OXUCUYA MƏKTUB
Uzaqdan uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni, əzəl sən
Tanış ol, bu kiçik nəğmələrimlə.
Onda məhəbbətim, onda nifrətim
Əllə varaqlanar, gözlə oxunar,
Orda həm ürəkdən gülmək adətim,
Həm üzdən kədərli görünməyim var.
Birdən təbəssümüm aldadar səni,
Ehtiram naminə üzünə gülləm.
Bəlkə ürəyimdən gəlib keçəni
Gülüşlə, baxışla açan deyiləm.
Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm;
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm...
Gözündə yanmayım bir uldaz kimi,
Gəlib keç yanımdan səssiz-səmirsiz.
Açıb varaqları qapımız kimi
Görüşək sətirlər arasında biz.
Ələnib toz olsun qəlbimin varı
Vətənsiz dil açsa bir kiçik yazım;
Məni təmənnalı əl sıxmaları,
Səni gurultulu səs aldatmasın.
Asan keçidləri al əllərimdən,
Yürüşlər güc versin şair qoluna.
Önümdə uçrumlar, dərələr aç sən
Yolum bənzəyərsə dəmir yoluna...
Bu mənim ilk sözüm, son sözüm deyil,
Əsri necə duydum, elə yazım qoy.
Gözəllər qəlbini qaş-gözüm deyil,
Sadə sətirlərim oğurlasın qoy.
Tikilən binadır -- yazılan əsər,
Ürək mühəndisdir, qələm də bənna.
Oxucu qəlbindən gələn təbriklər
Birinci naxışdır, bəzəkdir ona.
Uzaqdan-uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni, əzəl sən
Tanış ol bu kiçik nəğmələrimlə...
1961