DAĞLARA ÇAĞIRIŞ
Musa Yaquba
Şair, qayalara, dağlara söykən, Mənim də arzumu sən yaşat barı. Özülsüz şöhrətlər uçurub sökən Zamana bənzəyən dağ gürşadları Min il də göz yumub, açsa ağzını Yuya bilməyəcək daş xınasını. Bu dağlar özəyi, özülü möhkəm, Şair, qayalara, dağlara söykən!
Ən ağır anında dağlarla danış, Ən ali loğmandır o müdrik qoca. Nə qədər, nə qədər qaysaqlanmamış Dərdlər tullasan da dərə boyunca Dağ çayı çökdürüb çay daşlarına, Duruldub bənzədər göz yaşlarına. Dağlar öz hökmündə güzəştsiz, ötkəm, Şair, qayalara, dağlara söykən!
Dağlar sevgisində bir ulu ata, Dağlar ərköyünlər atası deyil. Kimini xurcuntək çiyninə atan, Hellənc sapandına qoyub kimini Dərələr dibinə atası deyil. Hətta ildırımlar dağlar çibini, Dağların qorxusu, xətası deyil. İgidlər çiynini dağlara tikər, Şair, qayalara, dağlara söykən!
Başından sağsağan əskik olmayan Donqar qoz ağacı pıçıldasa da: Gözündə gözəllər əksi olmayan Lil bulaq qıyqacı pıçıldasa da, Söykənmə möhrəsi nəm divarlara, Söykənmə özülü kəm divarlara. Ucalıq enilməz dağlar var ikən, Dağlara söykənən dağlara söykən!
Dağlar dağ oyadan qıyıltıları Bütün dərələrə paylaya bilir. Ötəri, itəri vıyıltıları Bəzən min illərlə quylaya bilir. Beləcə səbr öyrən o dağ əmindən. Yorulub, beziksən dağ aləmindən, Mənim ünvanıma qarğıyıb, söylən, Məni bu dağlara çağırıb, söylə: Buyur, qayalara, dağlara söykən! Şair, qayalara, dağlara söykən!
1972.
|
|