MƏN ARAZ ŞAİRİYƏM
Mənə deyir birisi: “Çox yazırsan Arazdan. Nə bilim, gahdan quzu Gahdan aslan Arazdan” Neyləyim mən, neyləyim?! Qələm gəldi əlimə -- Araz gəlir dilimə! Neyləyim mən, neyləyim?! Demişəm, bir də deyim: Sahilində küləklər Gəzməyib mənim qədər; Sularında ördəklər Üzməyib mənim qədər. Gündüzlər aynam olub, Gecələr laylam olub. Qamışından kəsilib Mənim çaldığım tütək. Mən ondan su içmişəm Anamdan süd əmən tək. Sudan çıxan balıq tək Ölərəm mən Arazsız. Tayı itmiş ceyran tək Mələrəm mən Arazsız. O mənim mürəkkəbim, Mən onun qələmiyəm. O mənim telli sazım, Mən onun Dilqəmiyəm, Yox, Araz deyəndə mən Yalnız çay düşünmürəm. O, tarixdir, baxıram: Ağlayır da, gülür də; “Avesta”nın külündən Bulanıqdır hələ də. Gözlərimi mikroskop Eləyib, hər damlaya Mən baxmaq istəyirəm. Mən yanan tariximi Oxumaq istəyirəm... Yox, Araz deyəndə mən Yalnız çay düşünmürəm! Mənim tək baxsan ona Deməzsən adi sudur. O, bir gəlin hörüyü, Bir uşaq yuxusudur. O, Qıratın yalmanı, Bozatın tərliyidir; Nənəmin ipəkliyi, Babamın sərtliyidir... O bu gün Muğanıma Uzanan yaşıl qolum. Bağıma ağ kəmərim, Dağıma işıq yolum... O, dilsiz çöllərimə Nəğməkar dilim mənim. Müqəddəs ellərimə Müqəddəs Nilim mənim. Hara getdi gedirəm, Getdim, gedir mənimlə. Sevinciyəm, qəmiyəm Sevincimlə, qəmimlə. O deyir, mən yazıram: Mən Arazın səsiyəm. Mən onun yatağıyam, Mən onun sahiliyəm, Mən onun ləpəsiyəm. Dağları yara-yara, Ən böyük dəryalara Dildə söz, əldə qələm, Onunla getməliyəm...
1961
|
|