|
|
|
SƏBA YELİ
“Nə yanar kimsə mənə atəşi-dildən özgə Nə açar kimsə qapım badi-səbadan qeyri”.
FÜZULİ
Sözün sehrinə bax, qüdrətinə bax! Bir heykələ döndüm öz yerimdə mən. Beləcə bir misra deyəydim ancaq Yüz il yazacağım əsərimdə mən.
Keçirmiş sənətin imtahanından Dörd yüz bahar onu, dörd yüz qış onu. Bir ana torpağın ürək qanından Qan alan bir ürək yaratmış onu.
Bir anlıq dörd əsr qayıtdım geri, Sinəmdə ocaqlar qalandı, şair. Fikrim dolandıqca ağır illəri, Kainat başıma dolandı, şair.
Görürəm özünü pərvanə sayıb, Başına dolanıb yananlar da var. Sənin xəzinəndən söz oğurlayıb, Sənin sənətini dananlar da var.
Görürəm üstünə daş yağır belə, Fəqət, göz qırpmadan oturmusan sən. Çünki söz oxunla, söz atəşinlə Fələyin damını uçurmusan sən.
Gəldim baş əyməyə önündə mən də, Qarşıma gah boran, gah tufan çıxır, Nədənsə, şairim, adın gələndə Çox şairin adı yadımdan çıxır.
De niyə tənhasan, de niyə təksən? Soltanlar taxtından şikayətin var. Bir tənha aslanın nərəsi bəzən Meşələr titrədər dağlar uçurar.
Sən ki, mehvərisən söz dünyasının, Qəlbinə bir həmdəm dünyamı yoxdur? Söylə, bir aşiqin könül yasını Baxışı dağıdan Leylamı yoxdur?
Hanı vəfalı yar, sevdalı canan? Niyə bir həmdəmin yoxundu sənin? Bəlkə külək deyil qapını açan, Evinə sığmayan ahındı sənin?
Şöhrətin düşdükcə obaya, elə, Zaman varlığını sıxır, şairim! Belədir, həmişə ağır zəlzələ, Ən uca dağları yıxır, şairim.
Sevən ürəklərə eşqin nur saçır, Çiçəklər gülümsər günəş doğanda. Səndən şer yazır, səndən söz açır, Səni oxuyan da, oxumayan da.
Odla üzə çıxıb sinənin varı, Bir dağsan, vulkanlar yanır canında. Gözlərindən çıxan qığılcımları Göylər ulduz edib kəhkəşanında.
De niyə tənhasan, de niyə təksən? Tufanlardır ahın, çaylardır qanın. Bilmirdin ömürlük ömr edəcəksən Qəlbində anamız Azərbaycanın...
Sən də, səba yeli, bu gündən səs al, Dil açma o günün kədəri kimi. Neçə ürəklərdə özünə yurd sal O böyük şairin əsəri kimi.
Söylə, səba yeli, hər əsəndə sən Ona dərd gətirdin, ilham gətirdin? Neçə yol buluddan, göydən, günəşdən O söz günəşinə salam gətirdin?
Söylə bulud kimi tutulan zaman Gözündən sel gələn gördünmü onu? Göy kimi kişnəyən, ney kimi yanan, Sap kimi incələn gördünmü onu?
Günəş də üzündən qəm yağa-yağa Yazdımı göylərə o ölən günü? Sözü ürəklərə, özü torpağa Səsi küləklərə verilən günü?
Qəlbimdə bir nəğmə dil açdı yenə, Ay ellər, bir sevda nəğməsidir o, Açın qapıları səba yelinə, Açın, Füzulinin nəfəsidir o...
1958
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|