|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əmirxan    XƏLİLOV

AYDINLIQ, SƏMİMİLİK
                               
BU GÜNKÜ şerimizin ümumi mənzərəsini aydın təsəvvür etmək və müəyyənləşdirmək məqsədində olarsaq, təbii ki, daim axtarışlara, yeniliklərə, bədii ümumiləşdirmələrə qüvvətli meyl edən yaradıcı gənclikdən söhbət açmamaq mümkün deyildir. Bu, ona görə lazımdır ki, müasir həyatımızı duymaq, onun mənəvi, estetik xarakterini hiss etmək, cəmiyyətimizi bütün mürəkkəbliyi ilə dərk etmək cəhdi yaşlı nəslə mənsub olan şairlərimizlə birlikdə cavan şairlərimiz üçün də səciyyəvidir. Onların lirik qəhrəmanı müasirini özünə dost, yoldaş və sirdaş bilən, yüksək mənəvi və zehni keyfiyyətlərə malik vətəndaşdır.
“Sevgi nəğməsi” (1959), “Üç oğul anası” (1961), “Mən səni taparam” (1963), “Araz axır” (1964) şer kitabları ilə oxucularda özünə rəğbət oyadan şair Məmməd İbrahimin  bu günlərdə capdan çıxmış “Anamdan yadigar nəğmələr”ində yuxarıda bəhs etdiyimiz  qəhrəmanın bəzi xarakter xüsusiyyətləri əksini tapmışdır. Şairin lirik qəhrəmanının xarakterində ictimai motivlər, vətəndaşlıq meylləri də üstünlük təşkil edir. O, mənəvi cəhətdən qüvvətli, dolğun və nəcibdir, fərdi duyğuları ilə ictimai duyğuları arasında vəhdət vardır. Oxucunun qəlbini riqqətə gətirən cəhət hər şeydən əvvəl, qurub yaratmaq amalı ilə yaşayan  bu qəhrəmanın nəcib, işıqlı arzu və niyyətidir.        
“Anamdan yadigar nəğmələr” kitabında oxucuda xoş təəssürat oyadan cəhətlər nədən ibarətdir?  Hər şeydən əvvəl, müəllifin poetik təsəvvürünün əhatəsi, ifadələrindəki təzəlik, aydınlıq və səmimilik diqqəti cəlb edir. Burada lirik qəhrəmanın hiss və fikirləri quru və çılpaq bir şəkildə verilməmiş, müvafiq bədii dona geydirilmişdir. Bu cəhətdən “Göy göl”, “Deyirlər şer oxunmur”, “Ömrüm, arzum”, “Bir otaqda”, “Mənə bağışlana”, “Utanma, Qara qız”, “Gecə, dəniz” və s. şerləri səciyyəvidir.
M. İbrahim insan və həyat haqqında mühakimələr yürüdərkən əsasən mücərrəd fəlsəfəçilik yolu ilə getmir, konkret fakt və hadisələrin xarakter əlamətlərini əks etdirməyə çalışır. Şerin, sənətin çətinliyini hiss edən, onun qüvvəsini yüksək qiymətləndirən müəllif  “Bir otaqda” şerində deyir:
                            Bəlkə şair olmamağım
                            Olmağımdan gərəkliydi?!
Lakin o, şair olmağı ilə özünü xoşbəxt bilir. Varlığını, arzu və əməllərini, bu gününü və gələcəyini ürəyinin atəşindən doğulan şerlərində görür:
                            Sən olmasan bu dünyada
                                                 nəyəm, kiməm?
                            Sən olmasan sonsuz ata,
                            Sən olmasan bir yetiməm...      
     “Ömrüm,arzum” şeri üçün yeni söz və məcazlar, maraqlı təşbihlər, lakonizm xarakterikdir. Öz üslubuna, zövqünə müvafiq olaraq şair, burada hər sözün, hər misranın düzülüşünə, emosionallığına diqqət yetirmişdir. Şairin təsvir etdiyi aləm, lirik hisslər, bədii idrak, estetik təsvir etibarilə səmimi və yenidir.
      Məlumdur ki, poeziyamızda ana mövzusunda çox əsərlər yazılmışdır. Ana zəhmətinə, ana məhəbbətinə həyəcanlı nəğmələr həsr edilmişdir. Bu mövzuda səmimi nəğmələr deyən şairlərdən biri də M. İbrahimdir. Kitabın “Anamdan yadigar nəğmələr” adlandırılmasını ana xatirəsinə ən ləyaqətli hədiyyə hesab etmək olar.
      Bu günün oxucuları qiymət verməkdə o qədər də səxavətli deyillər ki, hər əsəri yaxşı əsər, hər yazanı yaxşı və istedadlı şair adlandirsın. İndi şerimiz elə bir tərəqqi yolundadır ki, ona artıq köhnə məyarla  qiymət vermək kifayət deyildir. Məhz buna görə də şerimizin indiki vəziyyətinə daha böyük tələblə yanaşmalı, onu daha dəqiq və obyektiv qiymətləndirməliyk.
       Bu tələblə və bu səviyyədən çıxış edərək, M.İbrahimin barəsində mətbuatda deyilmiş “böyük nəfəsli şair”, “yaradıcılıq təbiəti zəngin olan şair”, “mənalı bir şair” və s. kimi pafoslu, bir qədər də qeyri-dəqiq və qeyri-səmimi qiymətlərin xilafına olaraq, kitabın qüsurlarını da qeyd etməklə şair haqqında sözümüzü tamamlamaq istəyirik.
       Hər şeydən əvvəl deməliyik ki, kitabda mövzu məhdudluğu nəzərə çarpır. Burada əmək adamlarının bədii surətini əks etdirən əsərə rast gəlmirik. Halbuki, xalqımızın qəhrəmanlığına layiq şerə, poemaya indi daha çox ehtiyac hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, kitabda  otuz beş səhifəlik yer tutan “Paslı qılınc” poeması müəllifin imkanlarından aşağı səviyyədədir. Başlıcası isə budur ki, poemada bütöv və mükəmməl cizgilərlə oxucuya təqdim olunan dolğun bədii surət yaradılmamışdır.
      Kitabdakı  “Pəncərəm önündə ev”, “Arazın nəğməsi”, “Od”, “İki tale” və bu qəbildən olan bəzi şerlərdə də qeyri-poetik misralar nəzərə  çarpır.
      Biz bu və ya digər qüsurların sayını artırıb müəllifi ittiham etməyə lüzum görmürük. Ancaq şair özü belə deyir:
                                Oxuyun üzümə nə günahım var.
                                 İttiham etsəniz güzəşt sanaram,
                                 Güzəştə getsəniz ittiham olar.
       Lakin kitabın oxucuya bağışladığı ümumi xoş təəssürat bizi şairə “güzəştə” getməyə vadar edir.

1966
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws