QƏBRİSTANA GEDƏN GƏLİN
Hara belə, hara belə Bu geyimdə, bu libasda? Nə tapmısan büründüyün Qara şalda, qara yasda? Qəm nə vaxtdan çörək olub?! Ah çəkəndə sən dərindən -- Deyirəm ki, bu saatca Yer qopacaq mehvərindən. Otuz yaşın ancaq olar, Yanında da bir qızın var: Gözlərində bir yaralı, Bir körpəcə ceyran qəmi! Ona belə tanıdırsan Nəşə dolu bu aləmi! Heç o körpə olmasaydı Bəlkə səni görməzdim mən. Qəbristanı ev etsən də Qeyri məna verməzdim mən. Hara belə? Qəbristana? Bu gedişin sonu varmı? Bəs, həyata gətirdiyin O körpəcik günahkarmı? - Oyun vaxtı, gülüş vaxtı, Bağ-bağçaya gediş vaxtı, Şəkillərə baxan günü, Telinə gül taxan günü Yanıb gedir: Gözlərinin həyat eşqi, Sevinc səsi donub gedir. - Mən demirəm unudasan Vaxtsız ölən ərini sən. Həyatın da, ölümün də Deyirəm bil yerini sən. Get qəbr üstə, get, nə olar; Vaxtında get! Göz yaşı yox, çiçək apar! Ərin qalxsa, söyləməzdi sənə ağla. Deyərdi ki, get yadigar Uşağımı yaxşı saxla! Get, sən ona heykəl qoydur, Özünə də ailə qur. Get bir daş qoy daş üstünə, Çıx dünyanın seyrinə bir, Axı həyat öz evindən Qəbristana yol deyildir...
1963
|
|