|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Dursun  MƏMMƏDOV
 “ ANAMDAN  YADİGAR  NƏĞMƏLƏR “

     Müasir poeziyamızda sağlam lirikanın ən gözəl nümunələrini yaradan istedadlı şairlər içərisində Məmməd İbrahim öz orijinallığı ilə seçilməkdədir. O, ədəbiyyata öz səsi, öz nəfəsi, öz dəsti-xətti ilə gələn şairlərimizdəndir.
    Bu yaxınlarda Azərnəşr tərəfindən buraxılmış “Anamdan yadigar nəğmələr“ kitabı göstərir ki, M. İbrahim kitabdan-kitaba, əsərdən-əsərə, şerdən-şerə inkişaf edir.
    Məmmədin şer rübabı həzin və sakitdir. İlhamı saf, avazı xoşdur. M. İbrahim xalq üçün yaşayır və yazır. Özünün dediyi kimi sənətkar tərif üçün, şan-şöhrət üçün yaşamır, yaratmır.
                                    Gərəksiz tərif də yuxuya bənzər,
                                    Uyudar qələmi iş üstündə də.
                                    İstedad elə bir toxuma bənzər
                                    Göyərər bir quru daş üstündə də.
     Məmməd təbiətlə, Azərbaycan torpağı ilə bağlı şairdir. O, təbiət və onun gözəlliklərini duyur. Onun şerlərinin sadə və təbiiliyi imkan verir ki, şairin qəlbini dolduran böyük hissləri duyasan, onun hər bir sözünün ruhunu tapasan. Məsələn, Azərbaycan torpağının incisi, təbiətin şah əsəri Göy göl haqqında çox deyilmiş, çox yazılmışdır.
     Belə olan halda necə edəsən ki, yeni söz, yeni ifadə vasitələri tapasan? Bu misilsiz gözəlin siqlətinə yeni məziyyətlər gətirəsən? M. İbrahim bu işin öhdəsindən bacarıqla gəlir. “İstedad köhnəni yeni etməyi bacarır”. Şerin bir bəndinə nəzər salaq:
                                      Bir səhər gördüm ki, durulub yatır,
                                      Kəpəzin dibində burulub yatır,
                                     
