|
|
|
DEYİRLƏR ŞER OXUNMUR
... Fikirlər dolanır başımda min-min, Görən doğrudanmı oxunmur şer? Görən doğrudanmı insan qəlbinin İncə hisslərinə toxunmur şer?
Şair nə gərəkdir oxucu yoxsa? Beyinlər, ürəklər pas atıb, nədir? Şerimiz öz fikir donunu yoxsa, İndi “son modada” geyinməlidir?
Bir insan bilirəm hər nəğməni mən, Nəğmə də insanla bir doğulubdur. Ürəkdə sevinci, qəmi kəşf edən İlk səyyah bəlkə də nəğmə olubdur.
Nəğməni körpə tək böyüdüb insan, Nəğmə ana olub -- ovunmuşuq biz. Dərdin, ehtiyacın tufanlarından Azmı nəğmələrlə qorunmuşuq biz?!
Sellər uyudubdur laylalarımız, Çöllər uyudubdur holavarımız. Odlu şerlərlə suvarıb bəzən Qəzəb qılıncını babalarımız.
Ötən müharibə yadımda qalır: Onda qələmlər də səfərbər idi. Hər şair yurdumun bir generalı, Hər şer yurdumun bir əsgəriydi.
Vətən nəğmələri olmasa bir an Könüldə gül açıb yaz ola bilməz. Nəğməsi olmayan, şeri olmayan Bir xalqın tarixi yazıla bilməz!
Fikirlər dolanır başımda min-min, Görən doğrudanmı oxunmur şer? Görən doğrudanmı insan qəlbinin İncə hisslərinə toxunmur şer?
Bəlkə qan dəyişib insan canında, Hər şeyi sevməmək bir adət olur. Yox, şair, hər kiçik bir yalanın da İçində bir kiçik həqiqət olur.
Artır söz yığını, artır çayır tək, Hamı deyən olub, yazan olubdur. “İlhama sarılmaq”, qələm götürmək Papiros çəkməkdən asan olubdur.
Gəlin gizlətməyək: hələ şerimiz Peyk ola bilməyib yer kürəsinə. Gəlin gizlətməyək, gizlətməyək biz Bu gün şerimizin bülbül səsinə Qurbağa səsini qatanlar da var; Arpa çörəyini lavaş yerinə, Çürümüş ipliyi qumaş yerinə , “Köhnə dağarcığı tumaş yerinə” Bu gün oxucuya satanlar da var;
Sən də, ey oxucu, önümdə dayan! Sən də çək ortaya günahını bir! Məncə qapısını kitab açmayan Bir ev müəllimsiz məktəb kimidir.
Adam var fərqini bilməyir hələ Böhtan yazan əllə, söz yazan əlin. Qəlbi lal, beyni kar adamlar ilə Şeri tərəziyə qoymayaq gəlin!
1964
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|