NAĞIL
Deyirəm əlim çata: Bir kəmənd atam Kometdən, şimşəkdən İşıq yallı bir köhlən oğurlayam, Çapıb, çapıb, günəşi göydən oğurlayam. Təşvişə düşə Neçə kənd-şəhər, neçə ölkə oğruları; Neçə müstəmləkə oğruları; Görələr: göz işığında, Ürək işığında, Arzu-ümid işığında, Yaşamaq necəliyini. Görələr: saraylar, Kürsülər, seçkilər gecəliyini. Günəş qoltuğumda -- Oğru bir uşaq kimi, qaçıb, qaçıb Neçə sistem sonsuzluğunu ötəm, Kainatın elə bir küncündə Günəşin üstünü örtəm Ki, bütün planetləri ələsələr, Bütün ulduzları əldə çıraq eləsələr, Tapmayalar günəşi, Tapmayalar məni. Mən özüm gəlib müştuluqlayam Məni gəzəni. Düşələr əl-ayağıma, Hindular Kolumba yalvaran kimi. Bir hirssiz, qəzəbsiz barmağa Açılmaq istəyən bomba yalvaran kimi. Mənə sarı dillər uzana, Artığını kəsəm. Mənə sarı əllər uzana, Sırtığını kəsəm. Ömrü boyu yalvardanlar yalvara-yalvara, Yalmana-yalmana “Bağışla” -- deyələr, “Döy-söy bizi”, “Əz, xışla” -- deyələr, Amma “bağışla” -- deyələr. Ulduzların iştirakıyla Belə bir qol kağızı alam: “... Verilir ki, Bir də Yer üzündə İşıqsız qoymayacaq Adamı adam...” Bəli, bundan sonra “Dustaq günəşi” Fəzaya ötürəm. Sevin, zənci qardaş, Dikəl, ütülən! Demə bu nağıldır, Bir gərniş, bir isin! Vallah, tapıla bilər Mənimtək birisi... 1972
|
|