|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Davud     DƏMİRLİ


ONUN    SEVGİ     NƏĞMƏLƏRİ


“Sevgi nəğməsi” –bir sıra müvəffəqiyyətli əsərləri ilə oxucuların rəğbətini qazanan gənc şair Məmməd İbrahimin ilk şerlər kitabıdır. Hər şeydən əvvəl, onu demək lazımdır ki, müəllif bu kitabı tərtib edərkən tələsməmiş, çap üçün oxucular tərəfindən bəyənilən şerlər seçmişdir.
Kitabda toplanan əsərlərin böyük bir qismi məhəbbət haqqında yazılan şerlərdən ibarətdir. Bu şerlər köhnə aşiq-məşuq məhəbbətini təkrar edən qoşmalar deyil, orijinal fikirlərlə zəngin olan yeni məzmunlu əsərlərdir. Məmməd sevgidən bəhs edən şerlərində qarşılıqlı məhəbbətin insanı mənəvi cəhətdən saflaşdırdığını həyati detallarla açmağa çalışmış və çox vaxt öz istədiyinə nail olmuşdur. Həcmcə çox da böyük olmayan “Unuda bilmirəm” sərlövhəli şerini oxuyarkən sanki adamın gözləri qarşısında  nakam bir məhəbbətin qəmli dastanı varaqlanır, oxucu şairin müqəddəs kədərinə şərik olur:
            Susdu bu sahildə o qızın səsi,
            Güllər, çiçəklər də başını əydi.
            Sevgilimə dəyən düşmən gülləsi
            Sandım ki, mənim öz qəlbimə dəydi.
Vətən uğrunda vuruşub Terek sahilində həlak olmuş sevgilisini unuda bilməyən gəncin ürək döyüntüləri oxucunun qulaqlarında səslənir, müharibə qızışdırıcılarına qarşı insanların qəlbindəki sonsuz nifrət hissini daha da qüvvətləndirir.
“Qonşu gəlini”, “Kəklik”, “Bir sənin eşqinlə”, “Rəfiqələr”, “Sevgi nəğməsi”, “O baxışlar” adlı şerlərdə müəllif, təsvir obyektinin eyni olmasına baxmayaraq, öz fikrini müxtəlif bədii vasitələrlə elə ifadə edir ki, bu şerlər bir-birinə bənzəmir, adamın ürəyinə yatır.
M. İbrahimin mövzu dairəsi məhdud deyildir. Siyasi lirika nümunələrindən olan “Dərs otağı”, “Partiyamın əsgəriyəm” şerlərində o, real fakta poetik məna verməyi bacarmışdır. Dahi Leninin Qazan universitetində dərs oxuduğu və imtahan verdiyi otaq səyahət zamanı şairi özünə məftun edir. Muzeydə gördüyü lövhələri bədii bir dillə təsvir edən müəllif:
            ...Otaq yerindədir, qəlbində ancaq
            Hər kəs öz elinə aparır onu, - deyə şeri gözəl bir ümumiləşdirmə ilə qurtarır.
Sovet adamının sosialist əməyinə şüurlu münasibəti, səadət və xoşbəxtlik gətirən zəhmət adamlarımızın şərəf işi bilmələri “Dənizçi” şerində öz parlaq əksini tapmışdır.
“Sevgi nəğməsi” kitabında uzun mühakimələrdən sonra mücərrəd sonluqla qurtaran “Qocanın vəsiyyəti”, misralarının sayı yüzü keçən “Vətən torpağı”, həmçinin “Ayrılıq”, “Səni bir də seyr edim” kimi şerlərdə fikir təkrarına tez-tez rast gəlirik. Bu nöqsan M. İbrahimin başqa şerlərində də vardır. Məsələn:
            Uçan körpəliyim, uçulan yuvam,
            Onsuz da geriyə qayıtmayacaq.     (səh 10)
       
            Axan su, ötən gün qayıtmaz geri...(səh 21)

            Könül, təəssüfə qapılma hədər,
            Axan su bir daha geri qayıtmaz...(səh 56)
Bu şerlərin hamısına xas olan ümumi bir nöqsanı da göstərmək lazımdır. Müəllif şerlərində coğrafi adları həddindən çox işlədir. Bu adlar bəzən şerin bədii təsir qüvvəsini zəiflədir, oxucunu yorur, yeknəsəkliyə səbəb olur:
            Məskənim gah Polesye, gah Çukot, gah Pamirdir,
            Vətənimin hər yeri mənim gözümdə birdir,
misralari ilə başlanan “Özüm səyyah olsam da” və habelə “Gəmi gedir” şerlərində bunu aydın görmək olar.
Doğrudur, Məmməd İbrahimin qəzetlərdə dərc edilən “Onuncu planet”, “Günahsız müqəssir” və “Bakı fəhləsi” kimi müasir həyatın aktual məsələlərinə həsr olunan şerləri vardır. Lakin haqqında danışdığımız kitabda bu günkü yüksəlişimizi əks etdirən şerlərin çox az yer tutması onu düşündürməlidir.
Bədii tərtibatı keyfiyyətli olmayan bu kitabın korrektorlarının diqqətsizliyi üzündən buraxılan nöqsanlar müəllifin bəzi fikirlərini təhrif edir.Məsələn, kitabın 43-cü səhifəsində oxuyuruq:
         İndi bu sahildə duymayıram mən,
         Mərmi vıyıltısı, barıt qorxusu  (qoxusu)
44-cü səhifədə isə  “mən döyüşlər” əvəzinə “min döyüşlər” getməsi yenə də fikri pozmuşdur.
Bu kitab, orijinal səsi ilə ədəbi gəncliyimizin sırasında cəsarətlə addımlayan Məmməd İbrahimin müvəffəqiyyətidir.

1960

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws