DAĞLARA QAR DÜŞDÜ
Dağa qar düşdü, qar düşdü Yada yar düşdü, yar düşdü... (El sözü)
Dağlara qar düşdü, qar düşdü yenə, Məhzunluq ələndi oda-ocağa. Çaylar vida deyib gülüşlərinə, Başladı aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu dağlar, Dağlar həm qocaldı, həm ucaldılar. Mələyə-mələyə quzu bulaqlar Daşların dibində yetim qaldılar.
Sanki bir-birindən küsdü zirvələr, Qayalar necə də boynu buruqdur! Kiminsə yolunda quyu qazdı şər, Kiminsə qəsdinə hicran durubdur.
Dəli uçurumlarda ütülü görkəm, Qartal qıyıltısı itib dərində, Hamilə qadın tək yuxusu möhkəm, Qucağı doludur dərələrin də.
Dağlara qar düşdü, deyirəm yəqin: Adamlar bu saat kövrəkdir, mumdur. Hamı cızığından çıxıb fitnənin, Hamı bir-biriylə hal-əhval tutur.
Dağlara qar düşdü... görüşlər, ahlar, Vidalı baxışlar yadıma düşdü. Çoxdan görmədiyim dostlar, qohumlar, Simsarlar, tanışlar yadıma düşdü.
Gəncliyim atından nə zaman yenib, Elə doluxsundum uşaq sayağı... Sürüşə-sürüşə dağlardan enib Gəlirdi elə bil qocalıq çağım.
Dağlara qar düşdü, elə qəmginəm... Dağlara qar düşdü... bilirəm bu dəm Anamın qəbri də qar altındadır, Anamın qəlbi də qar altındadır. Neçə demədiyi əfsanə, nağıl Onun sinəsində - qar altındadır. Neçə oxunmamış bayatı, ağı Donub sinəsində - qar altındadır Tək bircə baş daşı tənha, mükəddər Qardan baş qaldırıb yolumu gözlər...
Dağlara qar düşdü, qəribsəyirəm, Qəlbimə bir həmdəm qəlb istəyirəm... Yalta 1968
|
|