|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ATAMIN KİTABI

Birinci etiraf
Atam İnfil İbrahimova ithaf edirəm

Varmı, bir sözümdən varmı kam alan?!
Gün keçir, ömür də qurtarasıdır.
Elə fikirlərim hey komalanan,
Elə hey dağılan qum tayasıdır.

Bir quru, bir sonsuz səhra mənimdir,
Sərkərdə-küləklər, əmrini buyur!
Mənim hər zərrəmin inadında bir
Qasırğa uyuyur, tufan uyuyur.

Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm, torpağa dağılasıyam.
Nə vaxtsa dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam.

Hamımız vətənin bir daş parçası,
Özülü tapıldı-kim onun oldu.
Bu torpaq kiminin qumaş parçası,
Bu torpaq kiminin buz donu oldu.

Fikirdir yer üstə saralmaz zəmi,
Fikir quranı da fikir dağıdır.
Bu torpaq üstündə bitən Nizami
Bəşərin ən uca fikir dağıdır.

Hər külək ağzında bir səmtə varsam,
Açılmaz şerimin qızıl dan yeri.
Əgər yer üzündə Nizami varsa,
Fikir dartımıdır fırladan yeri.

Bu torpaq nə dağlar dikəldib, Allah!
Bu torpaq uçrumlu, dərəli, nəli...
Burda gözəlliyin hüsnünə aldan,
Burda gözəllər də torpaq sinəli.

Oğullar doğublar - qaya duruşlu,
Canlılar doğublar - mağara qarın.
Hələ tarixçisi bir səmsəm huşlu
Küləkdir, bu qədim mağaraların.

Sən də bax, ey ağzı köpüklü “çılğın”,
Dünən də barlıydı bu bağça, bu bağ.
Qapıb ünvanlara qəfil atdığın
O daşın əyil bir yazısına bax.

Baba kirpiyidir onları yazan,
O daş qiyafəli səslər nə deyir:
Bu gün dünənini az tanıyırsa,
Bu hələ dünənin günahı deyil!..

Alov dağları var üstə bu yerin,
Onun bir zərrəcik qoru san məni.
Qələmim, Nizami hikmətlərinin
Tənə daşlarından qoru sən məni!




İkinci etiraf

Yenə fikirlərim qanad istədi,
Yenə düşüncələr qafiyələndi.
Bir ata ürəyi övlad istədi
Gileylər üstümə qəfil ələndi.

Sanki pəncərəmə bir qara qarğış
Qonub söylədi ki: üzül ədanla!
Yen torpaq üstündə, torpaqdan danış
Yen torpaq üstündə, özünü danla.

Nə qələm dilinə sığışmır bu sirr,
Nə kağız sinəsi bu səsə məhrəm.
Bir ata həsrəti yollarda əsir,
Mən də Parislərdə mövzu gəzirəm.

Mən uzun gecənin qaranlığında-
Uzaq dağ döşündə yanan bir ocaq:
Keçib dərələrin toranlığından
Mənim alovuma əl çatmayacaq.

Elə hey yanıram tək özüm üçün,
Torpağın bozaran həsiri ollam.
Hıçqırıb-hıçqırıb mən için-için,
Qaraquş küləklər əsiri ollam.

Hansı yarğanasa dağılan külüm,
Yerə yapışmağa yağış istəyər.
Qanqallar dibinə yığılan külüm
Ata ocağından çağrış istəyər.

Məni tanımasa ocaq daşları,
Məni qaytarmasa ocağa baxtım,-
Sıyır məzarıma bıçaq-daşları,
Məni tuş eləmə o çağa, baxtım...

(Yenəmi illərin dalınca qaçım,
Oxuyum dərsimi ocaq başında.
Xoş gördük, nənəmin urvası, sacı,
Nənəmin ərsini, ocaq başında.

Arabir isinə, köklənə bilə
Könlümün hər simi ocaq başında.
Bir də yaddaşıma həkk edə biləm
Babamın səsini ocaq başında.)

Bir əsim küləyəm, bircə dil odam,
Qanadlan, ey könül, dağlara haydı!
Ey mənim gələcək bir qarış odam,
Bir qaya dibində yerin olaydı...


DAĞLA ÜZ-ÜZƏ

Deyirlər bu dağın beş milyon yaşı,
Bu çayın üç milyon yaşı tamamdır.
Geoloq qardaşım, alim qardaşım,
Sıyır inadını, məni inandır!

Məni inandır ki, beş milyon ildir
Canlıya, cansıza anadır bu dağ.
Yağış əyirməyə bulud-çən didir,
Yağışdan bulud-çən yaradır bu dağ.

Məni inandır ki, o əyilməyən
Dağlar babalara vüqar veribdi.
Çaylar Bethovenə, Üzeyir bəyə
Simfoniya verib,
Qatar veribdi.

Neçə milyardıncı ildə
   dedin sən:
Kəsilib itəcək dağların nəsli?!
Hamilə ümmanlar qalır deyəsən.
Bu hökmü verməyə ağlın tələsdi.

Ümmanlar dağları udar, bitirər,
Dağ ağlar- göz yaşı çıxar dizinə.
Çaylar ümmanlara soraq gətirər,
Dağ - həyat özgəyə, qənim özünə.
Mən uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında.
Zirvələr qaşına yuvam demişəm,
Əyilməz qalayam dağlar yanında.

İgid başlarıdır uca daşları,
Dağlar nər ucaldar, dağlar nər olar.
Hərdən dərələrə uçan daşları
Daş altda gizlənən namərdlər olar.

Dərdi də uludur hər ulu dağın,
Dağlar da gülümsər xoş günlər kimi.
Zirvələr əl çatmaz, zirvələr yaxın-
Homerlər, Dantelər, Puşkinlər kimi.

Məni inandır ki, beş milyon ildir
Dağlar əyilmədən tox durur belə.
Məni inandır ki, üç milyon ildir
Çaylar nəğməsini oxuyur belə.

O dağ toxtaqlığı,
Çay işləkliyi
İnsanlar yaşadıb,
Ondan da danış!
O qaya şaxlığı, dərə təkliyi
İnsanla qoşadır,
Ondan da danış!

O dağ ətəyində
O çay yanında.
Bir qoca yaşayır-
Yüz yaşı tamam.
Onun ürəyində, onun qanında
Nə təltifə umu,
Nə paya tamah...

Bəlkə də bir kəlmə duzlu söz istər,
Bəlkə də bir qəfil salama möhtac.
O heç nə istəməz,
Tək, süfrə üstə
Palçıq daxmasının qapısını aç.

Altını qalayar qara çaydanın,
Yanar sapılcada yağı
    nə qədər.
Uzanar söhbəti ağaran danın
Ulduzu başına yağana qədər.

Gözaltı bir onun əllərinə bax,
Palıddan yonulmuş şanaya bənzər.
Axşam, corablarından ovduğu torpaq
Yığılsa, bir ilə təpə düzələr.

Süz onu alnından çənəsinəcən,
Qırış arxlarını seyr elə bir-bir.
Sanki bu nizamı pozmağa
     qəsdən
Ömür- tərsinə bir dırmıq çəkibdir.

İlkin görüşdüyü səhər mehidir,
O da gumuldanar,
   bu da aramla.
İlkin sevinci də səhər şehidir,
Yaşar gözündə də ikicə damla.
Ayaq pəncələri yatmır torpağa,-
Əyilib illərlə xış dabanında.
Yetmiş il, səksən il batıb torpağa,
Sazaq-iliyində,
Qış-dabanında.

Gecə çoban olub,
Gündüz biçinçi.
Növbə dəyişibdir çomaqla dəryaz.
Harda ikinciydi, harda birinci
Fərqinə varmamış
Fərqinə varmaz.

Bir onu bilib ki, çöl də bir evdir,
Torpaq uşaq kimi
  ələ baxandır.
Özünü ata da,
  itə də sevdir.
Əl günəş,
qalan şey günəbaxandır!

O əllər mənim ilk əlifbam oldu,
Torpağı çölbəçöl
  dərəbədərə
  oxutdu mənə.
Çayları
bənd-bənd,
bərə-bərə
  oxutdu mənə.

Çiyni ot şələli
Odun şələli,
Uçrumu, yoxuşu,
  oxutdu mənə.
Aşrımda-tufanı,
Gədikdə-qarı,
Selabda yağışı oxutdu mənə.

Səhər ayazında buz gavahanı
Çiyində dartmağı-oxutdu mənə.
Dəli cöngələri qulaqlamağı
Kotana çatmağı-oxutdu mənə.

Axdı iliyimə yağış nağıllar
Dağlardan əbədi nəsihət kimi.
O səs qulağımdan asılı qalıb
Nənəmdən qalma bir vəsiyyət kimi.

Təbiət özü də bir kitabxana,
Hər dərə məktəbdir, hər dağ müəllim.
O ilk ana dilim, o kitab-anam,
Bir də əlinizə yetərmi əlim?

İlk dəfə atamdan ayrıldığım gün,
Çölçü həyatından ayrıldığım gün.
Gözümdən əbədi asılmış əsər,
Kim çəkib, kim yazıb,
onu deməzlər...
İlk dəfə atamın gözlərində yaş,
Dedi: gəl öpüşək, a cütcü qardaş!
Daha düş-söylədi-boyunduruqdan!
Dedi: çıxma sözdən,
Çıxma buyruqdan!
Məktəbə gedirsən,
Get, işıq oğlum!
Sabir baban demiş:
   yaraşıq oğlum!

