DEYİRLƏR Kİ...
Deyirlər ki, arvad-uşaq vaxt alır,
Sənətkardan ata olmaz, ər olmaz.
Şair olub, evlənənlər yanılır,
Bir ürəkdə iki eşqə yer olmaz.
Deyirlər ki, şair olan arı tək,
Gəzə gərək, hər çiçəyə qona da.
Hər gözəlin gülüşündən o gərək
Bir şerinin qanadını yarada...
İnsan ömrü oxşayırsa bir yaza,
Ailədir onun gülü, çiçəyi.
Arvad əli toxunmayan bir masa
Yağış görməz bir səhraya bənzəyir.
Gəlməmişik ömür sürək toy ilə,
Qoy arabir nəşəmiz də bulansın.
Sənətkarın bir əsəri qoy elə
Arvadının gileyindən yaransın.
Bir küncü də isindirməz tək nəfəs,
Hər quşun da yuvası var, tayı var.
Bəs bir evin qayğısından qaçan kəs
Bir ölkənin qayğısını nə duyar?..
1962