 |
|
|
BABƏK QILINCI Ballada
I Bir alim dilindən qopdu qığılcım, Oyandı hövlnak daş qərinələr! Deyirlər tapılıb Babək qılıncı, Muştuluq paylayın, qarı nənələr!
Bayram edəsiyəm bu günü, bayram Ox-qılınc nəvəsi silahlar ilə. Bir yaraq önündə büdpərəst ollam, Vuruşa-vuruşa allahlar ilə.
Gəlin, a zirvələr qayalı-yallı, Qol-qola yapışaq, yaman çağımdı. Yallı gedəsiyəm, bir dəli yallı, Araz dəsmalımdı, Kür şallağımdı.
Riyalar, xülyalar bazarı açan Minbərlər şəninə vay salmağım var, Nəsimi, Nəimi məzarınacan Yerin qulağına hay salmağım var: Deyirlər tapılıb Babək qılıncı!
Ölümlə əlbəyaxa hansı nər idi Qanlar daşqınından götürdü onu. Özünə ərköyün övlad elədi Babəkin yaralı, qılınc oğlunu.
Neçə il qaldılar mağaralarda, Bir qoca daşların yeminə döndü. Qılınc qəzəbindən daş zağalarda Qayalar əriyib dəmirə döndü.
Babək, qılıncını yerə atanda Min igid qolunu torpağa atdı. Bəlkə də bu torpaq bir od qatında Onları əridib, qılınc yaratdı.
II Min qoldan güc alan bir ağıl gücü Zülmətlər deşəsi yol olmalıydı. Yaşamaq istəyən bu torpaq üçün Qol-ağıl, ağıl da qol olmalıydı.
Deyirlər tapılıb Babək qılıncı! Babək harayının nidalarını Top kimi çiynimdə saxlayasıyam, Babək qılıncının şüarlarını Raketlər burnuna bağlayasıyam.
Qürurlu qayalar, səs eşidin ki... Bir az da şux dursun heykəl qalalar. Xəndəklər, yarğanlar dərinləşin ki, Qorxuram qorxaqlar evsiz qalalar. Bu nə titrəmələr, bu nə əsmələr... Bu necə haraydı, bu necə səsdi. Bütün çeynəmələr, bütün kəsmələr, Bütün tapdamalar səsini kəsdi.
Gözü qarnındalar hörümçək kimi Çəkilib qısıldı dib bucaqlara. Yalançı dilləri gəmircək kimi Çəkib tapşırıram daş bıçaqlara.
III
Bir qoca dəmirçi qılınc naxışlar, Yazar dəstəyinə: “İnsan vüqarı”. Bəzən bir igidə onu bağışlar, Bəzən də yüz yaşlı göyçək bir qarı Alar bu təltifi, sıxar döşünə. Oğul qeyrətinə baş əyməyənin, Ana hörmətinə baş əyməyənin Çəkib bu qılıncı, çaxar döşünə.
İndi bir gözədə bulaq nazlanıb, Bir dodaq üzünü püləmək istər. Bir dərə dolusu quş pərvazlanıb Dünyanı nəğməyə bələmək istər.
Bir səhər bu səslə qalxdım yerimdən, Günəşlə bir baxdım yer kürəsinə. Bu səhər dünyada tuş olmadım mən Ağlayan, sızlayan ana səsinə.
IV Ana qayğısıyla başıma əl çək. Xeyirxah əməllər, işıq əməllər. Qayada bitəcək, daşda bitəcək Bir toxum yetirib bərəkət əllər.
Ütük bir hiyləgər irişdi üzdə, Xəbər yabısına çubuğu dindi... Sərhəd qoşunları, üfüqümüzdə Qalxan bir dağa da söykənin indi!
Deyirlər tapılıb Babək qılıncı, Babəki son anda udan qaraltı Dirilib bir qara duman gəzəcək, Babəki son anda satan qaraltı, Bu səsi boğmağa güman gəzəcək.
Deyirlər tapılıb Babək qılıncı, Bu, yalan olsa da doğrulmalıdır! Onun döyüşdüyü dağ xıncım-xıncım, Dərə qıyma-qıyma doğranmalıdır!
Babəkin məzarı düzəndi, dağdı, Bu dağlar, düzənlər qazılsın gərək. Babək heykəlinə Babəkin adı Babək qılıncıyla yazılsın gərək! Sentyabr-oktyabr, 1970.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |