|  | 
  
    |  |  
    |  |  
    | |   MÖVZULARIM  TÜKƏNƏNDƏ...Cabir Novruza
 
 Mövzularım tükənəndə səbrim tükənir,
 Az qalıram qələmimlə sinəmi yaram;
 Sanıram ki, bir qayadan uçub köhlənim,
 Boş yüyəni elə dartır, belə dartıram...
 
 Mövzularım tükənəndə elə bil ki, mən
 Otağımda cərəyansız bir sim oluram.
 Qarışqadan, hörümçəkdən gücsüz görünən
 Düşmənə də baş əyirəm, təslim oluram.
 
 Daş yamanır ilhamımın ayaqlarına,
 Xəyalımın qanadları mıxlanır yerə.
 Yüz xal düşür ürəyimin varaqlarına,
 Eh, nə bilim, bir gərəksiz misraya görə.
 
 Döyüşlərdə məğlub olan cəngavər kimi
 Bir əlimə qılınc alıb, birinə qalxan,-
 Ortalığa töküb bütün təqsirlərimi,
 İtsəyirəm mən özümlə vuruşa qalxam!
 
 Arayıram günahları, günahkarları,
 Özümün də bəd işimi bir-bir sayıram.
 Kitabların arasından pis kitabları
 Qucaqlayıb otağımdan qovalayıram.
 Mövzularım tükənəndə deyirəm bir an
 Gənclik dönə, bir qız sevəm- aldada məni.
 Bu qəflətin, bu həsrətin qəm yuxusundan
 Bir məhəbbət zəlzələsi oyada məni...
 
 Mövzularım tükənəndə darıxır masam-
 Onun dərdi yüz haçalı, onun dərdi min!...
 Bu dəmlərdə heç nəyə də əlim çatmasa,
 Qaysağını qopardıram Araz dərdimin.
 
 Mövzularım tükənəndə bilmirəm nədən
 Xətainin son nəğməsi yadıma düşür!
 Əqidəsi qoltuğunda tövbəyə gedən
 Qalileyin məhkəməsi yadıma düşür!
 
 Neçə-neçə dona girir söz ürəyimdə,
 Elə bil ki, mövzular da ölür, doğulur.
 Bəzən elə mövzuların tükənməyi də
 Dönüb mənə tükənməyən bir mövzu olur...
 
 Oktyabr, 1966
 
 
 | 
 |  |  |  |  |                |  |       |                |  |                |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.  Əsl sənət «söz oxuna meylli» deyil  Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.  Şair doğmalığı, şair yadlığı!  Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,  Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.  Niyyətimiz haradır, Mənzilimiz?...  Ucalıq, mərdlik və dostluq poeziyası 
 
 |  |  |  |  |       |  |  
 
 |  |