NECƏ UNUDUM SƏNİ...
Baxıram ev-eşik boşdur elə bil, Səninlə varım da, yoxum da gedib. Bir ürəyim deyil, bir canım deyil, Dincliyim də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxlayım deyə Bircə əlacım var -- unutmaq səni! Ot kimi, su kimi bilmirəm niyə Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə Əvvəli, sonu yox bir düz olursan. Mən səni gecələr unutsam, -- gecə, Gündüzlər unutsam, -- gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən, Saçımı dağıdan küləklər sənsən. Bəlkə də bir simli iki sazıq biz, Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün, Bu qədər insafsız olmaz ki, adam! Yox, səni bir anlıq unutmaq üçün Özümü bir yolluq unutmalıyam... 1961
|