 |
|
|
MÜĞANDA KÜR NƏĞMƏSİ
Səs eşitdim... Həm səs idi, həm qeyri-səs. Səssizliyin harayını Ürəkləri qulağında olmayanlar duya bilməz. Ovçu Pirim oğulların Hanı biri, burdan keçə! Kürdən keçə, Kür danışır: bu qarışıq - danışıqdan Bir dən seçə - Nəğmə dəni. Kim olubdu bu nəğmənin ilk səpəni, ilk biçəni?
Ana Kürüm, sənin nəğmən Nə hikmətli bir nəğmədir! Ana Kürüm, bu düzlərdə Ucalan o dağlar nədir? - O nəğmədir! Kür nəğməsi. O qızaran bağlar nədir? - Nar bağları - Kür nəğməsi! Qatar-qatar, karvan-karvan çökəkləri selələyən maşınlar da - Dikdirləri ağırlığı ütüləyən Maşınlar da - Kür nəğməsi! Sən olmasan, bu ilğımlar Ətəyini qatlardımı? Bu düzlərin ağ gülüşü Qızıl günəş ziyasını Gülüşünə qatardımı? Ana Kürüm, nəfəsini dər azacıq, Başını qoy sahilinə, Mürgülə bir. Qulağıma uzaq üfüq arxasından Səslər gəlir. Muğanın boz sinəsində Gördüm ümman nəriltisi, Tar telləri, saz telləri. Gördüm ana həlimliyi. Gördüm ata müdrikliyi. Yumşalarmış - torpaq dilə gələndə. Güllənərmiş - torpaq dilə gələndə. Qız gülüşü pöhrəliklər İlğımları yara-yara Səpildi göy boşluqlara - Salxım-salxım - as üfüqdən. Saxla - dedi - insan əli: - Bunlar sənə Kürdən gəlib, Kür çayından yeni-yeni qollar ayır, Bu qollardan - Yaşıl-yaşıl yollar ayır. Bu nəğməylə dağ zəncirlə Bulud daşı - hara desən. İşıq daşı ürəklərə, Daşıyırsan. Ağıl daşı şüurlara, Daşıyırsan. Kür çayının sahilində Əbədiyyət sahilini yaxşı qoru. Kür çayını yaxşı qoru. Kür çayına min yol tor at! Kür çayıdır bu Muğanın əsil toru. İşıq toru, məhsul toru. Bərəkətdir, təbərrükdür bu boz sular; Kür çayının nəğməsinə nəğmələr qat. Qəlbində də, ağlında da bir Kür yarat. Ürəyindən keçməyirsə bu Kür çayı Hayıf onda, hayıf, hayıf... 1972
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |