|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
VER  SÖZƏ  EHYA  Kİ...

Ədəbiyyatında Məhəmməd Füzuli kimi dahi söz sərrafı olan xalqın şairi olmaq çətindir. Çünki, burada poetik zirvə fəth olunub, çünki burada sözün hüsnü ən kamil bir yüksəklikdə tamamlanıb, çünki bu meyar - meyarların ən alisidir. Bu hesabla Azərbaycanda şer yazıram deyib əlinə qələm alan kəsin dizləri əsməli, onu həyacan təri yuyub aparmalıdır. Azərbaycan ədəbiyyatında hələ Xaqani və Nizamidən, Nəsimi və Füzulidən üzü bəri neçə-neçə əsrdir ki, söz qədrini artıranlar sidq ilə öz qədrini artırıb, sözə ehya verib xabi-əcəldən oyanaraq Əbədi Canlılıq kəsb ediblər. Böyük M.F.Axundzadənin bütün cəhdlərinə baxmayaraq Azərbaycan şeri hələ də Füzuli tilsimindən qurtula bilməyib. Bu tilsimi sındırmaq, bu sehri açmaq üçün ancaq Füzuli olmaq gərəkdir. Füzuli Azərbaycan poeziyasının böyük rüknüdür, Füzulidən sonra ən böyük mənəvi qəhrəmanlıq ona layiq şagird olmaqdır, R.Rövşənin gözəl ifadəsi ilə desək, “sözün tozunu almaq”dır. Poeziyamızda söz qədrini artıqmağa, sözə ehya verməyə nail olan belə ustadlaşmış “şagird”lərdən biri Məmməd Arazdır.
Şairin  “Seçilmiş əsərlər”inin II cildinə daxil olan şerlərin hamısı Azərbaycan tarixinə “qırmızı qaranlıqlar” (Əlibəy Hüseynzadə) kimi daxil olmuş Sovet dönəmində yazılıb. Və bu gün, qəzəbli Sovet imperiyası çökdükdən sonra, istiqlal epoxasında bu şerləri oxuduqca bir həqiqət insanı heyrətə gətirir: Məmməd Arazın şeri zamanla hesablaşmayıb, zaman Məmməd Araz poeziyasına xidmət edib, məhz Məmməd Araz Şəxsiyyətinin, məhz Məmməd Araz İlhamının qüdrəti sayəsində zaman əlahəzrət poeziyanın hüzurunda dayanıb!
Ona görə də 70 illik total sosiologiya dövründə iki cür ədəbiyyat olub: bir bolşevik ideologiyasına xidmət edən Sovet ədəbiyyatı, bir də Sovet dövrünün milli Azərbaycan Ədibyyatı! M.Araz bu ikinci ədəbiyyatı yaradan və 60-cı ilərdən bəri onun başında duran dönməz bir sənətkardır. Təqdim olunan cildin materialını “Atamın kitabı” (1974) və məşhur “Dünya sənin, dünya mənim” (1983) kitabına daxil olan şerlər təşkil edir. Bu kitablar bizim milli poetik təfəkkürün 70-80-ci illərdəki axtarışlarının ən uğurlu ifadəsidir. “Atamın kitabı” Məmməd Araz inadından, şairin cəmiyyətə inadkar müqavimətindən xəbər verir:

Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm torpağa dağılasıyam.
Nə vaxtsa Dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam.

M.Araz, fikri ənənələri çoxəsrlik klassik şerimizdən gələn fəlsəfi - intellektual poeziyanın qüdrətli nümayəndəsidir. Bu baxımdan onu heç kəslə müqayisə etmək olmaz. Çünki müasirlərindən heç kim, dünya fəlsəfi poeziya təcrübələrini onun qədər uğurla milli-poetik sistemimizlə birləşdirə bilməyib. Onun bir şair kimi fərdiyyəti Mənsub olduğu xalqın tarixi, mənəvi həyatı, etnoqrafik təfəkkürü, bir sözlə iç dünyası ilə bağlılığındadır. O, fəlsəfi - intellektual şerə bu iç dünyadan gəlir, haysız-küysüz, iddiasız və təmənnasız, Azərbaycan fəlsəfi - intellektual şer təmayülündə R.Rzaya məxsus tizfəhmlik, B.Vahabzadəni səciyyələndirən imporvizə, Əli Kərimi fərdiləşdirən virtiozluq da var. Amma Məmməd Araz ilk dəfə fəlsəfəni göylərdən, taxt-tacdan torpağa endirib məhz torpağın üstündə qəmlə birləşdirə bildi.
“Məmməd Araz vətəndaş şairdir” fikri onun haqqında yazılan kitab və məqalələrdə adlamaca çevrilərək az qala şüara dönüb. Onu şairin bənzərsiz poeziyası haqqında fikirlərin yekunu, son həddi kimi də qəbul etmək olar. Əslində bu da şair haqqında bir həqiqətdir. Həmin həqiqətin fikri-poetik miqyasını təsəvvür etmək üçün M.Araz şerini toxunduğu ustalıqla da, ilmə-ilmə sökmək, çözələmək yaddaş dünyasından keçirmək lazımdır.
Məmməd Araz həqiqəti insana doğma olan hər şeyə sevgidən göyərir. “Qəlbində söz həvəsi göyərən gündən” şair bu həqiqətin əsiri, cani-dildən vurğunudur. Şairə görə insana doğma olan şeylərin tacı Vətəndir:

