GÖY ARXALIQ
Qara çoban, Zoğal çomaq, Çəmbər çarıq, Göy arxalıq! Biz sizinlə Neçə-neçə Dərə keçdik; Arx adladıq, Yurdumuzda qara yelli çapanların Daş evini çapıb gəldik. Göy əsgidən günümüzü qapıb gəldik. Dünən biri durub dimdik, Gözlərimə ağac oldu. Heç bilmədim Hırıldadı, mırıldadı: "Çəmbər çarıq, Göy arxalıq - Bir buna bax! Nədən yazır". Dayan, qafil! Neyləyək bəs?! Babamızdan, nənəmizdən utanaqmı? Çırın-çılpaq qum üstünə uzanaqmı? Deyək: elə babamız da, Nənəmiz də külək geyib, hava yeyib! Qəbirləri sökək bəlkə? Babaların torpaq olmuş sümüyünü biz sintetik tabutlara tökək bəlkə? Ya bilmərrə danaq, Deyək: Heç olmayıb dünənimiz, Nə nənnimiz, nə nənəmiz, nə nəmimiz, çubuğumuz, çətənimiz heç olmayıb... Sən yaz, bala: Yaz ki, mənim Atam, anam maşın olub, Yaz ki, əvvəl nə ayağım, nə də ağlım-başım olub. Yaz: hamısı alınmadır. Yaz: hamısı salınmadır. Yeri, bala, öz yerişin busa, yeri! Yeri, yeri, Yanı-yanı, Dalı-dalı yeriməyi Yenilik san! Arxanı dan. Mən danmıram, utanmıram, sarı büzmə, yaşıl kürdü, göy mintənə geyən nənəm, Birnəfəsə neçə dastan varaqlardı, deyəmmənəm. Mən danmıram, Bir də belə çul qapmıram yad alıxdan; bir də, bir də Utanmıram Dünənki göy arxalıqdan, utanmıram.
Avqust, 1970
|
|