Könül nə danışdı, nə dedi mənə-
Uçdu körpəliyə xəyalım yenə...
Durdu gözlərimdə ixtiyar nənəm,
Vüqarı dağ nənəm, saçı qar nənəm...
Elə bil, saçımı darayırdı o,
Qəlbimi, fikrimi arayırdı o.
Duyurdu üzünə dikilən baxış
Deyir ki, ay nənə, bir nağıl danış...
Yenə də kitabı varaqlanırdı,
Qəlbi gah sevinir, gah da yanırdı...
Ellərin zəkası, xəyalı, dərdi
Onda pərdə-pərdə dilə gələrdi.
Onda nəğmə vardı, bayatı vardı,
Onda sevinc quşu, qəm atı vardı.
Onda dinləyərdim Zərniyarı da,
Valehi sızladan qəm-qübarı da.
Kitab Məcnun kimi ağlardı bəzən,
Leylinin yasını saxlardı bəzən.
Kitabın ildırım sürəti vardı,
Bir anda bir əsri uçub aşardı...
Ondakı nağılın hüdudu hanı?
Saysızdı ondakı hünər dastanı.
Ondaydı ellərin fikri, nəfəsi,
Keçmişin sükutu, bu günün səsi.
Nənəmin səsində, dilində idi:
Elə bil, hər nə var əlində idi.
Bəzən bir yetimə taxt da qurardı,
Şahısa qaldırıb yerə vurardı.
Bu zaman nənəmə alqış deyərdim,
“Danış, dalısını, danış” deyərdim.
Ellərin sevinci, ellərin dərdi
Nənəmin dilində dilə gələrdi.
Mən də gah sevinər, gah da yanardım,
Nənəmi ən böyük alim sanardım.
Sinəmə el sazı asdı o kitab,
Sinəmə çox kitab yazdı o kitab.
Onun Araz kimi kükrəyib daşan,
Kürün nəğməsinə nəğmələr qoşan.
Hünər dastanı da, sevinc səsi də,
Bəzən söz üstündə titrəməsi də.
Nənəmin qəlbindən qəlbimə doldu,
Məni şair edən o kitab oldu.
O kitabın səsi el səsi idi;
O kitab nənəmin sinəsi idi.
1956.