İNNƏN BELƏ
İnnən belə qayalara salacağam mehrimi, İnnən belə buludlara salacağam mehrimi, Boz sulara salacağam mehrimi, Ulduzlara salacağam mehrimi.
Nə işim var, Duram bir düz yola çıxam, Yoluma da bir gödəni dolu çıxa, Ciblərinə əl ata ki; Bu bir yolun, Bu bir yolun, Bu bir yolun...
Alıb kişi, alıb yolu; Haqqı var ki, yanı-yanı, Haqqı var ki, dalı-dalı, Bir əl üstdə, Başı üstdə gedə yolu. Lap istəsə onuncu ilk sevdiyinin Üzüyünün qaşı üstdə gedə yolu, Nə işim var! Nə işim var Bir addımlıq cəsarətdən Min addımlıq sual-cavab yükü dartam. Neçə ağla şahid çəkəm, Ya vicdanı vəkil tutam. Nə işim var: Bir qurumuş söyüdə Bağlasalar günəşi, Nəsiminin inadına Cavabdeh saxlasalar günəşi; Nə işim var...
Söykənərəm bir sal daşa, Ulduzlara tamaşa, hey tamaşa. Boz suların dalğasına qaltaqlannam, Bir səhranın ilğımına yataqlannam, Nəyimə kar: mərz ətəyi, əkin yeri! Birisi də yapışa ki, pıtraxlıdı bunun şeri! Buludların ətəyindən Yapışaram hara gəldi... Qulağıma birdən qəfil haray gəldi: "İki taxta üstündə sən Məzarına xoş gedirsən". Tutdum qəfil o harayı, Dedim qayıt, ürəyimə, qayıt, qayıt! Bu bir andı, Ürək məni bağışlasın, Dil büdrədi, əl titrədi, qələm yazdı, Onsuz mənə qara daş da yovumazdı, Eh, nə bilim, hərdən səndə Çimib çıxan həqiqət də, Hərdən səndə Duza qoyulmuş bir məhəbbət də Yorur məni, yorur, ürək! İnnə belə məni məndən, Məni məndən qoru, ürək!.. 1970
|
|