 |
|
|
QAYĞILAR
Çiynimdən düşməyir dərdi-sər yükü, Həmişə kədərim, qəmim oyaqdır. Qayğılar qapımı elə döyür ki, Qayğılar ömürlük mənə qonaqdır.
Fikrimdə tufanlar çırpınır, sınır, Qələm dalğıc olur, söz dalğıc olur. Bəzən bir işimin fərəhli sonu Bir işə fərəhsiz başlanğıc olur.
Sifariş göndərir umu-küsülər Toylardan, yaslardan, xəstəxanadan. Hərdən hesabatsız qalan kürsülər Çıxarmaq istəmir məni də yaddan.
Bir qəmin şəriki olmasa qəmim, Sevinc oyatmasa sevincim əgər, Sanıram çiynimdən ömürlük mənim Əzab mələkləri düşməyəcəklər.
Yaxşı ki, fikrimi gözümdən duyub, Çox şeyi qələmlə kağızlar udur. Qayğılar qəlbimi yaman tanıyıb, Qayğılar qəlbimin poçtalyonudur.
Məndən kəndimiz də küsübdür,-- deyir-- Yoluma göz dikən yollar yorulub, Köçəri quşların uçub getməyi Bəlkə getməməyim ucundan olub.
Bir bağda barını qurd-quşlar yeyən Budaq quruyubsa-günahkar mənəm, Neçə il gözünə əlim dəyməyən Bulaq quruyubsa-günahkar mənəm.
Mənə bir dərd olur, doğru bir sözü Yalan daşlarının batırmağı da. Biçili, ütülü bir şərəfsizin Şərəf kürsüsündə oturmağı da.
Mənə bir dərd olur; dünyanın bu gün Hələ çox dərdini dəf etməmişəm. Mənə bir dərd olur, dərd olur neçün Anamı sinəmdə dəfn etməmişəm?!
Hər yetim baxışı mənə ittiham, Sinəmə xəncərdir dilənçi əli. Gah masam-alışıb yanan Vyetnam, Gah əlim-düyümlü bir zənci əli!..
Hardasa qayğılar yol gəlir hələ, Sabahkı qayğıma qarışmaq üçün. Hələ məndən qaçan çox dərdlərimlə Məqam axtarıram vuruşmaq üçün.
1966.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |