ŞERƏ GƏTİR
Şair dostum, çaldığın saz Eldən ayrı səs ucaltmaz, Gəl həyatın nəfəsini Həyatda duy, həyatda yaz. Gur çayları səsinə qat, Nə şöhrət gəz, nə də ki, ad. Gəl zəhmət çək, zəhmətdəki Şan-şöhrəti şerə gətir! Təbiətin öz şeri var, Təbiəti şerə gətir.
Dərəni keç, düzdə dayan, Ceyran keçən izdə dayan. Axşamüstü qızlar gəlir, Düş bulağın üstə dayan. Sevdiyindən ilham alır. Çoban döşdə tütək çalır, O tütəkdə dilə gələn Sədaqəti şerə gətir. Məhəbbətin öz şeri var, Məhəbbəti şerə gətir...
Dırman dağa, en arana, Aş Murovu, keç Muğana. Qar sinəsi, günəş üzü Günəş altda yana-yana Pambıq dərən bir gözəlin Əllərini sıxsın əlin. O gözəlin hüsnündəki Əzəməti şerə gətir, Qəlbindəki çırpıntını, Hərarəti şerə gətir.
Qanadını şimşəkdən al, İlhamını ürəkdən al! Gül-çiçəyin ətrini gəl Çiçəklənən əməkdən al. Bax ellərin qüdrətinə, Çat ellərin qüdrətinə, Çat zamanın sürətinə. Qələm götür sürət ilə, Bu sürəti şerə gətir. Yazılmamış, duyulmamış Şeriyyəti şerə gətir. Gəl baharın xoş çağında Bahar gəzmə otağında. Yaz baharın şerini də Təbiətin qucağında. Söz üstündə şam kimi yan, Asan gələn gedir asan. Mən demirəm yalnız gözəl Bir xilqəti şerə gətir, Şair dostum, gəl həyatı, Həqiqəti şerə gətir. 1957.
|
|