NECƏ YAŞAYAQ Kİ...
Necə yaşayaq ki, dünyada, gülüm, Ömrün gədiyini vaxtsız aşmayaq, Faraş ölümlərlə qarşılaşmayaq. Həsrət körpüləri adlaya bilək, Həsəd körpüləri adlaya bilək! Necə yaşayaq ki, dünyada, gülüm, Kimsədən olmasın umacağımız, Bizim öz evimiz, öz ocağımız Perikən bir eşqi ovuda bilsin; Yanan bir qəzəbi soyuda bilsin? Necə yaşayaq ki, dünyada, gülüm Xəyanət toruna düşsə meylimiz, Qırsın, parçalasın onu mehrimiz! Necə yaşayaq ki, dünyada bütün Nakam sevgilərin uçan evini Biz öz eşqimizdə qurub yaşayaq? Gücümüz çatarmı? Çatar!-- Bu şərtlə ki, biz iki ömrün “Sən”indən, “mən”indən “onlar” adlanan Sərhəd xətlərini qırıb yaşayaq!
Fevral, 1967.
|
|