BƏNNA
Sən tikən binanı seyr etdim dünən, Bir şer oxundu hər naxışında. İndi düşündüm ki, anladım ki, mən, Öz dili var imiş dilsiz daşın da.
Daş deyil, arzundur hər təzə bina, Görən: -- mən də qurum, yaradım, -- deyir. İşdən qayıdanlar baxanda ona, Qoy yenidən işə qayıdım deyir.
Gücünə o qədər inanır ürək -- Sən Obu Xəzərə tökə bilərsən... Sən, lazım gələrsə, Yerdən Marsadək Qranit qüllələr tikə bilərsən.
Vaxt oldu ürəyin döndü mərmiyə, Sən silah götürüb keşikdə durdun. Bəzən də düşmənə qalmasın deyə Özün tikdiyini özün uçurdun...
Hər istəyin yeni, hər arzun yeni, Əlinlə dağ üstə dağ ucalıbdır. Deyirəm bəlkə də möhkəmliyini Yonduğun sərt daşlar səndən alıbdır.
1959.
|
|