Çölçü ayaqlarım düşmədi heydən,
O gündən balaca,
   qırmızı heybəm.
Bir gözündə kitab,
Birində çörək-
Çiynimdən düşmədi
Yollandım çölə.

( İlk dəfə gördüm bu oxuyan quşlar
Deyəsən heç məni tanımamışlar!
Mən indi onlardan çox oxuyuram,
Onlar nə, çaylardan çox oxuyuram!
Soyuğun, sazağın qulaqlarını
Hələ mən burmaq da öyrənəcəyəm.
Qəfil doluların ayaqlarını
Arabir qırmaq da öyrənəcəyəm.
Arxlar daralacaq mən adlayanda,
Yoxsa ta bu məktəb nəyimiş onda.
Ən böyük arzuma yetirəm demək,
Ulduzları saymaq öyrənəcəyəm.)
-Bu gün nə öyrəndin dərsindən, bala?
-Çöp saymaq, ata!
-Hə...onda bu külüng,
Bu da ki, balta...
Çırma qolunu,
Boğazla döşdəki yemşan kolunu.
Sonra da on dənə düyünsüz çubux,
Beş cüt də samılıq
Üt, aradan çıx...
-Bu gün nə oxudunuz?
-”A” hərfi, ata!
-Atanın atası...Ata bax, ata!
Atıl, aftafanı apar at arxa.
-Niyə atım, ata?
-Atma, apar doldur!..
-Bu gün nə oxudun dərsindən, bala?
-”B” hərfi, ata!
-Ba...Onda balamın barmağı baldır...
Bulaqda baş-başdı
baldırğan baldır...
Yüyür dəstələ...
-Bu gün nə oxudunuz?..
-”D” hərfi, ata!
-Demək, dəryazı döy-deyiblər, dədə...
Mənim çöl əlifbam macqal dilində
“O” keçdim - deməli orağı yağla,
“C” keçdim - deməli, cütü qulaqla...
Nə yaxşı! Əlifba “A”-dan başlanır.
Atadan başlanır,
Anadan başlanır...

Beləcə qurtardı çöl əlifbası,
Dəyişdi get-gedə şagird libası.
Daha az görürdü üzümü atam,
Daha baş açmırdı dərsimdən atam.
Ancaq o əvvəlki həvəsi vardı,
Nə qədər oxusam qulaq asardı.
Deyərdi: “Sözümə baxmayır huşum,
Deyəsən bir qədər axsayır huşum”.
Bu qədər kitabdan, oxudan, addan
Yadında qalmışdı yalnız üç adam:
Onları kitabsız əzbər bilirdi-
Lenin, Nərimanov,
   bir də Sabirdi-
Yaddaş dostları.

Anam oxumuşdu Sabiri ona
(Anam da yazmışdı öz yaddaşına
Hardansa, necəsə...bilirdi əzbər-)
Sərt kişi arabir onu əzizlər:
“Vallah, qanavuzun gəlir qırmızı
Sabiri dilləndir, a Mahmud qızı.
Xoşuna gəlirdi: “Əkinçi”, “Fəhlə”.
Yüz yol da dinlərdi eyni fərəhlə.
Bəs Lenin, Nəriman hardan tanışdı?
Deyərdi: bir yerdə yer şumlamışıq.
Dəryaz götürmüşük, biçin biçmişik.
Taya kölgəsində ovduq içmişik,-
Deyir zarafatla: yox, ciddi deyir:
“Lenin kəndimizə gəlibdi-deyir,-
Balam bu məktəbi kim gətirdi bəs?
Qanunu, ədəbi kim gətirdi bəs?
Nəriman danışırdı onun adından...
Gərək, Mahmud qızı, çıxmaz yadından?..”

O zaman göz açıb-
Beş qardaş-bacı:
Gördük bir şəkili,
Sevdik bir adı.
Dedilər:
  bu ulu Lenin babadı.
O zaman biz belə tərbiyələndik,
Sonra başımızdan çox yellər əsdi,
Bir gün başımıza odlar ələndi.


HAŞİYƏ

O, bayraq götürüb şura gələndə,
O, bayraq götürüb yollara çıxıb.
“Alovuncu”, “oduncu” illərdə.
Qohum-əqrəbanı başına yığıb,
Qızıl öküzləri açıb töylədən,
Kişnər kəhərini çəkib eylə də
Kolxoza gətirib
   otuzuncu illərdə.
(Patron daşıyıbdı Nəbiyə hələ
Keçən əsrimizin son illərində.
Bunu xatırladım elə beləcə,
Nə vaxtsa qələmim ona dönəcək).
Olub, qonşuyla da gəlib üz-üzə
Bir qarış çəpərin sərhəddi üstə.
Dəyənək çəkiblər, yaxalaşıblar,
Ancaq bərk məqamda yuxalaşıblar.
Deməyib o buna, bu da ki, ona:
Sən qıyqacı baxdın filan ünvana,
Sən filan qəlyana tüstüsüz dedin,
Sən filan kəlama istisiz- dedin”.
Onlar göyə baxıb, bulağa baxıb,
Toxuma, zəmiyə, orağa baxıb,
Bəzən and içiblər: “Duruluq haqqı...”
Bundan ummayıblar bir qulluq haqqı...
Qırxıncı illərə dolu düşəndə
Qocalar kürkünü bələdi kəndə.
O da başladı öz rəncbərliyinə,
Hər qarış torpağa qəhmərliyinə.
Pambıq-qov qoparıb, o üst-başından
Qonşuya od verdi çaxmaq daşından.

Növbə gəldi,
Nənəm açdı boğçasını,
Nəzirləri sadaladı sarı sandıq:
Neçə qardaş, qardaş oğlu
Doğma oğul yola saldı.
Şələsini özü tutub,
Neçə nəfər kənd oğluna
Tütün verib, uğur dedi.
Atasının dalısınca gedənlərə
Ata kimi oğul dedi.
Qəbir qazdı,
  tənha ölən qarılara.
Buxov vurdu-
Ara-sıra
  ərsizlərin inadını qıra-qıra
Baş aparan
İkiayaqlı ayqırlara.


HOLAVAR

Səhər yırtdı yaxasını,
Hayla görüm, hodax balam!
Nişan öküz, yana çəkmə,
Çubuq çəkər budaq balam.

Ala öküz bərəkətim,
Arpa yeri nə bərkidi!
Göy ağladı-yer güləcək,
Dəhnə çevir, bərə gətir.

Yeri-yeri, xışım yeri,
Yenir dağdan qışım, yeri.
Yazmaqdan hey yorulmadım-
Kağızımdı bu şum yeri.

Bu torpaq, pilə torpaq,
Dilini bilə torpaq!
Torpağa kül tökmədin-
Dönəcək külə torpaq.

Holavar, dədə malım,
Dilləndir, qədəm alım.
Qada-bala yüklüsən,
Torpağım, qadan alım.



AĞSAQQAL

Günəş kainatın ağsaqqalıdır,
Onun hər əmrinə yer-göy müntəzir!
Dağlar təbiətin ağsaqqalıdır.
Nəfəsi gələndə meşələr əsir.
Atalar evlərin ağsaqqalıdır.
Atalar, işığı ev-kainatın.
Atalar, vüqarı ev-təbiətin.
Gözə görünmədən allahlığı mən
Allahdan da yaxşı apara billəm.
Oğulsan, Allah ol göz qabağında.
Ağsaqqal - torpaqda göz Allahıdır!
Ağsaqqal - birinci söz Allahıdır.

Ağsaqqallar təkcə elə
Cavanların ağ gününə
Bələdçilik eləmirlər.
Uşaqlara evciyindən
  evinəcən,
Bu evlərin qapısında
Bir-birini sevənəcən
Gözətçilik eləmirlər.
Gözətçilik eləyirlər,
Bələdçilik eləyirlər.
Evlərinin hələ təzə
Ucaldılmış dirəyinə.
Süfrələrin
  halal zəhmət çörəyinə...
Deyirlər ki, bala şirin,
  bal şirini.
Balası daha şirin.
Cavanlığı uçub gələr
Babaların, nənələrin-
Toy günündə nəvələrin...
Qonum-qonşu həyətinə
Uçub gələn muştuluğu,
Qəfil girən bəd xəbəri
İlk bilən də ağsaqqaldı,
Dərd bölən də ağsaqqaldı.

Bəd xəbərlə açılanda günlərin ağzı,
Kəndimizə ayaq açan qara kağızın
Tanıdığı qocalardan biri atamdı.
Sınadığı qocalardan biri atamdı.
Sınamışdı qara kağız:
Təmkinli qoca,
Qoymur ana əllərini dönə qırmaca,
Bel qatlaya, saç ağarda
  sinələr yara.
O, ölümün “yalanından” danışanda
  ona-buna,
Az qalardı dönüb elə özü inana.
“Kağız nədi Allah ola, insan apara!..”
İnanardı analar da, nənələr də ki:
“Doğrudan da bircə barmaq kağız nədi ki...”
Təsəllinin, ümidin də sərhəddi vardı,
Təskinliyi dönüb ona əzab olardı.
Bir gün onun öz adına,
Öz ünvanına
Gəldi doğma qardaşının
  qara xəbəri.
O da durub
Bir qocanın qaçdı yanına,
Deyəcəyi- dil demədi, dedi əlləri.
Özü verən təsəllidir verdilər ona:-
“İnanmasın bu doğrunun doğruluğuna.”
Belə idi o zamanlar:
Bəzən yalan da
Deməliydik
  bir ümidə gərək olanda.



