|
|
|
ÜSTÜMƏ QAYIDAN YAZILARIM
Nədir günahınız, açıq danışın, Üstümə qayıdan yazılarım, siz! Hansı bir naşının, bir ağlı çaşın Ələk baxışından keçməmisiniz?!
Doğulan dünyaya göz açsın gərək, Siz hələ yaşarsız gözü yumulu. Sizi əbədimi kor eləyəcək Bir duzsuz hırıltı, bir gizli yumruq!
Sizə nə ad verim, haraya yığım? Sizi nə yaşatmaq, nə atmaq olur. Müəllif qəlbindən günahsız çıxıb Oraya günahkar qayıtmaq olmur.
Günahkar söylədim, günahkar kimi Nədir təqsiriniz - oturun - yazın. Dərsdən çıxarılan uşaqlar kimi Elə gözləriniz yerə baxmasın.
Yalanmı danışdız? Ağzında yalan Boğaram öz doğma balamı da mən. Vətənsiz alışan, vətənsiz yanan Vətəndaş pasportlu ilhamı da mən.
Doğrumu danışdız - öz mədəsində Hamı əritməyir həqiqətləri. Hələ dolaşıqdır yer kürəsində Yalanla doğrunun sərhəd xətləri...
Bəlkə də hər yerdə bir müti, məlul, Hər qaba yerləşən su halınız yox. Ağızdan çıxmamış cavabı məlum, Ölçülü, biçili sualınız yox...
Mənə şərəflidir belə ölümlər: Qoy batsın sinəmə, batsın min nizə, Arazdan, Cənubdan yazmağım əgər Dünyada ən byük cinayət isə.
Mənim də dağım var, mənim də göyüm, Siz mənim arabir qəzəb qarımsız. Siz mənim bir az sərt, bir az ərköyün, Bir az da dəlisov övladlarımsız.
Sizdə nə günah var, döyürsə zaman, Sizi yazan mənəm, günahkar mənəm. Qayıdan haqlıdır, yoxsa qaytaran, Hələ heç özüm də deyə bilmirəm...
Məchul suallarda bəzən çaşıram, Bəzən də lüzumsuz cığallaşıram, Adi hesablarda dolaşıram mən, Hər vaxt bir almıram bir dəfə birdən...
Cavabı mürəkkəb cəbr alınarmış Bir dəfə birdən. Bir tale beləcə iki olarmış Bir dəfə birdən.
Bəşər anamızda bu təbiət var: Onda həm intiqam, həm mərhəmət var, Bəzən bir əliylə boynunu vurur, O biri əliylə heykəllər qurur.
Dadına yetməyir ac qalan zaman Öləndə hay salır, "Öldü acından”, Bəşər anamızda bu mərhəmət var: Ölən qəhrəmana sahib tez tapar!
Qalın arxivimdə şıltaq hisslərim, Siz sarı simləri itən tarımsız. Ən pis yaxşılarım, yaxşı pislərim, Mənə çox oxşayan yazılarımsız!
14 yanvar, 1968
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|