|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əhməd  MAHMUD

“ANAMDAN  YADİGAR  NƏĞMƏLƏR”

     Stolumun üstündə bir neçə təzə kitab vardır. Onlardan biri də Məmməd İbrahimin Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən bu günlərdə buraxılmış “Anamdan yadigar nəğmələr” kitabıdır. Mən Məmmədin “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Mən cəni taparam”, “Araz axır” şer kitablarını oxumuşam. Onun əvvəlki kitabları  kimi yeni kitabı da bizi sevindirir.
     Şair qələmə aldığı hər bir hadisəni mənalandırmağı bacarır, oxucuya yeni söz, təzə fikir deməyə calışır. Kitabdan görünür ki, o, daim axtarışlara, yeniliklərə və bədii ümumiləşdirmələrə qüvvətli meyl edir.
     “Anamdan yadigar nəğmələr”  kitabında oxucu anaya övlad məhəbbətinin gözəl nümunəsini  görür. Biz kitabda anaya həsr edilmiş şerləri oxuyanda ananın böyüklüyünü, ona olan dərin ehtiramı bir daha  yaxından hiss edirik. Bu şerlər bütün gəncləri böyüklərin qədr-qiymətini bilməyə, öz baba və nənələrinin, ata və analarının xatirini əziz tutmağa çağırır.
Məmmədin ifadələrindəki təzəlik və aydınlıq oxucunu razı salır. O, oxucu ilə səmimi bir dillə danışır. Biz  “Göy göl” haqqında çox oxumuşuq. Lakin Məmmədin  “Göy göl”ünü fərqləndirən cəhət budur ki, o, başqasını təkrar etməmiş və özünəməxsus təzə ifadə vasitələri seçmişdir. Həmin şerin bir yerində oxuyuruq:
                                Döşünü qayıqlar düymətək bəzər,
                                Dedim bu görkəmlə Xəzərə bənzər –
                                Qızını  yaylağa köçürüb Xəzər.
                                Baxdı, cilvələndi, nazlandı Göy göl
Şair əsl gözəlliyi  əməkdə görür. Özünün xarici gözəlliyi ilə öyünənlər ona yaddır. Şair  “Utanma qara qız”  şerində  “Çörəyi gözəllik olanlar utansın” deyir, qara qızın öz əməyi ilə sevilməyə layiq olduğunu tərənnüm edir.
Məmməd “Naməlum qəhrəman” şerində sadə əmək adamının bədii surətini yaratmışdır. Şairin qəhrəmanı şan-şöhrət dalınca qaçmır, zəhmətinin müqabilində  tərifli sözlər eşitmək arzusunda deyildir, həyatın əsl mənasını qurub-yaratmaqda görür, dənizin dərinliklərindən neft çıxarır, dəzgah arxasında tər tökür, taxıl əkir, bağ becərir. Şair üzünü qəhrəmanına  tutaraq deyir:
                                Sən dəniz qoynunda, dəzgah dalında,
                                Tarlada, zavodda... hər yerdə varsan.
                                Şöhrət paylananda, ad paylananda
                                Nə şöhrət umarsan, nə ad umarsan.
                                Səninçün meyarı şöhrətin-şanın
                                Nə medal, nə də ki, tərif – yazıdır.
                                Sənin aləmində hər qəhrəmanlıq
                                Bəlkə də ən adi iş normasıdır.
Kitabda şairin  “Paslı qılınc” poeması da verilmişdir. Poema ailə-məişət mövzusuna həsr edilmişdir. Poemanın süjeti çox sadədir. Musaxan arvadını və iki uşağını ataraq özündən on yaş böyük, meşşan və pozğun bir qadınla yaşayır. Ərinin çirkin əməllərinə dözə bilməyən Rəmziyyə Musaxandan ayrılmaq üçün məhkəməyə müraciət edir. Xalq hakimi onları əvvəlcə barışdırmaq istəyir. Lakin bu, mümkün olmur. Rəmziyyə Musaxandan boşanir. Bəs Musaxanın ailəsini dağıdan o pozğun qadın kimdir? Onun ləqəbi Qadası, adı isə Gülsuradır. Gülsuranın əri rəssam idi. Musaxan onun şoferi idi. Əri öləndən sonra Gülsura Musaxanı tora salır, onu əyri yola vadar edir. Axırda isə Musaxan el içində ifşa olunur. Poemanın dili axıcı və rəvandır.
Əlbəttə, bütün bu və ya digər müvəffəqiyyətlərlə yanaşı kitabda bir sıra qüsurlar da vardır.Ayrı-ayrı fikir təkrarının getməsi, şairin imkanından aşağı səviyyədə duran bəzi şerlərin olması, mövzu məhdudluğu kitabın dəyərini azaltmır.  “Anamdan yadigar nəğmələr” kitabı göstərir ki, Məmməd İbrahim bundan sonra da özünün yeni əsərləri ilə bizi sevindirəcəkdir.

1966
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws