SARA XANIM
Azərbaycan torpağında Bir səs gəzir Bir qız səsi. Dağ çayları həmdəmidir, Ağ bulaqlar rəfiqəsi. Bir az Araz nidalıdır, Bir az Göy göl ədalıdır. Bir azca da Kür havalı. O nəğmələr çeşnisində Yaşıl yelən, qızıl sapdı. Üzeyirin sərraf gözü Onu duydu, onu tapdı. Öz ilahi nəfəsiylə Seyyid ona uğur dedi, alqışladı. Vahid ona söz dəftəri, Sinələri alışdıran köz dəftəri bağışladı. “Qatarın”da dərdimizi uyudarıq qatar-qatar, “Segah”ında dağ qovuşar, duman yatar. “Şikəstə”si nənələrin nakam eşqi, batan dərdi. Zəngüləsi Həcərlərdən töhfələrdi. Gülüşündə bir mavi nur, Yerişində bir az təmkin, bir az qürur. Baxışında taleyindən gizli giley, Öz dərdini dodaqaltı gumuldayan bir qəmli ney. Bizim sənət dağımızın Dönər qarı, dağ çiçəyi Sara xanım. Bizim sənət bağımızın Qara gözlü, ağ çiçəyi Sara xanım.
Oktyabr, 1968
|
|