HAŞİYƏ

Ömrü boyu toxum səpən,
  bərəkət səpən,
Ömrü boyu sellərə bənd,
  yellərə çəpər.
O əllərə yazılı bir varaq uzandı,
Dedi: oxu!
-Savadsızam, siz oxuyun!..
Oxudular,
-Yox, bu yalandı,
O, düz adamdı!
Əvəzinə and içərəm,
Təmiz adamdı!
-Qol çək ki, sən
Belə görmüsən!
-Qolum yoxdu!
-Qolun yoxdu, barmağın var!
-Qabardı, budu!..
Əlli ilin qonşusuyuq.
O, dum-durudu!
-Barmaq bas ki, sən
Belə görmüsən!
-Axı belə görməmişəm! Gördüyüm mənim...
Kişi dedi: yəqin mənə dilimdir qənim,
Bəd xəbəri bir anaya gülər demişəm:
“Elə-belə boş kağızdır, “gələr”-demişəm.
Demişəm ki,..bağrı çatlar,
  bir çətən uşaq...
Demişəm ki, bəlkə elə haxdan yapışaq,
Yalan ola ölümlərin hamısı
  yalan.
İndi durub üzə duram,
  böhtançı olam...”
“Mənim atam vuruşubdu Nəbiyə qarşı,
Sizin kəndin sularına qanı qarışıb...
İndi onun ləpirini itirən ləpir,
Bu evlərin hansınasa özünü təpib!
Girəvədir, bir adam ver,
Ya düş qabağa!”
-Ay - ulduzlu qayışı
  vuran köhnə arxalığa!
Ya barmaq bas-barmaq kəsək:
Ya özün! Kəsə!..
-Tanrıya bax,
saqqalıma yaraşmaz axı,
Kişi olan böhtan işə bulaşmaz axı!
-Bulaşmasa biz özünü bulaşdırarıq,
Öz ipini öz əliylə dolaşdırarıq...

***

On il evə gəlmədi o,
  45-dən sonra.
On il yoxdu belə adam. Nə səs, nə soraq,
On birinci ildə gəlib üzr istədilər.
“Zaman idi. Günahsızdı. Olub” -dedilər.
Kişi gəldi-
   Ciblərində tərif-arayış...
Elə bil ki, həyatında, heç nə olmamış.
Elə mütləq getməliymiş bu tərif üçün.
Gələn günün səhərisi öz qaydasında
Yedəklədi kotanını briqadasında...
Öküzlərin dizlərini qatladı zaman,
Traktorlar kotanları
  tulladı şumdan.
Nə qədər ki, torpaq durur-
  möhtacdır ələ.
Bu torpağın bəhrəsinə əllərdir ələk.
Bu əbədi qoca torpaq,
  əbədi uşaq...
Bu torpağın nənəsi də,
  nəvəsi də əllərdir ancaq.


TRAKTORÇU OĞLANLA SÖHBƏT

Bağışla, mən səndən söz açmamışam,
Xoşsifət, oğlansan, gəl tanış olaq!
Maşallah, hər qolun bir yarmaçadır,
Dağı aşırarsan bir yumruqla.

Səhərin birinci qapı açanı,-
Əlin dan yerini doğrayıb sökər...
Səhər ulduzları şuma səpərsən,
Şumdan çıxararsan Günəşi bəlkə.

Paslı gavahana, ya qozbel xışa
Bir çınqıl dibində ilişsə gəmin,
Gülmə o keçmişin qalıqlarına,
Gülmə, babasına gülənlər kimi.

Ömrünü tapşıran bir rəncbərdir o,
Mən xışı doğrayıb atmazdım oda.
Dünənin şərəfli əsgəri kimi
Onu dəfn elərdim mərz qırağında.

Sonra üstündə bir heykəl qoyardım:-
İki əl yapışmış dəstək havada
Donub; o əllərdə şırıma dönüb
Babamın dünənki holavarı da.

Bahar gəldi, yer oyandı,
Soyuq qışın yası gəldi.
Ala öküz, çək kotanı,
Örüşlərin yazı gəldi.

Alaçığın su üstədi,
Mərcan altda, su üzdədi.
Xəstə könlüm su istədi,
Qabağıma Yazı gəldi...

Torpaq da bir sağmal inəyə bənzər,
O acıq götürməz, qarğış götürməz.
Qılığı bir səsdən istilənməsə,
Sinəsi yumşalıb yağış götürməz.

Səs dedim! Səslər var- salon titrədir,
Çaydan, çöldən uzaq...kağızın üstə.
Soruşan olmur ki, bu kitab nədir-
On ildir çevrilib ağızı üstdə...

Sən də maşının cibini bir çək,
Şöhrətin tanışdır eldən-obadan.
Təriflə, təltiflə yanaşı, kövrək
Nəyin var Nizami, Sabir babadan.

Süzülüb su kimi yer qulağında
Hər nəğmə əbədi bir xitab ola!
Təzəcə tərləmiş şum qırağında
Torpağa bulaşan bir kitab ola!

Bir vaxt buraların raket-gəmisi
Cır-cır kotanlardı,
O da ki, tək-tək.
O zaman dəstəkdən tuta bilənlər
Tüfəngdən tutmağa hazırdı demək.

Gündə toy deyildi onda beləcə,
Niyə, o vaxtın da öz toyu vardı.
Analar, bacılar oynamasa da,
Əsgər yollananda toy çalınardı.

Mənim yaddaşımın muzeyində bir
Uşaq şöbəsi var, uşaq şöbəsi.
Orda o günləri dənərləndirən
Uşaq şöləsi var, uşaq şöləsi.

Qırxıncı illərin toranlığında
Mən səkkiz yaşında hodaq olmuşam.
Macqal buyruğunda-kişi yerişli,
Sazaq buyruğunda yarpaq olmuşam.

Səhər yuxumuzu o vaxt analar
Satın alardılar yağ dürməyinə.
“Afərin” sözünü bəxşiş verərdi
Macqal, ot şələsi götürməyinə.

Bu mənim kiməsə minnətim deyil,
Eləcə yadıma düşmüşdü, dedim.
Vətənin adi bir dərsiydi o da,
Bir cütcü babanın şagirdi idim...

SUMBAT KİŞİ

Neçə ilin od qonşusu görünmədi,
Kol dibində cüt qoşqusu görünmədi.
Kərəntisi yalamadı dan yerini,
Papirosu qarsıtmadı dan yelini.
Boz madyanın fınxırtısı, ayaq səsi;
Bulaq üstə çatan kimi kişnəməsi
Öz dilində öz tayına gəl deməsi,
Hənirtidən kəhər atın
dingildəməsi
Harda qaldı?
Harda qaldı –
dəyirmana yol getdikləri?
Xoş söhbətlə buz novdanı əritdikləri?
Xeyli müddət soruşmadı,
qorxdu kişi. –
Deyərlər ki, bu dünyada yoxdu kişi.
Xəbər tutdu:
köçüb gedib İrəvana.
Böyük oğlu Arşavirin yanına.
Heyif, - dedi – yaxşı qonşu, heyif sənə.
Bu ağılsız təklifi kim deyib sənə.
Bir yerdə ki, bir qəfəsə mini dola,
Ömrün elə nənni kimi göydə ola!
Bir yerdə ki, ağacların dibləri qır…
Yəqin orda meyvələr də saqqız dadır.
Bir yerdə ki, ayaq yeri ev içində…
Bu əmələ dözənməz heç dəli cin də.
Yaman oldu ömrün haram,
Sumbat kişi.
Yox, mən elə yaşamaram,
Sumbat kişi!
Bir təpədə oturub o;
Xatirələr hey əyrilir…
Yavaş-yavaş gün əyilir,
Gün əyilir, gün batır
O səsləyir, haraylayır,
haraylaryır Sumbatı…
Xatirələr çay üstünə tir atır,
Sumbat gəlir:
yedəyində boz qatır, -
Burnunacan çatılı.
Sumbat gəlir – göy döşlüklü səpinçi.
Sumbat gəlir, - ağ çalmalı biçinçi.
Sumbat gəlir, - qolu üstə
oraqları qıvrılıb.
Sumbat gəlir çiynində
kərəntisi sıyrılıb…
Dilləri bir olmasa da,
Dinləri bir olmasa da,
Küləkləri eyni dildə oxuyublar,
Göy altında eyni dində yuxlayıblar.
Bir tanıyıb qış onları,
yay onları;
Arx onları;
çay onları.
Bulaq suyu gözlərinə baxıb bir;
Qar-yağış da başlarına yağıb bir…
Sumbat gəlir – boz madyanın belində;
Hər söhbətdə, zarafatda onların
Ürəkləri dilində.
Hər söz-söhbət gedər torpaq dilində.
Giley-qeybət gedər torpaq dilində…
-- Kələmlərim baş tutmadı,
Bu il,
İl deyil.
- Sənə dedim gəl vaxtında şitil apar,
Adam dişi seyrəkdən də xeyir tapar? –
O zıqqıdan almışdınmı?
Arx üstdəki haçabığı deyirəm…
- Eli, olub, keçibdi də…
Varsik xanım
üç ip bibər tutub sizə.
Arılığın burnuna asıb ki,
beləm gəlməz gözə…
- Eltilərin özü bilər,
Biri kələm saxlayıbdı,
biri bibər…
- İnpil kişi, dünən gördüm, sizin gədə
Dəyirmandan gəlirdi.
Dedim, ərə, müsəlmanı
qıracaqdı bu tamah.
Astvaca baxmasan da,
Allaha bax,
sən Allah!
Qulaqları görünmürdü
iki yaşar qulanın,
Vallah haqqım yaxşıydı
palanı…
- İnpil kişi,hey, bəri çıx,
Bu güzəmdir,
Varsik deyir
Cahan bacı yapağıya dəyişsin.
Bizimki də istəyir bir müsəlmanlaşa,
Bu il, eli, payız ağzı hana qoşa.
- Biz görmüşük: erməni at nallayar,
Hörgü hörər, dəmir döyər,
Araq çəkər; çöl işində
əli qızıl…
Hana asa,
çeşni vura
erməni qızı?..
- Deyir, eli, qoy sağ olsun Zöhrə nənə;
Bircə kərəm «him» eləsə qız-gəlinə
Varsikin də işi aşar…
- Gədənin də toy işini bu il qurtar;
Bu gün-sabah qız böyüyür.
Bir də gördün bizim gədə qapı döyür…
… Kəndli dili – torpaq dili,
Toxum kimi düşər yerə –
Yalnız ondan zəmi bitər,
ot göyərər.
Yer üzünün min yerində kəndlilər
Bu dillə dil tapa bilər.
Yer davası aparanlar yer üstündə
Kəndli kimi tər töksələr bircə gün də,
Bilərlər ki,
dava sevməz – torpaq sevən;
Tale qırmaz –
adicə bir yarpaq sevən…
Bax beləcə gəlib getdi Sumbat kişi
Çayı keçib gözdən itdi Sumbat kişi…


