ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ
Qışlaqda yazılmış şer
Bir qadın ki, dağ mehini düzüb saçına, Şimşəkləri oxlov kimi çəkib sacına, Nəğməsiylə oyadıbdır dan ulduzunu, Ocaq çatıb gərnəşdirib qoyun-quzunu, Xəmrə tutub, acıyınca, inək sağıbdır, Sinəsinə sazaq sağıb, külək sağıbdır, Gözlərindən qova-qova alatoranı, Haraylayıb, hədələyib xam otaranı. Ocaq üstə üzü qarsıb, saçı ütülüb, Döşünə od, kürəyinə ayaz sürtülüb, Bu minvalla çörək bişib, çoban çörəyi. Halaldı bu çörək! Baldı bu çörək! Bir ürək ki, dağ çayı var həyəcanında, Bir ürək ki, sağı-solu çiçəklər ola, Düzənlərin yovşan ətri axa qanında, Örüşündə həmsöhbəti küləklər ola, Gileyini suya deyə, sular apara, Yaz yaylağa, qış qışlağa vüqar apara, Bir ürək ki, ömrü boyu ömür təkəri Dağa aran, arana dağ daşıyar elə, Ömrü boyu ayaq üstə yaşayar elə. Bir ürək ki, dərələrə, düzlərə açar, Ömrü boyu bulaq gözü, arx ağzı açar Öz canında yay soyudar, qış isindirər; Çox vaxt onu özü səslər, özü dindirər Bu çörəyi duya bilən ürəyin gərək O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
|