POEZİYA, POEZİYA
Poeziya, poeziya! Ey qələm qardaşım! Mənimlə diz-dizə, Üz-üzə oturan Sirdaş bacım, Həmdəm qardaşım! Bu dünya yolunda Sən ömür karvanım! Hardasa büdrəyib, Əbədi yıxılsa Sarbanım, Tufanlar səhrası, Boranlar gədiyi Adlayan Böhtanlar ətəyi Qatlayan Cürətin olarmı? Qüvvətin olarmı? Eşqimin Fərhadı, Külüngün hardadı? Sinəmin fikirlər Dağını parçala! Bir sönən ocağa nur cala. Bir dönük taleyin Son ümid kütahında işılda! Peşiman pisliyin Günahında işılda!
Poeziya, poeziya! Ürəyin yarpaq dilisən, Bənövşə nisgilisən,-- Bəşərin ən böyük İttiham kürsüsü, Ən iti İntiqam qılıncı, Ən incə Gözəllik güzgüsü!
Poeziya, poeziya!.. Bir Müşfiq qəlbinin Sarımtıl muradı! Bir Lorka ömrünün Bozumtul fəryadı!
Poeziya, poeziya!.. Dalğalar çəngindən Yoğrulmağı bacar! Ürəklər kraterindən Sovrulmağı bacar! Yonmağı, yonulmağı, Büdrəyib yanılmağı, Çırpınıb doğrulmağı bacar! Yıxılan evlərə Qaldırıcı kran Olmağı bacar! Sevgi məktublarında Göz-ekran olmağı bacar! Dildən-dilə düş, Əldən-ələ düş. Döyül, bərki, cilalan. Hamarlan, tumarlan! İstər bu günkü sərbəst meylində sərməst ol, İstərsə dünənki formanla məst ol, İstərsən ağ ol, Lümlüt ağ ol! Bircə ürəksiz başlardan, Bircə başsız ürəklərdən Uzaq ol, Poeziya, uzaq ol! 1966.
|
|