TÜSTÜSÜ DÜZ ÇIXAN OCAQLAR

Bir səhər qəribə mənzərə gördü:
Ocaq tüstüləri millənib göyə!
Nə isə, qocanı fikir götürdü:
“Tüstüsü düz çıxsın!”
Kim deyib? Niyə?

Fərqi yox- ocaqda nə bişir bişir,
Tüstüsü düz çıxır- ocaqdır demək!
Ocaq kənarında insan əyləşib,
Ya şeytan, tüstüdən nə bilinəcək?

Tüstüsüz alışan ocaqlar da var,
Göstərməz öz əyri, düz tüstüsünü.
Odsuz ocaqlara od aparanlar
Udub ürəyində öz tüstüsünü.

Ocaq tüstüsünü görk eləyənin
Payını yetim də başına çırpar.
Ocaq tüstüsünü börk eləyənin
Ağlı da çılpaqdır, əyni də çılpaq!

Bərəkət duymuşuq ocaq deyəndə,
Nənələr göz olub nur ocağına.
Adam var qapını qonaq döyəndə
Qaçıb su əndərər gur ocağına.
“Onun tüstüsünün boyuna bax ha!
Elə arvadı da tüstü ədalı:
Yüzünə boylanar, yüzünə baxar,
Baxışdan od qapar, gözdən od alır...”

“O yetim üzünə qapını örtən,
Gözləri tüstülü, qurd oğlu küçük-
İtinə yal asıb belə ertədən
Qonşunun itini boğdurmaq üçün”.

“O dərə başında bir ocaq yanır-
Tüstüsü topasız, tüstüsü zəif.
Orda bir müəllim qəlbi odlanır
Qılıncdan kəsərli, ipəkdən zərif.

“Bəs o tək qarının tüstüsü hanı,
Tüstüsüz ocağa qar-yağış gülər.
Oğul yollarına baxan ananı
Tüstüsüz qoymayın, ay tüstülülər!”

Halal ocaqların ocağı yana,
Tüstülər tən dura bu dağlar ilə.
Bəzən göz aldanar, iştah aldanar
Tüstüsü düz çıxan ocaqlar ilə.

Eh, qoca, xəbərin varmı dünyada
Bir meşə qoyulur, ocağa birdən.
Bir ölkə, bir şəhər, bir kənd, bir ada
Kül olur bir əlin ocaq yerində.
Tüstü dirəkləri dirənir göyə,
Talelər, sevgilər oduncaq olur.
Göy üzü bənzəyir qara güzgüyə
“Ağ ev”lər içində “üzlər” ağ olur.

Deyirəm: dərdi çox böyük dünyanın!
Bəxtəvər: balaca dünyası olan.
Bəzən “yekəliklə” böyük tanınan
Kiçiyi, böyüdən miqyası olan...

Sənin də hardasa nəzilib ortan,
Ötəri söz-vədə kürsülərimiz.
Neçə yol göylərə millənib ordan
Bizim də dil-boğaz tüstülərimiz.

Barı bir ocağa bir çöp tulla, dur
Ay bizim tüstüsüz yazıqlarımız!
Zaman küləkləri oxucunuzdur
Neçə düz tüstülü yazılarımız!

Səhər küləyini səslədi qoca:
“Gördüyüm bəlkə də duman-yuxudur:-
Vur dağıt gözümün qabağındaca,
Düz çıxan tüstülər çox qorxuludur.

Düz çıxan tüstülər göyü də deşər
Tüstülər burula, yata yaxşıdır.
Hərdən bir qayaya, daşa ilişə,
Babalar qəbrinə çata yaxşıdır”.


SU İLƏ SÖHBƏT

Nənəm deyib, babam deyib bu misalı:
“Axar suya yuxunu de sübh çağı!
Səhər bulud qanadını yerə salır,
Paklığını səhər alır su dodağı,
Bəd yuxunu alıb yuyar,
  parçalayar.
Yaxşı səmtə,
Yaxşı yönə haçalayar
Duru sular səhər ertə.
Yamanlıqlar quyusunun
ağzını da
Duru sular səhər örtər...”
O danışır yuxusunu.
Elə bil ki, soyuq suyun şaxı sınır:
“Bu gecə çox
  qat-qarışıq olub, yuxum,
Qarı məndən incik qalıb, budu qorxum.
Gecə gördüm:
  astanada, boyun büküb,
Göz yaşını elə tökür, elə tökür...
Ağacların hıçqırtısı qulaq deşir,
Qoyun-quzu bir mələşir, bir mələşir...
Deyirəm ki, Mahmud qızı,
Bircə toxta, evinə gir...
-Məhəmmədin balaları niyə gəlmir,
Niyə gəlmir bu qapıya?..
Bircə çürük qoz olsa da-
  şirin olur nənə payı.
Bu qapıdan ayaq kəsən
  hər nəvənin əvəzinə-
Qisasımı deyim sənə:
Hər ayağın əvəzinə
Bir pöhrəni kəsəcəyəm bu
  bağınnan.
Bir kəlməni
  kəsəcəyəm dodağınnan,
Bir bayatı
  alacağam qulağınnan...
Quru yurda çubuq sancıb,
  ev göyərtdim.
İndi mənim qalan haqqım
  nədi-gətir,
Ayır göndər Seyidgilə,
Ayır göndər o atalı yetimlərə.
Ağsaqallar, demirsiniz bircə kərə,
Cəddin qırsın belini:
  ay Qara Seyid.
Bir dam külfət torpaq yeyir.
Özün siqə bir ləçərnən kef-damaqda...
Bilirəm ki, deyəcəksən”, “Seyid haxda...
Nəfəsi çox ağırdı...bəs
Allah bilər --- neylər onu.”
Allahsız da el tənəsi
Çırpıb yerə, teylər onu!
Üzü qara yanıma gəl,
Dediyimi kişi əgər,
Kişi, əgər...
Birdən gördüm:
O bir parça-buluddu.
Hansı səmtə,
Hansı yana üz tutdu-
Görəmmədim, ha baxdım...
Şimşək çaxdı.
Diksindim bərk, ayıldım.
Nə deyim, o qara günü
Yuxuda da baxdım məndən ayırdı...
Ax sulara, yuxum, uyu,
Yuxumu yu, yuxumu yu.
Axar sular, dağa-daşa
  çırp, durula.
Qayalara sər, qurula!..
Qaçım, mən də,
O ağ günə deyim ki,
Sənsiz ömrüm
  yenə sənsiz deyil ki...”


