UTANMA, QARA QIZ
Nə qaralmaq eyibdir, Nə yanmaq, qara qız. Dağınıq saçından, Bərkiyən əlindən, Cızılan qıçından, Utanma, qara qız!
Buxağı pambıqdan ağ Gözəllər görmüşəm. Mən mərmər sinələr, Şaftalı yanaqlar, Pilə əllər görmüşəm. Xarici kinolardan Təzə yeriş öyrənən, Ayrı bir təbəssüm. Ayrı bir gülüş öyrənən Qızlar mələk də olsa, Mənim zövqümcə deyil; Onların ən incəsi Üzükdən keçsə belə Mənimçün incə deyil. Yaxın gəl, qara qız, Gəl əl tut. Əlini-qolunu bağlayan, Sürətini saxlayan Adətlər varsa da, unut. Gül görüm, qara qız, Gözünün şəfəqi Üzündə səyrisin. Bəzənib gəzməyinə, Toylarda süzməyinə Sədd olan varsa, qoy Utansın,ərisin. Deməyə, gülməyə layiqsən, Gülüşün dünyanı dolansın. Utanma, qara qız! Çörəyi gözəllik Olanlar utansın. Bir xalq məsəlinin Əksini deyim mən, Boğazında görünər Ağ üzüm yesən. Qaralıqla şöhrət Yanaşı olur bəzən. Ağlıqla da nifrət Yanaşı olur bəzən. Nə tərlan yerişin var; Nə sirli gülüşün var, -- Dişlərinin şəfəqi Süzülür dodağına. Sən güləndə deyirəm, Bənövşə suyu Sıxılıb yanağına. Bu geniş çöllərin Sonası, qara qız. Hər pambıq kolunun Anası, qara qız. Çaylara coşğunluq, Göllərə şəffaflıq, Bulaqlara nəğmə, Duruluq və saflıq Gülüşün gətirir. Taxılı, pambığı Tarlalar qoynuna Yürüşün gətirir Utanma, qara qız! Utansın üzü yox, Vicdanı qaralar. Eh, sənin kölgəndə od olan, Planlar doldurub, ad alan Kişilər hələ var... 15 avqust 1962
|
|