ARAZIN NƏĞMƏSİ
Səndən danışıram, Araz, ay Araz, Bulan da, durul da, səsimi dinlə. Apar ellərə yay, könüllərə yaz Bu kiçik nəğməmi nəğmələrinlə.
Nəğməm də özüm tək cavandır hələ, Mənim də səsim var səsinə çatsın. Yüz il qələm çalan sənətkar əli Nəğmənə bənzəyən nəğmə yaratsın!
Sən canlı tarixsən doğrudan, Araz, Səsində min ildən qəm-qubar qalıb. Sinəndə dil açan bu yanıqlı saz Ulu babalardan yadigar qalıb.
Qoca şahidisən qoca dünyanın; Çox nahaq qanlara boyanmısan sən. Nə bilim, bəlkə də neçə ananın İlıq göz yaşından yaranmısan sən...
Axıb çağlayırsan illərdən bəri, Bəlkə də yaşını bilməyir insan! Sinələrdən qopan qəmi, kədəri Torpağa yazmısan, daşa yazmısan.
Üstündən çox şahlar keçirmisən sən, Dalğanda igidlər döyüşməsi var. Səsində qəlb açıb, kama yetməyən Neçə sevgilinin hicran səsi var.
Nə qədər ağırmış dərdin, möhnətin, Ağrıdır sinəmi acı xəyallar. Araz, dilin olsa sözün, söhbətin Min il yazılası bir dastan olar.
Gah həzin, gah coşğun nəğmə deyirsən, Bəlkə də hər havan bir sazdan qalıb. Səsin Koroğludan, hirsin Tomrisdən, Qəmin də Dilqəmdən, Abbasdan qalıb.
Qışda lal olursan günahı var tək, Yazda qılınc alıb qeyzə gəlirsən. Gecəli-gündüzlü mənzil kəsərək Nə nəfəs dərirsən, nə dincəlirsən.
Gah gizli nəğmələr qoşur suların, Susursan utancaq bir mehman kimi. Gah da nərə çəkib coşur suların Balası vurulmuş bir aslan kimi.
Səndə təmkinlik də, dəlilik də var, Dağlarda pələngsən, düzlərdə quzu. Bəlkə sularında dil açıb ağlar Leyli məhəbbəti, Məcnun arzusu? Çağlayırsan yenə, coşursan yenə, Hər nəğmən, hər halın mənə tanışdır. Deyirəm: ağ saçı ləpələrinə Bəlkə də Səbuhi bağışlamışdır.
De, hansı çağlardır çıxmır yadından, Bəzən xəyallara dalırsan, Araz! Bəlkə Xançobanın qəlbindən qopan “Bənək” havasına dalırsan, Araz!
Bu günün çobanı başqadır ancaq Ağlamır nəğməsi torpağın, yerin. Ömür günümüzlə qucaqlaşaraq, Dalınca daş atdıq qara günlərin.
Açıldı sabahı elin, obanın, Sular da başqa bir ahənglə dindi. Arzusu gözündə köçən babamın Torpağı sevindi, daşı sevindi.
Görüb bu sevdalı, güllü baharı Sən də başqalaşdın, Araz, ay Araz! Dəyişib səmtini çöllərə sarı Yeni nəğmə qoşdun Araz, ay Araz!
Hanı dəliliyin, bir danış görək? Milin su dərdinə çara çəkirik! Tutub yedəyindən hara istəsək Ora döndəririk, ora çəkirik. Hər damlan nemətdir bu doğma elə, Çölümə pambıqsan, evimə işıq. Sən yaradan barı yesək də, hələ Sənin dastanını yaratmamışıq.
Yox, yox, gəl incimə hələ uşaqdır Bu nəğmə şairi, bu saz şairi; Sabah dastanını başlayacaqdır Bu Araz şerinin Araz şairi! 1957
|
|