BİR QƏBRİN ÖNÜNDƏ

Mahmud qızı, eşit məni, eşit bir,
İndicənə kağız gəlib Bakıdan.
Gözün aydın, nəvən olub, qız nəvən.
Yazıblar ki, bir yumruca nəvədir,
Bir şeytanca, bir şıltaqca nəvədir.
Sənin kimi davakardı, deyirlər.
İncimə ha, zarafatdı, deyirəm.
Mahmud qızı, gün görmədin dünyada,
Taleyinə qara əsgi mən oldum.
Biləyində qara günün kündəsi,
Ürəyində qara günün təndiri,
Kürəyində qara günün şələsi...
Yolpa yoldun,
  inək sağdın,
  sac asdın.
Xoş gününü xurcunlara çinləyib,
Ata minib, şəhər yolu tanıdın.
Pristavlar qapısını tanıdın!
Bir qazağın qılıncını sındıran,
Bir harının kəlləsini şumlayan
Mən olmuşdum:
Qəzəmətlər yolunu,
Mən tanıtdım sənə, mən.
Sən əslində
Ər nazını yaşamadın,
Ər əzabı yaşadın.
Atalığın analıqdan çox oldu,
Gəlinliyin heç olmayıb bəlkə də.
Gəlin ədan-səksəkələr qurbanı.
Xanım-ədan çiyinlərin göynəyi.
Ocaq çatıb, isinəndə beş-on il,
Hana asıb, sevinəndə beş-on il,
Qardaş getdi, oğul getdi davaya,
Qadınların kişiliyi başladı.
Yanğın düşdü gəlinlərin ömrünə,
Gülüşlərin payızlığı başladı.
Qəzəblərin səpinləri başladı,
Nifrətlərin əkinləri başladı,
Sınaqların çətinləri başladı.

Yer üzünün işığı bol-sən yoxsan,
Neçə gəlin, neçə giyəv,
Neçə nəvən- sən yoxsan.
Aynabəndli ev-eşiyin-sən yoxsan,
Bir ömrün tüstüsü yox-sən yoxsan,
Xörəyimin istisi yox-sən yoxsan.
Payız gəlir-dövlətim də, varım da...
Gözüm olmur bağ-bağatın barında.
Gözüm olmur oğul-qızın payında:
Gözüm olmur gəlinlərin çayında,
Gözüm olmur xörəklərdən-yesəm də.
Tərifləyib, “çox tamlıdır”- desəm də,
Gözüm yoxdu bu dünyada-sən yoxsan.
Bu yoxluğun səbəbkarı özüməm.
Öz ömrümdən kəsib sənə vermədim,
Necə yandın, tüstünü mən görmədim,
Bir yastığa baş qoyanın gər biri
Tez sönürsə, cavabdehdir o biri,
Vədəsində yasdığını düzəltməyib,
Günlər onu necə qarsıb, necə əyib-
Görməyibsə o birisi...
İki ömür bir mahnıdır,
Biri mizrab, o biri sim.
Halal elə, Mahmud qızı,
Səndən sonra beş günümü halal elə.
Bu dünyanın işığını halal elə.
Halal elə,
Son ayaqda dönüb dağa baxa bilim,
Bulaqların gözlərinə baxa bilim,
Qayalardan baş daşılıq uma bilim,
Gözlərimi gün doğana yuma bilim...


***

Qəbirlərin qulaqları laldı çoxdan,
Öz səsini bircə özü eşidirdi.
Ancaq bir az o tərəfdə baş daşına
Göy göyərçin qonmuş idi,
Gözlərini yummuş idi.


BİR XOŞ YUXU SORAĞINDA

Yeddi ildir-
anam köçüb bu dünyadan,
Yeddi ildir-
  Gözümdə bir işıq köçüb bu dünyadan.
Yeddi ildir-
fikir yüklü xəyal gəmim
Bir qəbirstan limanına gedib-gəlir.
Uşaq kimi hönkürdüyüm günlər olub,
Yeddi ildir-
göz yaşlarım güllə olub
Dəyib deşir sinəmi hey gizli-izli.
Kirpiyimdə salxımlanır giliz-giliz.
Nə günahın sahibiyəm, nə günahın?
Xoş yuxular məcrasına nə cür axım?
Yeddi ildir-
o, gözümdə yuxulayıram.
Yuxuları sətir-sətir oxuyuram.
Nöqtə-nöqtə yoxlayıram,
Yuxuda yuxu görüb,
Yenə yuxu axtarıram,
Qəribədir, heç yuxuma girmir anam.
Bu sirri mən alimlərdən soruşuram,
Müdriklərdən, aqillərdən soruşuram.
Biri deyir: sən anaya “ölüb” demə,
De: yer üstən bir qayğılı səs üzüldü!
Biri deyir: sən anaya “sönüb” demə.
O yandı-de-səpələndi yer üzünə!..
Anaları günəşin zərrəsi bil cahanda,
Köçüb gedir Günəşə
analar göz yumanda...
Hansı şair qələmindən uçub görən:
Anaları vəsf edən ilk
qaranquş şer?
Hansı qəlbin uçurumundan qopub görən
“Ana ölüb!”-haraylayan ilk bayquş şer?
Yeddi ildir- bu ümmanlar sorağında...
Yeddi ildir- nə gümanlar sorağında
Nağılları varaqlayır, qatlayıram,
Əfsanələr tilsimindən adlayıram.
Yol üstündə
saqqalından nur ələnən
Bir qocadan soruşuram bu sirri mən.
Bir xoş yuxu sorağında yeddi ildir
Gecələrin birçəyini əlim didir.
Yuxuların yalanına inanaram,
Yuxuların yalanına yalmanaram,
Bu yalanın bir gecəlik doğrusunda
Anam gələ!
Bir gecəmin yuxusunda anam gələ!
Hamıdan tez yatıram ki, tez gələr o.
Hamıdan gec yatıram ki, gec gələr o.
Yer üstündə son gününü yeriyən bir
Qarıdan da baxışlarım söz dilənir:
Nə günahın sahibiyəm?
Qarı dönür.
Dönüşündən tufan dönür,
qar dönür:
-Nə günahın?!
Yerlər var ki, göy kor edib ana ahı...
Körpələrin meşələrdə şivlər kimi
Odda ütüb, nəşələnən divlər kimi,
Hələ insan kəlləsindən əldə qədəh
Tutan varmı?
Var! Olacaq bəs nə qədər?
Qələminin burnundakı qara gilə
Qara güllə olubdurmu, qara güllə!
Yer üzündə milyon küskün ana varsa,
Sən yuxuda nahaq ana axtarırsan...
-Mən neynə...mən...
-Sən neynə...sən...
Özgəsindən başlamır sən.
Sən özünü özgələrdə dilənirsən...
Qarı, deyən, gözdən itdi.
Fikrə getdim...
Qarı gəlib göz önündə yenə bitdi:
-Belədimi?- nəvələri tanımırlar-
Nə dondadır nənə qəbri, tanımırlar
Əllərində bir saralmış çiçək belə
Nənələri yatan yerə getməyiblər.
Şələləmək-
gərək deyil ana dərdini!
Şöhrətinçün bələmək-
gərək deyil ana dərdini.
Payızda bir yarpaq apar ana qəbrinə,
Baharda nəm torpaq apar ana qəbrinə.
Qışda onun başdaşının
buzuna əl çək.
O başdaşı- bir donan əl!
O ələ bir övlad əlidir əlcək!..
Qarı getdi
dan yerində gözdən itdi.
Fikrə getdim.
Birdən qəfil diksindim mən.
O səs doğma, səs tanışdı...
Daban aldım, yüyürdüm:
o, üfüq aşdı.
Mən başımı qamarladım
Qulağımda od qaladım.
O tənələr haqlı idi,
O səs doğma yaxın idi...
Bəlkə də bu axtardığım yuxu idi?..




BİR XATİRƏ

Qoca getmiş idi hüzür yerinə,
Səhərdən ac idi yazıq pişiklər.
Yalmanıb, düşdülər qədəmlərinə,
Necə də sevindi yazıq pişiklər!

Kişi acıqlandı- “a pişik”- deyib.
Pişiklər boylanıb ona baxdılar.
Çuğun qazandakı boyat çörəyi
Az qala əlindən qapacaqdılar.

Bayaqdan dartınıb, ağaca bağlı-
Ala it gileylə zingildəyirdi.
“Ah, bu pişikləri qablı-qacaqlı
Çəpərdən o üzə qovam”- deyirdi.

Bəzən kin də doyur
  qarın doyanda.
Ala it yalını alıb kiridi.
Ağaclar gileyli baxdı o yandan,
Deyəsən, çoxusu küsən kimiydi.

Bu gün əl dəyməyib gövdələrinə,
Böcəyin, tırtılın yuvası artıb.
Bu gün yarpaqların nəğmələrinə
Sərçələr, çalağan qəzəbi qatıb.
Açılıb nurlandı yaşıl çöhrələr,
Yarpaq pıçıldadı, budaq danışdı.
Balaca pöhrələr, tifil pöhrələr
Elə bil sınıxıb, arıqlamışdı.

Hər ağac dibinə qoca baş əydi,
Hər gövdə qızındı əli toxuncaq.
Onun gəlişinin sevincəyiydi
Dodağı çatlayan körpə toxumca.

Bircə təbəssümü bəs elədi ki,
Yetim görkəmini tullaya bağı.
Bir ilıq pıçıltı,
Səs ələdi ki,
Bağban hənirtisi,
Bağban ayağı...

Gəldi qızılgülün qızıl gülüşü,
Gəldi ağ çiçəyin ağ yaraşığı.
Sədilər dilindən dillərə düşüb
Bağban yaraşığı, bağ yaraşığı...

Oturdu. Təntidi yay qurağından,
Mavrılar yalmanıb yanına qaçdı.
Baxdı: ana pişik mərz qırağında
Bir ala ilanı boğazlamışdı.

İlanı görəndə yadına düşdü:
Yadigar verilən bir ala müşdük,
“...Burda təmənləşdik,
Elə burdaca.
Yadında qalmışdı:
Boyu balaca,
Ağzı ləyən Abbas,
Güləyən Abbas.
Gözündə həmişə bir yanğı vardı,
Bəlkə də o, çaxmaq daşı olardı,
Adam olmasaydı,
Eh, Allah bilir...
İndi çaxmaqlıq da,
  daşlıq da birdir.
Hər səsdən ayılmır indi cavanlar,
Yaman bu yerlərdən döndü cavanlar...”
Yadında qalmışdı ala-bulaca:
Boyu balaca-
Müşdüyü verəndə nə isə dedi:
Yadında qalanı bu sözlər idi:
“Bizi xatırlarsan hər çəkəndə sən.
Amma tüstüsünü dağa pülərsən!
(Özü də havanı iyləyir kimi,
Buluda, neyəmi söz deyir kimi,
Qanrılar, tüstünü göyə üfürər-
Dalınca baxardı itənə qədər.)
Bizlər çəkilmişik o dağ başına,
Dünyanın əlçatmaz, uzaq başına...
Kefimiz bizimdir, dərdimiz sizin,
Vallah, itinizin, pişiyinizin
Qədrini bilin ki, vəfalıdırlar.
Yenə bərk ayaqda siznən qalırlar...”
Sonra güləyənin gözləri dolmuş,
Deyən, dediyinə peşiman olmuş.
Oyanmış qocanın mürgülü dərdi.
Quru pambıq kimi yana bilərdi
İlıq göz yaşından, isti nəfəsdən:
Gülüb, göz yaşını gizlətdi qəsdən.
Guya ömrü boyu belə şən imiş,
Elə göz yaşı da gülüşdən imiş.
Götürüb müşdüyü pərdiyə taxdı,
Daxmada o yana-bu yana baxdı.
Əlini ha sürtdü palçıq divara
Bir şey tapmadı ki, əvəz qaytara.
İndi düşünəndə hardadı müşdük-
Dəc soğan kərdisi yadına düşdü.
“Gərək nə vardısa-yığa, quruda,
Payız güləyənə bir sovqat tuta”.

ATAMIN YÜZ YAŞI

Həsrətindən yollar yəqin döyənəkdi.
“Bu nə vəddir, nə oyundur, nə həkətdir.
“Budu, gəldi: odu gəldi”-soraq gəlir.
Axırda bir cızma-qara
  varaq gəlir.
Qəzet gəlir, şer gəlir,
Eh, nə bilim, bu dağ belə,
Aran belə,
Yaylaq belə
  bulaq belə,
  duman belə...
Araz ordan,
Kür də burdan aşıb-daşdı.
Son sözü də ya Vətən,
Ya vətəndaşdı.
Yüzlərini haylayınca,
  bir atana baş çək, bala.
Balaları babasından ürkək bala.”
Gileylərin dodağında qurumamış
Görəcəksən-
Zarafatla “Quru qamış”-
Çağırdığın “poçt əmi”ni.
“Xoş görmüşük qədəmini”-
Deməyindən bilinəcək “oğlan gəlib”.
“Gələcəyik” - vədi üçün güman gəlib.
-Hə, necədi kağız çıxmaq istəməyə,
Kimdən gəlib, deməyə!
-Bir aç görüm, kim yazıbdı.
Nə yazıbdı?..
-Oğlun yazıb,
  təbriknamə yazıbdı.
Təbrik eləyib,
  deyir:
Bir əsri dırmaşıb aşıb
Bu oğlanın
Yüz yaşı!..
-Yüz yaşım?!-
Heç yadımda deyil, vallah!
Elə qatıb başımı ki,
  bu bağça-bağ,
Özüm yaddan çıxmışam heç,
  yaşım nədi.
Bilmirəm heç ağlım nədi,
  huşum nədi...
“Demək yenə gəlmədilər,
Öz oduna özün qızın!
Qəbrin yansın, Mahmud qızı,
Uçub getdi oğlun-qızın!”.



SU ÜSTÜNDƏ BAYATI

Saatlarla oxumaqdan doymadığı
Şerləri, romanları.
Sünbül tutan zəmilərdi.
Dodaqaltı gumuldanar,
Zümzümə edərdi.
Cilid-cilid qara şumu
Çevirdikcə, aşırdıqca
Sütüllənən sünbüllərin
Gözü dən-dən işardıqca
Onun üçün
  arx suyundan
Xoş xəbərli poçtalyon
  yoxdu bəlkə.
Arx suyunun
  gətirdiyi nəğmələri
Arx boyunca
  cərgə-cərgə
  söyüdlərə,
  çinarlara paylaşdırar.
Səhər ağzı su səsindən quşlar durar,
O, bağının quşlarına xor oxudar.
Elə bil ki, bir bəstəkar,
Ən sevimli əsərindən zövq alardı.
Bu gün bütün səslərdə o,
Qulaq ardı
  bir civilti,
Dadsız-duzsuz bir uğultu.
Bir zərrəcik mənası yox,
Bir gurultu səsi duydu.
Mahmud qızı nə demişdi son nəfəsdə
  xatırladı:
“Dağlar mənə qar göndər,
Əsirgəmə, bar göndər.
Oğul, oğul, ay oğul,
Ya gəl-qurtarsın canım,
Ya dərmanın var-göndər...”

Bir də təkrar elədi,
Sonra özü ələdi:

Bu dağlar, qoca dağlar,
Döşündə qoca dağlar.
Dağları tək görəndə
Tək qalmış qoca da ağlar.

Dağlara qar ələndi,
El yolu qaralandı.
Əllərim od paylayan,
Gözlərim qor alandı.

Bu dağlar yazınandı,
Qışı qurd, yazı nandı.
Gəlişinə macal yox,
Bir namə yaz, inandı.

Bu dağlar, yolu daşdı,
Yol saldım, yolum aşdı.
Dalınca göz yolladım,
Dağ deşdi, yolum açdı.

Dağlar üstü-dam üstü,
Dağlar üzü- dan üzdü.
Bu gəliş nə gəlişdi?-
Ümidimi dan üzdü.

Dağlar əyilməz, oğul!
Çəni döyülməz, oğul!
Özü dərd dağıdanın
Dərdi deyilməz, oğul!..

Sonra durub bel götürdü,
Torpaq qazdı,
Bərə açdı,
Öz dərdini qeyd elədi.
Bel tiyəsi xırça-xırçla
Tərif yazıb,
Bir qocanın yüz yaşını qeyd elədi...





CAMAL KİŞİ

Ala ənik aldı uzaq hənirtini,
Qoca dedi:
  -uşaq olar, yavaş, ay it!..
Qaraltıya sarı getdi.
Gəldi o da.
“Od qonşusu belə tezdən gələr oda,
İndi də ki, alışqanlar cibdə gəzir.
Yüz axşamı odlamağa biri bəsdir...”
Camal kişi səs elədi:
  -mənəm, əşşi!
(Əl yerinə çəlikləri təmənnəşdi.)
Bir həftədir otum qalıb Çadırdaşda,
Çəngə-çəngə qırpamışam yal-yamacdan.
Eşşəyini qıydı qonşu, molla kimi-
Nə alığı var-and içir,-nə sicimi.
Sicimini bəri elə.
Hələ əvvəl kisəni bir bəri elə...
-Yaxşı, əyləş!
Al, qəzetim qəttəzədir,
Al, bundan eş!
İki qoca əyləşdi, daş kürsüdə,
İki təpə tüstüləndi üz-üzə,
Dan yerinin gözlərini acıtdılar,
Səhərin bal yuxusunu qaçırtdılar.
Camal kişi bir sap çəkdi dilindən:
-Bizim qarı Sumqayıtdan gəlib dünən
Balam deyir, düz-dünyanı tutub şəhər,
Göbələkdi, gündə bir ev qalxır göyə.
Evlər qalxır göyün yeddi qatına,
Minəcəkdi hamı bulud atına.
Oğul istər, ordan yerə atıla.
Ayaq açıb, şəhər gəlir üzü bəri.
Bizim arvad mal-qoyundan üzüb əlin,
Deyir sağmal maşınlar var inək kimi.
Çox evlərin bacasından kəpək kimi
His tökülür. Zavodları-dəyirmandı.
Vallah, deyir, bu dağ-dərə din-imandı,
Əldən getdi,
Şələmizi yığaq gərək,
Əriməzin ətəyinə çıxaq gərək.
-Bəlkə şəhər oraya da gəlib çatdı.
Səni ordan qır üstünə dığırlatdı.
Baxıb gördün hamı çılpaq,
   lüt-üryan.
Sən də yallı getməlisən onlarınan.
-Yəqin sən də olacaqsan yallı başı.
Saqqalı da oraqlarsan -çox yaraşar..
-Razı olarsan- axırıncı olmağa da...
Hələ deyim, soyunmaq nə, soyulmağa da...
-Sən gülürsən, odu, kəndə yetir qayçı,
Deyir hələ əlində bir iti qayçı,
Bir kəsəkəs düşübdü ki, mərəkədi,
-Kimdi kəsən, nə kəsirlər...
-Tuman-qayçı hənəyidir.
Qaldırırlar, harayacan, Allah bilir...
-Balam, sənin “duman-tuman” dediyinə
Bir vaxt elə “dizlik” deyib ağbirçəklər,
Yəni indi dizləri ki, örtəcəklər!..
-Sən dalısan, a xam kəndçi, dizlik nədi,
Təzə dəbdə göbəklikdən söhbət gedir...

