I
SƏN TƏLƏSMƏDİN
Qoy nəğmə deməyə bülbül tələssin,
Gəzdiyi, gördüyü üç aydır, şair.
Sənin ki, kükrəyən ilhamın, səsin
Məcraya sığmayan bir çaydır, şair.
Könlü qar gəzənlər tələssin dağa,
Dağın tələsməsi, məncə, əbəsdir.
Dənizlər can atsın ümman olmağa,
Ümmanın öz suyu özünə bəsdir...
Qəlbin od gəzmədi şaxta kəsəndə,
Söylədin hər fəslin öz aləmi var.
Dedin tələssən də, tələsməsən də
Yenə öz vaxtında gələcək bahar.
Gah oldu oylağın Göyəzən dağı,
Sözünlə açıldı ayın qabağı.
Əsil bayramını bayramqabağı-
Elədi görəndə gözəllər səni.
Sazına Vaqifin səsimi gəldi,
Səsindən baharın nəsimi gəldi.
Alqışa Füzuli, Nəsimi gəldi,
Eşqə gətirəndə qəzəllər səni.
Gah sinən Kür oldu Kür qırağında,
Qafqazla tən durdun Qafqaz dağında.
Muğandan qayıdıb iş otağında
“Muğan”ı yazanda tələsmədin sən.
Tələsən atlılar yolda qalacaq,
Aramla gedənlər çox getdi ancaq.
Görməyə tələsdi səni bağça-bağ,
Bənövşə üzəndə tələsmədin sən.
Sənətin ağ günü üzünə düşdü,
Ellər söhbətinə, sözünə düşdü.
Ceyranlar mələşib izinə düşdü,
Ceyranı gəzəndə tələsmədin sən.
Bu gün əlli yaşa qoyursan qədəm,
Mənalı keçərsə yaş, keçsin, nə qəm...
Bir vaxt da gələcək, deyəcək qələm:
Ömrünün yüzündə tələsmədin sən.
12 may 1956