MƏN SƏNİ TAPARAM...
Mən bura gül-çiçək Dərməyə gəlmişdim, Nəğməmi nəğmənə Verməyə gəlmişdim, Uşaqlıq çağımı Görməyə gəlmişdim... Nə gördüm? -- Gözənin yerində Bir çılpaq tala var; Bulağın yerində Bir quru çala var. Tək bircə qarışqa Yolundan savayı, Qırpbığın örtübdür Cığırı, dolayı... Ceyranın güzgüsü, Ovçunun bərəsi, Dərənin gözüydün, ay bulaq, Gecənin səsiydin, ay bulaq... Su itməz, bilirəm, Hardasa sən yenə Saçını sərmisən Bir dərə döşünə. Yüz yana qol atıb, Yüz yerdən sən axsan, Öz təzə yerində Ayrı bir bulaqsan. Mən burda bir zaman Dəyirman qurmuşam, Baldırğan gəmimi Suyunda yormuşam. Mən burda bir qızın Eşqilə yanardım. Mən səni qaynayan Bir ürək sanardım. O qız da suyunda Daranar, gedərdi. Xəyalım zülfünə Dolanar gedərdi... Sandım ki, səndə bir Nişanə qaıbdır... Gördüm ki, bulaq da Viranə qalıbdır. Bu nədir, o bulaq bəs hanı? Dedilər: Bir qəfil gurşadın Olmusan qurbanı. Gözünü lil tutub, Qum tutub, gil tutub. O kabab çəkənlər Dövrəndə hanı bəs? Hardadır onların Vicdanı, qanı bəs? Yüz dəfə, min dəfə İçiblər suyunu; Məst olmuş gözləri Gözündə yuyunub. Bircəsi gözünü Axtarsa, nə olar? Bir parça yer qazsa, Daş yarsa, nə olar? Mən səni dərədə Sükutdan soruşar, Gözləri dolan bir Buluddan soruşar, Gəzərəm, taparam. Dağ-daşı kökündən Üzərəm, taparam. Qolumdan, qıçımdan Bezərəm, taparam. Dərələr, gəzələr Görmədik desələr, Sinəmi qələmlə Qazaram, taparam, Adına bir şer Yazaram, taparam! Yazaram, taparam!
1962
|
|