Könlümdəndir bu səslər!
Öz məhəbbət evimi
Uçurublar, ay əsgər!
Birdən qatar fit verir. Bir sərhədçi deyir: –Yubanırsan, ay adam. Hadisə belə bitir. Obrazlı yerlər var.
Bu saat sənin xəyalını qucaqlayıram. Axşam saat 11- 45-dir.
15.09. 59
İnstitut işlərimlə əlaqədar Bakıya qayıtdım. Bir neçə gün kiçik daxmamızda qaldım. Kurs işlərini yazıb instituta verdim. Kəsirim qalmamışdı. Yazı işləri üçün yeni mövzuları götürüb kəndə qayıtdım. Məmmədin mənə kəndə yazdığı məktubu almamışdım. Bilirdim ki, məktub nəsihətlə dolu olacaq. Kənd camaatı da xısınlaşırdı ki, guya ayrılmışam. Yaman sıxılırdım. Işdən ayrılmağıma yaman peşman olmuşdum. Vaxtilə kənddən getməyim haqqında rayon maarif şöbəsinə xəbər belə verməmişdim. Indi necə gedib deyəydim ki, mən qayıtmışam. Maddi cəhətdən də korluq çəkirdim. Bütün bu dolaşıq işlər əsəblərimə pis təsir edirdi. (Əziz oxucu, elə bilməyin ki, mən bütün bunları giley məqsədilə yazıram, əsla yox, “Bu ömürdü, öz baharı, öz qışı” M.A).
Məmməd hər məktubunda mənə yaradıcılıq hesabatı verirdi:
Məktubunun birində yazırdı:
Dünən yaradıcılıq seminarında “Oxu moldavan qızı” və “Fəlsəfə müəllimi” adlı iki şer oxudum. Sətri tərcüməsini özüm etmişdim. Uşaqların (yazıçı yoldaşların), müəllimlərin bərk xoşuna gəldi. Indi hiss eləyirlər ki, bunların hamısı ilə yarışa bilən bir qarabığlı Azərbaycan şairi də var. Münasibət artır, sətri tərcüməni alıb milli dillərə tərcümə edənlər çoxalır.
Gülüm, mən bunu arvadın yanında forslanmaq üçün demirəm. Axı səni hər şeydən əvvəl ona görə çox sevirəm ki, mənim şerimi, ürək döyüntümü bir yoldaş kimi duyursan. Poemadan bir xeyli yazmışam:
Təbriz, Qafan, Şiraz –
Sönmüş ocaq kimidir.
Sədi, Hafiz qələmi,
Indi mərmilərmidir?
Firdovsinin qəbrini
Qanla yudu, apardı,
Heynə sağ olsa bu gün
Hitleri parçalardı...
Müharibə vaxtı. Iran. Sovet əsgərinin düşüncələri. Qəribə yerlər var. Qurtaran kimi sənə göndərəcəyəm...
Hamıya salam de...
2. 10. 59
(məktub ixtisarla verilib)
Kənddə qalırdım. Nə edəcəyimi bilmirdim. Bakıya qayıtsam şərait yox, körpə dünyaya gələndən sonra elə bir otaqda nə edərəm? Kənddə qalmağa isə qorxurdum. Şəhərdə heç olmasa həkimlərə yaxın olaram. Bir tərəfdən də Məmməd yazırdi ki, boğazı tez-tez gəlir, qızdırması çox olur. Bu da məni çox qorxudurdu. Kimsəsiz yer, tək, xəstə, baxanı yox...
(Bu məktubunu da ixtisarla verirəm)
“... Bir onu düşünürdüm ki, durum sənə vəsiyyət yazım – qoyum. Yazım ki, səni tək qoyduğumu bağışla. Mənim bütün şerlərimi toplayıb çap elətdir. Əgər oğlum olsa, salamat qalsa, Azərbaycan dilini yaxşı öyrət. Qulaqlarına çoxlu şer oxu. Bəlkə atasının yarımçıq qalmış nəğmələrini oxuya bildi...”
Məktub tez-tez alsam da cavab yazmırdım ki, birdən gileylənərəm, Məmməd darıxar. Taleyimi Allahın ixtiyarına buraxmışdım...
1959-cu il noyabrın 9-da bir qızım oldu. Əvvəl hamıya xas bir xüsusiyyətlə pərt oldum ki, qızım olub... Sonra... sonra elə ki, həkim bildirdi, uşaq zəifdir, indi də yaman qorxuya düşdüm ki, balama bir şey olmasın, dözə bilmərəm. Bütün fikrim-zikrim qızımın yanında qalmışdı. Çöldə pişik miyoldayanda da elə bilirdim ki, uşaq ağlayır. Anama şikayətləndim ki, qızımı hələ də mənə göstərməyiblər. Anam da öz növbəsində baş həkimi, baş həkim də uşaq həkimini “tərpətmişdi”. Bundan sonra qızımı mənə verməyə başlamışdılar.
Bir həftə keçəndən sonra məni evə yazdılar. Ən çətin günlərim də bundan sonra başlandı, uşaq saxlamağa şərait yox idi. Qızımın adını İradə qoydum. Bu ad o vaxtlar dəbdə idi. Bir az keçəndən sonra təcrübəsizlikdən uşağı xəstələndirdim və təzədən xəstəxanaya düşdüm. Anam kəndə qayıtmışdı.
Bütün bunlardan isə Məmmədin xəbəri yox idi. “Ona yazmayın” – demişdim. Bu arada Məmmədin teleqramları, məktubları ardıcıl gəlirdi. Hayıf ki, onların çoxu qalmayıb.
Dekabrın axırında Məmməd gəldi.
“SEVGİ NƏĞMƏSİ” Ürəkdə sevinci, qəmi kəşf edən;
Ilk səyyah bəlkə də nəğmə olubdur.
(M.A)
Artıq “Sevgi nəğməsi” kitabı çap olunub satışa buraxılmış və kitab bir həftə içərisində satılmışdı. Mən də kitabı almağa gecikmişdim. Məmməd mağazalardan kitabı tapmamış, ancaq nəşriyyatın müəllifə ayırdığı az miqdarda kitab onun əlinə düşmüşdü. Sonralar niyə kitabın adı “Servgi nəğməsi” qoyulub sualını Məmməd belə cavablandırmışdı:
“... İnsan nəğmə ilə birgə doğulub. Hər şey bir nəğmədir. Ürəkdə sevinci, qəmi kəşf edən nəğmədir. Dərd, ehtiyac üstün gələndə sığındığımız zümzümələr, nəğmələr olur. Bizim laylalarımız, holavarlarımız nəğmə - şer deyilmi? Xalqın nəğməsi yoxsa, tarixi də yoxdur. Əslində bu, o deməkdir ki, xalqın mənbəyi nəğmə, mənsəbi tarixdir. Bəlkə də buna görə kitabı “Sevgi nəğməsi” adlandırmışam. Nəğmə dildir. Dilsiz danışanları yalnız dilsizlər anlar. Yaşasın bu mübaliğə...”
“Sevgi nəğməsi” kitabı haqqında mətbuatda həm şairlər, həm oxucular rəylər dərc etdirirdilər. Şair Xəlil Rza yazırdı:
“... Məmməd İbrahimin “Azərnəşr” tərəfindən buraxılmış “Sevgi nəğməsi” kitabı cəmi 37 şeri əhatə etsə də onun yaradıcılığında əhəmiyyətli hadisədir.
Bir şair kimi Məmməd İbrahimi oxuculara sevdirən nədir?
Fikrimizcə, bu sualın birinci cavabı budur ki, o, şerlərində həyat həqiqətinə istinad edir, şairi ötəri kiçik hisslər deyil, həyatın və zamanın irəli sürdüyü böyük ictimai fikirlər, siyasi qayələr, xalqımızın ürəyində yuva salmış arzular düşündürür...”
Məmmədin şair dostu Söhrabın adını eşitmişdim, lakin özünü görməmişdim. Tətil vaxtı biz ailəvi tanış olduq. Söhrab Tahirin keçmiş Semaşko adına xəstəxananın yaxınlığında S.Vurğun küçəsində olan bir binanın 3-cü mərtəbəsində bir otaqlı mənzilləri vardı. Söhrabın həyat yoldaşı Lida xanımla tez-tez görüşərdik. Məmmədlə Söhrab – hər ikisi bizə söz verdi ki, havalar istiləşən kimi ev tutub bizi də Moskvaya aparacaqlar.
Məmməd Moskvaya qayıtdıqdan sonra yenə də hər həftə 3-4 məktub göndərər, hər dəfə də İradə üçün darıxdığını yazardı.
Əgər bu məktubların hamısını saxlasaydım, yəqin ki, məktublardan ibarət qalın bir roman alınardı. Əlbəttə, indi təəssüf edirəm, necə deyərlər, müsəlmanın sonrakı ağlı.
Lida ilə Moskvaya bir aylığa getməyi qərarlaşdırmışdıq, özü də onlara xəbər vermədən... Elə də etdik.
SALAM, MOSKVA!Lida ilə birlikdə qatara bilet aldıq. Bir neçə gündən sonra Moskvaya çatdıq. Təbii ki, uşaqla bir neçə gün yol getmək çətinlik törədirdi. Bizi qarşılayıb yataqxanaya apardılar. Orada qalmalı olduq. Otaqlar bir nəfərlik idi, yaradıcı adamlar üçün nəzərə alınmışdı. Arakəsmələr nazik taxtadan olduğuna görə bir otaqda danışanda o biri otaqda səs aydın eşidilirdi.
Məmmədin sol tərəfində nanay şairi Andrey qalırdı. İradəni güclə yatırırdım. Bir də görürdüm ki, divara təpik dəyir və ya stol yumruqlanır, qablar cingildəyir, səs-küy yaranırdı. Iradə ayılır, kürlük edirdi. Məmmədə vəziyyəti deyəndə cavabı kəsə olurdu:
- Ona nə deyə bilərəm, öz otağında nə istəsə edə bilər.
Mətbəx ümumi olduğuna görə Andreylə orada rastlaşırdıq. Rus dilini bir o qədər bilmirdim. Ancaq Andreyi bir təhər başa saldım ki, divarı təpikləməsin, stolu yumruqlamasın, uşaq ayılır və ağlayır.
Andrey məndən üzr istədi:
- Bacı, uşaq bizim üçün müqəddəsdir. Xüsusən, onlardan ayrı bu kövrək vaxtımızda. Balacanı yatıranda məni xəbərdar et, heç səsimi də çıxarmaram.
Andreylə razılaşdıq.
Sağ tərəfində isə Fazil adlı bir şair vardı, deyəsən, osetin idi. Bazar günlərində moskviçkalar toplaşar, səhərə qədər mahnı oxuyardılar. Fazil mənə xoşladığım rus mahnılarından ibarət val da bağışlamışdı.
Moskvada həkimlərin uşağa olan diqqətcilliyini Bakıda görməmişdim. Müvəqqəti olaraq yataqxananın yanındakı uşaq poliklinikasına qeydiyyata düşmüşdük. Həkimlər İradəni xoşlardılar. Qucaqlarına alar, dəhlizdə gəzdirərdilər. Şəhərə çıxanda isə qadınlar məndən xahiş edib İradəni qucaqlarına götürər, oynadıb qaytarardılar. Hamı ona “çernıqlaza” (qara göz) deyərdilər. İradə də yaxşı geyimli “moskviçka”ları xoşlar, onların qucağında özünü rahat hiss edərdi.
Bir ayı başa vurub təyyarə ilə geri qayıtdım. Indi uşaq yatanda imtahanlara hazırlaşırdım.
Dövlət imtahanları başlanmışdı. Dörd imtahanım vardı. Təbii ki, uşaqla yaxşı hazırlaşa bilməmişdim. Hazırlaşmasam da İkiillik müəllimlər institutunda aldığım bilik köməyimə çatdı. “Marksizm və Leninizmin əsasları” imtahanına rəhmətlik Sərdar Əsəd kömək etdi, qalanlarını isə özüm verdim. Mən imtahanda olanda İradəni Məmməd saxlar və o vaxtlar “26-lar” bağında (indiki “Sahil”) gəzdirərdi.
Sevinirdim, ta mən ali təhsilliyəm, işləyə bilərəm, amma yaddan çıxarmışdım ki, Bakıda qeydiyyatda deyiləm...
Yay tətili qurtardıqdan sonra yenə də əvvəlki kimi mən kəndə, Məmməd isə Moskvaya qayıtdı.
Məktublar yenə də qanadlanıb Məmmədin ürək sözlərini mənə çatdırırdı:
(ixtisarla)
Gülxanımcan, salamlar!
... Gələndən bərk soyuq-qar idi. Bu gün yaxşı günlü havadır. Mənə cavab yaz, qızım haqqında məlumat ver. Sabah və ya da o birisi gün balasına paltar göndərəcəyəm. Yaxşı havalarda qızı bayıra çıxartmağı və s. şeyləri unutma. Darıxma, vaxt gəlib çatıb. Gör sənə necə şerlər yazmışam?
SƏNDƏN AYRI... Gözəllər aşiqi az olmamışam,
Hamısı yan keçir indi yanımdan;
Görünür qızların qəlbindən tamam –
Mənə məhəbbəti oğurlamısan.
NECƏ UNUDUM SƏNİ... Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da yoxum da gedib.
Bir ürəyim deyil. Bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
( ikinci şerini ixtisarla vermişəm).
Şer beş bənddən ibarətdir. Tam şəkildə kitablarında çap edilib. Məmmədin Moskvada qaldığı ünvan belə idi:
Moskva K. 104.
Tverskoy bulvar 25.
Ikinci ili göndərdiyi məktublar evdən köçəndə itdi.
Ikinci ili də yazda bir ay Moskvaya getdim. Bu dəfə İradənin “hörməti” daha da çoxalmışdı. Yataqxanadakı müxtəlif millətlərdən olan yazıçılar bütün boş vaxtlarını əsasən İradəyə həsr edir, onu yataqxananın liftində yuxarı-aşağı havarır və gəzməyə çıxarırdılar.
Məmməd hələ 1-ci ili Moskvada olarkən onun Bakıdakı yazıçı yoldaşları uzun bir siyahı tərtib etmiş, o vaxtlar mətbuat üzrə katib Nazim Hacıyevin görüşünə gedərək ev istəmişdilər. Məmmədin adını isə siyahıya salmağı nədənsə “unutmuşdular”.
Məni bir məclisdə təriflədilər,
Günahkar bir balaca şerim oldu.
Motsart qığılcımım yox ikən hələ
O gündən mənim də Salyerim oldu.
(M.A)
Beləliklə, siyahıda adları olanların hamısı evlə təmin olunmuşdu.
Məmməd 1961-ci ildə təhsilini başa vurub qayıtdı və balaca bir otaqda yaşamaq məcburiyyətində qaldı. O vaxtlar Baksovetin sədri Əliş Lənbəranski idi və ziyalılara çox hörməti vardı. Məmməd rus yazıçısı N. Tixonovun məktubunu da özü ilə Moskvadan gətirmişdi. Məktubda Məmmədin evlə təmin olunması xahiş olunurdu. Məmməd Lənbəranskinin qəbuluna getdi. Tezliklə bizə Musabəyov qəsəbəsinin 5-ci Sallaqxana küçəsindəki 30 saylı binada ikiotaqlı mənzil verildi. Yadımdadır, mənzilin nömrəsi də 30 idi.
Sevinirdik, – ta bizim də “sarayımız”, mətbəximiz, hətta üstəlik hamamımız da vardı. Nə yaxşı imiş adamın özünün bir “künc”ü olması. Təbii ki, 30 kv m-lik iç-içə otaqlar yazıçı mənzili deyildi. “Allahım, buna da min şükür”, – deyirdim.
Məmməd həvəslənib biz yatandan sonra məhsuldar işləməyə başladı. Şerləri dövrü mətbuatda çap olunur, xalq arasında hörməti artırdı. Eyni zamanda paralel olaraq yavaş-yavaş gizli hücumların da özülü qoyulurdu; cəsarətliliyi, açıq fikirliliyi çoxlarının xoşuna gəlmirdi.
Məmmədin poeziya, bədii nəşriyyat və s. haqqında özünəməxsus maraqlı fikirləri var.
Özünün bu haqda qeydlərini olduğu kimi verirəm:
21. X. 62
Bu gün televiziya ilə veriliş var. Leonid Leonov! Nədənsə bu yazıçının adı gələndə xəyalıma mürəkkəb geoloji proseslər, – vulkan, zəlzələ gəlir. Təbiətin ən nadir əsərlərindən biri – qraniti düşünürəm. Qranit çətin yaranır, lakin ömrü nə qədərdir! Bu yazıçının təfəkkürü də “qranit” yaradır.
21.X1. 62
Şamillə dərdləşirik. Uzun söhbətlər, ədəbi mübahisələr, gənclik xatirələri...
Mənim sevimli körpəm, – poeziya, yenə də sənin taleyini düşünürəm. Axı bizim ədəbiyyatın özülü şer, mayası şer, ən yaxın, ən uzaq hədəfi şer olmuşdur. Lakin indi şerə xor baxanlar var. Nəşriyyatçılar, qəzetçilər oxucu adından danışır. Guya şer oxunmur. Əslində isə sözün həqiqi mənasında şer kitabları mağazalarda qalmır. Şer nəşriyyatçıların cibinə “zərər” edir. Onlar şeri çap etməyi bacarmırlar. Yoxsa, şerlə cibləri dolardı. Bir də ki, min ildən çox yaşı olan bir sənət incisini cibə qurban vermək olarmı?
Söhrabla Xəlil nəsrə keçməyi tövsiyə edirlər. Tutaq ki, biz öz qəlbimizin ədəbi səsini üzə çıxarmaq üçün bu imkana əl atdıq. Bəs şeri kim yazmalıdır? Mən onu nəsrə qısqanıram. Şer mənim qarşımda göz yaşı tökür, saç yolur, – “məni atma” deyir.
Nizami, Füzuli, Sabir, – nə deyirsiniz?
27. X1. 62
Köhnə vətən, köhnə xatirələr, köhnə yaralar... yenə sizinlə görüşdüm. Bu gün V.İ. Lenin adına APİ- də gənc şairlərlə görüş oldu. Xəlil hamıdan çox səs aldı. Lakin M. Müşfiqə həsr etdiyi şerlərdə bəzi ifadələr xoşa gəlməzdir. “Alçaqlar”, “yaltaqlar”, “partiyalı, partiyasızlar” nə bilim nələr... Söyüşlər nəyə gərəkdir? Bunlar səmimi və ilhamla yazılmış şeri kobudlaşdırır.
Mən çıxışımda dedim ki, istərdim bu məclis başqa formada keçsin. Biz yaradıcılıq planlarından danışaq, ürəyimizdən gələn səsləri açıb deyək. Axı min, min iki yüz ildən artıq tarixi olan, bizim ədəbiyyatı üzərində ucaldan bir janra – şerə xor baxanlar var. Nəşriyyat planlarında ildən ilə şerə az yer verilir... Sərdar Əsəd mənim sözümü qəribçiliyə saldı. Guya mən çapdan gileylənirmişəm. Xeyr, gileylənmirəm... Mən şerə daha çox yer verilməsini tələb edirəm. Bunu əsrin gedişi, oxucuların istəyi tələb edir. O ki qaldı şairlərin alimliyə qaçması, bu da xoşa gələn deyil. Sən ya alim kimi düşünməlisən, ya da şair kimi. Bilmirəm, bəlkə səhv edirəm. Lakin çətin ki, institut, məktəb proqramı dairəsində çalışıb həm o tələbi yerinə yetirəsən, həm də şer yazasan. Hanı o dahi ki, (yazıçı dahi) həm alimdir (sözün həqiqi mənasında nəzəriyyəçi), həm də sənətkar... nə isə mübahisə etməyə dəyər...
Bu sözlərlə qeydlər qurtarır. Bəlkə də İradənin özünəməxsus bir səliqə ilə qeydlərin altından yazdığı “5”-lərə görə qeydlər davam etdirilməyib, bilmədim. Axı Məmməddə belə bir xüsusiyyət də vardı ki, yaradıcılıq laboratoriyasının hansı sirri açılırdısa, o, daha həmin mövzudan, həmin mövzu ondan “qaçırdı”.
Moskva təhsilini başa vurduqdan sonra 1961-ci ildə “Maarif” nəşriyyatında redaktor işləməklə bərabər yeni orijinal şerlər də yazırdı. Elə vaxtlar olurdu ki, ayda bir neçə şer yazır, bəzən isə, ümumiyyətlə, əlinə qələm götürmürdü.
Tibb institutunda Məmmədə görə estetika kafedrası açmışdılar. Orada cəmi bir-iki ay işlədi, davam etdirmədiyinin səbəbini də belə açıqladı:
- Eyni sözləri tələbələrə təkrar-təkrar deyə bilmirəm. Özümün-özümdən zəhləm gedir. Bir də ki, mən onda gərək şer yazmayam, kitabxanaları gəzəm. Bacarmıram.
Ənvər Əlibəyli də televiziyada Məmmədə gənclər haqqında veriliş aparmağı təklif etmişdi. Bir-iki veriliş apardıqdan sonra onu da atdı.
Nə həyatda, nə də sənətdə təkrarı sevməzdi...
Həmişə deyərdi:
“Bizim nəsil bədbəxt nəsildir. Köhnə nəsil bizə deyir ki, bizimlə dabanqırma gəlirsiniz, nəfəs almağa qoymursunuz. Sonra da cavanlar bizə deyəcək ki, qarşımızda “divarsınız”, bizə qabağa getməyə imkan vermirsiniz”.
Belə bir söhbəti də yadımdadır:
“Əhməd Cəmil mədəniyyət nazirliyində işləyəndə “Üç oğul anası” poemasını ona oxudum. Çox diqqətlə qulaq asdı və dedi: – Məmməd, nə gözəl yazmısan, ananın hisslərini nə gözəl təsvir etmisən – çox gözəl əsərdir”.
Bir neçə ay keçəndən sonra onu “Azərbaycan” jurnalına redaktor qoydular. Poemanı çap etdirmək üçün jurnala apardım. Əsərə o qədər sual işarəsi qoydu ki... Artıq o, şair Əhməd Cəmil yox, redaktor Əhməd Cəmil idi...”.
Yazıçılar İttifaqında Mehdi Hüseynin sədr olduğu vaxtlar idi. Başqalarına nisbətən obyektiv adam idi. “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində yer boşalmışdı. Mehdi Hüseyn Məmmədi yanına çağırıb onu həmin yerə göndərəcəyini söyləmişdi.
Məmməd xatırlayırdı:
“Mən Mehdi müəllimin yanında idim. Vidadi Babanlı içəri girdi və çox ərklə dedi, – Mehdi müəllim, nəşriyyatda bədii şöbə yeri var, xahiş edirəm məni ora təyin et, işsizəm.
Mehdi müəllim güldü və cavab verdi: – Vidadi, ora bu qara oğlan gedəcək. Və mənim əmrimi verdirdi”.
Məmməd 1963-cü ildən nəşriyyatda bədii ədəbiyyat şöbəsinin müdiri işləməyə başladı.
O vaxtlar “Azərnəşr”in direktoru olan Adil müəllim Məmmədə çox sərbəstlik vermişdi. Adil müəllim işgüzar direktor olmaqla bərabər, istedadlı cavan kadrlara qayğı ilə yanaşan bir adam idi. Məmmədin xatirələrində “yaxşı adamlar” arasında Adil müəllimin xüsusi yeri vardı. Məmmədə ərklə həmişə İnfiloğlu deyərmiş, təqdim etdiyi sənədlərə baxmaz, ona tam etibar edərmiş (təbii ki, Məmmədin təmiz adam olduğunu bildiyinə görə). Sənədlərə qol çəkəndə - “qoy məni öldürsünlər, bir alagöz qız üstə, - deyib imzalarmış”.
Onu da deyim ki, Məmmədin “Naməlum qəhrəman” adlı şeri Adil müəllimə həsr olunub.
Bu da Məmmədin söhbətlərindəndir:
“Bir gün nəşriyyatda iclas keçirilirdi. Iclasın gur vaxtında Əli Vəliyev içəri girir:
- Adil, mənim qonorarımı niyə vermirsən?
- Əli, axı iclasdı, iclasdan sonra verərik.
- Yox, elə indi ver.
Adil müəllim Ə. Vəliyevin ürəyini sındırmır. Iclası yarımçıq qoyub mühasibi çağırır və qonorarın ödənməsi üçün göstəriş verir. Adil müəllim hamıya həssaslıqla yanaşan bir adam idi...”.
Məmməd dörd ilə yaxın nəşriyyatda işlədi. O, şöbə müdiri işləyəndə çox adamlar bizə yaxınlıq etdilər, amma nə məqsədlə yaxınlaşmışdılarsa, elə də getdilər. Həmin illərdə bir çox söhbətlərin şahidi olmuşam.
Məmməd öz növbəsində müəlliflərin kitablarının nəşrinə kömək edər, hər hansı “hörmətə” yol verməzdi. Onda aramızda mübahisə olardı. Məmməd isə qəti cavab verərdi:
“- Gülxanım, onların qarşısında gözü kölgəli, dili gödək olum? Onda mən şer yaza bilmərəm”.
Daha bir söz deyə bilməzdim...
Gərək ki, 1965-ci ilin mart ayı idi. Məsud Əlioğlu (Əli Vəliyevin oğlu) bizi öz evinə qonaq çağırdı. Məlum oldu ki, Məmməddən başqa heç kim öz xanımını gətirməyib. Mən Rəna xanımla mətbəxdə oturdum.
Mehdi Hüseyn, Əli Vəliyev, Mirzə İbrahimov, Məmməd Cəfər, Kamal Talıbzadə, İsmayıl Şıxlı məclisin iştirakçıları idilər. Mətbəxdə oturduğuma görə onların nə danışdıqlarından xəbərim olmadı. Bu arada ora bir nəfər də gəldi. Evə qayıtdıqdan sonra həmişəki kimi Məmmədi sual “atəşinə” tutdum. Çox suallarıma cavab vermədi. Bircə sonrakı qonağın İrəvandan gəldiyini dedi. İrəvanlı qonaq deyirmiş ki, ermənilər bizi yaman sıxışdırmağa başlayıblar. Bizi, (yəni ermənistandakı azərbaycanlıları) yandıran budur ki, burda hamı yatıb, bizi Ermənistandan çıxarmağa hazırlaşırlar.
Əli Vəliyevdən qeyri İrəvanlı qonağın sözlərinə heç kim reaksiya verməyib. Hətta Mehdi Hüseyn qonağın sözünü kəsərək – “Oradakı azərbaycanlılar öz işləri ilə məşğul olsunlar, biz öz beynəlmiləlçiliyimizlə fəxr edirik və bu yolla gedirik” – deyib. (bu qonaqlıqda gedən söhbətləri gündəliklərimdə geniş yazmışam)
Məmmədi elə o vaxtlardan ziyalıların “qış yuxusuna” getmələri bərk narahat edirdi.
Bu arada Adil müəllimi başqa işə keçirtdilər. Onun yerinə Qılman İlkin təyin olundu. Elə birinci həftədə o, səbəbsiz-filansız Məmmədlə işləmək istəmədiyini bildirdi.
Məmməd: – Elə mən də səninlə dünəndən işləmək istəmirəm – deyib ərizəsini yazdı və işdən çıxdı.
1967-ci ildən “Ulduz” jurnalında məsul katib kimi fəaliyyətə başladı. Elə həmin ildə “Ömür karvanı” kitabı çap olundu.
Dursun Məmmədov adlı bir müəllifin “Ömür karvanı” kitabı haqqındakı məqaləsi xüsusilə yadımdadır:
“... Bu kitabı oxuyarkən qəlbimiz nəhayətsiz bir sevinclə dolur. Şerləri oxuduqca inanırsan ki, şair son dərəcə orijinal bir poeziya kitabı yaratmışdır. Kitabda toplanan şerlərin ruhu, ideyası yenidir. Şair sənət aləmində yeni söz deyir. “Ömür karvanı” şairin mənalı və zəngin bir ömür kitabıdır. Bu ömür kitabında həyat bütün ziddiyyətləri ilə verilir. Şair o şeyləri poeziyanın materialına çevirir ki, onun bütün mahiyyətini, daxili qanunauyğunluğu dərk edir. Həyatın müxtəlif rəngləri, onun nəhayətsiz çalarları vardır. Kitab bu rənglər qarışığından yaranmışdır, – desək, səhv etmərik...”
Saxla məni, gözlərində saxla, gülüm,
Məni mənim gözlərimlə ağla, gülüm.
(M.A)
Məmmədin tez-tez boğazı gələrdi. Bir az ağrıları çoxalan kimi tez də “vəsiyyət” edərdi ki, məni kövrəltsin:
“Gülxanım, mən ölsəm kitabımı qara cilddə çap etdirərsən. Məni kəndimizdəki Səngər təpəsində basdırarsan. Əgər orada basdıra bilməsən, oradan torpaq gətirib qəbrimə səpərsən!”
Mən də öz növbəmdə hay-küylə bizdən aşağı mərtəbədə yaşayan həkim Bikəxanımın yanına qaçardım. O, Məmmədin boğazını pensilinlə yuyar, xəstənin qızdırması düşərdi. Özü də belə bir qeyd aparmışdı:
“Bərk xəstə idim. Ölümümü gözləyirdim. Bunları düşünürdüm: - “Cənub həsrətini özümlə aparacağam”. Qızım familiyamı yaşadacaqmı?
Demək istəyirəm: qızım, ev-eşiyi də, var-dövləti də, vəzifəni də - hər şeyi itirmək olar. Bununla insan alçalmaz. Həyatda həmişə şərəf və mənliyini yüksək saxla!
Ana, torpaq ana! Eşitsən qəbrin alışar, sümüklərin danışar. Ana, ana deyib inləyirəm.
Bir də fikrimdən bunu çıxara bilmirəm ki, sənətdə layiqli ad qoyub getmirəm. Bir cildlik əsərlərimi çap edərlər. Cildin üstə yazarlar:
Məmməd İbrahim “Bitməmiş nəğmələr”!
Nə isə, həkimlərə mən lap son ayaqda inanıram. Veysov, Bikəxanım.
Ağrılar azalır, ölüm yaddan çıxır. Yenə arzular, planlar”.
7. 1. 66
Ayrı bir qeydində isə yazır:
Motsartın musuqu istedadı 3-4 yaşında müəyyən olub.
Eynşteyndə isə uşaqlıqda xüsusi nəzərə çarpan fitriyyət görünməyib. Bu, qaynar gəncliyində birdən özünü büruzə verib. 26 yaşında nisbilik nəzəriyyəsi ilə dünyaya səs salıb. Biz həmyaşların (və ümumiyyətlə) isə nə Motsart yaşında, nə Eynşteyn yaşında istedadını görən, ən pisi görmək istəyən yoxdur. Bu, sənətimizə nə qədər zərər vurur. Biri gəlib illərlə heç bir çağırışı, bileti olmadan birinci sırada oturur. Istedad arxa cərgədə qalır, əsəbiləşir, bəzən isə küsüb gedir. Bu hallar çox istedadın parlamadan sönməsinə səbəb də olur. Əlbəttə, əsl ədəbiyyat tarix olandan sonra müəyyən olur. Vəzifələr, ordenlər və s... gedir, qalır bir tədqiqatçı, bir də oxucu. Dünənin bir adsız şairi bəzən bir nömrəli pasport alır.
Fəqət, əsl sənət əsəri son vaxtlar az yaranır. Az işləyirik, az oxuyuruq, az düşünürük, çox baxırıq, az görürük.
Dünyaya səs salacaq bu günün AZƏRBAYCAN nəğməsi sənin ugrunda.
9.11. 66
Bu illər ərzində üç kitabı çap olunmuşdu. Onlara kitab demək olmazdı. Kiçik kitabçalardı. Həcmcə kiçik olmasına baxmayaraq, bu kitabçaların əks-sədası böyük oldu. Qısa bir vaxtda satışda onların bircəciyi belə qalmadı... Bu isə...
SALAMAT QAL BU DAĞLARDA, ÜRƏYİM. Məndən kəndimiz də küsübdür, – deyir, –
Yoluma göz dikən yollar yorulub...
(M.A)
Məmməd arada Naxçıvandan, öz kəndlərindən elə ürək dolusu danışırdı ki, görmədən, bilmədən o yerlərin vurğunu olmuşdum. Deyərdi, – Salvartı dağlarından, Batabat meşəsindən, Şahbulaq yaylağından o qədər üzüaşağı qanadlanıb bu torpağı sinəmə sıxmaq istəmişəm ki... Deyərdi, – indi hərdən mənə elə gəlir ki, göz açdığım torpaqda hər çayın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın bioqrafiyasına bələdəm. Üçqardaşdan, Kəçəldağdan, Dərəlyaz silsiləsindən üzüaşağı – Araza doğru nə qədər “qoşun çəkmişəm”, küləklərlə gizlənpaç, şimşəklərlə çiling ağac oynamışam.
Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand atıb “ulduz endirmişəm”.
İşığı bollaşdı diyarımızın,
Ətiri bollaşdı baharımızın;
Vüqarı boy atdı vüqarımızın
Dünyaya Naxçıvan dünyası gəldi.
Zülmət yığışdırdı ətəklərini
Fəsillər – qara daş küləklərini.
Dan yeri böyütdü bəbəklərini –
Dünyaya Naxçıvan dünyası gəldi.
Dirəndi dağlara nur qatarımız,
Yeni segah dedi könül tarımız,
Aldı fırçasını Bəhruzlarımız,
Dünyaya Naxçıvan dünyası gəldi.
Qəfil təzadların sıçrayış yeri,
Bu yer gah zülmətli olub, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq.
(şer çap olunmayıb)
Bəli, biz hələ bu yerdə qəfilliklərin, əsil damarını axtarmamışıq.
Nəhayət, 1963-cü ilin yayında Naxçıvana gedə bildim. Qatarla getdik. Yolboyu uzanan tikanlı məftilləri, sərhəd boyunca rus əsgərlərini birinci dəfə görürdüm. Mənə bir az qəribə gəlirdi; insan öz torpağında sərbəst gəzə bilməzmiş, hələ evinə - ata-anasının yanına da icazə ilə getməliymiş. Sonralar da Naxçıvana gedəndə o tayı mənə göstərən Məmməd çoxları kimi: İrandır deməzdi, sadəcə, - Azərbaycanın cənubudur, – deyərdi.
Sərhədə yaxın dayanacaqlarda rus əsgərləri kupelərə doluşub pasportları yoxlayırdılar. Bizim kupeyə daxil olan əsgəri görəndə Məmməd qəzəbini istehzaya çevirib pasportu tələb edənə rusca dedi:
“Deyəsən, casus axtarırsınız, yaxşı bax, gör bu qadın casusa oxşayır?!”
Əsgər çaşqınlıqla mənə baxdı; qucağımda uşaq, özüm də... Başını aşağı salıb sənədlərimizi yoxlamadan bizə qaytardı və dinməzcə kupedən çıxdı.
Sonralar da hər dəfə Naxçıvana gedəndə Məmmədin o tərəf sahilə necə həsrətlə baxdığının şahidi olmuşam.
Yadıma Məmmədin Moskvadan mənə yazdığı məktubundakı bu sözlər düşdü:
“ ... Gülxanım, poemanı yazdıqca ağlayıram, (söhbət “Araz axır” poemasından gedir). Bizdən qeyri belə dərdə-düyünə düşən ayrı bir xalq yoxdur. Bütün dərdlərimizi bir gəncin taleyində verməyə çalışıram...”
Hiss edirdim ki, o, indi də ürəyində ağlayır.
Nə isə... Naxçıvana çatdıq. Qatar burulub stansiyada dayandı. İradə qatardan düşüb torpağı görəndə sevindi ki, canı qatardan qurtardı. Quba ilə müqayisədə Naxçıvanın təbiəti mənim bir o qədər də xoşuma gəlmədi, – çılpaq, qırmızı torpaq. Boz dağlardan, otsuz düzənliklərdən ibarət Naxçıvan... Yox, deyəsən, Məmmədin vurğunluqla danışmasına uyğun gəlmədi...
Naxçıvandan çıxanda İslam Səfərlinin sevə-sevə təsvir etdiyi Xalxal meşəsini soruşdum:
- Məmməd, bəs İslamın sevimli Xalxal meşəsi hanı?
Şəhərin kənarında, çayın sahilində, kiçik bir zolaq çinarlardan ibarət, əgər demək olarsa, meşə vardı. Məmməd oranı göstərib güldü.
O vaxtlar dəbdə olan “Pobeda” maşını ilə bizi Naxçıvandan Nursa yola saldılar. Nursa çatana qədər bir neçə kəndi keçməli idik.
Şahbuzdan çıxanda Məmməd birinci kəndi göstərdi:
- Bura Kəndşahbuzdur, 9-10-cu siniflərdə bu kənddə oxumuşam.
Maşınımız Nursun lap yaxınlığındakı Ziyarət təpəsi adlanan yeri qalxa bilmədi. Maşından düşüb təpəni piyada qaxmalı olduq. Maşın isə diki dal-dalı çıxdı. Kəndin içindəki yol daha bərbad idi. Məmmədgilin evi kəndin ən hündür yerində yerləşir.
Qohum-qardaş, bütün kənd camaatı görüşümüzə gəlmişdilər. Kənd adamlarının mehribanlığına söz ola bilməzdi. Hamı qonaq çağırmağa çalışırdı.
Bir neçə gün istirahət etdikdən sonra Şahbulağa qalxdıq. Burada tamam ayrı mənzərə ilə qarşılaşdım. Yayın qızmar çağında – buz kimi su; barmağını bircə saniyə belə suda saxlaya bilməzsən, donar. Bulağın ətrafı baldırğanla dolu. Baldırğanı ilk dəfə orada görürdüm. Kimsə göbələk tapıb gətirdi. Közün üstündə bişirilən həmin göbələyin dadı hələ də damağımdadır. Bulaqdan bir az aralıda təbii balaca göl vardı. Zərif dağ çiçəkləri, ətrafa yayılmış qoyun sürüləri ayrı aləm idi. Düzdür, İradəyə heç nə yedirə bilmirdim, ancaq balaca əllərini arxasında düyümləyib ətrafa elə məftunluqla baxırdı ki... atası da onu gah bulağın, gah gölün, gah da qoyun sürüsünün yanına aparır, nə haqdasa məlumat verirdi. Demək istəyirəm ki, kənddə darıxan İradə buralardan ləzzət alırdı.
Camaatdan kənd və kənd ətrafı yer adlarını eşitdikcə, mən də fikrimdə Məmmədin onlardan hansının adını öz şerlərində çəkdiyini yada salmağa çalışırdım:
Cicimli, Tezxarab, Çuxuryurd, Çadırdaş, Qoyunlu baba, Haçabənd – yaylaqları.
Portdan, Şahbulaq, Soyuqbulaq, Qanqallı, Kazım bulağı – bulaqlar.
Məcov göl, Çimov göl, Böyük göl və s. – göllər.
Toxlu qaya, Üç qardaş, Motal qaya, İmanyurdu, Ağaverdi, Novlu, Çınqıllı, Molla Şərif, Salarxan və s. – qaya və dağ adları.
Bu qədər adlar hələ kiçik bir kəndin ətrafına aid adlar idi. Bəlkə də Məmmədin şer dili elə buna görə belə zəngindir?
Adama elə gəlirdi ki, ətrafında olan hər şey səninlə danışır, ünsiyyət yaratmağa çalışır. Hansı dildə? – bilmirdim. Bircə onu bilirdim ki, ətrafda yüksələn yarıçılpaq qayalar da, ağaclar da, kollar da sanki insanla danışır: ” - Ey, bizi qoyub irəliyə getmə, bizimlə söhbət et. Çayın yeknəsəq şırıltısından, Küləklərin vıyıltısından yorulmuşuq, ayrı bir səsə, ünsiyyətə möhtacıq...”
Mənim heyranlıqla ətrafıma baxdığımı görən Məmməd:
- Eh, gülüm, (cavanlıqda, təklikdə mənə, gülüm, – deyərdi) bu harasıdır, səni elə yerlərə aparacağam ki!
Sabahısı Şahbuzdan Batabat yoluna çıxdıq. İradə də kürlüyünü buraxıb dağlara baxırdı. Şehdə yuyulmuş dağ çiçəklərinin ətrini, quru yüngül dağ havasını, torpaq ətrini daha çox ciyərlərimizə çəkməyə çalışırdıq.
Batabata çatdıq. Ot hələ çalınmamışdı. Yuxarı tərəflərdə daha gözəl mənzərələr vardı. Güllərin müxtəlif çeşidləri İradəni də özünə cəlb etmişdi. Indi də onu maşına mindirə bilmirdik. Oradakı göllər, çaylar, çəmənlər elə bir dünyadır ki, onlara baxmaqdan doymursan.
Məmmədin söhbətləri yadıma düşdü. Danışardı:
“- Naxçıvana hər dəfə gedəndə mənə elə gəlirdi ki, bu yerləri ilk dəfə görürəm. Gözlərimə tanış mənzərələrin, bu yorulmaz yolların, həmişə “yönü bəri baxan” dağların elə rənglərini, elə duruşunu görürəm ki, özüm-özümə kənardan baxa bilsəm, yəqin ki, bu torpağa ilk dəfə qədəm qoyan səyyaha bənzədərdim.
Özümə sual verərdim:
Bu “geoloji muzeyin” eksponatları artıb, yoxsa azalıb? Onların “tərtibatında” elə bir yer dəyişikliyi yoxdur ki?
Yox, deyəsən... bu, həmin o tay-bu tayı özünə qoşub dartan dəli Araz, bu, həmin nəhəng raket kimi göyə tuşlanan İlanlı dağ, həmin boyalı dağlar, indicə nərildəyəcək buludlar. Bəs bu rənglər? gözün görüb duyduğu, oxuduğu, lakin sözə, rəqəmə çevirməkdə aciz olduğu təbii boyalar əvvəlki kimi olsaydı, indiyəcən solmazdımı və ya baxışı, gözü yormazdımı?”
Danışardı: Naxçıvanın qədimliyindən danışardı. – “Alimlər deyirlər ki, ictimai-siyasi şərait burada qədimdən elm, mədəniyyətin inkişafına şərait yaradıb”.
Səsinə fikrimdən ayrıldım. Məmməd əlini qarşı tərəfə uzadıb acı-acı: – Buralar artıq Ermənistan torpağı sayılır, – dedi.
“Ermənistan torpağı” sayılan çəmənlikdə kiçik bir bulaq vardı. Su turş dadan təbii qazla çıxırdı. Sudan ləzzətlə içirdik ki, qarşıda mal-qara otaran naxırçı erməni bizə yaxınlaşdı, maraqlandı ki, nə edirik... Təəccüblə bir-birimizə baxıb, – nə edəcəyik ki, su içirik, – cavabını verdik.
Erməni biz sarıdan arxayın olandan sonra naxırçılığının dalınca getdi.
- Kaş, bu adi naxırçının ayıqlığından az da olsa, bizim başbilənlərimizdə olaydı, – Məmməd təəssüflə pıçıldadı.
Torpaqlarımızın necə get-gedə erməni torpağına çevrilməsi haqda bibim Gülyazdan eşitmişdim. Deyərdi ki, Azərbaycan torpaqlarını ermənilərin, gürcülərin, rusların arasında paylayıblar. Hələ mən uşaq ikən vaxtilə evimizdə ərəb əlifbası ilə yazılmış çoxlu kitablar vardı. Həyətə yığıb həmin kitabları nəyə görəsə yandırdılar. Kitablardan ibarət böyük bir taya alınmışdı. Ancaq bu da yadımdadır ki, rus dilində olan kitabları yandırmamışdılar. H. Cavid və Hadinin adını o vaxtlar ancaq bibimin dilindən eşitmişdim.
Naxçıvanda qaldığımız müddətdə yeni-yeni bulaqların da “görüşünə” gedərdik. Rəhmətlik Firidun Hüseynovla Keçili kəndinin kənarındakı “Çınqıllı” bulağına da getmişdik. Qəribə su idi. Yağlı əlini buz kimi soyuq suda yuyurdun, yağı yuyub aparırdı.
Kənddə dilinin əzbəri “Səngər təpəsi”ni də gördüm. Məmmədə zarafatla dedim ki, ta mən sənin “vəsiyyətinə” əməl edə bilməyəcəyəm, çünki artıq orada yaşayış evləri tikilib.
Məmmədgilin evlərinin qarşı tərəfi hündür quzeylikdir. Gecələr ay bədirlənəndə mənə elə gəlirdi ki, qarşı təpəyə qalxsam əlim aya çatar. Məmməd zarafatından da qalmazdı:
- Hə, necəsən, qalxaq təpəyə, ayı göydən “qoparım” verim sənə, qızıl boyunbağı əvəzinə tax boynuna.
Təbii ki, Şahbulaq, Batabat, Çınqıllı bizim ən çox sevdiyimiz yerlər idi. Bir də Məmməd hər otu, çiçəyi, bulağı, daşı elə sözlərlə təsvir edirdi ki, torpağın rəngi də, otlar da, çiçəklər də Məmmədin qələmində möcüzəyə dönür, şerlərinin məna çalarları onun ürəyindən gələn Məmməd Araz möcüzəsi yaradırdı.
Və biz gələcəkdə də hərdən Naxçıvana gedəcək, hər dəfə də ora mənə Quba kimi doğmalaşacaq...
Qayıtdıq yenidən şəhər həyatına. Bir həftədən sonra əkiz oğlanlarımı itirdim.
Bu, 1963-cü il idi, ağrı-acısını heç vaxt unuda bilmədiyim il.
Sonra Məmməd yazacaqdı:
Uçurub əlimdən əkizlərimi
Ömrün yollarına təkcə çıxmışam.
(M.A)
Işləmədiyimə görə başımı Məmmədin arxivini qaydaya salmaqla qarışdırırdım.
...Qəribədir şerlərini sahmana salıb oxuduqca o, artıq mənim üçün adi həyat yoldaşından çox, qeyri-adi bir adam olmuşdu.
Məmməd uzun müddət Cabir Novruzla birgə “Ulduz” jurnalında işləməyə başladı. Dost olduqlarına görə sözləri bir olur, jurnal da çox səviyyəli çıxırdı.
Bir müddətdən sonra Yazıçılar İttifaqında vəzifə dəyişiklikləri olmuşdu. 3-cü katib Nəbi Xəzri televiziyaya keçmişdi. Söhbət gəzirdi ki, Məmmədi İttifaqa 3-cü katib qoyacaqlar, lakin Məmməd bilirdi ki, buna imkan verməyəcəklər. Səbəbi isə o idi ki, M. İbarhimov, T. Elçin, Şixəli Qurbanov və başqa adlarını bilmədiyim adamlar ayrı bir nəfərin namizədliyini müdafiə edirdilər.
Əli Vəliyev etiraz edib İttifaqın birinci katibindən soruşanda ki, niyə Məmmədi katib qoymursan? Cavabı belə olmuşdu:
- Ağzının cilovunu yaman buraxıb, dilini dinc qoymur.
Əslində əvvəllər Mirzə İbrahimov Məmmədin xətrini çox istəyirdi. İlyas Tapdıq demiş “çuğulların anası ölsün”. Onlar da öz işlərini görmüşdülər. Eyni zamanda belə bir söhbət də olmuşdu. Özü mənə danışmışdı:
“- “Natəvan” klubunda Xəlil Rzanın “İki sahil” şeri müzakirə edilirdi. Iclas iştirakçıları Xəlili möhkəm tənqid atəşinə tutmuşdular. Bəzi “vətənpərvərlər” hətta iclasa gəlməmişdilər. Mən söz aldım. Elə bildilər ki, Xəlili tənqid edəcəyəm. Onların fikirləşdiyi kimi olmadı. Sözümü belə bitirdim:
- Mən və bizlər o biri sahildəki xalqımızı görmək istəyirik.
Mənim bu sözlərimdən oradakılar bərk acıqlandılar:
- Biz o biri sahili və o sahildəki adamları görmək istəmirik, nə istəyirsiniz bizdən? Niyə dinc oturmursunuz.”
Azad Şərifov da (mətbuat komitəsinin sədri) Məmmədi yanına çağırıb demişdi ki, guya naxçıvanlıdı deyə onu katib qoysalar söz-söhbət olar, deyərlər ki, yerlibazlıq edirlər. Əslində isə onların özləri birləşib yerlilərini vəzifəyə qoyurdular.
Zərbənin biri artıq hazır idi.
İrəli çəkilmək bir yana, nəticədə Məmməd “Ulduz” jurnalından da çıxmalı olur.
1966-cı ildə ikinci qızımız Şəlalə dünyaya gəldi. Çox zəif bir uşaq idi. Bu uşağın da belə zəif olması məni qorxudurdu. Məmməd el arasında şöhrətlənmişdi. Evdə işləməyə şəraiti olmadığına görə yaradıcılıq evlərinə - Yalta, Qaqra, Peredelkina və s. yerlərə gedir, orada işləyirdi.
Mən də işləmək istəyirdim. Öz-özümə deyirdim:
- Evdə oturmaq üçünmü belə əzabla oxumuşam?
Hər sentyabr gələndə qanım qaralır, heç kimlə danışmaq belə istəmirdim.
Məmməd mənim işləməyimi istəmir, hər dəfə bir bəhanə gətirirdi. Nəhayət, sənədlərimi Maarif nazirliyinə verdi. Qeydiyyata alınmalı idim.
TƏBRİZ AĞLAYIRDI DAĞLAR BAŞINDA1968-ci il. Bu il ilk dəfə olaraq İstisu sanatoriyasına üz tutmuşduq. Uşaqları anamın yanına qoyaraq Kəlbəcərə yollandıq. Bakıdan Kəlbəcərə ancaq kiçik avtobuslar işləyirdi. Yol yaman narahat idi. Hələ üstəlik sürücü hər addımda maşını saxlayıb sərnişin götürürdü. Bu narahatlığı sahibləri ilə birlikdə səs-küy salan toyuqların qaqqıltısı daha da artırırdı. Avtobus Qarabağ torpaqlarına keçdi. Elə bil ayrı bir məmləkətə düşdük. Rahat asfalt yol və oxuya bilmədiyim hərflər. Maraqla baxdığımı görən Məmməd dedi:
- Bura evimizin içində məskən salmış yad evidi...
Elə ki, Qarabağı keçdik yol təzədən pisləşdi. Bütün yol boyu arı pətəkləri düzülmüşdü. Pətəklərdən xeyli aralı arılar qaynaşırdı.
- Gülxanım, ora diqqətlə bax, kolluğun aralarına səpilmiş şəkər tozunu görürsən? Eh, qəribə xalqdı bu xalq, arıları da tənbəl öyrədir – dedi Məmməd.
Təbiətin çox qəribə əlləri var, qayalarda yonulmuş “sütunları” görürsənmi?
Beləliklə, mənzərələrə baxa-baxa, hər addımlıqda açılmış çayxana, kababxanalarda oxuyan aşıqların səsinə qulaq asa-asa dolanbac yollarla Kəlbəcərə çatdıq. 12 saat olardı ki, yol gedirdik. Kəlbəcərdə camaatı düşürdükdən sonra qalan müsafirlərlə maşın İstisuya yön aldı. Maraqlı və cəlbedici mənzərələr indi başlanırdı... Sütunlu qayalar, dərin dərələr, kiçik dağ çayları...
Nəhayət, axşam qaranlığında sanatoriyaya çatdıq.
“M. Bağırovun evi” adlanan binanı MK-nın işçiləri üçün sanatoriya etmişdilər. Otaqlar 5-6 nəfərlik idi. Ümumiyyətlə, iki nəfərlik boş otaq olmadığı üçün müvəqqəti olaraq müxtəlif otaqlarda yerləşdirildik. Mən Barat Şəkinskaya və Şəfiqə Axundovanın qaldığı otağa düşdüm. Bir neçə gündən sonra ikinci mərtəbədə iki çarpayılıq otaq boşaldı və biz həmin otağa köçdük. Istirahətimiz pis keçmirdi. Gecə Tərtərin səsinə qulaq asa-asa yatırdıq. Məmməd yazacaqdı:
Bir parça buludda – bir dəniz yükü,
Külək uğultusu qış nəğməsidir.
Tərtərin ən ağır, ən əziz yükü
Gül-çiçək ətridir, quş nəğməsidir.
(M.A)
Məmməd hər səhər tezdən durar, yemək başlanana kimi çay boyu yuxarı qalxar, əlində çiçək dəstəsi geri qayıdardı. Artıq bəzi şerləri qaraladığını görürdüm.
Kim öpürsə
Səhər-səhər qız bulağı.
Cığırlarda xəyalının
yedəyini
Vermə yaman fikirlərə.
Yalnız nəğmə sevir dərə
Yalnız nəğmə deyə-deyə,
Yalnız çıçək dərə-dərə,
Geri qayıt.
Sevgilini çiçəklərin
ətri-mehi ilə ayılt.
(M.A)
Sanatoriyada əyləncə yerləri olmasa da həmsöhbətlər çox olduğundan darıxmırdıq.
Rəhmətlik Fərman Kərimzadə də öz həyat yoldaşı Səyyarə xanımla orada istirahət edirdi. Əsas binada yer olmadığı üçün həyətdə olan birmərtəbəli binada qalırdılar.
Fərman danışırdı ki, Səyyarəni institutda oxuyanda sevib, ona çoxlu sevgi məktubları yazıbmış. Həyat elə gətirib ki, ayrı-ayrı adamlarla ailə qurublar. Amma tale onları, nəhayət, yenidən birləşdirib. Sən demə, Səyyarə vaxtilə Fərmanın yazdığı məktubları atmayıb saxlayıbmış. Bir-birinə qovuşduqları zaman Səyyarə bütün məktublarını ona göstərib və Fərman onun bu sədaqətindən kövrəlib hətta ağlayıbmış da.
Yeməkxanada Fərman Səyyarəni az qala uşaq kimi yedizdirirdi. Onların bu səmimiyyətini iztehza ilə qarşılayanlar da tapılırdı. Mənim isə onların bir-birinə sədaqətilə bərabər bu da ən çox xoşuma gəlmişdi ki, Fərman Səyyarənin böyük bir portretini ayaq üstə çəkmişdi. Bu, belə bir-birini sevən insanlara hörmətimi birə yüz artırmışdı.
- Bax, əsl məhəbbət budur, – fikirləşirdim ürəyimdə.
Niyə onlardan belə məhəbbətlə yazmışam? Görünür, onların heç kimə fikir vermədən özləri üçün yaşamaları mənə ləzzət vermişdi.
Istisuyun “isti” xatirələrindən biri də Barat xanımın Məmmədlə salamlaşması idi:
- Sabahın xeyir, ərəb oğlu.
- Sabahın xeyir, Barat xanım.
Salamlaşmadan sonra onların arasında səmimi söhbət başlanardı. Ələsgər Ələkbərovdan, Mehdi Məmmədovdan və başqa artistlərdən, teatrda baş verən gözlənilməz maraqlı hadisələrdən danışardılar. Bu söhbətlər uzandıqca uzanar, xoş bir məcraya düşər, günün necə başa çatdığını hiss etməzdik. Söhbətlərinin daim iştirakçısı olduğum Barat xanımın sadəliyinə heyran qalırdım.
Indi təəssüflənirəm ki, nə üçün onların söhbətlərini yadımda saxlamamışam...
Sanatoriyada Sosialist Əməyi Qəhrəmanı çoban Həsən Kərimov və onun yoldaşı Mələk xanım da müalicə olunurdu. Əhatə dairəmiz yeni-yeni dostlarla genişlənirdi.
Həsən Kərimov bizi bir neçə dəfə Dəlidağın ətəyindəki obasına qonaq apardı. Dəlidağın ətəyində - düzənlikdə iri çadırlardan ibarət müvəqqəti oba vardı. Burada kolxozun qoyunları otarılırdı. Obaya bizimlə bərabər Barat xanım və Şəfiqə xanım da dəvət olunmuşdu. Zərif dağ çiçəkləri səpələnmiş çəmənlikdən bir az kənarda, dağa daha yaxın yerdə ala-tala qar talaları da görünürdü. Məmməd Barat xanıma müraciətlə:
- Barat xanım, dağ yerində yaxından qarı müşahidə etmisinizmi?
Ərəb oğlu, bunu hamı bilir; ağappaq, xarlanmış qar, adam lap yemək istəyir.
Onlar qarlı yerə tərəf getdilər. Barat xanım qəhqəhə çəkdi. Vay səni, ərəb oğlu, indi bildim ki, mənə bu sualı niyə görə verdin, uzaqdan bu ağ görünən qar nə yaman çirklidir, məni yaman imtahana çəkdin...
Qardan bir az kənarda isə zərif dağ çiçəkləri başqa bir mənzərə yaradırdı. Çiçəklər o qədər xırda, saplaqları o qədər gödək idi ki, dərib dəstə bağlamaq mümkün deyildi, amma az da olsa ətirləri vardı...
Məmmədin “Qar” şeri məhz bu mənzərənin məhsuludur.
Alaçıqlardakı uşaqların səsi quzuların mələşməsinə qarışmışdı. Qoyun sürüləri bütün otlaq yerlərini tutmuşdu.
Məmməd arabir Həsənə atmaca atardı:
- Həsən, sənin dediyin miqdarda heç bir qoyun yun verməz. Bu, görünməmiş işdir. Onda gərək qoyun fil kimi nəhəng ola.
Yaxud da:
- Necə olur e... bir belə bala çoxdur, hə də görünür bir qoyun dörd bala verir. Və i. və s. – deyə gülərdi.
Bu söhbətlərdən Həsən alınmaz, o da zarafatla cavab verərdi:
Ay şair, çox dərinə getmə, hər işə çarə var, öhdəliyi yerinə yetirmək üçün özümün, qohum-qardaşımın qoyunlarından da istifadə edirəm. Burada ayrı bir sirr yoxdur.
Sonralar da Həsənin və Mələk xanımın Dəlidağın ətəyindəki alaçığında dəfələrlə qonaq olduq...
Bir dəfə yenə də Dəlidağın ətəyindən qayıdanda...
Heyrətindən donmuş idi Dəlidağ
Nəfəs çəkib işqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq...
(M.A)
Birdən-birə hər tərəfi qalın duman bürüdü.. bu, dağların xüsusiyyətidir. Xırda yağış çiləməyə başladı. “Taxta” deyilən düzən yerə çatmaq üzrə idik (“Taxta” İstisuyun çaydan yuxarı düzən yerinə deyirlər. Yayda həmin yerdə bütün aran rayonlarından gələnlər çadır qurub istirahət edərdilər). “Taxta”ya çatmamış, bir az aralıda xeyli çadır vardı. Dedilər ki, həmin çadırlar Aşıq Hüseyn Cavan və onun qohumlarına məxsusdur. Bir dəstə adam yolun kənarında maşınımızın yolunu kəsdi və ustadın Məmmədlə görüşmək istədiyini bildirdi. Gec olmasına baxmayaraq, Həsən maşını alaçıqlara tərəf yönəltdi. Bizi böyük, uzun bir çadıra apardılar. Çadır adamla dolu idi. Hamı iki sənətkarın görüşməsini maraqla izləyirdi. Çadıra xalça döşənmişdi. Xalçaların üstünə döşəkçələr düzülmüş, adamlar bardaş qurub bir neçə sırada oturmuşdular. Sıralarda bir dənə də boş yer qalmamışdı. Mənə hardansa bir stul tapıb gətirmişdilər. Məmməd də onlara qarışıb döşəkçədə oturdu. Ləmpə işığında məclis başlandı. Sazın simləri dilləndi:
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına,
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da
Təbriz ağlayırdı dağlar başında.
(M.A)
Məmmədə baxdım, hər şeyi unutmuşdu. Onun üçün dünya bu anda ancaq sazın səsindən, aşığın oxumasından ibarət idi. Və dünyanın bütün ləzzətləri bu alaçığa “dolmuşdu”; gedəcəyimiz yolun xatalı olması da, qaranlığın düşməsini də - hamısını – hətta özünü belə unutmuşdu.
Aşıq hönkürürdü; uşaqlıq xatirələrini yaşadan dağı, dərəni, düzü yadına salıb sazı ilə birlikdə ağlayır, ağladırdı. Qatı duman da çisəyə çevrilib çadırın üstünə səpələnirdi. Arabir uğuldayan küləyin səsi də sazın fəryadını batıra bilmirdi. O gecəni təsvir etmək üçün yalnız həmin gecənin dinləyicisi olmaq gərəkdi. Aşıq Cavan sazını dilləndirdikcə, sazın tellərinə hər dəfə dəyən təzanədən alışdıqca, sanki Azərbaycanın Cənubu adlandırdığımız doğma yurd-yuvanın dağlarını, düzlərini qarış-qarış gəzirdik. Babəkin Bəzz qalası, Təbrizin ətrafındakı uca dağlar, baş-başa verən çinarlar, qədim qalacıqlar da Dəli dağın zirvəsinə boylanır, sanki aşığın yanıqlı səsini “eşidirdilər”. Görəsən çadırda oturanlar belə adda bir məmləkəti itirdiklərini yada salırdılarmı?..
Büsbütün sehrlənmişdik...
O gecədən ayrılmaq istəmirdim. Elə bilirdim ki, alaçıqdan çıxan kimi hər şeyi itirəcəyəm, bu düzənlikdə kimsəsiz qalacağam.
Dərələr səngidi yaz yağışında ,
Təbriz ağlayırdı dağlar başında.
(M.A)
Bəli, Təbriz ağlayırdı dağlar başında.
Dağ... dumanlı-çiskinli hava... Ustad iki saatdan çox çalıb-oxudu.
Sonra aşıqdan icazə alıb sanatoriyaya yollandıq. Yolun hər qarışı təhlükə idi. Dumandan yarım metr o tərəfi görmək mümkün deyildi. Maşında üçümüz idik. Həsən maşını çox yavaş sürürdü. Düzü mənim saz havalarından, aşıqların oxumasından bir o qədər də xoşum gəlməzdi. Amma aşıq Cavan elə şövqlə oxumuşdu ki, hələ də qulaqlarımızda “Yanıq Kərəmi”nin yanıqlı səsi eşidilir, yolun təhlükəli olmasını unutdururdu...
Nəhayət ki, Tərtərin şırıltısını eşitdik. Ura, salamat dərəyə enmişik, demək, əsas aşırımlı-uçurumlu yolu keçmişik.
Indən belə hələ bir neçə gün sanatoriyada da söhbətimiz o gecədən olacaqdı...
Və “Oxuyan Təbriz” şeri də elə o gecənin təsirindən yaranacaqdı. Dağ başının şairanə məqamları olduğu kimi S. Rüstəmin hekayəsində təsvir olunan “nasiranə gecələri” də olurdu İstisuyun...
Belə vaxtlarda kişilər bir yerə yığışıb nərd oynardılar.
Sanatoriyanın qarşısındakı kiçik sahədə əkilmiş ağaclar inkişaf etməyib kiçik qalmışdılar. Çay tərəfə o qədər də hündür olmayan hasar çəkilmiş və çay görünən kimi skamyalar da qoyulmuşdu. Məmməd çox vaxt həyətə enər, ətrafı gəzər, oturacaqda oturub gözləri yumulu Tərtərin səsinə qulaq asar, ağaclarda yuva salıb yorulmadan balalarına yem daşıyıb tez böyütməyə çalışan bülbüllərə baxar, sonra da çayın lap sahilinə enərdi.
Az sonra camaat səhər yeməyinə yığışardı.
Səhər, günorta, axşam yeməkdən qabaq bulağın lap gözünə gedərdik. Yol boyu təbiətin heykəltaraşlığına heyran-heyran baxar, qayanın birini qurbağaya, birini əjdahaya, insana və s. bənzədərdik. (şəkil) Adamlar isə sakitcə keçib gedər, bu qəribə “heykəllərə” fikir verməzdilər. İstisuyun şəfalı sularının dərdlərinə dərman edib-etməyəcəklərindən başqa bir şey düşünmürdülər.
Məmməd isə dərin şair müşahidəsi ilə “Ağlayan qayalar”, “Həkim çay”, “Daş qartal” və s. şerlərini yazacaqdı.
Istisudan yadımızda qalan bir də Hüseyn Ağayev – Bərdə rayonun kolxoz sədri – və onun xanımı Xədicə ilə tanışlığımız oldu. Sonradan Hüseyn Məmmədin ən yaxın dostlarından birinə çevrildi.
Bir səhər yuxudan durub həyətə çıxmaq üçün qapını açdıq. Ilahi, bu nə möcüzədir? Dünyanın bütün kəpənəkləri elə bil buraya toplaşmışdı. Sanatoriyanın bütün ərazisini, eyvanlarını, pillələrini, bağını, bir sözlə, hər yeri xınayı rəngli, qara xallı kəpənəklər bürümüşdü. Istirahət edənlər səhər yeməyini unudub bu mənzərəyə baxırdı. Mat qalmışdıq bu görünməmiş mənzərəyə... Biz heyrətdə ikən, gəldikləri kimi də uçub getdilər. Bayaqkı mənzərə bir andaca pozuldu. Sonralar bir neçə il İstisuya getsəm də belə hadisə bir də təkrar olunmadı.
Görüşümüzə gələnlərin sayı çoxalırdı. Onların arasında Məmməd Aslan və Sücaət də vardı. Birgə İstisudan aşağılara enər, bəzən çay yuxarı qalxar, isti su çıxan yerlərə baş çəkərdik. Məmməd Aslan sıldırım qayalarda görünən mağaralar haqqında saatlarla danışar, yorulmaz, hər daşını, hər kolunu elə təsvir edərdi ki, təəccüblənərdim:
- Ay Məmməd, bu adi daşları lap ləl-cəvahirə bənzətdin ki?!
Bacım, bu daşları sevməsəm, daşın altındakı torpağı sevə bilmərəm. Gəl gedək, indi sizə suyun fəvvarə vurduğu yeri göstərim. Gör təbiət necə möcüzə yaradıb. Dünyanın heç yerində belə möcüzə ola bilməz, şişirtdi Məmməd. Bu, ancaq bizim torpağın qismətidir.
Dərəyə enirik Su axdıqca üzə çıxan minerallardan müxtəlif füqurlu qatlar əmələ gəlmişdi. Heykəltəraşlar illərlə çalışsalar belə, suyun və mineralların əmələ gətirdiyi çeşidli fiqurları, bəzəkləri yarada bilməzdi. Hər üç şair birgə şəkil çəkdirdi. (şəkil)
Orada çəkilən şəkillərin bəziləri saralıb sıradan çıxıb. Illər ötdükcə xatirələr yaddaşlardan necə silinirsə, şəkillər də saralıb ömürlərini başa vururlar.
Biz İstisuda istirahət etdiyimiz zaman yazıçı Bayram Bayramov da ailəsi ilə birlikdə sanatoriyaya gəldi. Yerli ziyalılardan Şamil Əsgərov sanatoriyadakı sənət adamlarını Göyçə (Sevan) gölünə aparmağı vəd etmişdi. Bir gün vədinə əməl edib bizi dağları aşmaqla Göyçə gölünün “ziyarətinə” apardı. Yol boyu gözəl mənzərələrin şahidi olduq. Və belə torpaqlarımızı əlimizdən alıb ermənilərə verənlərə hey lənət oxuduq. Gölə çatdıq. Ermənilər elə ki, gördülər bir qrup azərbaycanlı gölə yaxınlaşıb, nə xısınlaşdılarsa, nə məqsədlə gəldiyimizi soruşdular. Arxayın olanda ki, ayrı məqsədimiz yoxdur, sakitləşib geri çəkildilər. Ancaq kənardan nəzarət etməyə başladılar. Məmməd özünü saxlaya bilməyib ürək ağrısı ilə:
- Vallah, Göygölü sonuncu damlasınadək çəkib aparsaydılar belə bunlar kimi maraqlanmaz, bir tükümüz də tərpənməzdi, – söylədi.
Yadıma nədənsə C. Məmmədquluzadənin “Nigarançılıq” hekayəsi düşdü...
Geri qayıtdıq...
Aşıq Şəmşir də Məmmədin görüşünə gəlmişdi. Bir dəfə də gəlib Məmmədi tapmadığını söylədi. Özünün Səməd Vurğunla xatırələrindən, onunla gəzdiyi yerlərdən xüsusi vurğunluqla söhbət açdı. Məmmədlə şəklini çəkdirib getdi. Səhərisi gün belə bir məzmunda şer göndərdi:
Məmməd İBRAHİMƏ
Ana nəğmə kitabını oxudum,
Heyran oldum hər işinə şairin.
Tərlan kimi qanad çalır havada
Çatan varmı yerişinə şairin.
Kəlamı təsirli, elə bil Səməd,
Alim zəkalıdı, yaxşı yetir zənd.
Desəm Ələsgərdi, etmə məzəmmət,
Fərasətli duruşuna şairin.
Gəlişinə bizim ellər sevindi,
Yoluna şam tutan əllər sevindi,
Çəmənlər, çiçəklər, güllər sevindi.
Şəmşir ilə görüşünə şairin.
1968-ci il.
Aşıq Şəmşir.
...Eşitdik ki, Şövkət xanım Ələkbərova Kəlbəcərdədir. Ora yollandıq. Məqsədimiz şəhərin lap girəcəyindəki mehmanxanada qalan Şövkət xanımla görüşmək idi. Şövkət xanımı yaxından ilk dəfə görürdüm. Sadə, təmkinli, xanım-xatın bir qadındı. Yadımdadır, Şövkət xanım sanatoriyada da konsert verdi. Məmmədin sözlərinə Ağabacı Rzayevanın bəstələdiyi “Kəklik” mahnısını çox şövqlə oxudu. Elə bizim üçün də musiqisiz, filansız oxudu... Məmmədlə sənətə, sənətkara aid bir çox problem məsələlərdən söhbət açdılar.
Şövkət xanımla “Taxta” deyilən yerdə yenidən görüşdük. Hansısa (adı yadımda deyil) bir aşığın oğlunun “kiçik toyuna” dəvət olunmuşdu. Bizi də dəvət etmişdilər. Məclisdə olanlar Şövkət xanımdan oxumağı xahiş etdilər. Oxudu, amma necə oxudu... Segahın bu qədər yanıqlı olması mənə indi – uca dağlar qoynunda, balalarımdan ayrı olduğum bir vaxtda çatırdı... Kövrəlmişdim...
- Əhsən, Şövkət xanım, sən ürəkləri yenidən fəth etdin – bunu ürəyimdə dedim. Baxışlarımız toqquşanda gülümsünüb dedi:
- Aşığa hörmətim olduğu üçün oxudum, mən məclislərdə oxumuram.
Ikinci dəfə Şövkət xanımdan nə qədər xahiş etsələr də bir də oxumadı.
Şövkət xanımla yaxından ilk və son görüşüm belə oldu.
Uşaqlıqdan təbiət vurğunu idim. Təkcə gəzmək yox, quşların nəğməsini, yarpaqların “dalaşmasını”, səhərin açılmasını, ulduzların axmasını, bir sözlə, - təbiətin bütün gözəlliklərini hara isə köçürmək istəmişəm. Lakin rəssamlıq qabiliyyətim olmayıb. Qızlığımda nail ola bilmədiyim arzularımı həyata keçirmək üçün Məmməddən xəbərsiz qardaşımdan borc alıb bir kinoaparat almışdım. Həmin pula qiymətli bir üzük alıb barmağıma taxa bilərdim. Lakin yuxarıda sadaladıqlarım məni 8 mm-lik lentli, “Niva-2” adlı kinoaparat almağa sövq etdi.
Istisuya gedəndə aparatı özümlə aparmışdım. Lakin Məmmədin qısqanclığı, oradakı adamların “görməmiş kimi” gözlərini bərəldib baxmaları mənə yaxşı kadrları lentə almağa imkan vermədi. Amma yenə az da olsa bəzi kadrları lentə ala bildim.
Indi Məmməd haqqındakı televerilişlərdə istifadə olunan cavanlıq kadrları çəkdiyim həmin lentlərdən götürülüb.
Haşiyə: Qızım İradə atası haqqında veriliş hazırlayanda keçmişdə çəkilmiş lentləri axtardı. Rəhmətlik Faiq Dərgahov C. Cabbarlı adına kinostudiyada işləyəndə bütün yazıçılardan, o cümlədən Məmməddən də iki saat yarımlıq “Ədəbiyyat almanaxı” adı altında veriliş çəkib saxlamışdı. İradə bütün yerlərə, eyni zamanda kinostudiyaya da müraciət etmiş, lakin orada bir kadr da saxlanmamışdı. Təəssüf... Biganəlik...
Sanatoriyanın baş həkimi Yusif də Məmmədin hörmətini saxlar, onu Kəlbəcərin görməli yerlərinə aparardı. Belə gəzintilərdə mən iştirak etmirdim.
O günlərdən bir də ən çox yadımda qalan Şəfiqə Axundovanın oxuduğu türk mahnısı idi.
“İstəsən gəl dönəlim,
O əski günlərimizə...”
Eh, kim dönə bilib ki, o günlərə?
Şəfiqə xanımın səsinə Tərtərin özünəməxsus səsi də qarışar, unudulmaz bir təəssürat yaranardı.
Beləliklə, İstisuda birinci ilimiz çox maraqlı keçdi. Yeni, təmənnasız dostlar qazandıq. Həsən Kərimov, Hüseyn Ağayev, Yusif doktor və adlarını unutduğum – başqaları.
Yenidən Bakıya döndük. Və qayğılarımız öz axarına düşdü, bütün qüvvəmizi “səfərbər edib” işimizlə məşğul olmağa çalışdıq. Məmməd çalışırdı ki, ona edilən təzyiqlərə əhəmiyyət verməsin. Bu mümkün olurdumu, bilmirəm. Çünki Məmməd çöldə olan söz-söhbəti evdə danışmağı xoşlamazdı...
1969 - cu İLİMİZ...
Qayğılar görürük bürüncək kimi
Tikandan astarı, ipəkdən üzü...
(M.A)
Demişdim, hər sentyabr gələndə qanım yaman qaralırdı. 1968-ci ildə sənədlərimi yenidən müəllimliyə bərpa olunmaq üçün vermişdim. Nəhayət, 10 il fasilədən sonra əmrimi 152 saylı rus-erməni məktəbinə verdilər. Rus bölməsinə Azərbaycan dili müəllimi təyin olunmuşdum. Siniflərdə çoxluğu azərbaycanlı uşaqları təşkil etməsinə baxmayaraq, öz ana dillərinə münasibəti olduqca pis idi. Orada elə azərbaycanlı müəllimlər də işləyirdi ki, öz dilini ya bilmir, ya da bu dildə danışmaq istəmirdilər. Bu, məni çox təəccübləndirirdi.
Yadımdan heç çıxmaz. Həmin məktəbin 7-ci sinfində Azərbaycan dili dərsi idi. Dərsimiz Söz birləşmələri idi. Cümlə təhlili aparırdım. Orta sırada Armen adlı bir şagirdin yazı taxtasına baxmadan bərk məşğul olduğunu gördüm. Yaxınlaşdım:
- Armen, nə işlə məşğulsan belə?
- Erməni əlifbasını öyrənirəm, müəllimə.
- Bizim ki, dərsimiz Azərbaycan dilidir. Və mövzumuz da söz birləşmələridir.
- Düzdür, müəllimə, baxın, cümləni təhlil etmişəm, bilirəm ki, təhlili düzdür. Sizə də təmiz Azərbaycan dilində cavab verirəm. Sinfin çoxu sizlərdəndir, onlardan birini qaldırın, əgər sizə öz dilinizdə cavab versə, cümləni təhlil edibsə... Mən vaxtımı boş keçirmədən öz əlifbamızı öyrənirəm, burda pis nə iş var ki?..
Armenin bu gözlənilməz cavabından tutuldum. Onun iradına heç bir cavab verə bilmədim.
Lənətə gəlmiş ermənilər yenə də söhbətə mövzu oldular.
Bir ili güclə başa vurub həmin məktəbdən “qaçdım”.
Birinci ili Məmməd işləməyimlə heç cür barışa bilmirdi. Işə düzəltməyinə peşman olmuşdu. Avtobus düşəndə məktəbdən tez gəlirdim:
- Niyə tez gəldin? – sualı ilə qarşılanırdım.
Gecikəndə isə o saat:
- Niyə gecikdin? – deyə məni əsəbləşdirərdi. Dərs cədvəlimi isə məndən yaxşı bilirdi. Tez-tez mənə sözü bu olurdu:
- Gülxanım, gəl bir cuhud mühasibdən soruşaq, sənin evə gətirdiyin çoxdur, yoxsa itirdiyin?
-Məmməd, deyərdim, mən oxumuşam, özü də necə əziyyətlə. Işləmək istəyirəm, uşaqlarım da bir az böyüyüb, həm də pulumuz çatmır, köməyim dəyər.
Yalvarışlarım bir nəticə verməz, hər gün eyni sözlər təkrar olunardı. Həm də iş yerindəki hadisələr onun tez-tez özündən çıxmasına səbəb olardı. Beləliklə, qışı bir təhər başa vurduq...
YENİDƏN İSTİSUNiyə xatirələrimdə İstisuya bir belə yer vermişəm? Çünki Bakıda Məmməd öz yazı-pozusu ilə məşğul olar, bizimlə ünsiyyətə vaxtı çox qalmazdı. Mən də onun işlədiyini görəndə sevinər, mane olmamağa çalışardım. Bakıdan kənarda mənimlə həmsöhbət olar, ən çox da şerdən danışardı.
Müalicə yaxşı nəticə versin deyə 3 il dalbadal İstisuya getməli idik. 1969-cu ildə kiçik qızım Şəlaləni də götürüb Kəlbəcərə yollandıq. Yevlaxa qədər qatarla, oradan isə yüngül maşınla mənzil başına çatdıq.
Şəlalə bütün günü sanatoriyanın həyətindəki sarı çiçəkləri yığıb atasına bağışlayar, deyərdi:
- Bütün çiçəkləri yığıb qurtardım, ta qalmadı, çiçəkləri saraltma ha!
Səhərisi həyətə enən kimi heyrətdən qışqırardı:
- Ata, gör yenə də nə qədər çiçək var, axı dünən hamısını yığmışdım?!
Yeməz-içməz, yenidən öz işilə məşğul olardı Şəlalə. Yorular, atasının qucağında yatardı. Uşaqla mən gəzməyə gedə bilməzdim, dostları isə Məmmədi darıxmağa qoymazdılar.
Istisuyun yolları təhlükəli və bərbad idi. Orada istirahət edən MK-nın işçiləri deyirdilər ki, İstisuyun yollarına dövlət tərəfindən ayrılan pulları asfalt yerinə Bakıya qədər döşəsəydilər, puldan 20 sm qalınlığında asfalt alınardı. Qəribədir, həmin sözləri pulların axırına çıxanlar deyirdilər:
- Bunlar kimləri suçlayır? – deyirdi Məmməd – pullar bu cənabların özlərinin əlindədir, bəs günahkar kimdir görəsən?..
Ən çox qəribəsi bu idi ki, İstisuyun o biri tərəfi ermənilərin “Cermux” adlandırdıqları istirahət yeri idi. İsti suyun “suyunun suyu” çatırdı həmin yerə. Ancaq elə düzəltmişdilər ki, bizim də “cənablarımız”ın çoxu oraya istirahətə gedirdi...
Yazıçılar bu məsələləri gündəlik müzakirəyə çıxarsalar da bir nəticə alınmırdı.
Yazıçı Bayram Bayramov “Kommunist” qəzetində bu haqda çıxış etmişdi. Məmməd də Bayram müəllimin səsinə səs vermişdi:
“Kommunist” qəzetinin redaksiyasına!
Hörmətli redaktor! “Kommunist” qəzetinin 21 və 22 avqust tarixli nömrələrində yazıçı Bayram Bayramovun “Bir daha İstisu haqqında” adlı məqaləsini İstisuda istirahət edərkən oxudum və qəzetin necə əldən-ələ gəzdiyinin, putyovkalı, putyovkasız istirahətə gələnlərin arasında necə əks-səda doğurduğunun şahidi oldum.
Oxucu mətbuatdan həmişə həqiqət istəyir, həqiqətin göyərib bar verməsinə mane olanların gözündən vurmasını istəyir.
Istisu kimi bir yeri dünyanın gözəl guşələrindən birinə çevirmək olar. Bu şərtlə ki, qərar və göstərişlərə əməl oluna, bir az vətəndaşlıq, bir az qeyrət, bir az zəhmətkeşlik və məsuliyyət hissi, bir az da icranı yoxlama diqqəti ola.
Mən şahid oldum ki, minlərlə zəhmətkeş məqaləni oxuya-oxuya “Kommunist” qəzetinin və Bayram Bayramovun ünvanına alqışlar yağdırırdı. Bir neçə peysəri tüklü də burnunu yerə tikib, xəcalətindən girməyə yer axtarırdı. Ancaq onların bəzisi ümidvardır ki, “Kommunist”in bu növbəti çıxışı da bəzi təşkilatların tükünü tərpətməyəcək, onlar isə “ev qalıb əyriyə...” məsəlinin dəmiylə mürgüləyəcəklər.
Qəzet bəzi təşkilatlar və nazirliklər qarşısında tələbatı çox ciddi qoyub, onların rəsmi cavablarını çap eləmək, əməli işləri barədə ara-sıra material çap etmək, İstisu kurortunun bütün işlərinə hamiliyi (qeyri-rəsmi) boynuna götürmək “Kommunist” qəzetinin ən obyektiv kommunistliyi olardı.
Bir daha məqalə müəlliflərinin qeyd və tənqidləri ilə şərikliyi öz sanatoriya yoldaşlarım adından sizə yazır, təşəkkürümü bildirirəm.
Məmməd İbrahim.
25. VIII. 69.
Beləliklə də bir müddət bəzi işlərə görə İstisu əhvalatlarımız arxa plana keçdi...
Demişdim ki, rus dilli məktəbdə işləməkdən imtina etmişdim.
1969-cu ildə 159 saylı Azərbaycan dilli məktəbə sinif müəllimi təyin olundum. Amma tezliklə məzuniyyətdə olan müəllimə yerinə qayıtdı, yenə də işsiz qaldım. Nəsimi rayon maarif şöbəsi müdirinin yanına getdik. Bizə yuxarıdan aşağı baxaraq rusca dedi:
- Yer yoxdur, onsuz da Azərbaycan dilli məktəblər bağlanır.
Maarif Naziri Mehdi Mehdizadənin qəbulunda oldum və maarif müdirinin mənə verdiyi cavabı Mehdi müəllimə çatdırdım. Nazir hirsindən qızardı:
- Bu nə sözlərdir? Bu, düşmən aqitasiyasıdır, necə yəni Azərbaycan dilli məktəblər bağlanır?
Mehdizadə ərizəmin üstünü yazdı:
“İşlə təmin olunsun və mənə cavabı çatdırılsın”.
Nazirin göstərişinə baxmayaraq mənə iş vermədilər. Əslində qorxularından Məmməddən rüşvət ala bilmədiklərinə görə iş də vermirdilər.
Məmməd təzədən Mehdizadəyə belə bir məktubla müraciət etdi:
Azərbaycan SSR Maarif Naziri Mehdi Mehdizadə
yoldaşa
məktub.
Hörmətli Mehdi müəllim!
Hörmətli professor!
Mənim bu məktubu yazmağa o qədər də ehtiyacım yox idi. Bəlkə sizin üçün də bir nazir kimi o qədər də əhəmiyyəti yoxdur. Çox belə gileyli məktublar görüb, kənarına: yoxlamaq üçün “filan yoldaşa...” dərkənarı qoymusunuz.
Ancaq siz mənim müəllimim olduğunuzdan düzünü deyim ki, yazmaya bilmədim. Lap gecənin yarısı qəfildən ayağa qalxdım, yata bilmədim – hafizəmdə vaxtilə abidəsi olan bir müəllimin yıxılıb yox olmaq təhlükəsi yarandı. Doğrudanmı, Sizin vaxti ilə dediyiniz o pedaqoji düzlük, pedaqoji vicdan, maarif sözü ilə mərifət sözünün yaxınlığı, eyniyyəti quru auditoriya söhbəti imiş. Bunun bir nəzəriyyə kimi Sizin rəhbərlik etdiyiniz maarif sisteminə praktiki cəhətdən dəxli yox imiş. Və doğrudanmı, Azərbaycan maarif sisteminin Bakı iqlimində rəsmi göstərişlər, vədlər, tapşırıqlar və nəhayət, uçot işi yalnız formadır, məzmuna dəxli yoxdur? Və doğrudanmı, bu idarə üsulunda bir nizam-intizam, böyük-kiçik etikası, təkcə qanun deyil, məntiqə, insanlığa, adicə iş normasına aid olan bir söz məsuliyyəti lazım deyilmi? Ən ümdəsi: doğrudanmı Sizin birinci müavininiz R. Hüseynovanı, Sizin kadrlar şöbəsinin müdirini, Sizin özünüzün rəsmi göstərişlərinizi saymırlar? Belə isə Sizin bu vəzifədə nə işiniz var! Gözəl alimsiniz, dərsinizi deyin. Qoy pedaqoji elmlə, maariflə daban-dabana zidd olan bürokratizm, süründürməçilik, mərtəbəli vədlər bu sahədən xəbərsizin qapısında get-gəl yaratsın. Bu, tam səmimi sözümdür. Qeyri-təvazökarlıqla deyim ki, mən səkkiz şer kitabının, nə qədər məqalə və başqa yazının müəllifiyəm, üstündə Məmməd İbrahim yazılmış “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Poyu Araks”, “İllərdən biri” və s. kitablarımı varaqlayıb baxa bilərsiniz, zəifi çox-çox ola bilər, ancaq mənim qeyri-səmimi, yalan sözüm olmayıb.
Bütün bu müqəddəmələr nə üçündür?
Mən on iki ildir evlənmişəm. Bu on iki ilin, demək olar, on ilini müəllimə yoldaşımdan eşitmişəm ki, bəs mən nə vaxt dərs alacağam? Təxminən 64-cü ilə qədər bir-iki il uçot məsələsi ilə nazirliyə ayaq döyən bu qadın, 64-cü ildən vəzifəsini mənə tapşırıb ki, indi sən çalış. Bu müddət ərzində Sizin birinci müavininiz, Bakı maarif şöbəsinin müdir və müavinləri və s. Nə qədər təntənəli vədlər...
Həmişə iyun-iyul tez olub, avqust-sentyabr isə gec!!!
Bizim heç vaxt maddi cəhətdən ehtiyacımız olmayıb. Və indi də yoxdur. Əslində mən yoldaşımın işləməsini istəmirəm də. Ancaq mənəvi cəhətdən onun istəyini boğmağa da haqqım yoxdur.
1970-ci il iyul ayının 14-də yoldaşım Məlikməmmədova Ğülxanım Sizin yanınızda olub. Bildirib ki, bu qədər get-gəldən sonra Nəsimi rayonunda mənə müvəqqəti iş veriblər. Bu ildən yenə köhnə vəziyyət. Siz rəsmi dərkənar qoymusunuz ki, “təmin etsinlər”. Mən yenə bu işin nəticəsi ilə maraqlanıram və görürəm ki, adamlar üçün qətiyyən dəxli yoxdur. Deməli, ya naziri eşitmirlər, ya da nazirin özü bu mühitə enib. Indi məni bu məsələnin məzmunu yox, forması maraqlandırır. Daha bu yalançı və riyakarlardan, bu gün söz verib, sabah qırmızıca dönənlərdən zəhləm qaçıb. Sabiranə bir ikrahlıqla üzümü çevirib hayxırmaq istəyirəm. Məni bir vətəndaş və yazıçı kimi indi düşündürən, Sizə müraciətə məcbur edən də budur ki: Bəs bu adamlar ərsiz və kimsəsizlərə, yazıq qadınlara necə münasibət bəsləyirlər?
Mehdi müəllim, bu 10 il ərzində mənə təkliflər, hətta lap konkret təklif olub ki, “gəl gedək, düzəldək” və s. Və düzünü də deyim ki, bu iş çoxdan da düzələ bilərdi.
Lakin o günü özümü şair kimi güllələrdim, yazı masama yaxınlaşa, qələm götürə bilməzdim. Mən istəmişəm görəm ki, qanuni yolla bir müəllimi işə düzəltmək mümkündürmü? Axı niyə olmamalıdır? Axı mən 18 ildir mətbuat aləminə bələdəm, yazıb-pozuram, bir adam barmağını qatlaya bilməz ki, “bir xəttimin çapına süni təkan olub”.
Mən ömrümdə yuxarı təşkilata yazı yazmamışam. Bunu da məcbur oldum, hirs məni boğurdu, işləməyə qoymurdu. Mərkəzi Komitəyə yazmaq istəyirdim ki, ilahi, bu necə sistemdir ki, birinci müavini eşidən yox, nazirin dərkənarına baxmırlar, haradan tapaq bir qanun naziri, vicdan naziri, doğru söz naziri! Bunların hamısından danışdım. Müəllimim olduğunuzu yadıma gətirib Sizə gileyimi yazdım. 10 illik get-gəldən sonra, nəhayət, ən son mərtəbələri gördüm. Daha belə bir sistemin nə maddi, nə mənəvi çörəyini mən həyat yoldaşıma rəva bilmərəm. Lakin Sizinlə bir müəllim və alim kimi nə vaxtsa, hardasa görüşəcəyəm. Onda daha çox sözüm olacaq.
Hörmətlə:
Məmməd İbrahim
Şair, “Ulduz” jurnalının məsul katibi.
Məmmədin belə kəsərli məktubu öz nəticəsini verdi. Nazirin xüsusi əmri ilə məni təcili olaraq işlə təmin edib nazirə məlumat verdilər. Beləliklə, təqaüdə çıxana qədər Nəsimi rayonunun 19 saylı orta məktəbində dil-ədəbiyyat müəllimi işlədim.
1968-ci ilin oktyabr ayı idi. Filarmoniyada Məmmədin və Xəlilin oxucularla görüşü keçirilirdi. Bərk yağış yağırdı. Sel-su küçələri bürümüşdü. Həyəcanlanmışdıq ki, bu selləmədə görüşə heç kim gəlməyəcək. Zala daxil olanda ayrı bir səhnənin şahidi oldum. Bütün yerlər tutulandan sonra, ayaq üstə qalanlardan savayı, yağışın altında fürsət tapıb içəri keçməyə can atanların sayı-hesabı yox idi. Gecənin aparıcısı Söhrab Tahir öz heyrətini belə ifadə etdi:
- Mən qətiyyən güman etməzdim ki, mətbuatda, radioda heç bir elan verilmədiyi, heç bir afişa, dəvətnamə buraxılmadığı halda, poeziya gecəsinə bu qədər oxucu – dinləyici toplaşa bilər. Yalnız Yazıçılar İttifaqına və bir-iki instituta vurulmuş kiçik, görkəmsiz bildiriş bu qədər dinləyici toplaya bilibsə, görünür, Məmməd İbrahim şerinin cazibə qüvvəsi var, oxucuları onu yeni söz deməyə qabil şair hesab edirlər.
Gecəyə mənim əlavəm o ola bilər ki, dinləyicilərin xahişi ilə görüş 4 saatdan çox çəkdi.
... Məmməd xalq tərəfində sevildiyinə görə sevinirdi...
O, tez-tez rayonlara da görüşlərə çağrılardı. Hamısına gedər, gələndə nəsə yazmağa çalışardı. Ən çox da məqalələri rayonların məhsulu olurdu. Lənkərandan dəmirağacının maral buynuzuna oxşayan bir budağını gətirmişdi və bu, uzun müddət heç bir bəzəyi olmayan evimizin “bəzəyi” olmuşdu.
Bu illər ərzində Məmmədə həm açıq, həm də gizli hücumlar artmışdı. Kitabları çap olunan kimi sürətlə satılırdı. Bu isə kitabları satılmayıb qalanlara xoş gəlmirdi.
Mən həmişə zarafatla deyərdim:
- Məmməd, sənin “burnunu heç əzmirlər”, bu vaxta kimi səni ciddi tənqid etməyiblər. Elə bil zarafatla dediyim bu söz...
Bir gün Məmməd fikirli gəldi. Onu dilxor vaxtında danışdırmazdım. Özü dilləndi:
- Axır ki, “arzuna” çatdın, məni də tənqid etdilər, ancaq sifarişlə.
Məsələ belə idi; Ş. Salmanov “Ədəbiyyat və incəsənət” qəzetində 1968-ci ildə (ayı yadımda deyil) Məmmədin Səməd Vurğuna həsr etdiyi bir neçə şerini tənqid edən sifarişli məqaləsini dərc etdirmişdi.
Bu, oxucuları qəzəbləndirmiş, saysız məktub və teleqramlar həm Yazıçılar İttifaqına, həm MK-ya, həm də “Ədəbiyyat və incəsənət” qəzetinə ünvanlanmışdı. Hətta bir neçə cavab məqaləsini də müxtəlif mətbuatlarda çap etdirmişdilər. Onlardan bir neçəsini burada qeyd edirəm.
Şəmşad Rza: “Qəribə mülahizələr müəllifinin qəribə mülahizələri”
Cavad Məmmədov: “Qəribə mülahizələrdə qəribəlik”.
Yazıçılar İttifaqına ünvanlanmış yazının isə məzmunu belə idi:
Hörmətli Mirzə İbrahimov yoldaşa!
“Ədəbiyyat və incəsənət” qəzetində şair Məmməd İbrahimin “Ömür karvanı” kitabı haqqında bədxah tənqiddən sonra Sizin, məhz Sizin ədalət naminə çıxışınızı gözləyirik. Sevimli şairimiz haqlı olaraq “ağsaqqallar səxavətinin” azaldığından şikayətlənir.
Ümidvarıq, Siz öz böyük ürəyinizlə bu dəfə də sübut edəcəksiniz ki, dünya xali deyildir!
Möhtərəm Mirzə müəllim, biz Azərbaycanın ən uzaq guşəsində - Kəlbəcərdə yaşayırıq. Ədəbi hadisələrdən xeyli uzaqdayıq. Məmməd İbrahimi şəkildən tanıyırıq. Bəlkə də küçədə qarşılaşsaq, tanıya bilmərik. Eyb etməz, biz onun rübabi şerlərinin əksəriyyətini əzbər bilirik. Bu, şairin ən böyük xoşbəxtliyidir! Bu gün bizi qəzəbləndirən, Sizə məktub yazmağa vadar edən odur ki, xunveybin bir tənqidçi müasir şerimizin bu ən gözəl yaradıcısına oxucular adından hücum etmişdir. Bəlkə də qəzetin redaksiyası bunu düşünməmişdir, sərlövhədə ədalətli bir məna qabarıqlığı meydana çıxmışdır: “Qəribə” kəlməsi yaşıl rənglə getmişdir. “Mülahizələr” kəlməsi isə məqalə müəllifinin bədxah fikirlərinə uyğun qara rənglə. Doğrudan da sevimli şairimizə qarşı bu məqalə qapqara mülahizələrdir.
Şamil Salmanov qəribə cəfəngiyyatında yazır:
“... bu cür təzahürləri (?) vaxtında görmək, onları aradan qaldırmaq işində gənc müəlliflərə kömək etmək zəruridir”.
Deməli, müəllif həmin məqsədlə də Məmmədə “kömək” mövqeyini tutmuşdur. Bərəkallah, kişi! Əhsən sənin “köməyinə”!.. Belə qoyun dərisində canavarları bizim yaşlı nəsil 37-ci illərdə çox görüb, özünə peşə tap, ay allahın məqsədsiz-məramsız yazığı!!! Yaxşı ki, o qara illər deyil. Yoxsa bu gözəl rübabın sahibini bu cəfəngiyyata görə çoxdan zirzəmilərdə çürütmüşdülər.
Qəribə dəb düşüb. Beli bükülənə qədər şairi “Gənc şair” adlandırırlar. Məmməd İbrahim kimi uzun illərdən bəri öz gözəl şerlərini yazan, yolu, üsulu tanınan, püxtələşən bir qələm sahibini Ş. Salmanov görəsən niyə gənc şair adlandırmışdır? Hə, bunlar “balabanda çalmaq” üçün bir müqəddimə rolunu oynamışdır. Əks halda qorxub ki, deyən ola: bala, uşaqsan, uşaqlığında dur. Məmməd kimi yetkin bir şairin yaradıcılığında xoşa gəlməz təzahür meydana çıxıbsa, qoy onda Məmməd Cəfər kimi sanballı, xeyirxah bir tənqidçı dillənsin.
Bu torpaq öz odlu qəlbindən ona görə Məmməd kimi odlu şairlər yetirməyiblər ki, hər yoldan ötən təsadüfi adamlar onun qol-qanadını qırsın! Əsl şair xalqın haqq deyən dilidir. Bu dili qoparmaq Şamil kimilərin işi deyil.
Işə bax ha! Şamil Salmanov deyir ki, mən bunu kömək məqsədilə yazmışam. Insanda təvazökarlıq yaxşı şeydir. Belə də azar olar? Xalqın dərin rəğbətini qazanmış bir şairə gör kim yol göstərir? – bu sahədə əli bir yana yetmədiyini, qol-qanad aça bilmədiyini görüb poeziyadan uzaqlaşan, bədxahlıq cəbhəsində özünə qüdrətli dayı axtaran bir zavallı! Möhtərəm Mirzə müəllim, görün belələrinin çirkin əməllərini mərkəzdən nə qədər uzaqdakılar bilir.
Şairdə cürət görəndə belələri nə üçün tələm-tələsik qələmə sarılır? Kimdir onları dəhmərləyən? Kimdir onların kürəyində dayanan “çəkişmələr konsertinin dirijoru?” Şair də həqiqəti görməyəcək, bəs kim görəcək?
“Səməd Vurğunla söhbət” şerinin mövzusu aləm-aşkar bir həqiqətdir. Bu, dövrümüzün ən böyük ədalətsizliyi sayılmalıdır. Bu həqiqəti kim isə sənət dili ilə söyləməli idi. Məmməd İbrahim söylədi. Ancaq təqdir etməli ədəbi hadisə! Şair demiş, SƏMƏDSİZLİYİ niyə gizlədələr?!
Məqalə müəllifi Məmməd İbrahimin özü-özündən şerlər yazdığını ona irad tutur. Aman allah, paxıllığa bax; Şamil uzun illər boyu olmazın zəhmətlə başqa obyektlər barədə şerlər yazdı, bircə misrası yadda qalmadı. Amma Məmmədin öz-özü haqqında yazdığı şerlərin əksəriyyəti dillər əzbəri olmuşdur. Bu ondan irəli gəlir ki, Məmməd bəzi xəbislər kimi təkcə öz qəlbinin hissləri ilə yaşamır. O, hamının qəlbini tərənnüm eləyir. Ş. Salmanov yazır: “Məmməd kitabını...” “Naməlum qadına məktublar” kimi məhdud, soyuq məişət hissləri ilə doldurmuşdur”.
İnsafa bax, mürvətə bax! Insanın qəlbinin ən dərin nöqtələrini təlatümə gətirən unudulmaz silsilə şerlərə vurulan damğaya bax! Məqalə müəllifinin ürəksizliyi adamı dəli edir: “Onun bu kitabında da təsirli, səmimi ilhamın məhsulu olan şerlərə rast gəlmək mümkündür... “
Sözə bax: – rast gəlmək mümkündür...
Torpağımız qəribədir: bir tərəfdə Məmməd İbrahim kimi bir yarpağın titrəməsindən qəlbi ehtizaza gələn, bunda ülvi gözəllik duyan şairlər yetirir, o biri tərəfdə isə o boyda gözəlliyin ilahi tərənnümünə gözünü və qəlbini bərk-bərk yuman Ş. Salmanov kimi ürəksiz tənqidçilər. Adamı yandıran o dərddir ki, belələri gözlərini və ürəyini öz əlləri, öz pərdələri ilə yummurlar. Namərd silləsi kimi başqalarının dəyirmanına su tökürlər.
Ş. Salmanov oxucuların əvəzindən Məmmədin qəmindən qorxur. Gəlsin, ona and içək ki, bizim ürəyimiz bu cəhətdən buz kimidir. Biz Məmməddə belə misra tapırıqsa, bunu bəşəri qəm, bəşəri kədər kimi qəbul edirik. Burdan Ş. Salmanov dediyi sayaq şübhələnib eləmirik. Tənqidçi qoy tam arxayın olsun.
Hörmətli Mirzə İBRAHİMOV, ağsaqqal adından, ədəbiyyatımızın başında duran bir rəhbər adından Sizdən əsl qiymət gözləyirik: Məmməd İbrahimə qarşı da, Ş. Salmanova qarşı da. Biz fikrimizi yazıb həmin məqaləni çap etməklə özünü oxucu kütləsinin gözündən salmış “Ədəbiyyat və incəsənət” qəzetinə də göndərə bilərdik. Amma elə bu hal göstərir ki, qəzet üzgörənlik yoluna düşmüşdür. Tanışlığa görəmi, kimdənsə çəkindiyinə görəmi, ya nəyə görəsə (təkcə ədalətə görə yox!) belə məqalələr çap edir. Yəqin etdik ki, bizim oraya yazı göndərməyimiz əbəs cəhddir. Lakin məktubumuzu Sizə göndərməklə inanırıq ki, bizim narahatlığımızı ata qəlbi ilə duyacaq, öz mövqeyinizdən, hörmətinizdən istifadə edib, ədalətin bərpası üçün yadda qalan tədbir görəcəksiniz.
Hörmətlə!
1. Sücaət Əhmədov – rayonda çıxan “Yenilik” qəzetinin əməkdaşı
2. Qənbər Qurbanov – Kəlbəcər qəsəbə orta məktəbinin direktoru
3. Yaqub Əsgərov – rayon partiya komitəsinin işçisi
4. Münəvvər Rəcəbova – Qəsəbədə kitabxanaçı
5. Bəhram Həsənov – Kəlbəcər qəsəbə sakini
6. İsa Tağıyev – rayon notarius kontorasının müdiri və s.
9. III. 1968-ci il.
Məktubun bir nüsxəsi də bizə göndərildiyi üçün evdə arxivdə qalır.
Və mənim bu məktubu xatirələrimdə verməkdə heç bir ayrı məqsədim yoxdur. Ancaq məni yandıran odur ki, belə hadisələrdən sonra Məmməd uzun müddət öz yazı masasına yaxınlaşa bilmirdi.
... Biz arabir Əli Vəliyevgilə gedərdik. Onun çox maraqlı söhbətləri olardı. “Xunveybin” sözünü ondan tez-tez eşidərdik (deyəsən, Çindəki bir hərəkatın adı idi). Kimlər haqqında söhbət getdiyinə fikir verməzdim. Başım Qumru xanımla söhbətə qarışardı. Amma arabir qulağım çalan sözlərdən hiss edirdim ki, sərbəst vəznlə heca vəzni arasında ağıllı-başlı “müharibə” gedir.
Və arada Məmmədi də müəyyən dərəcədə sıxışdırırdılar. Və Məmmədin keçdiyi həyat yolunda haqsız hücumlar çox olub.
1961-ci ildə “Üç oğul anası”, 1963-cü ildə “Mən səni taparam”, 1964-cü ildə “Araz axır”, 1966-cı ildə “Anamdan yadigar nəğmələr”, 1967-ci ildə “Ömür karvanı”, 1969-cu ildə “İllərdən biri” şerlər kitabları çap olundu və yenə də təkrar edirəm ki, çox sürətlə satıldı.
Hamısını sadalamıram, bu kitablar həcmcə balaca olsalar da, hər biri böyük marağa səbəb oldu. Çap olunan şerlərin isə, demək olar, hamısı dillər əzbəri olur.
“Ulduz” jurnalında olan dəyişiklikdən sonra məlum səbəblərə görə Məmməd jurnaldan çıxmışdı.
O zamandan ta rəhmətə gedənə qədər Məmmədin yazı masasının üstündə həmişə Füzulinin bu misrası olub:
“Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”
Bu dağlar vüqarı, bu dağlar gücü,
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü...
(M.A)
Belə bir əsəbi vəziyyətdən qaçıb təbiət qoynunda dincəlmək məqsədilə yenə də İstisuya üz tutduq.
Bakı-Ağdam qatarında rəhmətlik (mən bu xatirələri yazanda o artıq dünyasını dəyişmidi) Zeynal müəllimlə rastlaşdıq. (O, Ağdamın görkəmli ziyalılarından biri idi) Zeynal müəllim Məmmədi Şuşada qalmağa razı salmaq üçün söhbətinə belə başladı:
- İstisu yerindədir, bir neçə gün Şuşada qalarsınız, sonra özüm sizi İstisuya yola salaram. Əli Kərimin ailəsi – Elza xanım da uşaqları ilə Şuşadadır.
Zeynal müəllimin istəyinə qarşı çıxa bilməyən Məmməd razılıq verdi.
Zeynal müəllim bizi əvvəl Ağdama, sonra da Şuşaya apardı. Bu dəfə hər iki qızımızı özümüzlə götürmüşdük. Çünki onlarsız çox darıxırdıq.
Biz internat binasında yerləşdik. Zeynal müəllim bizi tamam qayğı ilə əhatə eləmişdi ki, qaçmayaq.
Qaldığımız günlərdə Zeynal müəllimin çox gözüaçıq, torpağını, millətini sevən bir ziyalı olduğunu gördüm. Orada olduğumz müddətdə Məmmədlə aralarında müxtəlif söhbətlər olardı. O, qala divarlarının bir tarixi abidə kimi saxlanmamasından gileylənər, “millətin başında ağıl əvəzinə duman var,” - deyərdi. Bədii ədəbiyyatda İbrahim xanın düzgün işıqlandırılmamasına qəzəblənərdi. Məmməd də əlavə edərdi:
“ – Ruslara kim inanıb, onlara xidmət edibsə, onun sonu faciə ilə qurtarıb. Onlar əvvəl siyasətləri üçün adamdan istifadə edir, sonra isə onun nəslini, kökünü kəsirlər. Mən həmişə demişəm, yenə də deyirəm. Bundan sonra da kim rusların siyasətinə aldanıb onlara xidmət edərsə, qurbanlıq quzu olacaq...”
Zeynal müəllim bizi Xan bulağına, İsa bulağına, Turşsuya apardı. Bir uşaq səmimiliyi ilə, bir torpaq vurğunu kimi bu yerlərin qəzəbli qışından, aylı gecələrindən, Tərtərin nəğmələrindən söhbət açardı. Turşsuya gəzməyə aparanda onun diz çöküb torpağı necə öpdüyünün, yerə sərilib necə qucaqladığının şahidi idik.
Düzdür, Məmməd buralarda dəfələrlə olub, ancaq mən birinci dəfə idi ki, Şuşaya gəlirdim.
Turşsuda gözəl bir gün keçirdik. Bu suyun ləzzəti bambaşqa idi. Rəşid müəllimin ( o da Ağdamlı idi) məlahətli səsi olan gözəl qızı da oxumasıyla dinləyicilərin qəlbini titrədirdi. Qızcığaz “Neyçin gəlməz”i oxuyanda hamı susardı. Niyə belə kədərli çıxırdı bu səs? Rəşid müəllimin bu gözəl qızı kimi çağırırdı belə? Kimi səsləyirdi? Natəvanın ruhunumu? Özümdən asılı olmadan, bu səsin ovsununa düşərək balalarımı bərk-bərk qucaqlamışdım, elə bil onları itirmək qorxusu canıma dolmuşdu. Natəvanın bu qəzəli bəlkə də ayrı vaxt məni belə təsirləndirməzdi. Lakin bulaq başında dağı-daşı titrədən bu oxuma insan qəlbinin ən incə tellərinə toxunurdu. Əli nəyəsə çatmayan bir ürəyin ağrısı vardı o qızın səsində. Bakıda bu mahnını çox dinlədiyimə baxmayaraq, elə bil ilk dəfə eşidirdim. “Neyçin gəlməz”... Dağların əks-sədası...
- Gülxanım, nə olub? “Göylərdən aşağı düş görək” – Məmməd idi – səni bayaqdan çağırıram, eşitmirsən, sənə pendirli, yarpızlı dürmək gətirmişəm, özündən küs, ta verməyəcəyəm.
- Həmişəki dürməkdənmi? – zarafatımız vardı.
- Yox, yox, bu dəfəki həqiqidir, – ürəkdən güldü Məmməd.
Şuşanın gecələrinə də öz qəribəlikləri ilə bizi “qonaq” edərdi Zeynal müəllim...
... Qabaqda bələdçi Zeynal müəllim olardı, sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalardı), mən uşaqlarla, bizim arxamızca isə Məmməd gələrdi. Başımızın üstündə ay, parlaq ulduzlar, sərin Şuşa gecələri və qala divarları boyunca “uzanan səyahət”... Və bu, sakit gecələrdə vaxt aşırı təkrar olunardı...
Bir müddət Xudu müəllim də Şuşada oldu. Çox qəribə söhbətləri olardı bu üçlüyün. O söhbətlərin çoxunda iştirak etməmişəm. Ancaq Xudu müəllimin sonralar Məmmədə ünvanladığı məktublarında bu söhbətlərin məzmunu az da olsa öz əksini tapıb.
Sonralar isə bu haqda “Qarabağ simfoniyası” məqaləsində Məmməd yazacaq:
“Şüşa qalası. Çiçəklər içində qala. Qayalar ovcunda çiçək.
Keçən il Xudu Məmmədovla belə bir qala-qayaya söykənib Daşaltıya tərəf baxırdıq. Dərə dərin və vahiməli idi. Mənə elə gəlirdi ki, dərənin dodaqları bir-birinə yaxınlaşır. Indicə dodaqlar bir-birinə qovuşacaq. Əvvəl dərənin dibində çay boğulacaq, sonra döşlərdəki qala evlər yastılanıb dərə divarlarına yapılacaq. Uzaqdakı yaşıl işıq – meşə gözlərini bərk-bərk sıxacaq. Suyu ki, yüksəkliyə tərəf axıtmaq mümkün deyil... Təbiətin ömrü də dərəsiz mümkün deyil. Yoxsa bu sehrli küləklər harda dincələr, harda gecələrdi?..
Xudu Məmmədov küləkdən xoşhallandığımı, az qala qanad alıb onlara qoşulmaq istədiyimi hiss eləyib, təbiətin, ümumiyyətlə, ətraf mühitin şairə necə poetik mövzu verdiyini, dağların duruşu, küləklərin əsim istiqaməti ilə müqayisəli şəkildə izah etməyə başladı. Qəribədir, təbiətdə hər şeyin dili olarmış. O dili hamı bilmir.
Külək təbiətin “latın dili” imiş. Dağlar, dərələr, düzənlər, meşələr bu dili çox gözəl bilirlər. Xudu müəllim bu dilin yaranma tarixindən, musiqi, poeziya rənglərindən, onun lüğət fondundan elə qəribə danışırdı ki...
Bu ara elə bil iri bir qayanın başından boz daş qalxdı havaya. Daş qanadlarını açdı. Gördüm ki, qartaldır. Qanadlı qayalara bax:
Bir gündə nə qədər bir qartal boyu
Alçalır qayalar, qalxır qayalar!
(M.A)
Xudu müəllimə deyirəm: ” – Görəsən məndən başqa da bu hissi keçirən olubmu ? – Mən Şuşa qalasına çıxanda elə bilirəm ki, dünyanın damına çıxıram. Doğrusu, buradan da hündür yerlərə çıxmışam. Bu hissi ancaq burada keçirirəm... (bu, məqaləsindən köçürdüklərim onun Xudu müəllimlə, yəqin ki, zənn etdiyim, ancaq eşidə bilmədiyim söhbətlərdən biri ola bilərdi).
Məmməddən soruşardım: bax, belə gözəl sözləri hardan tapırsan? Sənin nəsr dilin də elə bil poeziya dilidir.
Cavabı bu olardı:
“Şair qəlbinin qəribə havaları olur. Lakin bu qəlb havasından xəbər verən hava bürosunu yaradan ədəbiyyatşünaslar hələ doğulmayıb və doğulmayacaq da...”
Istisu adını eşidən kimi müxtəlif bəhanələr gətirər, getməyimizi istəməzdi Zeynal müəllim.
Bəli... Zeynal müəllim bizi Şuşanın gecələrinə öz qəribəlikləri ilə “qonaq etməyinə” davam edərdi.
...Qabaqda bələdçi Zeynal müəllim, sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalardı), mən uşaqlarla, arxada isə Məmməd gələrdi. Başımızın üstündə ay, parlaq ulduzlar, sərin Şuşa gecələri və qala divarları boyunca “uzanan səyahət”...
Lakin İsa bulağının soyuq suyu Məmmədi və Şəlaləni xəstələndirdi. Bir az özlərinə gələn kimi geri – evimizə qayıtdıq. 12 günlük Şuşa səyahətimiz də beləcə bitdi. Və ondan sonra mən Şuşanı görmədim.
Başqa ölkələrə səyahət etmək, yaxşı, keyfiyyətli geyim şeyləri almaq olar, ancaq o ölkələrdən Azərbaycana nəğmə gətirmək olmaz! (M. Araz)
1970-ci ildən ,Ədəbiyyat və incəsənət” qəzetinə baş redaktor müavini təyin olundu. Həmin ili də bir qrup alim və yazıçılarla birlikdə Fransaya turist səfərinə getdi Məmməd.
Söhbətlərindən yadımda qalanları və özünün qısa qeydləri...
26 yanvar 1970-ci il.
“Moskava- Paris təyyarəsi Şeremetyev təyyarə meydanından sıyrılıb havaya qalxır. Birdən-birə böyük bir sürətlə qar-çovğunda buludların üstünə çıxırıq. Abbas Zamanovla yanaşı oturub Parisdə keçəcək günlərimiz barədə söhbətə başlayırıq...
Pəncərədən üzü aşağı qırış-qırış, qırçın-qırçın bulud dənizinə baxıram. Göylər, buludlar necə də bir-birinə bənzəyir. Mənə elə gəlir ki, biz Moskvadan Parisə deyil, Bakıya uçuruq. İndicə Xəzərin üstündən adlayıb Bakı təyyarə meydanına enəcəyik. Bir azdan qızlarım İradə, Şəlalə: - “Ata gəldi, ata gəldi” – deyib üstümə qaçacaq. Gülxanım isə gözucu bizim görüşməyimizə baxacaq.
Nə isə, fikrim uzaqlara gedir. Arabir Sabir Əhmədovun (yazıçı) fransızca bildiyi bir-iki sözü təkrar-təkrar qonşu qızlara sırıması mənə ləzzət verir... (bunlar onun qeydlərindən)
... Fransada yaşayan azərbaycanlılar bizə axşam yeməyi təşkil etmişdi. Yeməkdən sonrakı görüşümüz unudulası deyildi. Vaxtilə Azərbaycandan didərgin düşmüş Məhəmməd Məhərrəmov, Ələkbər Topçubaşov (Zərdabinin qız nəvəsidir), Əlibəy Hüseynzadənin oğlu Səlimbəy, Tofiq və Qədir. Rəsmi görüş qurtardıqdan sonra qaldığımız otağa qalxdıq. Tofiqlə Qədir otağa çıxmadılar. Bir azacıq söhbətdən sonra Məhəmməd Məhərrəmov artıq gec olduğunu, rejimini pozmaq istəmədiyini söylədi. Qoca kişini bağışlamalı olduq. Ən çox söhbətimiz Ələkbərlə oldu. Əlibəyin oğlu danışan deyildi. Danışıb-gülmək əvəzinə dodaqaltı gülümsünürdü. Bir azdan o da getdi. Əlibəyin 73 yaşı vardı, amma xeyli gümrah görünürdü. Özünün dediyi kimi onu cavan saxlayan hələ yaşamadığı, yaşamaq arzusunda olduğu günlərin həsrəti olmuşdur. Görünür, bu, çox hələ sirri açılmamış psixoloji aləmdir ki, mühacir ayaqlanıb tapdalanmamaq üçün özündən asılı olmayaraq ömrünü uzatmalı, günahını yumaq üçünmü, günahsızlığını sübut etmək üçünmü zahiri gümrahlığı, vüqarını saxlamalıdır.
Ələkbərin hələ canısulu olmasına baxmayaraq, gözündən yetimlik tökülürdü. Mən ilk dəfə bu yaşda yetim görürdüm. Tez-tez Bakını, ötən günlərini xatırladıqca gözləri yaşarır, dolub-boşalır, gözündən boğazına axan göz yaşını udub sözə başlamalı olurdu.
Söhbətdə A. Zamanov, S. Əhmədov, Ş. Bədəlbəyli də iştirak edirdi. Ələkbər bəyin dediyinə görə çox zəngin arxivi var. Bütün fikri-zikri onu istədiyi kimi Azərbaycana çatdırmaqdır. Inanmır ki, bu arxiv olduğu kimi Bakıya çatsın.
Saat 12 olardı, bizimlə öpüşüb ayrıldı. Gözləri yaşardı, ağladı. Mənə dedi ki, Vətənə qayıdanda biz qəriblər haqqında bir şer yazarsan. Orda bizim dərdimiz olsun. Bir də bu olsun ki, bizim Azərbaycanı böyük dövlət kimi, onu dünyada inkişaf edən məmləkətlərdən biri tək görmək arzusundan savayı istəyimiz yoxdur.
Bu söhbətlərin Məmmədin mənə danışdığı tarix də dəqiq yadımdadır. Bir də o yadımdadır ki, Məmməd fikirli-fikirli bu sözləri də əlavə etdi:
“ Elmlər doktoru olma, kim olursan-ol – ayağının altında Vətən torpağı yoxsa, dünyanın bütün gözəllikləri sənin üçün heçdir...”
Yenə də Məmmədin qeydlərinə baxıram:
... Arl şəhərini tərk edirik. Mülayim cənub iqlimi ilə vidalaşırıq. Nə isə fikrimdə narahatlıq, qəlbimdə həyəcan var. Bu gün Şəlalə balamın anadan olan günüdür. Yəqin ki, şıltaq qızım hər dəfə: - Ata gəldi, – deyib zəngin səsinə qapıya qaçır.
... Aşağıdakı bu dörd misra isə bədahətən Topçubaşova hədiyyə verilən kitabına yazılmış misralardır:
Qohum da soyuyur, dost da soyuyur.
Gedən unudulur, gedən unutmur.
Qərib ürəyində bir səs uyuyuyr;
Vətən unudulmur, Vətən unutmur.
Bu misraları oxuyandan sonra səhərisi gün Ələkbər “Şair, mənə dağ çəkmisən, – dedi, – gedən unudulur, gedən unutmur”
Qərb dünyasının qərib dünyası...
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar...
Qəribin göyü də kişnəməz, buludu da ağlamaz, qəribi yerdən götürsə, yenə bir qərib götürər...
Yenə Məmmədin sözlərindən...
Bəlkə elə bu ilimizin, gələcək yeni illərimizin elə məqamları olacaq ki, burada fürsətdən istifadə etməmək əfəllikdir, sabahı görməməkdir. Həm də axı xoş xatirələr çox zaman illərdən illərə uzanan əl kimidir. Əl uzatmaq, əl tutmaq alicənablıqdır, böyüklükdür.
Yeni illəriniz mübarək uzaqlarda yaşayan həmvətənlərim!
Bütün bunlar elə-belə, qəfil yada düşən illərin üstünü azca toz basmış xatirələridir. Bir də bu xatirələr ona görə qapalı ürəklərdə qala bilməzlər ki, bunlar xalqımızın, yurdumuzun, dilimizin və nəhayət, mədəniyyət tariximizin keçmişi, bu günü, sabahı ilə bağlıdır. Və mənim də haqqım yoxdur ki, Məmmədin bütün sözlərini, fikirlərini xalqa, oxuculara çatdırmayım...
Xatirələr yumağını aç – yeri,
Ürəyimin çapıq yeri – boş yeri...
(M.A)
YAXIN QONŞULARIMIZ...Deyəsən, 1969-cu, ya da 1970-ci ilin yazı idi. Məmməd G. Leonidzenin yubileyinə getməli idi. Uşaqlarını anamdan başqa heç kəsə etibar etməzdi. Anamın bizdə olmasından istifadə edərək mən də ona qoşuldum. Bizi dəmiryolu vağzalında Xuta Berulava qarşıladı. “İveriya” mehmanxanasının 9-cu mərtəbəsində yerləşdirildik. Pəncərədən baxanda gözəl bir mənzərə açılırdı. Nahaq demirlər ki, Tbilisi cənnətdir.
Opera binasında təntənəli gecə keçirtdilər. Səhərisi bütün qonaqları G. Leonidzenin doğulduğu kəndə apardılar. Maşın tərpənən kimi bizdən bir Azərbaycan mahnısı oxumağı xahiş etdilər. Gördülər ki, bizdən səs çıxmır, gürcülər özləri “Ay bəri bax” mahnısını müğənnilərimizdən də gözəl oxumağa başladılar. Biz də onlara qoşulduq. Bizi gürcü yazıçıları Otia və Xuta müşayət edirdi. Gürcülər şairin doğum gününü milli bayram kimi qeyd edirdilər. Leonidzenin kəndində ağ gilas yetişməyə başlamışdı. Uşaqların ikiqat bayramı idi. Onlar ağacların budaqlarından mahnı oxuyanlarla səs-səsə verirdilər. Hamı bayramsayağı geyinmiş, bir-birinə qarışıb oxuyur, çaxırı buynuzlarda içirdilər.
Tbilisiyə qayıtdıq. Gecə banket verildi. Birinci badə Gürcüstanın (qədim adını tutdular) şərəfinə qaldırıldı (daha MK-nın Baş katibinin adına yox). Öz dillərində danışır, arabir xalaxətrin qalmasın, – deyə - qonaqlardan rus dilində üzr istəyir, yenə də öz dillərinə keçirdilər. (Dərs götürülməlidir!)
Səhərisi Ota bizi öz çarları basdırılmış kilsəyə apardı. Şəhərdən bir az aralı, yüksəklikdə yerləşən uçuq kilsəni göstərərk dedi:
- Müsəlmanların hücumu zamanı keşişlər burada gizləniblər, kilsənin yeraltı yolları da var.
Bütün bunları geniş surətdə öz gözləri ilə görmüş qədim bir tarixçi kimi danışırdı Ota.
Sonralar Ota, Zezva və Xuta ( gürcü yazıçı və şairləri) Məmmədlə tez-tez məktublaşardılar. Və məktublar təbii ki, kitabların çapı və tərcümələri ilə əlaqədar olardı. Xutanın bir məktubundan:
Doroqoy Mamed!
Poluçil tvaya pismo, oçen obradovalsya. Spasibo, çto pomniş obo mne i o tbilisskix druzyax. Vse oni vmeste s mnoy serdeçno privetstvuyut tebya, Əliaqa i Fikreta.
Kniqu tvoyu peredal Zezve Medulaşvili. On perevedyot, a ya budu redaktirovat, tak vse budet v poryadke.
Posilayu postroçnik moey liriçeskiy poemı “Pesn o zvezdax”. Posmotrite, proçtite, mojet bıt, ponravitsya. Stariy variant etoy poemı napeçaten v kniqe, kotoruyu ya tebe podaril (v perevode A. Mejirova). Perevodçik mojet vospolzovatsya etim perevodam.
Serdeçnoy pivet ot Natella xanum
Obnimayu.
Xuta Berulava
14/ V- 70.
Ləpələr göz alıb baxar dənizdən
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
Içəri baxmağa həsrət çəkərdi.
(M.A)
Musabəyov qəsəbəsində yaşadığımız zaman Mirzə İbrahimova aid məktublar, qonorarlar ad və familiya oxşar olduğuna görə bizə gələrdi. Ən çoxu da Moskvadan. Zarafatla deyərdim:
- Məmməd, qonorarları qaytarmayaq.
- Nə danışırsan, Mirzə müəllim hər qəpiyinin hesabını çəkir, pulu çatmasa həmən ünvana teleqram vurar, aləmi bir-birinə qatar – deyib gülərdi...
Məmmədə aid olan haqq-hesab da Mirzə müəllimgilə ünvanlanardı. Məcburən o, əvvəl “ov” şəkilçisini atıb Məmməd İbrahim oldu. Sonralar məlum oldu ki, bunun da elə bir xeyri olmadı.
Təsadüfən əlimə bir tərcümə edilmiş şer düşdü. Xətt Məmmədin idi. Soruşdum ki, şerin altındakı Məmməd Mahir imzasının sahibi kimdir?
- Mənəm, – dedi, – Məmməd, arada şer və tərcümələrimi M. Mahir imzası ilə çap etdirmişəm.
– Bəs hanı o yazılar? Arxivdə o imzada şerlər yoxdur axı?
Nə bilim cavabını verdi Məmməd.
Evimizin yanında böyük kinoteatr vardı, “Sevil” adlanırdı. Məmməd hər 6-cı gün uşaqları kinoya aparar, gəzdirərdi. “8 Mart” İradəyə həmişə teleqram vurardı. Şəlalə hələ kiçik idi:
“Mənim gül qızım, gülüş qızım İradəyə 8 Mart günü hədiyyə. Böyüsün, Vətənimizi, yurdumuzu, ata-anasını, yaxşı adamları sevsin!”
Atası Məmməd 7 mart 68-cı il.
Uşaqları heç vaxt acılamaz, üstlərinə qışqırmaz, vurmazdı. İradə yeyəndə, yatanda bizdən nağıl tələb edərdi. Nağıl danışmaq vəzifəsi çox vaxt Məmmədə düşərdi. Və bir nağılı vardı: – “Tülkü və Leylək”. Nağıl hər dəfə danışıldıqca müxtəlif formalara düşərdi: Leylək uca çinarın başında yuva qurmuşdu. Üç balası vardı. Leylək dən daşıyar, balalarını yedirdərdi. Tülkünün gözü çoxdan yuvaya dikilmişdi, hiyləyə əl atdı. Bazara gedib üç manata bir mişar aldı...”
Nağıl hər gün təkrar olunduğu üçün İradə bütün sözləri əzbər bilirdi, ancaq hər dəfə maraqla qulaq asardı. Bəzən 3 manat 5 manatla əvəz olunanda sözünü kəsərdi. Məmməd gülüb “səhvini” düzəldər, nağılına davam edərdi.
Sonralar bu nağılın dinləyicisi Şəlalə oldu. Işdən gələn kimi İradə onun əlindən yapışardı: - ya gəzməyə gedək, ya da evdə oynayaq. Məmməd çörəyini yeməyə “icazə” alar, sonra gizlənpaç oynardılar. Qəribə oyun olardı. İradə atasını “tez” tapardı, İradə isə tapılmazdı ki, tapılmazdı. Əslində Məmməd onu axtarmazdı, ancaq səslənərdi: - “quqqu”, İradə gülər, atası da onu “tapardı”. Dəyirmi stolumuzun ətrafında qaçmaq İradənin sevimli peşəsi idi. Özü qaçar, atasını da məcbur edərdi. Bir də xəbər tutardı ki, qaçan özüdür.
1971-ci ilin, deyəsən, may ayı idi. Belorus Yazıçılar qurultayına Məmmədi nümayəndə göndərmişdilər. Məni də özü ilə apardı.
Bakıda hava isti idi. Məmməd o tərəflərə bələd olduğu üçün mənə isti paltar götürməyi tapşırdı. Biz çatanda Minskdə sulu qar yağırdı. “Minsk” mehmanxanasında yerləşdik. Səhər qurultay başlandı. Zal gələn qonaqlar və yerlilərlə dolu idi. Maksim Tank və başqa belorus yazıçıları çox cəsarətli çıxışlar edirdi. Məmməd mənə pıçıldadı:
- Bunların rusları görməyə gözü yoxdur, üzdə dostdurlar.
MK-nın 1-ci katibi Maşşerov özünü o qədər sadə aparırdı ki... yazıçılara qarışıb zalda gəzişir, zarafatlaşır, onlarla limonad içirdi. Ürəyimdə müqayisə etdim... Tənəffüsdə yemək zalına keçdik. Qızlar Məmmədin ətrafına yığışdılar, Məmməd onlara nə dedisə, mənə baxıb gülüşdülər və mənə belə bir sözü də “ünvanladılar”, “simpatiçnıy mujik”...
Qurultayın ikinci hissəsinə getmədim. Lenin prospekti boyunca şəhəri gəzdim. Həmin küçə ilə də mehmanxanaya qayıtdım. Səhərisi bizi Xatın kəndinə apardılar. Yolun hər iki tərəfində bir, bəzən də iki km içəriyə doğru cavan ağaclar idi. Hiss olunurdu ki, təzədən əkiliblər. Gid izahat verdi ki, almanlar partizanların qəfil hücumlarından qorxduqları üçün meşəni belə qırıblar.
Xatın kəndinə çatmamış bir kişi heykəli qoyulmuşdu. Gidin izahatından:
- Faşistlər bütün kənd adamlarını samanlığa doldurub odlamışlar. Kənddən sağ qalan Kamenski adlı bir kişi olub. Girəcəkdəki onun heykəlidir. Kənddəki binaların yerində dirəklər, dirəklərin üstündə zənglər və evin sakinlərinin adı və familiyası yazılmışdı. Zənglər hər iki dəqiqədən bir çalınırdı. Məmmədin gidlə söhbətindən yadımda qalanlar:
Bütün vətəndaşlar Vətən üçün yaşayır. Vətəndaş o zaman azaddır ki, Vətən azaddır. Tarixi hadisələrin mənfisi də, müsbəti də görk üçün yaşadılır. Bu kəndin tarixi də yaşanmalıdır.
Başqa yerləri də gəzdik. Və Belorusiya səfərimiz beləcə başa çatdı.
Mənim bircə planım dəyişməzdir: mümkün qədər təzə deyim, təzə lövhə və “təzələr”... (M. Araz)
Məmməd şer yaza bilməyəndə həmişə publisistikaya müraciət edərdi. Özünün dediyi kimi bu janr müasir həyatın tələblərinə hərtərəfli cavab verir. Həmişə şair Eduardes Mejelaytesin bu sözlərini misal gətirərdi: “Publisistika ağır artileriyaya bənzəyir, gec-gec dinir, amma dinəndə öz bildiyini edir”.
Təsadüfən əlimə keçən, əvvəli cırılıb atılmış, tamamlanmamış bir pərdəlik yazı onu sübut edir ki, Məmməd arada pyes də yazmaq istəyib, lakin hövsələsi çatmadığı üçün onu yarımçıq qoymuşdur. Mövzu çox aktual bir mövzudur. Itib-batmasın deyə bu səhnəciyi də xatirəmə əlavə edirəm:
Oruc kişi: - Səncə, professor, yer üzündə oğraş çox olar, ya kişi?
Porfessor: - Oruc kişi, saymamışam, deyə bilmərəm.
Oruc kişi: - Ama mən bizim kənddə saymışam.
Professor: - Hansı çoxdur?
Oruc kişi: - Yarımkişiləri də hesablasaq, kişi çoxdur.
Professor: - O yarımkişi nə olan şeydir?
Oruc kişi: - Elə-belə, öz başını dolandırıb, öz ev-eşiyini saxlayanlar. Ama, deyim ki, namuslu adamlardır.
Professor: - Bəs birincilər nə olan şeydir.?
Oruc kişi: - Ama birini gəbərtdim.
Professor: - Gəbərtdim nə sözdür?
Oruc kişi: - Yəni tirrətdim də!
Professor: - A kişi, o qədər slojni danışırsan ki...
Oruc kişi: - Spojni nədi, əşi, ona bizim yerdə pinəçi deyirlər.
Professor: - Sapojni yox, e, slojnı, yəni qəliz.
Oruc kişi: - Hə... Yəni qulağının dibindən elə zolladım ki, o gedən oldu. Kəlməyi-şəhadətə, zada vaxt qalmadı. Ama, gorbagur əvvəl məni vurdu, elə başımın şişi də onnan qalıb.
(Professor duruxur, təəccüblənir,.. bir az da qorxan təhər olur).
Professor: - A kişi, deyəsən, sən qorxulu adamsan, adam öldürənsən. Yəni durduğu yerdə kişini vurub öldürdün?
Oruc kişi: - Əvvəla durduğu yerdə yox, uzandığı yerdə. Sonra da ki, onda ölmədi. Omba sümüyü sındı. Kənddən baş götürüb qaçdı. Eşitdim ki, azar deyəndə, qarın azarına düşüb. Onnan da... (əli ilə “köçüb” işarəsi verir). Sözün bir dalına qulaq as. Sən demə bu köpək həmişə baldızının danasını itirərmiş. Arvad hay salarmış. Hərə bir tərəfə axtarışa çıxarmış. Şu həriflər mənim bağımın qırağında həmərsun kolunun dibində - bizim yerdə itburnuya həmərsun deyərlər – dananı taparmışlar.
Professor: - Ancaq kol dibində dana tapanı birinci dəfə eşidirəm.
Oruc kişi: - Hə, əşi, kol dibi nədi, yarpız dibində də tapan var. Sözüm ondadı ki, kişi bacanağını əsgərliyə yola salıb, kişi kimi söz verib ki, ailəsinə başçılıq eləyəcək.
(İşıq başqa səmtə - iki alimin üzərinə yönəlir. Bayaqdan xəstələri müşahidə eləyən Oruc kişinini axırıncı sözlərinə diqqət verən həkimlər mübahisə edirlər).
Qəlbizadə: - (zarafatla) Hə, indi görürsənmi başçılığa söz verən baş nə işlər görür...
Başov: - Sən başçı ilə başı qarışdırma. Ola bilər ki, başçı olasan, ancaq başın olmaya. Ola da bilər ki, başın ola, başa çəkməyələr.
Qəlbizadə: - Deməli, özün-özünü təslim edirsən. Bir halda ki, baş adamı başsızlığa aparır, onda zəhmət çək, başını o tərərəfə çək, qoy ürəyimizcə yaşayaq.
Başov: - Qəlbi, sən zarafatı burax, gəl bir qədər ciddi danışaq. Sən bilirsən ki, Oruc kişinin qəhrəmanlarını kol dibinə aparan baş yox, sənin dostun ürəkdir, cilovunu həmişə ehtirasın, şəhvətin, hissin öhdəsinə verər, axırda biabır olanda da günahı başın üstünə atar ki, mənim başım yoxdu, bəs harada idin?
(Qəlbizadə nə isə demək istəyir, Başov onun sözünü kəsir).
Başov: - Mən ölüm, gəl burda qurtaraq. Oruc kişi ilə ciddi danışmaq lazımdır. Onun ürəyi professoru ən azı 3 il yaşada bilər. Sən də, mən də bilirik ki, Oruc kişi qıl körpü üstündədir. Minlərlə Orucların yaşaması üçün professor yaşamalıdır. Bu müddətdə professorun ixtirası təkmilləşə bilər.
(Poçtalyon oxuya-oxuya daxil olur).
Qukkulu Nəsir: - Ay haray, məhv olduq. Qəzetdə təzə xəbər var. Itin başını meymunun başına calayıblar. Üç gün yaşayıb. Ay haray, məhv olduq. Adamın da başına it başı qoşa bilərlər. Yəni elə qoşublar da (oyan-buyana baxır, birdən arvad eşidib ayrı şey başa düşər ha...).
Başov: - Nəsir bəy, xoş gördük, nə yaxşı bu gün bannamadan gəldin?
Nəsir: - Professor, o ki bəy deyirsən, e, üçümüzün bir camına and olsun ki...
Qəlbizadə: - Nəsir bəy, camına niyə?
Nəsir: - Camına da. Cam arvaddır də, hər gün adama filan qədər zəhər içirdir.
Başov: - Nəsir bəy, danışığına fikir ver. Bəşəriyyətin yarıdan çoxu incə məxluqdur.
Nəsir: - Professor, şirin-şirin söhbətdir də eləyirik. Sözümün təzə xəbəri ondadır ki, mənim nənə babamın babası bəy olub. Deyir, kişinin yaxşı at ilxısı varmış. Allah rəhmət eləsin. Zalım oğlunun atı o yana, qatırının nəvəsindən, nəticəsindən qalmayıb ki, biz də hərdən bir ayağımızı başına aşıraq.
(Başov və Qəlbizadə gülürlər).
Nəsir: - O kişi hardadır? (Əli ilə sarıq baş şəkli çəkirmiş kimi).
İkisi də birdən: - Hə, Oruc kişini deyirsən? (göstərirlər)
Nəsir: - Məktubu var, bəxtəvərin məktubu da qırdı bizi. Ay haray, məhv olduq. (tələsik məktubu verib qayıdır)
Qəlbizadə: O “ay haray, məhv olduq” – nə deməkdir?
Nəsir: - Onun sicimi, sizin dilnən “veryovkası” çox uzundur, gələn dəfə. (oxuya-oxuya gedir)
Tozlu yollar, tozlu yollar,
Kənarları qozlu yollar,
Ortaları tozlu yollar,
Kənarları güllü yollar,
Ortaları milli yollar.
PƏRDƏ.
Bu bir pərdəlik yarımçıq pyesdə də Məmməd ümumiləşdirmələr aparmağa can atıb. Insanların xasiyyətcə müxtəlifliyini, həyatdakı ziddiyyətləri, artıq gündlik zəruriyyətə çevrilən orqanların dəyişdirilməsi məsələlərini verməyə çalışmışdır. Tamamlanıb “əl gəzdirilsəydi” bu səhnəcik tutarlı bir əsər ola bilərdi.
“Biz nahaq yerə obrazlı misraların, gözəl deyimlərin
hesabını aparmırıq. Bu, milli sərvətə biganəlikdir”.
(M.A)
Məmməd həmişə görkəmli adamların yaxşı fikirlərini özü üçün yazıb götürərdi, Məsələn, onun bəzi qeydlərində aşağıdakı misallara rast gəldim:
- “Həyatın əvvəli gülünc, ortası dəyərsiz, sonu həzindir. İnsan gülüb əylənmək üçün doğulmuşdur. Düşkünlük dəlilik əlamətidir”.
- “Allah var, olmasa da onu yaratmaq gərəkdir”.
- “Kimsəni rahatsız etmədən hər kəsin istədiyi kimi yaşaması onun öz haqqıdır”.
- “Sağ olanlar haqqında sevgi və ehtiyatla danışmalıyıq. Ölülər haqqında ancaq doğrunu söyləmək borcumuzdur”.
- “Kralların ehtiyacları üçün atların satılması düşünülürdü. Volter təklif etdi: Axurdakı atları satmaqdansa, saraydakı eşşəkləri satmaq daha faydalıdır”.
- “Diogen bir oğrunun həbsxanaya aparıldığını görüb deyir: - Ay bədbəxt, sən niyə böyük oğru olmadın ki, özün başqalarını həbsxanaya aparasan”.
- “Alimlər varlıların yanına gedir, varlılar alimlərin yanına yox. – Alimlər sərvətin qədrini bilir, varlılar elmin qiymətini anlamırlar”. (Pifaqor)
Yaxud:
- “Balaca Vətənlə böyük Vətən arasında fərq yoxdur”.
- “Külək əsdiyini təkcə tüstü bilir”.
- “Cavan adam odur ki, yalan danışmamış olsun”.
- “İstəyirsiniz lap 20 kitab yazın, tənqidçi 20 sətirdə sizi pisləyəcək və qalib gələcək”.
“Xoş söz dəmir qapılar açar”. Və s.
Məmmədin “Həyatın və sözün rəngləri” publisistika kitabını vərəqləyirəm. O məqalələrdə nə qədər Məmmədin özünün atalar sözü kimi işlənəcək fikirləri var. Bir neçəsini misal kimi seçdim:
- Torpağın yaddaşı möhkəmdir; məlum və ya naməlum qəhrəmanlar adlarını torpağa həkk edənlərdir.
- İnsan axtarırdı – dan yerinin təbəssümündə, günəşin nurunda, ulduzların soyuq baxışında... – Bu qəfil işıq onun üfüqündə doğdu...
- Hay-küylə, təşvişlə görülən işin bünövrəsizliyi hansı məqamdasa üzə çıxacaq...
- Yaradıcı nə qədər başda oturar, şərəfinə deyilən sözlərdən məst ola bilər...
- Dünənin şöhrəti kölgəsində xumarlananlar, sabahın yoluna sonuncu çıxarlar. Sabahın yolu dünəndən, bu gündən başlayır.
- Nakam ölənlərin ən yaxın sirdaşı, əbədi həmdəmi çiçəklərdir.
- Hansı çəməndə, hansı kol dibində əyri bir çiçək varsa, o, ana qəlbinin nakam arzusudur, torpaq altında şəklini dəyişib, boynu bükük bir çiçək şəklində dünyaya baxır.
- İnsanın xeyirxahlıq, işgüzarlıq fəaliyyəti üfüqə qədər uzanıb gedir.
- İnsan öz yerində, -- hansı iş olursa-olsun, – böyük və ya kiçik əməlindən yonduğu xatirə “heykəlini” qoyub getməlidir.
- Tarix xatirinə tarixi hadisə kimə lazımdı? Tarixi hadisələrin mənfisi, müsbəti də görg üçün yaşadılır.
- Keçmiş keçmişdədir, şərəfli keçmişin çox oğullarına bu günün pasportunu vermək olar.
- Hər bir xalq öz tarixi abidələrindən başlanır.
- Əsil Məcnun – sözünün sahibi Məcnun, torpağa bağlanıb, ondan məhəbbət istəyənlərdir.
- Məhəbbətin qonşuluğunda yaşamaq hər Fərhadın işi deyil.
- Kəndi yağış bitirmir, insan əli göyərdir
- Torpağın yazı və rəqəmdən xəbəri yoxdur. O, özünü sənin istedadının ixtiyarına verir.
- Vətəndaş Vətən üçün yaşayır. Vətəndaş o zaman azaddır ki, Vətən azaddır.
- Cəmiyyət – kainatda öz orbiti, öz cazibəsi olan planetdir.
- Pis yol çəkən, əsil yol kəsəndir.
- Bir ölkənin mədəni səviyyəsini müəyyən eləmək üçün onun yolunu görmək kifayətdir.
- Yol xalqın ağlından başlanır.
- Müəyyən mənada mədəniyyət yolla gəlir, yolla gedir. Böyük mədəniyyət pis yola sığışmaz, əzilib dağılar, “tökülüb itər”.
- Yol yaxşıdırsa, demək işgüzarlıq təkər üstədir.
- Müasir kəndin mədəniyyət evi – müasir kəndin akademiyasıdır.
- “Cırcırama nəğməsinə” uyanlar bir də xəbər tuturlar ki, sovka həddini aşıb.
- Küləklər qarışıq rəngləri sevir.
- Külək təbiətin “latın dilidir”.
- Altı isti olan yağış altındakının nə soyuq çəkdiyini hardan bilər?
- Hansı xalq ata-analıq eləyir-eləsin, fərqi yoxdur, böyük istedadlar, böyük dünyanın övladlarıdır.
Artıq Məmməd “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor müavinivəzifəsində işləməyə başlamışdı. Və əsas faciə də bundan sonra başlandı...
Qəzetin baş redaktoru Yusif Əzimzadə idi. Redaksiyaya bir köhnə “Moskviç” vermişdilər. Həmin maşından arada Məmməd də istifadə edirdi. Səhərlər tələsirdi ki, maşın redaktorun ardınca da getməlidir. Heç kimi incitmək, heç kimi gözlətmək istəməzdi...
Bu arada Ruminiyaya getməyi də planlaşdırmışdı. Gəray Əsədov haqqında poema yazmaq istəyirdi. Çünki qəhrəmanlığa aid poema yazmaq haqqında çoxdan fikirləşirdi. Bəlkə də mənə dediyi qəhrəmanlıq dastanı elə Gəray haqqında ola bilərdi. Qəhrəmanın vuruşduğu, həlak olduğu yerləri görmək, müşahidə etmək, material yığmaq fikrindəydi. Məni də aparacağına söz vermışdi. Lakin Moskvadan nümayəndə həyətinin tərkibinə məni salmadıqlarına görə getməyini başqa bir vaxta saxladı. Və poema da yazılmadı.
BULUDLU GECƏLƏRDƏN SONRA DA GÜNƏŞ PARLAR (M.A)
Kaş heç ədəbiyyat qəzetinə işə girməyəydi. Təkrar edirəm, əsas faciələr də buradan başlandı. Məmməd harda işləyir-işləsin həmişə təmiz vicdanla öz vəzifəsini yerinə yetirib.
Iyul ayında məzuniyyətə çıxmaq üçün ərizə vermişdi. Bu dəfə qərara almışdıq ki, hamının üz tutduğu Şimali Qafqaza biz də gedək. O vaxtlar pullular Azərbaycanı bəyənməyib ayrı yerlərə getməyi dəb salmışdılar. Biz də 1972-ci ilin iyul ayında balalarımızı da götürüb Yesentukiyə getdik. Parkda gəzinti vaxtı Tofiq Mütəllibovla rastlaşdıq. Tofiq çox şübhəli-şübhəli Bakıdan nə vaxt gəldiyimizi xəbər aldı. Sonra Məmməddən Bakıdakı xəbərləri soruşdu. Görünür, Bakıdakı bəd xəbərdən hali olan Tofiq Məmmədin heç nədən xəbəri olmadığını görüb susmuşdu.
Sonralar Tofiq və yoldaşı ilə hər gün ailəvi gəzintiyə çıxardıq. Tofiq “Azərbaycan gəncləri” qəzetində işləyirdi. Işlədiyi şöbəyə göndərilən məktub və şerlərdən məzəli, özünəməxsus bir kinayə ilə elə danışardı ki... Onlardan yadımda qalan biri...
“- Özünü şair sayan, amma istedadı olmayan biri belə yazmışdı ki, bütün şairlər şerlərində yalnız bülbülü tərənnüm edir. Bu yazıq qarğanı heç dilə gətirən yoxdur. Və özünün qarğaya həsr etdiyi şeri də redaksiyaya göndərmiş, bizdən onun çapını da tələb etmişdi:
Oxuyanda sən qar-qar,
Gör səsində nə məlahət var. Və s.
Tofiq şeri əzbər deyər, bizi güldürərdi.
Məmmədin məqsədi bizi yerləşdirib qayıtmaq və Urala ezamiyyətə getmək idi. Elə də etdi. Şərtləşmişdik ki, Urala çatan kimi teleqram vursun. Deyildiyi vaxt bir xəbər almadığımıza görə narahat olduq. Bu arada Məmməddən məktub aldıq. Ötəri yazmışdı ki, işdən çıxmaq istəyirəm. Yəqin ki, məni səbəbsiz işdən çıxarılmağına hazırlamaq istəyirdi. Məktuba cavab yazdıq. Narahat olduğumuza görə evə də zəng etdik, Məmməd telefonu götürdü:
- Gülxanım, heç bir yerə getməmişəm. Mən məzuniyyətə çıxan kimi heç bir xəbərdarlıq edilmədən mənsiz məni işdən çıxarıblar. Narahat olma, yeməyə pulumuz olacaq. Müxtəlif mətbuatlara məqalələr işləyirəm. Bakı yaman istidir, gəlməyin.
Bu xəbər mənə çox qəribə gəldi. Axı sovet qanunlarında məzuniyyətdə olan adamı özündən xəbərsiz işdən çıxarmaq cinayət sayılırdı. Həmkarlar ittifaqının qanunlarına da zidd hərəkət idi.
Nə olsun... İş olmuşdu. Belə bir qanunu ancaq Azərbaycan Yazıçılar İttifaqı “icad edib həyata keçirə bilərdi”. Və hökumət də bu işə “qarışmalı” olmazdı...
Nə isə, biz səhərisi gün yığışıb geri qayıtdıq.
Məmməd qeyd etdiyim kimi işdə olan söz-söhbəti evdə danışmağı sevmədiyinə görə nə səbəbə işdən çıxarıldığını özündən öyrənə bilmədim. Amma görürdüm ki, iç dünyası silkələnib. Çox vaxt evdən çıxmır, telefona cavab vermirdi. Günahsız işdən çıxarılması ona böyük bir zərbə olmuşdu.
İlahi, sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru.
(M.A)
Baş redaktor Yusif Əzimzadə isə özünü elə aparırdı ki, sanki qəzetə məsuliyyəti o yox, müavini daşımalı imiş. Soruşan tapılmırdı ki, ay aman, axı qəzetdə baş redaktorun imzası, möhürü var, bəs qəzeti imzalayıb möhürü basanda hara baxıb? Tutalım, Məmməd Araz “düşmənçilik” edib Nəriman Nərimanova qəzetdə çox yer verib; burda pis nə var ki? Onda baş redaktor, işçilər, MK-nın mədəniyyət şöbəsi nə işlə məşğul idilər? Sən demə Məmməd özünü çox “müstəqil” aparıb, heç kimlə məsələhətləşmədən qəzetin yubiley nömrəsini çap etdirib.
Bu cənablar, görünür, 19-cu əsrdə yazılıb, 1957-ci ildə ruslar tərəfindən tərcümə edilib yayılan Raffinin “XENT” əsərini və ya Silva Kaputikyanın 1970-ci ildə çap olunmuş “Karavanı yeşyu v puti” (“Karvan hələ də yoldadır”) adlı türk dünyasına qarşı yazılmış əsərlərini ya oxumamışlar, ya da onlardan bir ibrət dərsi almamışlar.
Bu haqda o vaxt “Ədəbiyyat və incəsənət” qəzetində işləyən Məmməd Aslan yazır:
“... “Ədəbiyyat və incəsənət” qəzetinin növbəti bir nömrəsindən sonra dünya-aləm bir-birinə qarışmışdı: biri buydu ki, Nərimanov heykəlinin şəkli abidə açılmamışdan qəzetdə getmişdi; biri də bəs, deməyəsən, bir qəzet məqaləsindən başa düşmək olarmış ki, ermənilər bizi 1918-ci ildə də qırıblar və Şaumyan da, əslində, daşnakların qırğınına şərait yaradıb...
... Bu nə ehtiyatsızlıqdı: erməni min dəfə qırsın bu qardaş və qonşu olan xalqı, elə qırsın, heç biri də qalmasın, nə olarmış ki, bu nədi ki, bunun söhbəti dilə gətirilsin və oxucu da elə bilsin bu fürsətkeşlər zaman-zaman imkan tapdıqca bizi qətlama yetiriblər...
... İndi bu qəzet məqaləsi respublikanı yamanca işə salmışdı. Kimdədi bu cürət? Çıxsın “xalası göyçək” irəli! Qəzetin başı üstündə bir qılınc hərlənirdi: bu qılınc ya kiminsə başını bədənindən ayıracaq, ya kimisə vəzifəsindən... Elə bu ikinci də birinci qədər fəlakət sayılırdı. Qılınc fırlandı, fırlandı... soydaşlarımız, qələmdaşlarımız yaxasını bu qılıncdan qurtarmağa yollar aradılar. “Axtaran tapar” demişlər. Demə, bunun çarəsi lap yaxındaymış: üstlərindən atdılar ki, bunun səbəbkarı istirahətdə ikən bunlardan xəbərsiz olan Məmməd Arazmış... Bir andaca toplaşdılar, qarasına qılınc çaldılar... müavinlikdən çıxarıb atdılar... Hələ partiya töhməti...”
Bəli, beləliklə, Məmmədi istəməyənlər Moskvanın “nakazat” əmrini yerinə yetirənlər bütün günahları məzuniyyətdə olan Məmmədin üstünə yıxıb “nakazat” etdilər. Vəssalam. Günahkar oldun-olmadın onlar üçün bir fərqi yox. Təki onların bostanına daş atılmasın...
Məmmədə irad tuturdum: niyə şikayət etmirsən? Kinayə ilə cavab verərdi:
- Kimdən kimə?
Sonralar arxivi qaydaya salanda bu sənədlərlə tanış oldum. Olduğu kimi də köçürürəm:
Azərbaycan KP Mərkəzi Komitəsinə “Ədəbiyyat və
incəsənət” qəzetinin redaktor müavini, şair Məmməd
Arazdan məlumat.
Məlum edirəm ki, mən 15 ilə yaxındır mətbuatda işləyirəm. Senzor, nəşriyyat redaktoru, böyük redaktor, redaksiya müdiri, şöbə müdiri, məsul katib, nəhayət, redaktor müavini vəzifəsində çalışmışam.
Yaradıcılıqda, ümumi işdə az-çox nə eləmişəmsə, öz balaca zəhmətimlə eləmişəm. Indiyə qədər heç bir işdə adi xəbərdarlıq və töhmət almamışam.
Bir ilə yaxındır ki, “Ədəbiyyat və incəsənət” qəzetində müavin işləyirəm. Bu müddət ərzində jurnalist kimi qəzet üçün bir sıra materiallar yazmışam. Redaktorun tapşırığı ilə bəzi materialları oxuyub redaktə etmişəm. Bunlardan bəziləri mənim bəyənmədiyim halda çap olunub. Bəyənməyib geri qaytardığım bu yazıların mətbəədə səhifəyə çıxdığını görəndə, redaktorun imzaladığı bir materialı çıxartmağa səlahiyyətim çatmadığından oxunuşa gələn səhifənin üstündə fikrimi yazmışam. Həmin səhifə arxivdə qalır. Mən dəfələrlə Y. Əzimzadə yoldaşın özünə, Yazıçılar İttifaqı katiblərinə, həmçinin redaksiyanın ədəbi müzakirələrində demişəm ki, qəzetimizin səviyyəsi aşağıdır, həyatla, ədəbi proseslə əlaqəsi zəifdir. Bunun səbəblərindən biri odur ki, redaktor müavininə və məsul katibə hansı sahəyə cavabdeh olduqları tapşırılmayıb, belə bir bölgü yoxdur. Redaktor hər şeyi özü və yalnız özü həll etməyi boynuna götürüb. Intiriqa, dedi-qodu mənim təbiətimə yad olduğundan, az müddət bir yerdə işlədiyimizdən mən buna dözmüşəm, məsələni rəsmiləşdirməmişəm. Ancaq partiya iclaslarından birində buna işarə vuraraq demişəm ki, “bəzi idarə müdirləri müavinlərin, başqa məsul şəxslərin hüquqlarını əlindən alır, hər şeyi özləri həll etmək istəyirlər; beləliklə, kult-pərəstiş mühiti yaranır. Kult mühitində isə inkişaf çidarlanmış olur.
Qəzetin redaktoru Y. Əzimzadə yoldaş ədəbi müzakirə günləri təkrar-təkrar məsul katibə, bütün mətbəə işçilərinə üzünü tutaraq deyib ki: - “Mənim imzam olmadan mətbəəyə bir sətir də getməməlidir”.
Öz redaktor imzasının hüququnu belə məsuliyyətlə qoruyan redaktor necə oldu ki, oxuyub imzaladığı bir nömrənin qüsurlarını nömrə hazırlanarkən Bakıda olmayan müavinin üstünə atmaq istəyir? Axı mətbuatda gedən qüsurun kimə məxsus olduğunu təsdiq edən çox obyektiv bir şahid var – orijinal! Orijinal üstündəki imzanın kimə məxsusluğu məsuliyyət meyarıdır.
Mən qəzetin ümumi qüsurlarından yaxamı çəkmirəm. Ancaq hər kəs oxuduğu, üstündə “çapa” sözünü yazdığı material üçün cavabdeh olmalıdır. Mənim ərizəmə qol çəkib, məzuniyyətə buraxandan sonra, təcili iclas çağırıb,( özü də, bu nə partiya iclası, nə kollegiya, nə də rəyasət heyəti yığıncağı olub; elə-belə kvorumsuz, qeyri-müəyyən bir toplanış imiş), məni “müzakirə” eləmək, N. Nərimanova həsr olunmuş – çapından, planlaşdırılmasından, maketindən xəbərim olmayan nömrənin qüsurlarını üstümə atmaq hansı məntiqə, əmək qanununa, sosialist hüquq qaydalarına, ümumiyyətlə, hansı insanlıq və vicdan normalarına sığır? O “yığıncaqda” hansı nüfuzlu yazıçı mənim haqqımda nə danışıb? Mən bilməli deyilmişəm ki, günahım nədir? Məni işə təsdiq edəndə rəyasət heyəti çağrılmışdı ki, çıxaranda isə tələm-tələsik, qaça-qaça, MK-ya yalan məlumat verməklə, işlərini bitmiş hesab edirlər.
Bu nə hərki-hərkilikdir, adam ləkələməkdir?!
Mənim 39 yaşım var, səkkiz ilin kommunistiyəm. Belə mühitə təzədən qayıdıb işləmək də istəmirəm. Lakin adıma, vicdanıma ləkəni qəbul eləmirəm. Mən Litvada poeziya günlərində olduğum zaman redaktor nömrə buraxıb; qüsurunu müavinin adına yazırlar. Bu təzə yanaşma metodu “gözəl” tapılıb: redaktor dura-dura qəzetin məsuliyyətini nömrədən xəbəri olmayan müavindən tələb edəsən!
Redaktor yoldaş nəinki qəzetindən, hələ “Ulduz” jurnalında redaktor əvəzi işlədiyi vaxtda yaxşı bilirdi ki, Nərimanova aid materiallar hamısı yuxarı təşkilatlarda oxunmalıdır.
O, aprel ayında məzuniyyətə gedərkən Nərimanov nömrəsində gedəcək materialların təxmini planını mənə verdi. May ayının ilk günlərində MK-dan plan və materialları istərkən mən həmin təxmini planı və şöbədə olan, hələ redaktə edilməmiş üç materialı – A. Alməmmədov “N, Nərimanov və rus mədəniyyəti”; A. Əbilov “Qırmızı Şərqin ilk sovet diplomatı”; Hacıməmməd Qafqazlı “Unudulmaz xatirələr” – yazılarını apardım. Rəşid Mahmudov yoldaş soruşdu: – Yazıları oxumusanmı? Dedim ki, A. Alıməmmədovun yazısını oxumuşam, şöbədən təzə gəldiyinə görə vaxt tapıb redaktə edə bilməmişəm. Söhbət N. Balakişiyev yoldaşın iştirakı ilə olub. Yoldaşlar plana baxıb bəzi irad və təkliflərini dedilər; Və dedilər ki, hələlik gözləyin, lazım olan vaxt nömrəni tam halda hazırlayıb MK-ya təqdim edərsiniz. Mən qayıdan kimi həmin irad və təklifləri Ayaz Vəfalı yoldaşa dedim. Söhbət bu şəkildə qaldı. May ayının 10-da redaktor Bakıya qayıtdı. Belə olduğu halda, nömrənin bütün materiallarını özü hazırladığı halda, mən hansı məntiqi əsasla onu aldatmalıymışam və niyə? O isə belə bir ciddi nömrəni yuxarı təşkilatlarla deyil, məhz o zaman Bakıda olmayan müavini ilə razılaşdırmalı imiş?! Axı materiallar yuxarı təşkilatlarda oxunsaydı, üstündə bir düzəliş olardı, əl gəzərdi. Mənim “yalanıma” təkcə bu kifayət deyilmi? Redaktor yoldaş bütün bunların hamısının üstündən keçir, yuxarı təşkilatda tənqid olunandan sonra isə gözəl çıxış yolu tapır: müavin günahkardır.
Müavin isə iyul ayının 10-da şəhərdən çıxanda redaktora zəng edir ki:” - Salamat qalın, mən ailəmi Yesentuki şəhərinə aparıram. Ünvanım Pervomayskaya, 174-dür. Ayın 24-də qayıdıb Bakıdan Urala gedəcəyəm; lazım olsam tez də gələ bilərəm. (Mənə demişdi ki, bu arada Sibirə getmək istəyir, “Bakıda olsan qəzetdə gözün olsun”). Dirinin də dalınca danışmaq yaxşı iş deyil, ancaq mümkündür. Lakin bu hansı etik normaya sığır: Kommunistin qüsurunu üzünə deməyəsən, məzuniyyətə buraxasan, sonra da məsələdən hali olmayan adamlar qarşısında olmazın ittihamlar verəsən, yuxarı təşkilatlar qarşısında təqsirini gizlədib, kimisə qabağa verəsən.
Hörmətli yoldaşlar, əgər bu məsələdə kim günahkar olmalıdırsa, konkret səbəbkarı cəzalandırmağın əhəmiyyəti yoxdursa, onda mən susa bilərəm. Yox, əgər başqasının günahı zorla mənə yüklənəcəksə, xeyr, daşımaq istəmirəm!
Mənim atamın yüz yaşı var. Indi də işləyir, fəal kolxozçudur. Işləyir ki, heç kəsin minnətini götürməsin. Mən onun çörəyini yemişəm. Əkinçi, biçinçi, suçu olmuşam. Qayıdıb yenə də oradan başlaram. Mənə vəzifə lazın deyil. Ancaq mən xahiş və tələb edirəm: Yazıçılar İttifaqı ilk partiya təşkilatında rəyasət heyəti ilə birlikdə, mənim özümün və MK-nın nümayəndəsinin iştirakı ilə, bizim məsələmizə baxılsın. Bəlkə mənim daha ağır cəzam var.
Öz konkret günahımın ağır cəzasını almağa hazıram. Ancaq düz olsun, sənədli-sübutlu olsun.
Hörmətlə: Məmməd Araz.
Ünvanım: Bakı, 5-ci Sallaqxana küçəsi, ev 30, mənzil 30.
Telefon: 37-58-85.
25 iyul 1972.
Bir nəticə olmadığını görən Məmməd eyni məsələ ilə bağlı ikinci dəfə mədəniyyət nazirinə də müraciət etmişdi. Müraciət eyni olduğu üçün ancaq fərqli olan kiçik bir abzası qeyd edirəm:
“Sizə bir ziyalı kimi onu çatdırmaq istəyirəm ki, bizim bu “günəşli” Azərbaycanda mənim haqqımda çıxarılan haqsız qərar mənim yaradıcılığıma qarşı bir nəzarət mühiti yaradacaq və görürəm ki, yaradıb da! Qeyri-təvazökarlıq da olsa, deyim ki, mən şair kimi də, işçi kimi də təsadüfi adam deyiləm. Heç olmasa bunlara görə mənim özümü dinləmək olardı; bəlkə mən, doğrudan da, cinayətkar idim. Axı burda da bir hüququ qayda var; ittihamnamə üzə oxunur! Nə isə, yəqin mən daxilimdə məndən xəbərsiz işlər görən “məni” tanımıram. Günün günorta çağı hər şey ola bilərmiş...
Hörmətlə: Məmməd Araz.
1/ VIII. 1972
Mən bu müraciətləri ona görə qeyd etdim ki, Məmmədin haqsız işdən çıxarılmasını hərəsi özü istədiyi kimi yozdu, hər kəs kiməsə olan mənfi münasibətini ifadə etmək üçün istifadə etdi. Əsas günahkarlar qala-qala tamamilə bu işlərdən yalan məlumat çatdırılan adamın adını hallandırmağa başladılar...
“Hörmətli” Yazıçılar İttifaqının müraciətlərə reaksiyası bu oldu ki, guyamış Məmməd öz “xahişi” ilə işdən çıxmışdır.
Həmin sənədi də əlavə edirəm:
Azərbaycan Yazıçılar İttifaqı Katibliyinin və Azərbaycan SSR mədəniyyət nazirliyi kollegiyasının 5 yanvar 1973-cü il tarixli qərarından çıxarış:
Eşidildi: Şair Məmməd Arazın ərizəsi.
Qərara alındı: Azərbaycan Yazıçılar İttifaqı Katibliyinin və Azərbaycan SSR mədəniyyət nazirliyi kollegiyasının 13/ VIII – 1972-ci il tarixli qərarı dəyişdirilsin və Məmməd Araz öz xahişinə görə vəzifəsindən azad edilsin.
Azərbaycan Yazıçılar
İttifaqı Katibliyi: Mirzə İbrahimov
İmran Qasımov
Cabir Novruz
Azərb. SSR mədəniyyət nazirliyi
kollegiya üzvləri: Məmməd Ziyadov
Nəbi Xəzri.
Vəssalam! Ədalət belə “zəfər” çaldı. Bir də onu bildim ki, o qədər yazıçılardan ancaq və ancaq Sabir Əhmədov Məmmədi müdafiə edibmiş.
Yenə də təkrar edirəm ki, Məmməd evdən kənarda olan söz-söhbəti evdə danışmazdı. O vaxtlardan artıq 24 il keçmişdi. Bir dəfə söhbətarası danışdı:
“- İşdən çıxarılanda məni Daniel Quliyev çağırdı. Bir azdan İttifaqın katibləri də gəldi. O boyda ağsaqqal özündən başladı ki, Məmməd, sənə tapşırmışdım axı elə eləmə, belə elə və s. Bu adam etdiyi haqsızlığı ört-basdır eləməkdən ötrü ağ yalan danışaraq üzümə dirənirdi. Onun bu vaxtında özünü təmizə çıxarmaq üçün adamın üzünəcə durmağı məni təəccübləndirirdi. Təəssüflə dedim: Filankəs müəllim, axı siz mənə heç nə tapşırmamısınız...
Nəriman Nərimanovla əlaqədar məsələlərdən bir şəxsin də xəbəri vardı. Ona da çatdırmışdılar. Məni sorğuya tutanda mən heç kimin adını çəkmədim. Bundan əvvəl “Gənclik” nəşriyyatının direktoru Əzizə Əhmədova ondan xahiş etmişdi ki, Məmmədi mənə baş redaktor verin. Onun isə xahişə cavabı belə olmuşdu: “- Onun böyük qüsurları var, o, hələ də orada işləyir?”.
Onda mən getdim Onun yanına. Dedim, gəlmişəm yanına ki, açıq danışaq. Mənə təklif olunan bütün vəzifələrə keçməyimə maneçilik etmisən. Mənim itirəcəyim heç nəyim yoxdur, ancaq siz çox şey itirə bilərsiniz. Mən də sizin haqqınızda nəsə deyə bilərəm. Gülüb dedi ki, məni hədələməyə gəlmisən? Haqqımda nə deyə bilərsən ki?..
Cavab verdim: - Haqqında deyə bilərəm ki, filan qohumunu vəzifəyə qoymusan, filan qohumunun kitabını növbədən kənar çap etdirmisən. Və s. Məndən sizə nə çatdırıblarsa, bilmirəm, ancaq bütün sənin haqqında bildiklərimi heç yerdə deməmişəm və deməyəcəyəm də. Onda o məni qocaqladı, dedi ki, get, daha səninlə işim yoxdur, bu mərdliyinə görə səndən üzr istəyirəm...”
Beləliklə, Məmməd 9 ay işsiz qaldı. O vaxtlar pullu “putyovkalar” vardı. Məmməd bu “putyovka”larla rayonlara gedərdi. Bu işdə ona təbliğat bürosunun sədri Məlik Mikayılzadə kömək edirdi. Mən də işləyirdim və bizim heç kimdən asılılığımız yox idi.
Yenə də haqsızlığın hökm sürdüyü və qeybətcil mühitdən bir müddət uzaqlaşmaq üçün 1973-cü ilin yayında Kislovodskiyə getdik. Məmməd M. Svetlovun şerlər kitabını tərcümə etmək üçün özü ilə götürmüşdü. Gözəl bir yerdə ev tutmuşduq. “Xram vozdux” deyilən hündür təpənin ətəyində idi tutduğumuz ev. Uşaqlar yaxşı istirahət edirdilər. Ataları onları hər gün gəzməyə aparır, əyləndirirdi. Qalan vaxtda isə tərcümə ilə məşğul olurdu. Kislovodskidə Ağayar müəllim və onun yoldaşı Pərvin xanımla da yaxından tanış olduq. Ağayar müəllimin maraqlı söhbətləri olardı, ona qulaq asmaqdan yorulmazdıq. Təmiz ürək sahibi olduqlarına görə dostluğumuz sonralar da davam edəcəkdi...
Kislovodskidən ən çox yadımda qalan Elbrus dağına ekskursiyaya getməyimizdir. “Qafqaz gözəlliklər məskənidir” deyimini yamyaşıl dağ ətəkləri, bir az yuxarı bulaqlar, ondan da yuxarı qar təsdiq edirdi. Gələn turistlərə nəsə satanlar eyni ilə bizim dilimizdə danışırdılar. Həm Yesentukidə, həm də Kislovodskidə türk dilində danışan, lakin özlərini “qrek” adlandıranlarla çox rastlaşırdıq. Onların beyninə yeritmişdilər ki, siz dili dəyişdirilmiş “qreklərsiniz”. Türksünüzmü, sualından ürkürdülər.
Eşitməzdi dünya, görməzdi dünya
Eşitməz olanda, görməz olanda...
(M.A)
Kislovodskidən yenə də didişmələr məkanına qayıtdıq. Biri bilərəkdən, biri bilməyərəkdən işdən çıxarıldığını tez-tez Məmmədin yadına salırdı. Onsuz da bu haqsızlıq onun mənəvi dünyasını çevirmişdi. Bu sorğular da daha pis təsir edirdi ona. Məmməd bu söz-söhbətlərdən tez-tez əsəbiləşirdi. Və bütün bunlar öz bəhrəsini yavaş-yavaş verirdi. Xırda bir misal deyim:
Məmmədin “Azərbaycan – dünyam mənim” şerinə Ramiz Mirişli musiqi bəstələmiş və müğənnilərimiz mahnını oxumağa başlamışdılar. Sonra mahnının oxunmasına icazə vermədilər. Səbəbi də bu oldu ki, “Azərbaycan – dünyam mənim” misrası dəyişilməlidir. Bizim dünyamız Azərbaycan ola bilməz – dünyamız SSRİ-dir və s. Belə xırda işlərlə də onun qanını qaraltmağa çalışır və nail də olurdular. Əvvəlcə sol əlində xəfif titrəyişlər başlandı.
Özümüzü evdə “yığışdırmışdıq” ki, biz də əsəbiləşdirməyək.
Yadına tez-tez gülməli hadisələri salırdıq ki, bəlkə fikri dağıla. Yox, deyəsən...
Diaqnozun qoyulması üçün dəmiryol poliklinikasındakı əsəb həkiminə müraciət etdik. Bir ay Zuqulbada istirahət etdi. Ən çoxu da özü-özünü qorxutmuşdu. Əlinin titrəyişindən utanır, get-gedə adamlardan qaçmağa başlayırdı.
Həm də işsizlik ona pis təsir edirdi. 1973-cü ildə Məmmədi Azərbaycan dövlət nəşriyyatının baş redaktor müavini vəzifəsinə təyin etdilər. Bu “ştat” əslində Məmmədi yerləşdirmək məqsədilə açılmışdı. Belə bir vəzifə əslində yox idi. Nəşriyyatın direktoru Əjdər Xanbabayev, baş redaktoru isə Mustafa Əfəndiyev idi. “Vəzifə” tamam yeni olduğundan Məmmədə işinin nədən ibarət olacağı məlum deyildi. Üstəlik, o, asılılığı xoşlamazdı. Ondan yuxarıdakılar isə bu başı bəlalıya sübut etməyə çalışırdılar ki, sən bizə tabesən. Belə sıxıntılar xəstəliyinin daha da artmasına səbəb olurdu. Işinin qeyri-müəyyənliyini aydınlaşdırmaq məqsədilə nəşriyyatın direktoruna belə bir müraciət etmişdi:
Azərnəşrin direktoru Əjdər Xanbabayev
yoldaşa
Məmməd Arazdan
Hörmətli direktor! Sizin verdiyiniz əmrə əsasən mən – İbrahimov Məmməd İnfil oğlu bir ildir ki, baş redaktor müavini vəzifəsində işləyirəm. Əvvəllər, əsasən, redaksiya müdirini əvəz eləmişəm. Əgər bir qədər qeyri-təvazökarlıq eləsəm, deməliyəm ki, illər boyu yerdə qalan bir neçə kitabın “yerdən götürülməsinə” mən də zəhmət sərf eləmişəm. Sonralar isə ancaq bu vəzifəni - baş redaktor müavini vəzifəsini “daşıyıram”. Sizə yaxşı məlumdur ki, SSRİ Nazirlər Soveti bu və ya digər ştatı və ya digər idarə-müəssisə üçün müəyyən edəndə bu ştatı tutan şəxsin boy-buxununu, yaxşı ütülənib, yaxşı gülümsəməsini nəzərə almır. Onu nəzərə alır ki, bu ştatı tutan adam, istər nazir olsun, istər şöbə müdiri, istərsə də adi xidmətçi – sovet idarəçilik qanunlarının hüquq normaları daxilində işləməli, öz kiçik və ya “orta” vəzifəsinin birincisi olmalıdır.
Bir də axı idarəçilik işində ikincilər, ücüncülər və ilaxirlər ona görə var ki, hər kəs öz yükünü götürsün. Çünki bir və ya iki adam Aristotelin müəlliminə “dərs demişlər” səviyyəsində olsa belə yenə də hər işin öhdəsindən gələ bilməzlər. Hər şeyi bilənlər – heç nəyi bilməyənlərdir. Hər şeyi bacaranlar da elə...
Mən – Məmməd Araz yoldaş, neçə ilin mətbuat işçisi, heç bir karyera həvəsində olmayan bir adam, beləcə oturub öz işimi görər, maaşını alar, kürsülərdə alqışlar da qazana bilərəm. Ancaq bir yazıçı demişkən: – “Baxanda görürəm ki,” kimsə mənim yumşaq təbiətimdən istifadə edir: kimsə elə bilir ki, mən bu təbiətimdən çıxmaya da bilərəm, özümə layiq olmayan işlərə qurşanıb edilən, bəzən mənim bəyənmədiyim halda yığılmağa göndərilən əsərlərə rəy yazıb (çıxandan sonra belə), nüfuzdan salmaya da bilərəm.
Bu necə olur ki, nəşriyyatda kitablar müzakirə olunur – mən iştirak etmirəm. Ədəbiyyat redaksiyasının işi müzakirə olunur – mən dəvət edilmirəm. Halbuku, baş redaktor bütün bu müzakirələrdən əvvəl öz müavinləri ilə məsləhətləşməli, onlara məsləhət verməli, baş redaktorun işi yaxşılaşdırmaq barədə tədbir və ya təkliflərini onlarla bölüşməli idi. Və belə etməlidir.
Bizim nəşriyyat işimizdə (mən bədii ədəbiyyatın payına düşənləri deyirəm) ciddi qüsurlardan biri odur ki, biz planlaşdırma zamanı sənət adamlarının qarşısında qoyulan tələbləri əsas götürmürük.
Bizim hamımız nə iş görə bilərik – müəyyən deyil. Bir də təkrarən deyirəm: Mən qətiyyən özümə baş redaktora qarşıduracaq nüfuz tələb etmirəm. Mən hər kəsin yerini, vəzifəsini yaxşı bilirəm və baş redaktor M.Ə-də hörmətim var. Ancaq hiss edəndə ki, sənə qarşı etinasızlıq var, tutduğun vəzifənin hörməti aşağı düşür (mən asanca bu işdən gedə bilərəm, ancaq burada kimsə işləməlidir), onda yox, məntiq belə demir, etik normalar belə demir və nəhayət, partiyamızın kadrlara münasibəti belə demir!
Sizdən xahişim budur ki, ya Siz, ya da baş redaktor rəsmi qaydada, yazılı şəkildə mənim görəcəyim işin “ad-familini” bir də təkrarən müəyyən edəsiniz. Və ya da baş redaktor müvininin görəcəyi işin forma və məzmunu haqda əsaslı şifahi göstəriş verəsiniz.
Məmməd Araz
7 iyun 1974.
Əjdər Xanbabayevin bu məktuba reaksiyasını bilmirəm, ancaq Məmməd həmişə Əjdər haqqında hörmətlə danışıb:
-“ Mənim “Qanadlı qayalar” kitabında olan bütün şerlərimə M. Əfəndiyev sual işarəsi qoymuşdu. Bu da kitabın çapını ləngidirdi. Onda Əjdər Mustafanı çağırdı və dedi:
- Mustafa, kitab necə varsa, elə də çap olunmalıdır. Sən qol çəkmirsənsə, gətir, mən çəkəcəyəm... Bu söhbətdən sonra “Qanadlı qayalar” kitabı çapa getdi.
Bəli, maniələri bir də şərh etməyə ehtiyac yoxdur. Aşıq gördüyünü çağırar, deyiblər. Görəsən, aşıq görmədiyini necə çağırmalıdır? Mən bu yazımda “aşığın görmədiyi məqamları” “çağırmağa” çalışmışam. Məmmədlə keçirdiyimiz həyatda “görməməyə çalışdıqlarımızı” aşkar etsəm, görüb çəkdiklərimiz kölgədə qalar. Nə bilim, qəribə aləmdir “bu baxıb görməmək”, “görüb baxmamaq”. Hər sözü, hər işi açıb çözələmək də olmur. Bu kitabdakı şerlər “sovet qanunlarını” özlərinə sərf formada göz bəbəyi kimi qoruyanları niyə qorxutmuşdu görən? Kitabdakı şerlərin ürəyə nüfuz etmək, ayıltmaq, düşündürmək qüvvəsinə malik olmağımı?
Görək həmin kitabdakı “Ata ocağı” şeri haqqında Məmmədin özünün fikri necədir:
“ – Ata ocağı sülhün mərkəzidir, əmin-amanlıqdır. Ata ocağından mənən heç vaxt getmək olmaz. Bu, mümkün deyil. Ancaq ata ocağından gedəndə onun odunu həm əlində, həm ürəyində aparırsan, ömrün boyu ondan ilham alırsan, yaşayırsan. Həm də doğulduğun torpaq can dərmanıdır. Harda olsan bir üzün ona tərəfdir. Bu torpağın qədrini bilməsən böyük günah edərsən, sonra da əzablara mübtəla olarsan...”
“SSRİ Vətənimizdir” devizi ilə yaşayanlara bu, xoş gələrdimi?
Sonralar da Əjdər Xanbabayev, 80-90-cı illərdə tez-tez Məmmədin görüşünə gələr, maraqlı söhbətlər edərdilər. İbrahim Bozyeli qonaq çağırmışdıq. Ə. Xanbabayev, S. Rüstəmxanlı və M. Aslan da bizdə idilər. Onların səsi yazılmış kaset məndə durur.
Yuxarıda yazdıqlarımdan və Məmmədin özünün yazdığı kimi:
Ömrümüzdən bir gül üzən dünyadı,
Dünya gözəl, dünya gözəl dünyadı.
(M.A)
“Bu gözəl dünyada” məlum olur ki, onun kölgəsini də “qılınclamağa “ hazır olanlarla o, çox işləyə bilməzdi. Məmmədin belə sıxıntılar keçirdiyi bir vaxtda Akademik Həsən Əliyev və Akademik Budaq Budaqov Azərbaycanın fauna və florasını qorumaq üçün kəsərli bir vasitə kimi jurnal çap etdirmək qərarına gəlmişdilər. Belə bir jurnal qonşu respublikalarda çoxdan çap olunurdu. Böyük çətinliklərdən sonra əvvəl-əvvəl bülleten kimi çap olunmağa icazə verilmiş və Məmmədi də oraya işləməyə dəvət etmişdilər. Beləliklə, nəşriyyatda onu sevməyənlərlə üzləşməkdən Məmmədin canı qurtardı. Və 1974-cü ilin noyabrından artıq jurnalda (jurnal deyək) işləməyə başladı.
Sonralar isə çox əziyyətlə çapa icazə alınan jurnal bəzi adamların kaprizinə görə bağlandı. Halbuki, o jurnal Azərbaycan təbiətinə ziyan vuran adamların ifşasına “Molla Nəsrəddin” jurnalı qədər lazım idi...
Məmmədə təkcə vəzifəyə çəkilməyə maneçilik olmurdu, eyni zamanda, kitablarının çapına da ciddi sipər çəkilirdi. Həm respublikanın özündə, həm başqa respublikalarda, həm də Moskvada maneələrlə qarşılaşırdı. Ancaq vətənpərvər oğullar tapılanda Məmmədin bir misrası da dəyişdirilmədən oxuculara çatdırılırdı. Hərdən “Drujba” jurnalında, “Literaturnaya qazeta”da rus dilində şerləri çap olunurdu. Məmməd kitabları ilə bağlı ən çox Moskvada yaşayan Çingiz Hüseynovla məktublaşırdı. Məmmədin bir məktubuna Çingiz belə cavab yazmışdı:
17/ X- 1969
Moskva.
Məktubunu aldım... Məktubunda o qədər məsələ qaldırmısan ki, bilmirəm nədən başlayım; görüş zamanı (Bakıdamı, Moskvadamı?) bu məsələləri bir-bir həll edərik, “əridərik”... Nə isə. Yazılarını oxuyuram, həmişəki kimi şerlərin mənalı, dolğun; vaxt gələr, ruslar da oxuyarlar; təki xalq öz doğma dilində oxuyub şairini tanıya bilsin, sevsin. “Sovetskaya pisatel”də vəziyyət hələ indiki kimi dolaşıq olmayıb. (Bakının təsiridir); bulanıq seldir,axır; bilmirsən ağzını kimə açasan, dil deyəni qulaq eşitmir; bu haqda da danışarıq...
Yol qeydlərim iri çıxıb (iki çap vərəqi), məncə, bu dəfəki yazım daha məzmunludur, çünki turist yazısı deyil, amma inanmıram bütünlüklə verə biləsiniz, axı jurnalınız (gözəl olsa da) kiçikdir, (həcmcə təbii) biz uzaqda, naçalnikiniz çox, hamı da birinci dərəcəli. Sağlıq olsun...
Xətrini istəyən – Çingiz Hüseyn.
Göründüyü kimi, Moskvada çap olunmaq üçün ya daima Bakı-Moskva marşurutu ilə “səyahətdə” olmalısan, ya da pullu şairlərimiz kimi xüsusi tərcüməçi saxlamalısan və həmin tərcüməçinin vasitəsilə Moskvada tanınasan və bir çox işləri görə biləsən.
Azər Mustafazadə Moskvada Azərbaycan yazıçılarının təmsilçisi idi. Məmməd kitabının tərcüməsi və çapı üçün ona da müraciət etmişdi. Ancaq bir neçə məktub göndərsə də “gözlə” cavabını almışdı.
Əzizim, Məmməd əmi!
Iki məktubunu aldım, sənin xahişin yadımdan çıxmayıb və çıxa da bilməz. Məsələ ondadı ki, sentyabr ayının 3-4 Moskvada SSRİ Yazıçılar İttifaqının təşkil olunmasının 40 illiyi ilə əlaqədar təntənəli plenum keçiriləcək.
Dostumuz Nikolay dayı bu plenumda əsas məruzəçidir və ona görə heç kimi qəbul etmir, telefona cavab vermir. Əmi, hövsələn olsun, az da gözlə, (gözləməyə öyrənişlisən) bu məsələni həll edəcəyik.
O ki qaldı tərcüməçi məsələsinə, onu da fikirləşərik.
Sən məndən yaxşı bilirsən ki, yaxşı tərcüməçi azdı. Onları da gürcülər və Rəsul Həmzətov qapazlayıb. Hər halda bu barədə Dmitriyeva ilə söhbətləşərik. Məndən uşaqlara salam de.
5/ VIII- 1974. Azər.
KİMƏ GÜLZAR, KİMƏ XƏZAN DÜNYADI... (M.A)
Bəd xəbər... Bakıda həkimlər Məmmədə “insofolit” diaqnozu qoymuşdular, eyni zamanda, həm müalicə, həm də düzgün diaqnoz üçün Moskvaya getməyi məsləhət bilmişdilər.
Moskvada Yazıçıların poliklinikasına respublikaların Yazıçılar İttifaqlarından məktub aparılmasa “əyalət” xəstələrini qəbul etmirdilər.
Bu məqsədlə Yazıçılar İttifaqının katibi İmran Qasımov SSR litfondunun direktoru Yuriy Nikolayeviç Voroninə Məmmədin Moskva Yazıçılar poliklinikasında müayinədən keçməsinə şərait yaradılması üçün xahiş məktubu yazmışdı.
Məktubdan sonra poliklinikada müayinə olunan Məmmədə xəstəliyinin müalicəsiz “parkinson” olduğunu bildirdilər. O, Moskvadan çox pərt qayıtdı:
- Gülxanım, mənə dedilər ki, sənin xəstəliyin müalicəsiz xəstəlikdir.
Və yenidən ictimai yerlərdən, adamlarla təmasdan qaçmağa davam etdi.
Mən eşitmişdim ki, Nodar Dumbadze ağır xəstə, yataqda olduğu halda, onu Gürcüstan Yazıçılar İttifaqının Sədri seçmişdilər, yəni ona mənəvi dayaq olmağa çalışırdılar. Bizdə isə əksinə idi: Demək olar ki,Məmmədi tamam unutmuşdular. Orden, medal, ev, mükafat – “sadağa saraydan çıxmaz” (yəni Yazıçılar İttifaqından) şüarı ilə ancaq özlərinə, öz adamlarına verilirdi.
Məmməd bütün səylərini Moskvada kitabının çapına yönəltmişdi. Yenə də Azərə məktub yazdı və cavab məktubu aldı:
Əzizim, Məmməd əmi!
Moskvadan gedəndən sizdən xəbərim olmadı, bilmədim müalicə nə ilə nəticələndi. Bir qədər narahat oldum. Bizim hamımızın sevimlisi Alla Nuri qızı Axundova yenə də öz mübarək üzünü Azərbaycan ədəbiyyatına çevirmək istəyir. Mənimlə məsləhətləşdi: – nə tərcümə edim? Dedim, Məmməd əminin bir gözəl poeması var, onu tərcümə etmək qəhrəmanlıqdır. Maraqlandı. Əmi, Alla ilə ədəbi əlaqəyə girmək istəsən, poemanı ya mənə göndər, ya da Allaya.
Onun ünvanı: Moskva 123317. Strelbişekskiy pereulik, dom 5, korpus 2, kv 9 tel: 25. 665. 91.
Azər. 21/ XI – 75.
Lakin Məmməd nədənsə poemasını göndərmədi. Yəqin kitabının rusca çıxmasını istəyirdi. (Söhbət “Atamın kitabı” poemasından gedir).
Xəstəliyinə baxmayaraq Məmməd yaradıcılığından qalmırdı.
Ürəyinin odu varsa,
Qasırğaya, oda baxma.
Yarış dağlar tərlanıyla,
Ətəkdəki sara baxma.
(M.A)
1974-cü il “Gənclik” nəşriyyatında “Atamın kitabı” çap olundu. O biri kitabları kimi bu kitabı da sürətlə satıldı, şerləri dillər əzbəri oldu. “Vətən mənə oğul desə, nə dərdim...” misrası kimi.
Və bu misra haqqında ömrünün böyük çilləsini – 40 yaşını təzəcə keçən Məmməd yazacaqdı:
“Yaxşı oğul qurar, yaradar, xalqın qeyrətini çəkər. Qeyrətin bir ölçüsü, həm də böyük bir ölçüsü doğulduğun torpağı sevmək, bu torpağı göz bəbəyi kimi qorumaqdır. Əsl oğul hər addımını yalnız və yalnız xalqının xeyri üçün atar, Vətənin taleyini düşünər. Vətən də qayıdıb belələrinə oğul deyər.
Bir də var yalançı vətənpərvərlik. Beləsi oğul deyil, məncə, heç övlad da deyil, Vətənə yükdür. Hər övlad axı oğulluq edə bilmir Vətənə! “Vətən mənə oğul desə” yarımmisrası ürəyimin səmimi səsidir. Bu səs xalqımın qəlbində əks-səda veribsə və verirsə, müəllif üçün bundan böyük xoşbəxtlik nə ola bilər?”.
1975-ci ildə “Həyatın və sözün rəngləri” publisist kitabı işıq üzü gördü. Bu kitabda bir çox maraqlı məqalələri çap olunub. Onlardan biri də “Qarabağ simfoniyası” məqaləsidir. Bu torpağı böyük bir sevgi ilə tərənnüm edir:
... Qarabağa hər dəfə gələndə sanıram ki, bura ilk dəfə gəlirəm. Bu “ilk dəfə” həvəsi ilə də həmişə Qarabağın ətəyindən zirvəsinə doğru hördüyüm xəyali daş pillələrlə birnəfəsə yuxarı qalxmaq, oradan üzüaşağı uzaqlara – Qarabağ tarixinin heç olmasa bir neçə vərəqini aça bilən uzaqlara baxmaq fikrinə düşürəm....
Qarabağ tarixində yoruluncaya qədər at çapmalı o qədər “münbit hadisələr” düzəni var ki...
Qarabağ tarixində vahiməli yarğanlar da az deyil...
“Qarabağ” sözünün tələffüzündən xoşum gəlir. Bu tələffüzdə qətiyyən “qara” və “bağ” hibridləşməsini hiss eləmirəm. Başqa etimoloji çeşmə axtarıram: “Qarabağ” – “qara bax” – yəni ucalığa, vüqara bax!
Indi bu hallandırmaların Qarabağ üçün heç bir fərqi yoxdur. O, pasportunu alıb. Bu ad çox adların, çox şöhrətlərin ünvanıdır.
“Qarabağ tarixi” deyəndə mənə elə gəlir ki, qarşımda sıldırım bir dərə açılır. Çənli-çiskinli bir havada irəliləyirəm. Qılınc-qalxan döyüşlərinin səsi ildırımların nərəsinə qarışır. Hansının hansından doğulduğunu təyin edə bilmirəm.
Kimsə “Qacar yarğanı” deyilən bir uçurumdan üzüaşağı yuvarlanır: Kimsə “Vaqif ucalığı” deyilən bir zirvəyə tərəf ip atır. Və kim isə bu mənzərələri gözaltı seyr eləyə-eləyə qala hörür. Daşlara nə isə həkk eləyir və sonra üstünü daş tozu ilə örtür. Bu da onun simfoniyası... Daşlara yazıb getdi. Hər kəsin öz simfoniyası var, amma hər kəs “Qarabağ” sözünü bu simfoniya sözünün əvvəlinə əlavə edə bilmir...
Görün, bu torpağa olan məhəbbətini necə gözəl tərənnüm etmişdir!
Kitablarının sürətlə satılması onu ruhlandırsa da mühit onu çox sıxırdı. Əhatə olunduğu bu mühitdən uzaqlaşmaq və istirahət etmək məqsədilə 1976-cı ildə, yayda Kislovodskiyə getdi. Darıxmasın deyə naxçıvanlı Musa da ona qoşulmuşdu. Məmməddən tezliklə məktub aldıq. Hiss olunurdu ki, darıxır. Məktubu ixtisarla qeyd edirəm:
Mənim əzizlərim, maması və balalarım.
Bərk darıxıram. Yağış ara vermir. Ayın 8-də Marina Svetayevanın (1892 – 1941) yaradıcılığına həsr olunmuş (şer və məktublardan ibarət) gecəyə getdim. Çox razı qaldım. Artist Smirnova onun qəmgin şerlərini bülbül fəğanı ilə oxuyurdu. Vətəndən didərgin düşmüş, ehtiyac əhatəsində xəstə ərinə, körpə uşaqlarına çox çətinliklə çörək qazanan, bir əli mətbəxdə, bir əli qələmdə olan bir şair qadının harayı məni xeyli dirçəltdi. Fikirləşirəm ki, yeganə ümid yeri qələmdən yapışmaqdır. Görüm necə olacaq, hələlik özümə qayıda bilməmişəm. Şəli balanın məktubunu aldım. Atasının obrazını yaxşı yaradıb. Məktub yazın.
10/ VI – 76 Kislovodsk. Ata.
Yazdığı bütün məktublarında əlinin pis işləməsindən şikayətlənirdi.
Marina Svetayevanın gecəsindən aldığı təəssürat isə aşağıdakı sətirlərə çevrilmişdi:
“Dünən Kislovodsk filormoniyasının kiçik zalında (8. 06. 76) rus şairi Marina Svetayevanın şer və məktublarından ibarət ədəbi gecəyə getdim. Artist Smirnova onun şerlərini bir qəmli bülbül fəğanı ilə oxuyurdu. Onun insan taleyi, ər-uşaq qayğısı, şair ömrü, şair dərdi necə də şerlərinə hopub. Təklikdə tək olmaq, tək olmaqla təkliyin dərdini ümumiləşdirmək, uşaqlığa, gəncliyə qayıtmaq və qayıda bilməmək... Bütün bunlar necə təbii yazılıb, necə təbii ifadə olunur.
İtmiş Vətəni qələmdə-kağızda, ehtiyacı-qayğını poeziyada tapmaq, inanmaq ki, bu da həyatdır, qarşıda “ikinci” həyat var, onu yaşayırsan.
Mən bu kövrək, mübarız, mərd qadının obrazını göz önünə gətirdim, faciəsinə acıdım, gözlərim yaşardı. Saat yarımdan bir az artıq keçən bu poeziya gecəsinin təsirindən qurtara bilmirəm. Bu təsir mənə özünün-özünə hesabatı kimi səsləndi.
Nə yazmışam, neyləmişəm? Yaş ötüb keçir. Taledən ömür istəyirəm – 5-cə il, arzumca işləyə bilim, özüm-özümdən azacıq da olsa razı gedim. Onsuz da hər şey yaddan çıxacaq, hər şey unudulacaq. Qədir bilən azdır.
Öldü bülbül, soldu gül;
Kəsildi qovğa bağdan.
Mənim kimilərin tədqiqatçısı tapılınca olan-qalan əl yazmalarım da küləklərə yem olacaq. Bu boyda rus ədəbiyyatında ən kiçik sənətkarın da öz yeri, öz daimi təbliğatçısı var. Bunu biz bacarmırıq, bacara bilmirik, yox, bacarmaq istəmirik.
Müasir ədəbiyyata dost-qohum, vəzifə, çəki məyarı ilə yanaşanda Nizamilər, Sabirlər də uduzur.
Rus ədəbiyyatında necə? Onlar Puşkini təbliğ edirlərsə, onunla birlikdə Lermontov, Nekrasov, Tvardovski, Yevtoşenko və ilaxir tədqiq olunur, öyrənilir.
Puşkinin böyüklüyü təkcə əsərlərinin gözəlliyi, oxunaqlığı ilə şərtlənmir. Puşkin özündən sonra kimi gətirib? Ənənə müasir ədəbiyyatı necə rövnəqləndirir? Məsələ bundadır. Nə isə...
Sağ ol, Marina xanım, xanım ömrü yaşamayan faciəli şair, qəbri itmiş Hadiyə oxşayan şair, sağ ol! Bir gecənin təsirindən xeyli özümə gəldim, özümə qayıtdım. Sağ ol! Marina Svetayeva.
Kislovodsk. 9 iyun 1976.
Tabutum olaydı kaş yazı masam,
Yataydım yazılar arasındaca...
(M.A)
Tabutunun yazı masası olması, sətirlərinin arasında yatmaq istəyinə baxmayaraq, yaradıcılıqla məşğul olmağa hələ də bir küncü yox idi ki, oturub ürəyincə yaza bilsin.
Bu o vaxtlar idi ki, Yazıçılar İttifaqına tez-tez evlər ayrılırdı, özü də yaxşı yerlərdə. İttifaq isə istədiyi adamlara ev verir, Məmməd isə yenə kənarda qalırdı. Heç Yasamaldakı iki otağı da İttifaqdan almamışdı. Onu bizə Əliş Lənbəranski vermişdi. Xəstəliyinin artdığını gördükcə müxtəlif vəzifə sahiblərinə müraciət etsə də, bu, bir nəticə vermirdi. (Müraciət və ərizələr hamısı arxivdə durur).
“Azərbaycan təbiəti” jurnalında işə başlayandan sonra Həsən Əliyevin köməkliyi ilə o vaxtkı Lenin (Azadlıq) prospektinin qurtacağında 16 mərtəbəli binanın 11-ci mərtəbəsində bizə ev təklif etdilər. Getdik, baxdıq. Düzdü, işlədiyim məktəbə yaxın idi, amma otaqlar quş damı kimi kiçik, eyni zamanda, 11-ci mərtəbə. Köçmək istəmirdik. Cabir Novruz, Nəbi Xəzri gedib baxdılar və Məmmədi köçməyə razı saldılar. Həsən müəllim çalışsa da bizə aşağı mərtəbədə ev ala bilmədi. Məmməd həmişə söhbətarası deyərdi:
-Həsən müəllim neçə dəfə mənim yanımdaca Baksovetə zəng edib yaxşı yerdə, müvafiq mərtəbədə bizə ev verilməsini xahiş edib, lakin cavab veriblər ki, dediyin evlər MK-nın və Nazirlər Sovetinin işçiləri üçün tikilibdir.
Nə isə... Təzə evə köçəndən sonra iki il su və istiliyin verilməsi yaxşı oldu, lift işlədi. Sonra... sonra da su gəlmədi, istilik şəbəkəsinə “göz dəydi”, lift işləmədi... 11-ci mərtəbəyə aşağıdan su dartmalı olduq.
1977-ci ildə yenə də mənimlə əlaqədar olaraq İstisuya getməli olduq. (şəkil) Səyavuş Aslan da ailəsi ilə birlikdə orada idi. Birlikdə çəkdirdiyimiz şəkillər var. Qasım Qasımzadənin anası Arəstə xala maraqlı söhbətlər edər, Məmmədi darıxmağa qoymaz, ürək-dirək verərdi. Yəqin Səyavuş müəllim yaddan çıxarmış olsa da mənim yaxşı yadımdadır. Bir dəfə...
İstisuda yalançı bal, pendir motalı və s. satanlar çox idi. Səyavuş da pendir motalını həyətə gətirtdi; özünəməxsus yumurla əlavə etdi:
- Qış günü, şirin çay, Kəlbəcər dağlarının ətri gələn pendir...
Məmməd də zarafatla əlavə etdi:
- Pəh-pəh, evində ölməyəsən kasıb, balaların qorxar...
İstirahət edənlərin əksəriyyəti həyətdə idi. Hərəsi bir formada motalı yoxlayır və deyinirdilər: - Səyavuş müəllim, motalda pendir yerinə pendir suyudur, bir-iki kilo pendir ya olar, ya da olmaz.
Bu motalı “yoxlayanlara” diqqətlə qulaq asan Səyavuş müəllim motal sahibini yaxaladı: - Apar, pendir suyunu özün ye – dedi. Əslində bütün günah “motal bilicilərində” idi.
Biz Məmmədlə bu mənzərəni xatırlayıb gülərdik.
Sol əlinin titrəyişi çoxalıb sağ əlinə və ayaqlarına da keçmişdi. Həkimlər məsləhət görürdülər ki, Moskvaya müalcəyə getsin.
Yaradıcılığından ayrılmaq istəməsə də məcburən 1978-ilin mart ayının əvvəllərində Moskvaya müalicəyə getməli oldu.
Moskvada Faiq Cəmcəmli (Məmmədov) onunla görüşür, biz də Faiqə zəng edib Məmmədin halını ondan öyrənirdik. Özü haqqında tez-tez məktublar vasitəsilə də xəbər verirdi:
Mənim qəşəng balalarım, gözəl-göyçək balalarım.
Salamlar olsun! Mən dünənləri gəlib çıxdım xəstəxanaya. Hələlik analizlərlə məşğulam. Həkimlərin qayğıları, baxışları, ürək-dirəkləri yaxşıdır. Müalicələrini hələ bilmirəm. Yemək məsələləri belədir: - adamdan başqa, it yeyə bəlkə. Faiq Məmmədov gəlib-gedir yanıma. Telefonu 308-62-91-dir. Ona zəng edib xəbər tuta bilərsiniz. Bir “Biləndər” medsestra söz verib ki, sənə yemək gətirərəm. Hələ gözləyirəm. Dərman boldur, yeməksiz keçinər. “Eldopa” qəbul edirəm. Ümumi vəziyyətim pis deyil. Bir palatada 7 nəfərik. Xoruldayanı azdır. Yəqin ki, ev-eşiyi yığışdırıb məni gözləyirsiniz. Darıxmayın. Mamadan və İradədən xahiş edirəm: Şəlalə sizə qoşulmasın. (zarafat) Familə zəng edib mənim kitabımın vəziyyətini öyrənin. Yenə məktub yazacağam. Öpürəm hamınızı.
7/ III- 78.
“Biləndər” rəhmətlik Hüseyn Arifin sevimli sözü idi. Demək olar, bütün yazıçıların ağzına düşmüşdü bu ad. Deyərdi: - gərək hər evin bir Biləndəri olsun (yəni ev işlərinə, bazarlığa və s. kömək edən).
Biz günaşırı Faiqdən Məmmədin vəziyyətini xəbər alır və ondan xahiş edirdik ki, Məmmədi darıxmağa qoymasın, qoy müalicəsini davam etdirsin.
Məmməddən isə ardıcıl məktublar alırdıq.
Mənim gözəl balalarım.
Hər ikinizin - əvvəlcə İradənin, sonra da Sünbül balanın məktubunu aldım. Sevindim, qanadlandım. Mənim bundan sonrakı müalicəm, sağlamlığım sizin ağıllı olmağınızdan asılıdır. Vəziyyətim pis deyil. Bütün müalicələrə başlayıblar. Demək olar, yüklənmişəm. Fizioterapiya və dərman müalicələri davam edir. Dərmanlar bir qədər ağırdır. Dediklərinə görə nəticə yaxşı olmalıdır. Bu gün çox narahat idim, darıxırdım. Sizdən məktub alıb yüngülləşdim.
Bu günləri Faiq və Oqtay Rza yanıma gəlmişdilər. Qalya xörək göndərmişdi. Axşamlar 7-8-də 245-91-73-ə zəng edin, yığa bilsəniz 210-cu palatadan məni çağırın. Danışan çox olur, odur ki, 15-20 dəqiqə yığmaq lazımdır.
Mən hər gün Faiqə zəng edirəm, ona zəng vurun, (təcili sözünüz olsa) əgər Kamal doşab göndərsə, təcili gələn tapılsa, bir şüşə doşab göndərin (o qədər vacib deyil). Pul ehtiyacınız olsa, yazın, Əzizə xanıma məktub göndərim versin. Bizə zəng edib soruşan olsa, salam deyin.
Öpürəm hamınızı. Mamanı öpün. Ünvanı belə yazın: Moskva 1190211. ul. Rossalimo 11. II etaj, 210-ya palata.
Gələndən sonra yazmadıqlarımı danışaram.
Şəlalə - yəni Sünbül bizdən həmişə atasına şikayətlənərdi. İndi də əlinə “qələm fürsəti” düşmüşdü.
Mənim qəşəng papulyam!
Necəsən? Pap, sənin ayın 7-də yazdığın məktub bizə gəlib 14-də çatmışdı. 10-da biz məktub yazmışdıq. Narahat olurduq ki, papa görəsən niyə məktub yazmır. Pap, kefin necədir? Təki yaxşı olasan. Sənin üçün elə darıxmışam. Bir az tez sağal, gəl. Evdə tək qalıram, mənimlə heç kəs oynamır. Kimin yanına gedirəm, qovur. Elə tək qalmışam ki... Sən bir az tez gəlsəydin canımı bunların əlindən qurtarardım.
Cavab yaz. 17/ III - 78.
İmza: Sünbül.
Məmməd sonrakı məktublarında əhvalının xeyli yaxşılaşdığını, Bakıdakı dostlarından da məktublar aldığını, hər şeydən əvvəl, özünün artıq xəstəliklə barışdığını yazırdı. Tərcüməçisi Protalinin yoldaşı Qalyanın yemək göndərdiyini, özünün isə Tamaraya pul verib lazımı şeyləri aldırdığını da yazırdı ki, biz narahat olmayaq. - “Palatamız gözəl bir ailədir, arvadları hər gün gəlir. Ruslarda gözəl adamlar çoxdur,” – deyirdi.
Məmməd Söhrab Tahir, Nəbi Xəzri və Məmməd Aslandan da məktublar almışdı. Məktublarda hər kəs özünəməxsus fikirlər və sözlər işlətmişlər ki, Məmmədin keyfi açılsın.
Söhrab yazırdı: - ...Yolunu gözləyirəm, tək mən yox, sənin xalqın gözləyir. Sənsən onun mayağı və mənəvi – bədii allahı! Əmi, gəl bizi Məmməd Araz kimi sevindir.
Söhrab Tahir.
5/IV- 78.
Məmmədlə bir palatada Blinov familli bir rus da yatırdı. Sonralar Blinov Məmmədə tez-tez məktub yazar, xəstəliklə əlaqədar nə yenilik varsa, yeni dərmanlar çıxıbsa, dərhal bizə məlumat çatdırar, əlinə düşən yeni dərmanı da göndərərdi. Çox yaxşı adam idi. Biz Moskvada onun evində də olduq. Xəstəlik onu lap əybəcərləşdirmişdi. Əlləri uzanmış, ayaqları əyilmiş, ikiqat olmuşdu, ancaq çox çevik idi. Xeyli vaxtdan sonra məktubları kəsildi. Bizdə olanları isə arxivdə durur.
Deyirəm dahilik hayım-harayım,
Üfüqdən boylanır... Bu nədir hələ -
Günəşdən ayrıca bir işıq payı
Mənim ünvanıma yol gəlir hələ.
(M.A)
1978-ci ildə verilən fəxri adlardan Məmmədə “əməkdar mədəniyyət işçisi” adı pay düşdü. “Əməkdar mədəniyyət işçisi”– gör necə də “əzəmətli” səslənir. Məmməd onun ardınca getmədi. Uzun müddət keçəndən, tez-tez edilən – gəlin diplomu alın – zənglərindən sonra mən gedib bu “fəxri adın” diplomunu Çuvarlinski familli bir işçidən götürdüm.
Sonralar Adil Cəmil özünün “Haqqın var, Məmməd Araz” adlı məqaləsində yazacaqdı:
“Azərbaycan şerinin üfüqlərindən boylanan Məmməd Araz zirvəsini çoxları görə-görə görməməzliyə qoyub özünü. Tariximizin elə çağlarını yaşamışıq ki, bu böyük sənətkarın hər cür tərənnümdən uzaq poetik həqiqətləri mədhiyyəçi ədəbiyyat “kuratorlarının” xoşuna gələ bilməzdi. Buna görə də təbii ki, Məmməd Araz adı bütün fəxri adlardan və mükafatlardan yan keçməliydi.
Lakin şairə xalq məhəbbəti rəsmi mükafat və təltiflərdən yüksəkdə dayanıb...”
Mərdəkanda yazıçılar üçün tikilən təzə yaradıcılıq evinin açılışına Məmməd də getmişdi. O vaxtlar belə söhbətlər yayılmışdı ki, Kərbəlada Füzulinin qəbri olan yerdən dövlət əhəmiyyətli yol keçəcək. Füzulinin sümüklərini isə muzeydə qoyublar. (Dəqiq bilmirəm, bəlkə də ara sözləri idi). Iclasda iştirak edən Heydər Əliyev (Məmmədin söhbətinə görə) yaman acıqlanıbmış və deyibmiş:
“Hansı biriniz bu barədə Moskvanın qarşısında tələb qoymusunuz ki, mən arxanızda durmamışam? Axı birinci katib olduğuma görə belə məsələlərə mən qarışa bilmərəm, siz yazıçılar, ziyalılar isə tələb edə bilərsiniz və qəbri Azərbaycana gətirə bilərik. Siz – çox yazıçılar, bütün adları, mükafatları, ordenləri almısınız, nədən qorxursunuz, niyə qabağa düşüb belə məsələləri mərkəzin qarşısında qaldırmırsınız? Siz bu məsələləri qaldırsanız, tələb etsəniz, mən də sizi dəstəkləyərəm və buna tam əmin ola bilərsiniz ki, qalib də gələrik”.
Bu söhbətləri sonralar da tez-tez xatırlardı Məmməd. Orada Heydər Əliyevin çıxışından xoşu gəlmiş və onun adına belə bir teleqram da vurmuşdu:
Azərbaycan KP.M.K-nın katibi Heydər Əliyev yoldaşa.
Əziz Heydər Əliyev! Yaradıcılıq evinin açılışındakı çıxışınız, yazıçılar qarşısında qoyduğunuz məsələlər çox maraqlı, təzə və səmimi oldu. Ədəbiyyatımıza, yazıçı sənətinə qayğınız, qiymətiniz üçün sağ olun. Cənubi Azərbaycan məsələsinə Sizin bu yeni münaisbətiniz, məncə, bütün xalqımıza qanad verdi, həsrətinə su səpdi. Siz respublikamıza başucalığı gətirmisiniz.
Sizə qəlbən hörmət bəsləyən:
Məmməd Araz.
9/VI- 81.
QARA DƏNİZ, HEÇ ŞƏRQİNDƏN DOYMADIMBir az istirahət etmək, mühitdən ayrılmaq, yaradıcılıqla məşğul olmaq məqsədilə 1980-cı il sentyabrın axırlarında Məmməd Tofiq Mahmudla Pitsundaya – yaradıcılıq evinə getdi. Bir xeyli keçəndən sonra belə bir məzmunda məktub yazdı:
Mənim əzizlərim!
Gülxanım, İradə və Şəlalə!
Salamlar olsun!
Mənim belə gec məktub yazmağımdan inciməyin. Əvvələn, gələndən bir təhər kağıza-qələmə isnişib xırda-para yazılar yazıram. Məktubu çətinliklə hərfləri zorla tapa-tapa yazıram. Səhətim bir az yaxşıdır. Əsəblərim bir az sakitləşib, ancaq nəm hava yaxşı təsir eləmir. Telefonla danışmaq mümkün deyil. Teleqram vurmuşam. Yemək, içmək, istirahət pis deyil. Ancaq bunlar hamısı sağlam adamlar üçündür. Yoldaşlarım – Hikmət, Tofiq, Əli Səmədov – qayğıma qalırlar. Mən isə daha qayğı planını yerinə yetirmişəm. Bir yazımda demək istəyirəm:
Böyük dünyanın kiçik dərdləri
Böyük dərdlərindən daha böyükdür.
Və bir də:
Mənim yuxularım, yuxular deyil,
Mənim qayğılarım qayğıya sığmaz.
Bilirəm. Iş-gücünüz, qayğınız çoxdur, mənim sayıqlamalarımı dinləmək o qədər də maraqlı olmaz (elə özüm üçün də). Ayın 15-nə kimi bilet almışıq. Sağlıq olsa axşam ordayıq. Bu qədər. Cavab gözləmirəm. Daha məktub yazmasam, narahat olmayın.
Öpürəm sizi.
Məmməd
2/X – 80 Pitsunda.
Məmmədin “istirahəti” yazmaq, yenə də yazmaq idi. Gələndə xeyli yeni şerlə qayıtmışdı. Onların arasında Hikmət Ziyanın Məmmədə həsr etdiyi şer də vardı. Həmin şerdən bir bənd yazıma əlavə edirəm:
O dinməzdir, hamımızdan az danışandır,
Ancaq onun tufanlar ürəyindədir.
Məmməd Araz Azərbaycan havasındadır,
Məmməd Araz Azərbaycan çörəyindədir.
(Hikmət Ziya)
Biz – evdəkilər razı idik ki, o, hər iki aydan bir Bakı mühitindən uzaqlaşsın, hər dəfə qayıdanda da “bir qucaq” şer gətirsin.
Istirahətdən qayıtdıqdan sonra yenə də liftlərin işləməməsi ilə əlaqədar olaraq 11-ci mərtəbəyə qalxa bilməməsi, ictimai mühit və s. problemlərlə qarşılaşdığına görə hiss edirdim ki, əsəbiləşir, əsəbiləşdiyinə görə də xəstəliyi artırdı.
Aşağı mərtəbədə evlə təmin olunmaq üçün həm Yazıçılar ittifaqına, həm də ayrı təşkilatlara müraciət etsə də bir faydası olmamışdı.
Həmin ərizə və müraciətlər arxivində durur.
Eyni zamanda, bütün yazıçıların bağı olduğu halda, bizim bağımız da yox idi ki, yayda heç olmasa maşın səsindən, 11-ci mərtəbədən bir neçə ay canımız dincəlsin. Bu məqsədlə bir neçə “çinovnikə” müraciət etdi Məmməd.
1. Bakı şəhər bağ təsərrüfatı idarəsinin rəisi İ. Vəkilov yoldaşa
2. Azərbaycan KP Bakı komitəsinin birinci katibi Müslüm Məmmədov yoldaşa.
Onlar bağ vermədilər, bizim də bağ almağa pulumuz olmadı. Və indiyəcən də bağımız yoxdur. Nəticədə hər yay Bakının istisində “bişməli” olduq.
Qışı, şükür allaha, salamat başa vurduq.
1981-ci ilin avqustunda keçən ilki dəstə yenə də Pitsundaya getdilər. Məmməd Bakıdan kənarda az da olsa işləyə bilirdi. Ikinci dəfə çox kiçik həcmli bir məktub yazdı:
Mənim əziz sünbüllərim!
Salamlar olsun. Mənim səhətim pis deyil. Bir xeyli şer yazmışam. Odur ki, məktuba vaxtım qalmır. Ayın 18-də axşam saat 10-da buradan uçuruq. Axşamdan liftyora deyin ki lifti bağlamasınlar. Elə bir lazım sifariş olsa təcili yazın.
Bu qədər, öpürəm hamınızı.
Məmməd. 6/IX -81.
Bu dəfə keçən ilkinə nisbətən az şerlə gəlmişdi. Yenə də min şükür...
Şərqi doğar bu damazlıq dalğalar,
Veysəl gözlü, Şəmşir sazlı dalğalar.
(M.A) .
Günlər, aylar, fəsillər bir-birini əvəz edir, illər öz ahəngi ilə təzələnirdi.
Tofiqlə qərarlaşmışdılar ki, bu il məni və Rəfiqəni də özləri ilə Pitsundaya aparsınlar.
Nəvəm Toğrul təzə anadan olmuşdu. Bir tərəfdən uşaqları tək qoymaq istəmir, digər tərəfdən isə Qara dənizi görmək istəyi üstün gəlirdi.
Nəhayət, bir ay öz hesabıma götürüb Məmmədə qoşuldum. Təyyarə dağların üstü ilə uçduqca qəribə mənzərələr bir-birini əvəz edir, təyyarənin pəncərəsindən çox möcüzəli görünürdü, yəni bu, mənə elə gəlirdi... Zirvələr müxtəlif formalarda, qəliblərdə... – Heyrətlənir, heyrətimi Məmmədlə bölüşmək istəyirdim. Dönüb ona baxır, görürdüm ki, mənə qəribə görünənlər ona qəribə gəlmir.
Soçidən maşınla Pitsundaya yollandıq. Mənzərəli yerlər idi. Qara dənizi – Məmmədin təsvir etdiyi Veysəl gözlü ləpələri görəcəkdim. Qaqraya çatmamış yol, bizim günəşi gizlədən Qəçrəş yoluna bənzəyirdi.
Sanatoriya lap dənizin kənarında tikilmişdi SSRİ-nin hər yerindən yazıçılar burada həm istirahət edir, həm də yaradıcılıqla məşğul olurdular. Mən Rəfiqə ilə dəniz kənarında gəzişər, Məmmədlə Tofiq isə öz yaradıcılıqları ilə məşğul olardılar.
Bir dəfə azərbaycanca danışığımızı eşidən qoca bir kişi bizə yaxınlaşıb salam verdi. Bir xeyli bizimlə söhbət etdi. Söhbət arası bildirdi ki, ölməyə vətənə qayıtmaq istəyir. Arvadının rus olduğunu bildikdə əsəbiləşdik, deyindik.
“... Ay adam, öz torpağında Fatma, Tükəzbanlardan almadın, cavanlığını, çörəyini ayrı millətə bəxş elədin. Qocalıb onlar sizə baxmayanda vətən yadınıza düşür?!..”
Yazıq kişini o qədər danladıq ki, o, daha bir də gözümüzə görünmədi.
Hadisəni Tofiqlə Məmmədə danışdıq, bizə güldülər.
Arada ekskursiyaya da gedirdik. Qafqaz gözəli Ritsa gölünü, Novo Afon mağaralarını, Suxumi şəhərini gəzdik. Suxumidə limana və meymun parkına baxdıq. Bu sətirləri yazdığım zaman müharibə, yəqin ki, oraları xarabaya döndərib.
Qəfil hökmləri qəfil yazmalar,
Naqəfil darğalar yadıma düşdü...
(M.A)
Doğru deyirlər ki, şairin taleyi şəxsi taledən başlayır. Məmmədin də keçilməz yerlərdən keçən ömür yolu vətən və vətəndaş qayələrindən doğulan bir şairin tale payıdır.
1982-ci ildə Məmmədin də adını dövlət mükafatına təqdim olunanların siyahısına salmışdılar. Məmməd özü bilə-bilə ki, ona mükafat verməzlər, təqdimata razılıq verməzdi. Görünür, yoldaşları onu bu işə məcbur etmişdilər. Deyirlər, sən saydığını say, gör Azərbaycan ədəbiyyatından xəbəri olmayan, dilini bilməyən, ədəbiyyatı ancaq təbliğ olunan adamların timsalında görənlər nə sayır?! Eşitdiyimə görə xalq arasında hörməti olan şairlərə münasibəti yaxşı olmayan adamlar komissiyada çoxluq təşkil edirmişlər. Hətta bizə çatdırmışdılar ki, Cövdət Hacıyev deyibmiş: – Mamed Araz? Kto on takoy?
Nə isə... mükafat ayrı bir yazıçıya verildi. Təsir, əks təsirə bərabərdir – deyirlər. Onda Azərbaycanın haqqı müdafiə edən təbəqəsi MK-ya çoxlu teleqram vurmuşdular.
Məmməd özünü buna hazırlamışdı, ancaq yenə də olsa, bir insan kimi bu haqsızlıq ona öz təsirini göstərmişdi. Süleyman Rüstəmə məktub yazmış və bu cavabı almışdı:
Əziz kiçik qardaşım Məmməd Araz!
Məktubunu aldım. Təşəkkür edirəm, mərdliklə yazılmış sətirləri təkrar-təkrar oxudum. Lakin bir qədər bədbin sətirlərə rast gəldikdə məyus oldum. Əziz qardaşım! Sən hələ gəncsən, xəstəliyə dözüb onu başından etməyə səndə qüdrət yox deyildir. Mən bu yaşa qədər bir neçə ağır xəstəliklə mübarizədə olmuşam. Daxilimdəki inamımla müalicə zamanı həkimlərə də köməkçi olmuşam. Sən də belə ol, əzizim!
Sən şerləri ürəklərə yol tapan gözəl bir şair kimi mükafatlara layiq şəxsiyyətsən. Əlbəttə, belə məsələlərdə kimsəyə dil açmamaq, yalvarmamaq əsl sənətkara yaraşan sifətdir. Mən şairdə bu hərəkəti alqışlayıram.
Mənə verilən adlardan, nailiyyətlərdən mənim əvvəlcədən xəbərim olmamışdır. Amma elələri olub ki, özlərini nadir istedad sanaraq təşkilatları bu mənada cana gətiriblər. Onu da deyim ki, sənin barəndə söhbətə bir də qayıdacayıq.
Möhkəm ol, qardaşım! Poeziyamızı gözəl şerlərinlə zənginləşdirmək yolunda sənə uğurlar olsun!
Yeni bahar bayramın mübarək.
Sənə möhkəm can sağlığı və səadətlər arzulayıram! Səni bağrıma basıb öpürəm!
1982. 28 aprel.
Süleyman Rüstəm.
Xəstəliyilə əlaqədar hər il Şüvəlandakı sanatoriya tipli xəstəxanaya bir aylığa müalicəyə gedir, mən də məcburən ona qoşulmalı olurdum. Bu müalicələrin də bir o qədər əhəmiyyəti olmurdu. Ayaqları da tutulmağa başlamışdı. Suda boğulan saman çöpündən yapışan kimi biz də arabir ara həkimlərin yanına gedir, bəlkə onlardan bir əlac olacağını gözləyirdik.
Əli heç bir şeyə çatmayanda başını aşağı salıb öz işi ilə məşğul olurdu. Kitabları yenə də maniə ilə çap olunurdu. Əlli yaşına isə az qalırdı. Məmmədlə harada görüş keçirilirdisə, oxucular ondan yeni şer, yeni kitab istəyirdilər. Məmməd də öz növbəsində müxtəlif sədləri keçmək üçün müxtəlif adamlara müraciət etməyə məcbur olurdu:
Azərb. SSR Nazirlər Sovetinin Dövlət nəşriyyatı, Poliqrafiya və Kitab ticarəti işləri komitəsi sədrinin müavini Azər Mustafazadə yoldaşa
şair Məmməd Arazdan
ərizə
Yazıçı nəşriyyatı bu yaxınlarda mənim “Dünya sənin, dünya mənim” adlı kitabımı çap eləməyi nəzərdə tutur. Lakin kitabın tirajı çox az – 7 min nüsxə müəyyən edilib. Qeyd edim ki, mənim Azərbaycan dilində son kitabım 1979-cu ildə buraxılıb.
Bu günlərdə 50 yaşım tamam olur. Bununla əlaqədar keçən görüşlərdə və ümumiyyətlə, oxucular kitablarımın daha artıq tirajla çap olunmasını xahiş edirlər. Yazılarıma oxucu marağını nəzərə alaraq təzə çıxacaq “Dünya sənin, dünya mənim” kitabımın 15-20 min, mümkünsə daha artıq tirajla buraxılmasına sərəncamınızı xahiş edirəm. Zəmanət verirəm: kitabım satılandan sonra qonorarım ödənsin.
İmza: Məmməd Araz.
5/X – 1983.
Bu xahişdən sonra həmin kitabın tirajı 15 minə qaldırıldı, lakin tələbat daha artıq idi. Bunu kitabın sürətlə satılması da sübut edirdi. Sonralar kitabı özümüz də lazım olduğu üçün axtardıq, tapa bilmədik. Işbazlar isə onu altdan satmağa başlamışdılar.
Əlli il deyildi, əllicə gündü...
Enişli- yoxuşlu... çoxları bilir.
1983-cü il oktyabrın 14-də rəsmən Məmmədin 50 yaşı tamam oldu.
Bütün qəzetlər – respublika və əyalət qəzetləri, jurnallar, – bir sözlə, bütün mətbuat yuxarıların heç bir göstərişi olmadan 50 yaşla əlaqədar məqalələr çap etməyə, təbrik teleqramları verməyə başladılar.
Filarmoniyada inşaat-mühəndisləri institutu Məmmədlə görüş keçirdi. Tədbirdə institutun rektoru Bünyad Sərdarov, müəllim kollektivi və tələbələr iştirak edirdi. Yenə də həmişəki kimi zal ağzınacan dolmuşdu. Oturmağa yer yox idi. Kim harada mümkünsə, orada ayaq üstə dayanmışdı. Keçə bilməyənlər isə fürsət axtarırdılar ki, bir təhər içəri keçsinlər. Gecəni rəhmətlik Aydın Məmmədov aparırdı. Lənkəran gül bağından Məmmədin bu məclisinə təzə-tər gül çələngi göndərmişdilər. Bir tələbə qızla tələbə oğlan Lənkəranlıların yubiley təbrikini oxuyub Məmmədin şerlərindən dedilər və çələngi təqdim etdilər. N. Mehdixanlı “İlham pərisi” şerini oxuyanda bir yerdə çaşdı. Bütün zal xorla şerin arxasını deməyə başladılar. Belə bir auiditoriya ilə mən bu vaxta kimi rastlaşmamışdım. Görüş dörd saat yarım çəkdi. Heç kim zaldan çıxmaq istəmirdi. Gecənin afişasını saxlamışam. Sonralar, lap sonralar mən həmin gecənin çəkilişini televiziyadan almaq istədim, ancaq çəkiliş mənim düşündüyüm kimi, – 50 illik yubiley adıyla yox, sadəcə “Yazıçılarla görüş” başlığı altında saxlanırdı. Çünki deyə bilməzdilər ki, gecə Məmmədin 50 illiyi ilə əlaqədar keçirilib, olmazdı, qoymazdılar, çünki onun heç bir titulu yox idi.
Gecədə Məmməd tutula-tutula bu sözləri demək istəmiş, lakin tam ifadə edə bilməmişdi...
Zal elə susmuşdu ki...
Hörmətli yoldaşlar!
Sizə, məni səmimi alqışlarla qarşılayanların hamısına, bu görüşü təşkil edən inşaat-mühəndisləri institutunun professor- müəllim heyətinə, tələbələrinə, rektorluğuna, partiya və həmkarlar təşkilatına təşəkkürümü bildirirəm.
Bu etibar, bu etimad, bu alqışlar üçün var olun!
Əziz yoldaşlar, məndən əvvəl hörmətli ədəbiyyatşünas Aydın Məmmədov Azərbaycan şerinin geniş coğrafiyasından, ittifaq və dünya miqyasında onun yerindən yaxşı danışdı. Mən bu ədəbiyyatın adi bir qələmçalanı olmağımla fəxr edərdim. Bilmirəm, bu şərəfə layiq olmağım mümkündürmü?
Mübaliğəsiz deyirəm: hər əlimə qələm alanda dağ zəhmli ustadlar gözlərim önündə dayanır: “Oğulsan, təzə söz de, bu nəhənglər önündə imtahan ver” – deyirəm. Nizaminin bu beyti:
Şerdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da;
Ömər Xəyyamın bu misrası:
Mənsiz bu dünyanın işi keçərmiş
Əcəba, nə üçün cahana gəldim.
Nəsiminin bu kəlamı:
Şərhi bəyana sığmazam...
Gözlərim önündə şüar kimi asılır. Istər-istəməz deməli oluram:
Mənim gəlişimlə nə dəyişildi?
Mənim gedişimlə nə dəyişəcək?
Bütün irili-xırdalı yazılarımı bu etiraf üstündə qurmağa çalışıram. Buna nə dərəcədə nail oluram, deyə bilmərəm. Bu il “Yazıçı” nəşriyyatında “Dünya sənin, dünya mənim” adlı şerlər kitabım çapa hazırlanır. Kitab redaktə olunub, bu günlərdə yığılmağa göndəriləcək.
Moskvada da kitabım çap olunacaq. Bu il əsas işim bunlarla bağlı olub. Nə qədər ki, qələm tuta bilirəm, işim-ömrüm davam edir. Taleyin yoluna qəfil zəlzələ çıxana qədər sözüm olacaq deməyə.
Bəs sonra? – Sonrasının sonu görünməz...
Bir daha sizə və əvvəlcədən televiziya tamaşaçılarına təşəkkür edib, yadımda olan iki balaca şerlə çıxışımı tamamlayıram...
Sonra, sonrası belə oldu, – sözlərini deyə bilmədi, şerlərini söyləyə bilmədi; vaxtilə kürsüləri titrədən, şerləri su kimi içən ikicə şerini oxuculara çatdıra bilmədi., kövrəldi, zal Məmmədi başa düşürdü, onunla bərabər kövrəlirdi, ağlayırdı. Sevirdi Məmmədini zal. Hərdən fikirləşirəm ki, onu xalqa sevdirən cəhətlər hansılardır? Bir qadını kimi yox, bir oxucu kimi bu qənaətə gəlirəm ki, bu, şerlə bədii təfəkkür tariximizin möcüzəsidir. Və bu sehrdən kənara çıxmaq olmaz. Zal Məmmədi təxminən 20 dəqiqədən çox ayaq üstə durub alqışladılar.
Məmməd bu sevgidən, bu alqışdan silkindi, qələmdən daha bərk yapışdı.
Sonralar Kamil Qurbanov özünün “Gözəl sənət nümunələri” məqaləsində yazacaqdı:
“...İlk şerlərindən başlamış bu günə qədər fəlsəfi və estetik baxımdan poeziyamızın gözəl nümunələrini yaradan Məmməd Araz təravətli, bənzərsiz, novator və mütəfəkkir şairdir.
Təravətlidir – ona görə ki, bu poeziya qaynar bulaqdır ki, hələ neçə-neçə nəsillər bu bulaqdan su içməli olacaqdır.
Bənzərsizdir – ona görə ki, şair özündən əvvəlkiləri və müasirlərindən heç kimi yamsılamır, yalnız özünəməxsus, Məmməd Araz sayağı keçilməmiş bir yolla uğurlu addımlarla irəliləyir.
Novatordur – ona görə ki, “Seçilmiş əsərlər” kitabındakı şerlər forma əlvanlığına, deyim üsulu baxımından yeniliyə və obrazlılığa malikdir.
Mütəfəkkir şairdir – ona görə ki, M. Araz dərin müşahidəçilik qabiliyyətinə malik olduğu üçün fəlsəfi ümumiləşdirmələr aparmaq yolu ilə hadisələrin daxilində olan çox incə çalarları üzə çıxarıb - əslində kəşf edib, tapıb - əlvan, bədii lövhələrlə oxucuya çatdırır.
Təkcə, müəllifin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasında görün nə qədər dərin fəlsəfi məna, sirli hikmət vardır....”
Məktublar və təbriklər
19 yaşlı bir qızın məktubu düşdü əlimə düşdü. Oxudum:
“... Qabaqlar şair deyəndə mənim gözlərim önünə əl-qol ata-ata şer söyləyən şair gələrdi. Sizin şerlərlə tanış olandan sonra da mən Sizi elə təsəvvür etdim. (Axı mən sizi heç yerdə görməmişdim) Amma sizi televizorda görəndə fikrimi dəyişdim. Siz çox sakit adamsınız. Mənim eşitdiyimə görə Araz çayı sakit axır. Əgər doğrudan da belədirsə, demək siz də Araz kimi sakitsiniz. Amma şerləriniz sakit deyil, coşqundur, qaynardır, dərin mənalıdır...”
Bu sətirlər Lənkəranın Port İliç qəsəbəsinin (indi Liman şəhəri adlanır) sakini Abdullayeva Lətafətin ürək sözləri, sevgisi idi şairə.
Təbiəti mühafizə komitəsi Məmmədin 50 yaşını bu sözlərlə təbrik etmişdi.
Əziz Məmməd Araz.
Səni – Azərbaycan poeziyasının nurlu bir ulduzunu, həyatın ikinci gənclik astanasında – ömrünün məna və yaraşıq dolu 50 illiyin günündə hərarətlə təbrik edirik. Sənin xalqa xidmət nümunəsi olan poeziyan bütövlükdə böyük məhəbbət himnidir. Bu himn başdan-başa insana, torpağa, yerə, göyə qüdsi bağlılığa çağırışla yoğrulub. Burda hər istəyin, hər zövqün öz payı var. Burda bizi əhatə edən dünyanın hadisələrinə Məmməd Araz ürəyinin münasibəti bərqərardır.
Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Bu etiraf indi tək sənin yox, yaradıcılığına bələd olanların hamısının etirafıdır.
Nəğməkarı olduğun xalq səni məhz öz poeziya aynanda görüb, tanıyıb və sevib. Sənətkar üçün bu, böyük xoşbəxtlikdir.
Sən poeziyaya 19 yaşında gəlmisən. Şer üçün əlinə ilk qələm aldığın gün bəlkə də hansı çətinliklərlə qarşılaşacağının fərqinə varmamısan. Ancaq bütün oxucuların kimi, bu gün biz də onu bildirirk ki, sən poeziya aləminin çətin sınaqlarından zəfərlə çıxmısan. Sən Nizami və Füzulinin, Sabir və S. Vurğunun dühası ilə şərəflənmiş Azərbaycan şerinin bayrağını yeni bir zirvəyə qaldırmısan. Həmin zirvə indi Məmməd Araz zirvəsi adlanırsa, o, sənin 30 illik böyük zəhmətinlə fəth edilmişdir.
Əziz Məmməd!
Sənin ictimai fəaliyyətin təkcə poeziya sahəsindəki misilsiz xidmətlərinlə bitmir. Sən həmçinin mətbuatımızda fasiləsiz və səmərəli çalışan publisistsən. 10 ilə yaxındır ki, təbiətsevərlərin mərkəzi tribunasına çevrilmiş “Azərbaycan təbiəti” jurnalı bilavasitə sənin redaktorluğunla çıxır.
Səmimi, qayğıkeş, mehriban və xeyirxah dostumuz! 50 illik yubileyin günündə sənə möhkəm can sağlığı arzulayırıq. Arzu edirik ki, Məmməd Arazın poeziya günəşi indən belə ürəklərə daha çox hərarət paylasın, bəşər övladını idraka, yüksəlişə, əmin-amanlığa daha yeni coşqunluqla səsləsin!
Qoy sənin könlün doğma torpağımızı vəsf eləyib həmişə Azərbaycan dünyasından baxsın dünyaya!
50 yaşın mübarək, Məmməd Araz!
Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurası.
Təbrik və məktublar saysızdır, ancaq onlardan ikisini yazmağı qərara aldım:
Əziz oğlumuz Məmməd Araz!
50 illiyiniz münasibəti ilə sizi təbrik edirəm. Sizin ömrünüz adi ömür deyil. Siz bu ömrü şərəflə yaşamış, poeziyanızla şərəfləndirmisiniz. Oxucuların sevimli sənətrkarı olmaq kimi bir şərəf qazanmısınız.
Böyük sənətkarlar yetirən qədim torpağın ilhamlı oğlu! Sizə yeni yaradıcılıq müvəffəqiyyətləri, can sağlığı, könül xoşluğu arzu edirəm. Xəstə olduğum üçün vaxtında ürək sözlərimi deyə bilmədim. Bunun üçün məni bağışlayın. Dərin hörmət hissilə.
Mirvari DİLBAZİ
18/XI- 83.
Görkəmli kristalloqraf alim, sənətsevər Xudu Məmmədovun məktubu çox orijinal və səmimi idi.
Əziz Məmməd müəllim!
Doğduğunuzun 50 illiyindən danışan yazıları oxudum, verilişə də baxdım və böyük maraqla dinlədim.
“Doğduğunuz” sözünü işlətməkdə istəyim türkləri yamsılamaq deyil. Biz də gün doğdu, ay doğdu, ulduz doğdu deyirik. Dünyanı az-çox işıqlandırmaq üçün dünyaya gələn nə varsa, hamısına belə demək olar.
Bir oxucu kimi Sizi sehrbaz bir sənətkar kimi tanıyıram.
Sözünüz, qələminiz nəyə dəyirsə, çevrilib qəribə bir dünya olur.
Hər dəfə şerdən, şairdən bizim korluğumuz olmayıb deyiləndə fikirdən-fikrə düşmüşəm. Tarixi dərdlərimizi, “niyə gəlib, niyə getdiyimizin” səbəbini başa düşmək arzumuzun tükənməz olduğunu nəzərə alsaq, elə əsas korluğumuz şairdən olub. Bilmirəm, deyə bildimmi bizə nə qədər gərəksiniz?
Mənə elə gəlir ki, bərk duran olsa, dünya işlərinin hələ tam ürəyimizcə olmadığına, günahlı siz olduğunuza Sizi inandıra bilər.
Sizi bir insan, bir şair kimi mənə sevdirən budur.
Sizə çox borcluyam və çox olduğundan qaytara bilmirəm.
Bir-birindən uzaq obalarda şerlərini əzbər deyib körpələşən, kövrəkləşən neçə-neçə igidlər görmüşəm. (Xəlil demişkən).
Bu günlər neçələri beləcə sizə məktub yazmaq, yaxşı sözlər demək istərdi!
Utanırlar. Gülməli də olsa, belədir.
Sevimli şairim, dostum, dünyaya gəlişinin yüz illiyini balalarımız görsün.
Bir sözlə, bayramınız mübarək.
Ən gözəl arzularla.
Sizin Xudu Məmmədov.
17/ X – 83.
Xudu müəllim həmişə Məmmədlə telefonda danışar, torpağın ümumi dərdlərindən söhbət açardılar.
Təəssüflər olsun ki, dünyada Azərbaycanı tanıdan tək-tək oğulların qədrini onları itirdikdən sonra bilirik.
Bəli: “Badələr dalında ölkəbazlarıq...” (M.A)
Anar Yazıçılar birliyinin katibi seçilən kimi Məmmədə telefon açdı: - “Məmməd müəllim, elə bil bu vəzifədə qardaşınız oturub, nə işiniz olsa hazıram”.
Sonralar arxivə baxanda belə bir məktub əlimə keçdi:
Əzizim Məmməd!
Neçə müddətdir ki, səninlə görüşmək, söhbət eləmək istəyirəm. Əkrəmlə danışmışdıq ki, zəngləşib yanına gələk. Amma əfsus ki, adam çox vaxt istədiyi işlərə yox, istəmədiklərinə vaxtını sərf etməli olur. Uzun sözün qısası, günü-günə sata-sata gəlib yaya dirəndik. Əkrəm dincəlməyə getdi, mən də on gündən sonra məzuniyyətə çıxıram. Görüşümüz, güman ki, payıza qaldı. Sağlıq olsun, payızda mütləq Əkrəmlə sənə qonaq gələcəyik.
Amma bu gün “Ədəbiyyat” qəzetində şerlərini oxuyanda gördüm ki, məktub vasitəsilə olsa da hisslərimi hökmən sənə çatdırmalıyam. Nə gizlədim, atama həsr etdiyin şer məni xüsusilə köyrəltdi. Məhz sənin kimi gözəl şairimizin həm də etibarlı insan olması, bu aldım-satdım, təmənna və haqq-hesab dünyasında qəlbimi ümidlə doldurur, məni bədbinləşməyə qoymur.
Jurnallarda çıxan silsilə şerlərini də həvəslə oxudum, – həqiqətən, duyğu, düşüncə, səlis obrazlı dilbir söz, əsl poeziya nədirsə, - hamısı bu şerlərdə var.
Həyatda təmənnasız az olsa da mən həmişə sənə məslək qardaşım, namuslu ziyalı və istedadlı sənətkar kimi dərin hörmət bəsləyirəm.
Sənə və ailənə ən böyük xoşbəxtlik, bol-bol sevinclər, fərəhlər arzulayıram.
Anar.
1 iyul. 1983