II
ÇOBANIN DÜŞÜNCƏLƏRİ
O, dərindən köks ötürdü, Gen sinəsi endi, qalxdı. Elə bil ki, bir andaca Kükrəyəcək, daşacaqdı... Lakin baxıb şah düzünə Çoban xeyli danışmadı. Deyəsən o, ürəyində Gizli yandı, alışmadı. Dillənmədi, dağ-dərəni, Dilləndirən tütəyi də. Sanki ona sirdaş olub Susmuşdu dağ küləyi də Mən baxırdım ona tərəf, Alnı qırış, saçı ağdı. Şah dağının ətəyində Sanırdım ki, o da dağdı. Düşünürdüm: “Niyə susmuş, Niyə susmuş o ixtiyar? Nədən onun ürəyində Gülümsəmir gülən bahar? Dedim:- Söylə, çoban qardaş, Bu sükutun nədir adı? O, üzümə baxıb bu dəm Qəmli-qəmli pıçıldadı: -Hər obanın öz yaylağı, Hər tərlanın öz oylağı, Dolaylarda bahar çağı Bir doyunca gəzim, dağlar. Bu dağlara, dolaylara İndi onun üzü düşmür. Nə vaxtdandır ceyranların İzlərinə izi düşmür. Çoxdan gözü yollardadır Gül-çiçəkli baharın da. O xınalı kəkliyin də. Bu dağın da, o qarın da. Hər baharda qarış-qarış Bizim dağı gəzərdi o. Hər bulaqdan su içərdi, Hər çiçəkdən üzərdi o. Bu dağlarda qonaq qalıb Bəzən çalıb saz bu yerdə. Bizə şer oxuyubdur Qış Muğanda, yaz bu yerdə. Bu dağlara çıxa-çıxa Hər binəyə, alaçıxa O çox nəğmə, qəzəl deyib Onun özü gözəl deyib: “Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada. Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar”.
Çoban yenə danışırdı, Çoban yenə kükrəyirdi. Bir səs mənə: “O deyəni Ürəyinə yaz,- deyirdi”. Duyurdum ki, qoca çoban Şer bilən, söz qoşandı. Qəlbim onun qarşısında Həm qəmləndi, həm utandı. Sənətkarın hər sözünü Məndən gözəl bilirdi o. Şair kimi qəmlənirdi, Şair kimi gülürdü o. Elə bil ki, bulaq idi Köksündəki vuran ürək, Hey dolurdu, boşalırdı Təzə bahar buludu tək. Bu vaxt dalğın görərdiniz Mənim gülər, şad qəlbimi. Bir sükunət bürümüşdü Sükunətə yad qəlbimi Mən bilmirdim onu durub Dinləsinmi könül sazım, Yoxsa onun sinəsindən Qopub gələn seli yazım?!.
Şah yaylağı, iyul 1956.
|
|