| | NƏNƏMİN  NAĞILI
 Bu gün bir düzəndən keçirdi yolum,
 Küləkdi bələdçim, qumdu sağ-solum.
 Arıq bir dəvəyə gözüm ilişdi,
 Nənəmin nağılı yadıma düşdü...
 Nənəm deyərdi ki, "zaman gələcək.
 Bütün adamlara  iman gələcək.
 Hər sözdən, kəlamdan şəkər süzəcək,
 Hər gözdən, baxışdan gövhər süzəcək;
 Bitəcək düzlərdə süd ağacları,
 Bitəcək düzlərdə söz ağacları,
 Qızıl yumurtalar qatarbaqatar,
 Qızıl xoruzların banında apar..."
 Nağıllar dəmində olmazdı dərdim.
 Nağıllar dəmində ulduz dilərdim;
 Nənəm deyərdi ki, "bir vaxt gələcək:
 Ulduzlar özləri qonaq gələcək,
 Hansını istəsən seçərsən onda..."
 Nənəmin bu şirin nağıllarında
 Nə isə, nə vaxtsa gələrdi elə.
 Bəs nə vaxt? - soruşsam, gülərdi elə,
 Deyərdi: "nə vaxtsa qum göyərəcək,
 Dəvənin quyruğu yerə dəyəcək,
 Bütün istəyinə yetəcək insan..."
 Elə o vaxtdan
 Küləklər belə ki, sovurur qumu,
 Belə ki, kəsilir dəvə ulqumu
 Dünyada nə qumluq, nə dəvə qalar,
 Nə də, nə də ki,
 Nənəyə inanan bir nəvə qalar.
 Dekabr, 1969
 
 
 | 
 |