ONA
Necəsə üz-üzə gəldik səninlə Bahar yağışıyla quru səhra tək. Varaqla ömrünü öz əllərinlə, Varaqla, varaqlar danışsın görək.
Niyə hamı tutan bir yol tutmadın? Söylə, bu uçruma kim atdı səni. Bəlkə Yeseninin yazdığı qadın Doğub, özü kimi böyütdü səni.
Bir söylə içildi hansı badədə Sənin sevgi nazın, sənin qız səsin. Getdi hansı sözdə, hansı vədədə Gəlinlik duvağın, analıq hissin.
Yandın, atəşinlə kimlər isindi? On illik ömrünü aldı bir axşam. Sönən bir ocağa bənzərsən indi, Külünü isidən mən olmalıyam...
Hanı gül dodağın, sədəf dişlərin, Saraldıb papiros, qaraldıb araq. Sənin o ehtiras nəvazişlərin Kimləri çalıbdır əqrəb olaraq?
O qədər ad-ünvan qalmaz yadında, Dəftərə yazmısan adları bir-bir. Söylə o məhəbbət siyahısında, Söylə neçənci yer mənimkidir?.. Sevmədin oduna yanan kəsləri, Hərə bir nöqsanla lağa qoyuldu. Bəli, məhəbbətin kef məclisləri, Zəhmətin qədəhlər qaldırmaq oldu.
Bu yolun dolaşıq bir sapa bənzər, Gəl tapaq - harada itibdir ucu. Deyirsən: “Nə lazım bu fəlsəfələr, Sən nə birincisən, nə də sonuncu”...
İndi xatirələr odunda qızın, Yeri, öz qəbrini öz əlinlə qaz. Yeri, unutma ki, alovla buzun, Küləklə dumanın dostluğu tutmaz.
Yeri, əllərimə dəyməsin əlin, Bir əlin odu var onda - yanarsan. Yeri, ürəyimdə qaynar bir eşqin Büllur bulağını bulandırarsan.
Yeri, gözlərimdən silinsin əksin, Aynadan silinən ləkələr kimi. Yeri, baxışlarım səni əritsin Günəş əritdiyi kölgələr kimi...
Yeri, yox bir dayan, qəbahət yolun Sonundan dönmək də gec olmayıbdır! Görünür, qoluna girən çox olub Qoludan yapışan heç olmayıbdır...
1961
|
|