OYAT MƏNİ...
Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni
Yuxularda keçsə həyatım, ana!
Deyirsən az düşün, az işlə, çox yat,
Gəl barı sən demə həkim deyəni.
Necə düşünməyim, axı kainat
Düşünən bir insan yaratmış məni...
Yox, bir an zəhmətsiz vursa ürəyim
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.
Boranlı gündə də, qarlı gündə də
De mənə: -- “oturma, dolan gəz” -- ana.
Yaralı bir pələng can üstündə də
Dovşanın ömrünü istəməz, ana!
Vətən torpağından söz alır sinəm,
Gəzim çəməni mən, aşım dağı mən.
Ana, istəmirəm, yox istəmirəm
Yuxuda tapılan sağlamlığı mən...
1956