 |
|
|
İNSAN QAYALAR
(“Vətən qayaları, Vətən daşları” silsiləsindən)
Bir qayaya söykənmişəm, deyirəm kaş: Bax beləcə daşa dönəm yavaş-yavaş. Taleyimi qayaların taleyinə bağlayam mən. Bircə insan düşüncəmi saxlayam mən. Daş ayaqlı, daş əlli bir insan kimi Enib daşdan-daşa düşəm. Qayaların lal dilini başa düşəm. Onların daş qulağına bir daş atam, Qayaların keçmişini qayalara xatırladam, Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar. İnsanların nərəsindən doğulub bu qayalar. Nər igidlər düşmən üstə gedən zaman Babalar da baş qaldırıb yer altından, Qaya kimi, -- dayaq olub, yumruq olub, ox olublar. Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar, Bu torpağın taleyində o da elə bir gün idi. İgidlərin yaşaması daş olmaqla mümkün idi. Yoxsa onun qismətinə hardan düşə bu qədər daş! Danış görüm, a daş qardaş! Siz nənəmin bacılığı, Siz babamın qardaşlığı, Təbiətin səpdiyi bir zəmi sanım Bəlkə elə bu daşlığı! Siz ey qədim əfsanələr Şerimə yağ, səsimə yağ! Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq -- Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. Bu basılmaz nərlər-ərlər, Bu qaya sərkərdələr Onda məni -- bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə, Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni Bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı... Şuşa, 1970
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |