O YAŞAMIR
O, heç kəsə qəlb açıb, heç kəsə bağlanmadı,
Məhəbbət alovunda buz ürəyi yanmadı.
Məhəbbəti pul oldu, sevgilisi kef, araq.
Bəzən bütün gecəni yıxılaraq, aşaraq
Səkkiz yazdı tinində hər küçənin, hər bağın;
Onu torpağa çırpdı sinəsi də torpağın.
Günlərlə bağlı qalan otağını qəm aldı,
Sükunətdən otağın divarları nəm aldı.
Evdə qadın gəzmədi, evdə xörək bişmədi,
Sanki günəş şüası küsdü, evə düşmədi.
Sevənlərin evinə sevənlər gəldi qonaq,
Onunsa qapısını küləklər döydü ancaq.
Qonşusunun evindən gələndə körpə səsi
Onu öz otağında diksindirdi kölgəsi.
Çox içdi, az düşündü; çox gəzdi, az axtardı,
Qışda qışı görmədi, yazdasa yaz axtardı.
Heç kəsə qəlb açmadı, heç kəsə bağlanmadı,
Bu gününü duymadı, sabahını anmadı.
Düşündü: “Oğul papaq, qız tufli, şal -- deyəcək.
Arvad isə gülməxmər, makintoj al” -- deyəcək.
Yox, zəhərə qatmaram nəşəsini qəlbimin,
Nə dindirər içkisiz nəğməsini qəlbimin?..
Nəşəsinə indi bax: əl titrəyir, baş əsir;
Baş deyil, bədən üstə sanki qara daş əsir.
Yanır araq odundan eşq odu duymaz ürək,
Gözlərimdə o mənim kiçilir bir nöqtə tək;
Kiçilir bir nöqtə tək, lap boyu dağ olsa da,
O, bir cansız canlıdır, yaşamır sağ olsa da!
1956