...Gülüşdülər. Camal kişi çıxıb getdi.
Camal kişi sicimini yığıb getdi.
Bir az getdi.
Özü getdi, sözü döndü.
Söz dəyişdi. Gözünə bir dağ göründü.
O dağ uçdu.
Çaylı dərə selələndi.
Bağ-bağata, çölə-düzə sel ələndi
O, qaldı bir daş üstündə bir külünglə,
Təbiəti təzədən qur indi gəl!..
Harayladı, fərhadları harayladı,
Harayladı, əcdadları harayladı...
Bir də gördü, bərə bağlı, gur su gəlir,
Qalxdı beli götürməyə, bel dikəldi.
“Yox, su varsa, torpaq varsa, günəş varsa,
Kəndi göyün üzünə də çıxarsan,
O qalacaq, yağış-dolu qalan kimi,
Qarın rəngi, göyün donu qalan kimi...
İnanmıram min il sonra daş süd verə
Ya maşına qum tökəsən, çiyid verə,
Sağsağanlar yuvasını daşda qura,

Qurbağalar söz qoşalar bu qur-qura...
“Fikirləri gücüləndi, qolazlandı
Bir yoxuşda yerə dəy di, yer tozlandı...”
Camal kişi geri döndü: ə bu nədi?..
- Bu dağ-dərə sökülməyən bir binədi.
Bu söz-nağıl yaraşarmı yaşına,
Deyən kənddən qaçasısan, ay aşna!..



KOLXOZ SƏDRİNƏ GİLEY

Ağıllat bu kənddə ağ köynəkləri
Ağlı saçlarından gödəklər, nələr...
Bu yalın-yamacın kəpənəkləri
Onlardan işləkdi, gərəklidir.

Bir ayağı kənddə,
Biri şəhərdə;
İpini bir yurda bağlamaz onlar
Nə deyim, olmasa bu dədələr də
Şalvarı belində saxlamaz onlar.

Nə qədər çoxalıb qazlı cavanlar,
Bir daşın cavabı bir daşdı vallah.
“Bu gün kərəntidən yapışmayanlar
Sabah tüfəngdən də yapışmayacaq.

O dava gününü yadına sal bir,
Yüz nəfər dəryazlı, belli, yabalı-
Onda bir bulağın suyundan içib,
Havalı quş kimi aşdılar yalı.
Onların çoxu da dönmədi geri,
Qalır ocaqları, tüstüləri ki...
Bizim hökumətin qırmızı gerbi
Oraqdı, çəkicdi, ayrı nədi ki...

Demişlər: orağı zəmi itildər!
Qoldadır çəkiclə zindanın odu.
Cavanlar kəndlərdən qaçıb itirlər,
Kimi alim oldu, ya həkim oldu.

Götür, oxumağa gedən cavanın
Cibinə bir ovuc torpaq tök, de ki:
Sənə çörək verən ata-ananın
Çörəyi olubdur o cibindəki.

Onu sevməyənlər-
Südünü sevməz!
Onu sevməyənlər-haram tikədir!
Torpağa əyilən-şaha əyilməz,
Şahın əydiyini torpaq dikəldib!

Oxumuş cavanlar, bir deyin axı:
Kim üçün yaşayır bu dərə, bu dağ.
Baban yüz il əvvəl çəkdiyi arxın
Uçan dəhnəsini kim oxuyacaq?

İndi səbət-səbət araq soyudan
Daş novlu bulağın gözləri dolub.
Onun hər daşını bir sərt qayadan
Çiynində gətirən kişilər olub.

Əkin yerləri var- yarğan yaralı,
Meşə ətəkləri cır-cındır tamam!
Balalı ceyranı, zahı maralı
Tez görən gözlərə güllə tuşlayam!

Nə deyim?
Deməli ikidi, birdi?
Bunlara bir danış,
Bunlara bir de:

Oğullu-uşaqlı yetim ananın
Yoluq çəpərini kim toxuyacaq?
O çiyni sənəkli fağır Sonanın
Həsrət gözlərini kim oxuyacaq?

Şivərək cavanlar çoxalıb artır:
Ağ köynək-geydilər-tozanaqdılar.
Bu ballı, çiçəkli torpağı atıb,
Hardasa mazıta qonacaqdılar.

De ki, bu yerdə də oxumalı var,
Həsrət səbirlərin yönü yollara,
Əcdad qəbirlərin yönü yollara
Gileyli-gileyli oxumağı var...

Ay sədr, ağıl ver bu cavanlara,
Elə hey “arayış” vermə onlara.


O YERLƏR

Bir axşam əlimi üzümə vurdum,
Özümlə üz-üzə xeyli oturdum.
Bəlkə bir daş oldum, cəngə ot oldum,
Nə vaxtsa özümü sulara atdım,
Bəlkə o yerlərə bir də qayıtdım.

Öpüşüm bir bulaq üzündə bəlkə,
Bir haray çayların dilində: “gəl-gəl!”
Əlim heç nəyə də yetməsə, bəlkə
Xatirə günlərin yalına yatdım,
Bəlkə o yerlərə bir də qayıtdım.

Tutub durnaların lələklərindən,
Tutub buludların ətəklərindən,
Bəlkə ulduzların bəbəklərindən
Sönən ocaqlara od alıb atdım,
Bəlkə o yerlərə bir də qayıtdım.

Qədəm ki, vermişdi o dağlar mənə,
Getməsəm, o dağlar od ağlar mənə,
Bir qaya dibində yer saxlar mənə...
Bircə boz daşına yazılsa adım.
Bəlkə o yerlərə bir də qayıtdım.


İNTERVÜ

Gün təzəcə boylanırdı dağ başında,
O, qovmuşdu fikri-qəmi yaddaşından.
Yüz yol, min yol oxuduğu
Kitabından təzə fəsil oxuyurdu:
Yonca layı qatlanırdı xırça-xırçla,
Yaşıl xalı qısalırdı qırçın-qırçın.
Sakit dəniz qucağında əl-qol atan
Üzgüçüyə bənzəyirdi o bu zaman.
Məst etmişdi deyən onu otun ətri,
Kərəntinin burnundaydı diqqəti.
-Salam, əmi!
Dönüb baxdı:
Sədr ilə bir nəfər...
Salam-dedi-
Xoş gəlibdi qəzetçi bəy!
-Nə bildiniz qəzetçiyik?..
-İndi mənim yanıma bir
Təzə adam gəldi-demək, qəzetçidir.
Hamısı da gözəl, dilli-dilavər...
Əyləş, oğul, yol gəlmisən, nəfəs dər...
Sərin ayran yaxşı ürək sərinlədər...
(Ayran tökdü.
Sükut çökdü bir qədər.)
Qoy sənə də deyim, bala,
  bu dağ, dərə
Hay-haraydan uzaq olub min illərlə.
Elə bizim babalar da çox yaşayıb.
Əzrayılla gizlinpaç da oynamışıq,
Yaz olanda çay qudurub, sınıb körpü-
Gələmməyib,
Qışda yolu qar bağlayıb,
Əzrayılın köpü sınıb-
Gələmməyib.
Qalıb bir yay, bir də payız-
Onda da ki, əldə yaba, oraq, dəryaz...
Yaxınlaşa bilməyibdi qorxusundan.
Bax beləcə əzrayılın pusqusundan
Yayınmışıq.
Bir də axı, elə o da,
O da iş-güc adamıdı.
İşləyənlə işi olmaz o qədər də,
Onun şeş-beş oynadığı ləttilərdi...
Gördü müxbir duruxubdu: pərtdi bir az,
Başa düşdü: “Bu söhbətdən yazı çıxmaz...”
-Otur, bala, zarafatdı bunlar belə,
İndi də ki, yaxşılaşıb yollar belə.
Əzrayıl da maşınını sürüb gələr,
Vaxtdı daha.
Köçümüzü üzək gərək...
Sən də sual verəcəksən:
Niyə uzun yaşamısan?
İnan ki, mən ölməyə vaxt tapmamışam.
Mən bağbanam, çəkilib bir kölgədəcə
Özüm üçün məst olaram incə-incə...
Mən beləcə yetişmiş ot görəndə,
Elə bil ki, ərgən cavan görürəm,
Yetişmişin hovu gərək
vədəsində alına.
Onun toyu çalına,
bunun otu çalına.
Kəndçi gərək ölənəcən
bu torpağa baş əyə.
Torpağının ayrılığı bilinməyə.
Torpaq atdır- minənindir,
Torpaq ipək
bir yasdıqdır-söykənənindir...
Bir iş var ki, gedən-gələn
Çəkir mənim əllərimdən...
Əlnən dilin arasından çay axır,
Əl işlədi, dil işləməz.
Dil işlədi, əl baxar.
Müxbir bala, məndən yazmaq istəyirsən,
Gərək onda mən danışam, sən biçəsən,
Gör necədi bu çiçəkli, güllü dərya?
Bir gör, qələm yaxşı biçir, yoxsa dəryaz?
Bir sicimlik yoxuş çıxıb, tərləmisən,
Bozar, qızar, qaral bir az:
Bir dağı yaz, dərəni yaz, çəməni yaz.
Yaz burdaca, otur hərdən daş üstündə.
-Qıçlarımda, qollarımda yel var, əmi.
Bir azacıq nəm torpağa yanım dəydi...
-Kərəntidən yapış onda, kərəntidən.
Kərəntisiz qolu - atsız qamçı bil sən,
Yeyər onu pərdi hisi, divar nəmi.
Heç bilmirəm, bu cavanlar divanəmi-
Gül-çiçəyi biçməyi də ar bilirlər,
Ömrü boyu çözələsən qurtarmayan
Bu bağırsaq dərələri dar bilirlər,
Yüyürürlər o şəhərə,
Onun-bunun kölgəsində yaşayırlar,
Bəziləri nə bilim, nə daşıyırlar.
Uşaqları gəlir kəndə on ildə bir
İtnən qurdu seçə bilmir,
Arx hoppanıb keçə bilmir.
Boz qoduğa ceyran desən-inanarlar,
Çamırlığa bulaq söylə- yuyunarlar.
İldə bir yol ot biçməyə gəlin, oğul,
İldə bir yol zəmi biçin.
İldə bir yol küləş yığın.
Canınıza hava yığın, günəş yığın!
İldə bir yol yer belləyin.
İldə bir yol biz olun,
Səhər mehində yuyunub təmiz olun.
İldə bir yol belə getsən vər başına,
Sağ ol deynən bu kərənti qardaşına.
Can ağrısı həkimidir, bu şərtinən
Gərək onu götürəsən çox ertədən.
Həkimlərin həkimi də səhər yeli...
Daş-dəmir də öz yemini səhər yeyir.
Gün düşəndə yuxusundan qalxanları,
Hələ günə baxmağa da qorxanları
Ömrü boyu bucağı boş görmüşük.
Ömrü boyu ömrünü borc görmüşük.
Sən bağ salsan- balta olar eləsi,
Arvadına yaltaq olar eləsi.
Bir qarınçün yalax olar eləsi.
Bir kişidən söz qalıbdı-
Gör nə deyir:
“Kəndli əli taxma əldir -
Bunu atır, onu geyir.”
O deyərdi əllərin də əlləri var:
“Kənərti, bel, yaba, oraq...”
Bala, bunlar
Qələmdilər.
Müəllimdi, qələm nədi.
Bunlar bizim atalara dil öyrədib.
Dil öyrədib.
Bu torpağın dilini,
Onun çətin, onun ağır dilini.
Bu torpağın “ver” dilini,
“al” dilini öyrədib,
Aydın, təmiz, lal dilini öyrədib.
Çoxdu indi savadlılar, çox, maşallah,
Qəzet-kitab oxumaqla dağ aşarlar...
Hərdən gəlib bu torpağı öpün, bala.
Kitablara bir az torpaq səpin, bala...
“Kitablara torpaq səpin...Torpaq niyə?..”
Duruxanda, dəryaz keçdi bir kötüyə.
O dartındı, az qaldı ki, özü aşa-
Kərəntinin qəzəbiylə qarşılaşa.
Qoca dedi: “Yorularsan, bəri, oğul!
Qoca əmin çıxar başa vəri, oğul!
Şəkil-məkil çəkməyini sən də qurtar.
Söhbətimiz bundan sonra o vaxt tutar
O söyüdün dibindəcə
Bir balaca çay da içək.
Bura gələn çörəyimi dadmasa -
Gərək deyil - məndən kəlmə söz yaza...”




UCALIQ HAQQINDA NAĞIL
(Nəvə ilə söhbət)

Gəl, oğul, gəl, oğul, yanımda əyləş-
Deyirlər yüz yaşa yetibdi baban.
Bir nağıl danışım, balaca əylən
Tək qaldı- elə bil yetimdi baban.

Bu da bir nağıldır- igidlər, bala,
Qayalar qaşında yuva qurardı.
Yüz illər boyunca bizim babalar
Əjdaha üstünə dağ uçurardı.

Babalar dağlara baba deyiblər,
Tək hünər olmayıb yaş ucalığı.
Torpağa dən kimi səpələyiblər
Kişi cəsarəti, baş ucalığı...

Biz də baş əymədik yağıya-yada,
Nur aldıq dağların üz ağlığından.
Başlanır bir yurdun ucalığı da
Bir evin, bir kəndin ucalığından.

Yazılsa bir tarix...bir tarix yarım...
Nənəmin, babamın yadında qalan.
Bu Araz boyunu at dırnaqları
Doludan, yağışdan çox döyüb, bala!
O zaman bu kəndə nur gətirmişik
Keçirib boranın, qarın içindən.
Bu dağlar qoynuna yol gətirmişik
Qılınc-qılınc qayaların içindən.

Bostan əkdiyimiz olub bəyinən,
Bizə nə çatıbdı? -arxın qamışı!
Qızıl əsgərləri duz çörəyinən,
Bir də toy-mağarla qarşılamışıq.

İndi ağ yollarda durna maşınlar...
Yollardan qan-qada qaşımışıq biz.
Sizin o məktəbin hər daşını da
At-qatır belində daşımışıq biz.
Bir saray bir daşla şöhrətlənər də,
Bir daşsız yarımçıq qalar eləcə.
Bir əlin istisi yüz əldən keçər.
Bir əldən bir bağça pöhrələnər də,
Sevməyin özü də bir bacarıqdı,
Nə böyük hünərdir bir qızı sevmək!
Bu çayın, binənin, çölün, bulağın
Bir dəli Məcnunu olasan gərək.
Kəndimiz dünyada tanınmır hələ,
İndi siz tanıdın bu yurdu, dağı.
Bir daşın qulpundan yapışsa hərə,
Nəyimiş bir kəndin şəhər olmağı.
Səslə bu sərvətə qanıb-duyanı,
Ucalıq bir ata mülkündü, bala!
Xırda bir kəndlə də böyük dünyanı
Heyrətə gətirmək mümkündü, bala!


BABA DAĞ
(Epiloq əvəzi)

Bu yazıma başım elə qarışdı,
O qədər ki, öz-özümlə danışdım,
Qulaqlarım səs tutmadı heç hardan,
Xəyallarım xeyli qaldı uçardan,
Son nöqtənin səsi məni ayıltdı:
“Təntənəyə gecikmisən, ay atlı!”
Qələmimi tez o yerə yetirdim:
Ordan belə bir mənzərə gətirdim:
Maşınlardan endirilir qonaqlar,
Faytonlara mindirilir qonaqlar.
Tarla yolu qara qayış kimidir-
Səhərdəndir bir məclisə yük çəkir,
Bir təpənin ətəyində göy tala
Xalılardan od alacaq az qala.
Buz bulaqda əl-üz yuyur qonaqlar.
Bu gün sanki gülümsərdir bulaq da.
Arx boyunca cərgələnən yüz ocaq
Yüz qonağın əlləriylə yanacaq.
Yüz məktəbli yüz dəstə gül gətirib,
Hər dəstənin öz boyası, öz ətri.
Yüz çeşiddə pencər yuyur qız-gəlin:
Yüz bardaqda yüz bulaqdan su gəlib.
Hamar düzdə at səyirdən yüz cavan
Gəlib təzim edəcəkdir bir azdan.
Məclisbaşı - çox nurani bir qoca
Çəliyini çəkib, durur astaca:
-Ay qonaqlar, qədəminiz mübarək!
Ay camaat, bu dəminiz mübarək!
Bu gün məni sədr seçib sədrimiz!
Yüzündə də bükülməsin qəddiniz!
Şair demiş:
  Heç əlinə alma əsa,
  Yetmişində batma yasa,
  Hər kim yüz il yaşamasa
  Günah onun özündədir...
Baxın bizim bu yüz yaşlı cavana,
Bu sinnində çörək yeməz yavana...
Mənim yaşım doxsan doqquz yarımdı,
Yarımillik ixtiyarım varımdı
Cavan olam: qoca dağın yanında,
Kiçik olam: uca dağın yanında.
Bizim kəndin baş biləni bu qoca
Vallah belə əyləşməyib doyunca.
Ömrü boyu toxum səpib, yer əkib:
Sel qatlayıb, yel qatlayıb, arx çəkib...
Xırman döyüb, qoyun qırxıb, nal kəsib,
Arabir də qaymaq üçün bal kəsib...
Ömrü boyu dilək tutub, əl tutub.
Ömrü boyu özünü çox unudub.
Son illərdə var əlləri bardı, bar!
Kim bu yaşda meşə boyda bağ salar.
Tək başına: var olsun bu bağımız,
Var olsun bu balacaboy dağımız.
Mənim yaşım doxsan doqquz yarımdı.
Deməyə də ixtiyarım varımdı:
Bir bağbanın ad gününə gələnlər,
Hamımızın şad gününə gələnlər,
Dabanqırma gedəsiyik hələ-biz.
Arzum budur: dalımızca gələsiz:
Sonra durub kibrit çəkdi yüz qonaq:
Bir məqamda alovlandı yüz ocaq.
Yüz dəstə gül- yüz ətirdə, yüz adda...
Çöl yolunda qanadlandı yüz at da...
Yüz bardaqdan torpaq südü süzüldü.
Süfrələrin yüz ləvini düzüldü...
Məclisdəki uzaq elli bir qonaq
Düşünürdü: torpağa bax, elə bax -
Burda insan dağ yaşıdı olar ki,
Burda yüzü aşırmağa nə var ki...

1970-1972
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws