DƏRƏ
Bu dərə nə dərin, nə dar dərədir; Bu dərə qəribə məzar dərədir. Udur nərələri, qıyları udur, Gurşad - boğazında bir içim sudur, Tutub div ədalı ildırımları. Çiliklər, didiklər sıldırımları. Baxıram: çay hərdən bükür boynunu, Dərə boğmağamı sürüyür onu? Bu dərə nə dərin, nə dar dərədir, Bura muzey dərə, məzar dərədir. Qayadan qayaya atılan kəllər Buraya dirənib, buynuz tökərlər. Bir uçrum dibində ceyran izləri Son güman yerinə qısılı qalıb. Bir qaya döşündə nə vaxtdan bəri Bir qartal qanadı asılı qalıb. Ürəyi dolanda təbiət hərdən, Çəkilib gecələr ağlar burada, Qasırğa əlindən, tufan əlindən Qaçırıb dumanı, saxlar burada. Onda eraların hiddəti yatır. Doğulub öldüyü müddəti yatır. Burdan çıxmalıyam uca dağa mən, Qorxuram qorxumdan qışqırmağa mən; Birdən nəfəsimi sümürər dərə, Zirvəyə bir quru cəsəd göndərər. Bu dərə nə dərin, nə dar dərədir, Bura muzey dərə, məzar dərədir... Avqust, 1970
|
|