ATA OCAĞI
Çırpısı tətikdə, odunu dəmdə, Səhərin gözündən od alıb ocaq, Yanır aram-aram, onu sinəmdə Sonra kim söndürüb, kim yandıracaq?
Ömrün şənliyində, ömrün yasında Bura od dalınca gələcəyəmmi? Yoxsa xatirələr işartısında Oğulsuz-övladsız ocaqlar kimi Sönüb gedəcəyəm: bu daş, bu torpaq Bircə ləpirimi yaşatmayacaq.
Ocaq çırtıldayır, közü dərində... Axıdır gözünün yaşını çırpı. Alovlar hay salıb öz dillərində Özünü o daşa, bu daşa çırpır.
Atam doluxsunub, baxıram ona, Kişi uşaq olub səksən yaşında. Bu nə ayrılıqdır, ata yurduna Əlvida deyirm ocaq başında!
Ocaq tüstülənir, kövrəlir atam: “Anan o dünyada darıxır, bala, Ancaq ki, kişinin qəbri od tutar -- Gedə, od-ocağı tüstüsüz qala. Babandan qalıbdır bu ocaq bizə, Bir ocaq sönəndə bir tifaq itir. Bir ocaq söngüsü qeyrətimizə Bir düşmən nəslinin qəhqəhəsidir;
Apar bu ocağı evində yandır, O gözdən qor alır, gözdən odlanır. Kişi yer üzündə od qoruyandır, Kişi ona görə kişi adlanır”.
Gözünün yaşını qurudur səsi, O, Zərdüşt babaya səcdəmi qılır: Baxıram gözündə ocağın əksi, Baxıram gözündə alov qıvrılır...
Burda neçə nəsil baş əyib oda, Nənələr əl basıb ocaq daşına, Burda dəyməyiblər ilanlara da Pənah gətirəndə ocaq başına.
Bu gün kənd yolları tüstülü, odlu; Təpələr fikirli adam kimiydi. Mürgülü zəmilər gözləri dolu, Dindirsən - kövrələn atam kimiydi.
Yaşıl kənd üstünə boz pərdə salır - Aranır, daranır tüstü telləri, Əlvida, atamın tüstü dəsmalı, Əlvida, atamın tüstü əlləri! İyul-avqust, 1969
|
|