Bir qayaya söykənmişəm,
           deyirəm kaş
Bax beləcə daşa dönəm,
           yavaş-yavaş
Onda Vətən sanar məni
           bir balaca Vətən daşı
Vətən daşı olmayandan
           olmaz ölkə vətəndaşı...

Bu vətənin adı, ünvanı bəlli, tutumu isə M.Araz dünyasıdır: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu Azərbaycan dünyasıdır, onu şairin özündən mənalı heç kim vəsf edə bilməz:

Azərbaycan - mayası nur,
Qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki
Füzulinin ürəyinə toxuna bilər.

“Qəzəbindən göyərən” vətən daşı şairin poeziyasında vətəndaşlıq sənədi kimi təqdim olunub. “İstedadının təkidi ilə sənətin ağır yükünü çəkməyə başladığı” gündən M.Araz bütün varlığı ilə duyub ki, səmimi və mərd insan təbəssümü ilə vətənin daşı da çiçək aça bilər.
Ədəbiyyatımızın şərəfli tarixi göstərir ki, söz bəxtimiz, söz taleyimiz həmişə üzdə olub M.Araz söz taleyimiz üçün mənəvi cavabdehliyi sənətkar mövqeyi kimi intixab etmiş şəxsiyyətdir. Onun ictimai ideası da, estetik ideyası da məhz bu mövqedən qidalanır. Ümumiyyətlə M.Arazın sənətkar ideası çox aydın, konkret və dərin, şəxsiyyəti kimi şəffafdır. M.Arazın poetik yolu “asanlığın çətinliyi”ni dərk etdiyi məqamdan başlanıb. Bu idraka ürcah olmaq üçün o öz ömrünü “öz əli ilə şum edib”, torpaqla varaq arasında ömrünü qələmə - söz körpüsünə çevirib, “hər təzə addımı təzə döyüş” kimi qarşılayıb. Beləliklə də “özündən özünə yol çəkən” Məmməd Araz yaranıb. Bu “yol”un şairliyin əvvəlində də, sonucunda da “düz sözdür dünyada hər şeydən baha” həqiqəti dayanır:

Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.

Məmməd Araz kağızında söz “torpağa basdırdığı ürəyindən” göyərir. “Danışanda sinəsindən şir çıxan” babaların ruhu, “zirvələrin tox duruşu”, “gözü dolu mürgülü zəmilər” bu poeziyanın lirik predmetləri, M.Arazın yaddaş kağızlarıdır.
M.Araz poeziyası Şairlə zamanın təzadlarından doğulub; bu inadkar təzad əslində dünyanı sevmək üsuludur. “Dünya sənin, dünya mənim...” şeri bunun poetik ifadəsidir:

Bir taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik,
Bir zərrənin işığına milyonlar şərik.
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Az qala hamının əzbər bildiyi bu şer M.Arazın iç dünyasından qar altından çıxmış çiçək kimi poeziya gülüstanına daxil oldu. Həmin iç isə aldanış və ümid, həyacan və həsrət, gecikmiş təntənə və əbədi narahatlıq muzeyinə bənzəyir. Bu adi və dərin şerdə “Bu dünyanın qara daşı göyərməz” ümidsizliyindən “Dünya mənim!” hökmünə qədər keçilmiş bir ömür yolu, şair taleyi - İNSAN inamı və poetik həqiqət var.
M.Arazın poeziyası Milli taleyimizə dünya müharibələri, inqilabi çevrilişlər, siyasi qalmaqlar, qanlı repressiyalar, mənəvi aldanışlar erası kimi daxil olmuş XX əsrin kordioqrammasına bənzəyir. Burada infarkt keçirmiş ürək kimi taleyin amansız zərbələrindən parça-parça olmuş Azərbaycanın ölməz obrazı əzəmətlə poetikləşir. Şair öz iradəsi, ilhamı ilə ona məlhəm olmağa çalışır.
Monumentallıqla zərifliyin, milliliklə bəşəriliyin yüksək poetik vəhdəti M.Araz poeziyasına xas xüsusiyyətlərdəndir. O tariximizi poetik gözlə, şair fəhmi ilə oxuyur, eyni zamanda tarixi-taleyimizə dünya səviyyəsindən nəzər salmağa nail olur. Tariximizə və taleyimizə işıq tutan şerlərində “Son nəğmənin uçrumuna sıxılmış” şairin vüqarlı obrazı, onun lirik “mən”i də diqqəti cəlb edir:

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Lirik “mən” və onun mənsub olduğu soyun tarixi arasında poetik varislik M.Araz poeziyasına tarixilik aşılayır:
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.

Bu misraları özündənrazılıq kimi yox, əsli ilə fəxarət, özünəgüvənmənin poetik təzahürü kimi oxumaq olar. Şair ilhamının dəyərini bilir, kimliyi ilə qürur hissi keçirir. Azərbaycan ədəbiyyatında qılınc və qələm həmişə bir yerdə iş görüb. Qılınc tarixi yaradıb, qələm tarixi yaşadıb. Qılınc qələmdən ayrı düşəndə düşmənləri böyük olan millətimizin fəlakəti baş verib. Yəqin elə ona görə də Xətai bir əlində qılınc, bir əlində qələm böyük Azərbaycan Dövləti yaratdı...
M.Araz filosof şairdir. Onun fəlsəfəsi tarixi yaddaşımızdan, vətən daşından, torpaqdan, xışdan gəlir. Fikrimcə şairin ən tutumlu fəlsəfi-poetik obrazı DAŞ-dır. Ümumiyyətlə DAŞ və RƏNG obrazları 60-cı illər fəlsəfi-intellektual poeziyası üçün səciyyəvidir. Daş yaddaş və vətəndaş obrazının, rəng isə zamanın, tarixi dönəmlərin rəmzi ifadəsidir. Türk milləti həmişə özü haqqında həqiqətləri daşlara yazıb: Orxon-Yenisey daşlarına, Qobustan daşlarına...
Həmin qara daşlar isə öz həqiqətləri ilə bərabər göyərməyib. Bəlkə elə buna görə də “Bu dünyanın qara daşı göyərməz” (M.Yaqub) olduğuna görə XX əsrin önlərində daşa dönmüşlərə “Daş qəlbli insanlara” (M.Ə.Sabir) çevirildik?!
Dahi Nizami həqiqətləri rənglərə bölmüşdü. Nizamidən üzü bəri rənglər ZAMAN-ı yedi, ZAMAN rənglərin rəngini dəyişə bilmədi, qara-qara olaraq, ağ-ağ olaraq qaldı. Rənglərin rəngini yenə də poeziya dəyişdi. Bu böyük ədəbi-tarixi hünərin sahibi Rəsul Rza oldu...
Daş yaddaşını oyatmaq. M.Araz poeziyasının əsas poetik-tarixi qayələrindən biridir. Ona görə də şair “İnsan qayalar”, “Uçqun”, “Daş qartal”, “Ağlayan qayalar”, “Azərbaycan - dünyam mənim”, “Dağlar küsüb”, “Əlvida dağlar”, “Bu dünyanın qara daşı göyərməz” deyiminin müəllifi bənzərsiz şairimiz M.Yaquba ithaf olunmuş “Göyərdi” kimi şerlərində daş yaddaşımızı vərəqləyir. Bu misallı şerləri göstərir ki, şairin yolu daş yaddaşımızdan gen yaddaşımıza, qan yaddaşımıza üz tutur, bizdəki “soyuq qanlar”ın (M.Ə.Sabir) donunu açmaq üçün milyonlarla oxucuya qəlbinin enerjisini göndərir. M.Arazın ən yaxşı şerləri ona görə canlı və əbədidir ki, onlarda insan qanının hərarəti var. Dahi alman filosofu F.Nitşe deyirdi ki, qanla yaz görəcəksən ki, qan yaddaşı əbədidir.
M.Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir. Tarix bizdən uzaqlaşdıqca o bizə daha da yaxınlaşacaq, daha əzəmətli görünəcək. Çünki onun mayası səmimiyyətdən, qayəsi həqiqətdən tutulub. Səmimiyyət və həqiqət insanın özü kimi, sənəti də ucalığa yüksəldən qoşa qanaddır. Səmimiyyət qəlbin, həqiqət zəkanın böyüklüyünü əks etdirir. Əsrin əvvəllərində (1920-30) Azərbaycanda fəaliyyət göstərmiş türk ədəbiyyatşünası İsmayıl Hikmətin gözəl bir fikri var: “İlham pərisinin zərif gərdəninə istibdad zənciri vurmazlar, ipək saçlarına istiqlal çələngi hörərlər”.
M.Arazın füsünkar poeziyası Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir.

                                Nizaməddin Şəmsizadə
    Qafqaz Xalqları Elmlər
    Akademiyasının həqiqi üzvü,
    professor

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws