ÖMÜR
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni.
Qəbrimdən göyərən otları külək
Yayıb göyərdəcək dərədə, düzdə,
Bəlkə sinəm üstə bitən bir çiçək,
Gəzəcək nə qədər sinələr üstə.
Ömür də bir borcdur əlli il, yüz il,
Bədbəxtdir az yazıb, çox yaşayanlar.
Şair dost, ömrünü yaşında deyil,
Yazdığın nəğmənin ömründə axtar.
1957.