                                      Qovulan ceyran tək yorulub yatır,
                                      Daş atdım, diksinib oyandı Göy göl.
     Nə qədər təbii, nə qədər orijinal, sadə və səmimi deyilmişdir.
   “Deyirlər şer oxunmur”  şerində şair zəngin poeziyamızın həqiqi varislərindən biri kimi çıxış edir. Onun keçdiyi yola  bir nəzər salır. Daxili bir narahatlıq hissi keçirir. Şerin müasir həyatla ayaqlaşmasını istəyir. Müəllif deyir ki:
                                      Gəlin gizlətməyək: hələ şerimiz
                                      Peyk ola bilməyib Yer kürrəsinə.
    Şair “köhnə dağarcığı qumaş yerinə” oxuculara satan şairlərə atəş açır.
    Həqiqi qabiliyyət elədir ki, hamının gördüyü, lakin duyub yaşamadığı predmeti, əşyanı mənalandırmağı bacarır, onu poetik fikirlə işıqlandıra bilir.    “Qırmızı qələm” belə şerlərdəndir. Şair onunla uşaq vaxtı yumurta boyayar, alma şəkli çəkər, qırmızı qələmlə yazılmış “beş”i sevərdi. Şair sonralar da qırmızı qələmlə qarşılaşır. Lakin sevinmir. Çünki:   
                                     Gözümə dəydi qırmızı qələm
                                     Bir bürokrat əlindəydi
                                                             qırmızı qələm...
     Kitabdakı şerlərin böyük bir qismi “ Görüşlər, vidalar” başlığı altında toplanmışdır. Bu şerlərin ümumi ruhunu, cövhərini sevgi, məhəbbət hissləri təşkil edir. Poeziyamızın bəşəri mövzusu olan bu məsələ fəlsəfi bir yüksəkliyə qaldırılır. Sevgi hissi həyata, əməyə məhəbbətin poeziyası fonunda işıqlandırılır. “Zəhmətdən  kobudlaşmış əllər bizə bəşər cəmiyyətinin gözəlliyini xatırladır”. İşləməkdən qaralıb yanmış əlləri bərkimiş, qıçı cızılmış qız şairlə görüşməkdən utanır. Müəllif isə gözəlliyi qara qızın işində, əməlində görür:
                                   Nə qaralmaq eyibdir,
                                   Nə yanmaq, qara qız.
                                   Utanma, qara qız.
                                   Çörəyi gözəllik
                                   olanlar  utansin...
      Belə ciddi planda verilmiş fikirlər, sakit bir lirika ilə isindirilmişdir.
      Kitabın annotasiyasında oxuyuruq: “Nəğmə demək, ürəkləri oxşamaq qabiliyyəti Məmməd İbrahimə ana laylalarından, hələ beşikdə ikən eşitdiyi oxşamalardan keçib. Bu qabiliyyət onun daxilində istedada çevrilib”. Bu, doğrudan da belədir. Kitabı böyük həvəslə, ehtirasla oxuyub sona çatırsan və bu həqiqətin şahidi  olursan. “Anamdan yadigar nəğmələr” başlığı altında toplanmış şerlərdə oxucunun estetik hissini doyuzduran və təmin edən keyfiyyət vardır. “Bacım  Gülsümə məktub” şerində şair “Üç oğul anası” poemasındakı mənəvi xətti davam etdirir. Şair öz doğma evlərinə bir də dönə bilmir. Doğma kəndə gedəndə anası yadına düşür, ürəyinin başı göynəyir.
                               Çətindir, ay bacım, bunları görmək,
                               Göz də bir baxışla oda düşərmiş.
                               Uşaqlıq itirmək, gənclik itirmək
                               Ana itirəndə yada düşərmiş...
      M. İbrahim yaradıcılığında hiss o qədər qüvvətlidir ki, bəzən onu təhlil, izah etdikdə lirika öz təravətini, əvvəlki  qüdrətini itirir.
      Lirik şerin bu xüsusiyyəti haqqında böyük rus tənqidçisi V.Q. Belinski yazırdı: “Bəli, onu ( lirikanı – D.M )  nə nağıl, nə də şərh etmək mümkün deyildir. Onu yalnız şairin qələmindən cıxdığı kimi duymaq olar. Onu sözlə nağıl etdikdə və ya nəsrə çevirdikdə isə içindən zərrin, qəşəng kəpənəyin indicə uçub getdiyi yaraşıqsız qansız qabığa çevrilir”. Bu fikirləri eyni ilə M. İbrahimin şerlərinə aid etmək olar. Onun lirik şerlərini məntiqi dillə şərh edəndə bəzən adam cətinlik çəkir.
      M. İbrahim şerlərinin canlı və təravətli olmasına səbəb bir də onun dili və üslubunun müvəffəqiyyətli olmasıdır. Bədii, obrazlı dil sənət əsərinin canı və qanıdır.  Şair ümumxalq dilinin zəngin xəzinəsindən, bədii ifadə vasitələrindən bacarıqla istifadə edir. Onun şer dili ən yığcam, ən dolğun dildir. Məsələn,
                                Yel əsdi, yarpaqlar suya töküldü,
                                Göy çitə tünd sarı güllər tikildi...
                                                                      ( “Göy göl”).
yaxud
                               Balkonlara  qızlar çıxdı.
                               Gülüşlərdən gül əkildi.
                               Çiyinlərdən məhəccərə
                               Neçə qara çay töküldü.
     Kitabda belə müvəffəqiyyətli lövhə və detallar çoxdur. Ancaq kitabda şairin ümumi səviyyəsindən aşağı olan şerlərə də rast gəlmək olur. “Yaxşı adam”, “Volqa”, “Demədim”, “Nəyimə gərəkdir” şerlərində müəllif  müvəffəq ola bilməmişdir.
    “Anamdan yadigar nəğmələr” kitabında  şairin “Paslı qılınc” adlı poeması da verilmişdir.
                                                                
1966
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws