|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Kamil  QULİYEV
  
ANA  LAYLASI KİMİ...

                       Od aldı insanın əli, bu oddan
                       Min toplu, tüfəngli hissə də doğdu.
                       Deyirəm bəlkə də elə bu oddan
                       Bu odu söndürmək hissi də doğdu.
     Bu sətirlər gənc və istedadlı şair Məmməd İbrahimin bu günlərdə Azərnəşr tərəfindən  buraxılmış “Anamdan yadigar nəğmələr” adlı kitabından götürülmüşdür.  “Od” adlı bu şerdə şair göstərir ki, odun tapılması ilə bəşər tarixi başlayır. Dünyanın mayası olan bu oddan ilham alıb hərbin odunu  oğurlamaq lazımdır – deyərək  müəllif oxucularda müharibəyə qarşı nifrət və mübarizə hissi oyadır.
      “Volqa” şerində isə şair göstərir ki, dahi rəhbərimiz V.İ.Leninin uşaqlığı bu qədim rus çayının sahilində keçmişdir. O, Volqanın coşqunluğunu belə mənalandırır:
                         O, min bir könüllə bağlıydı xalqa,
                         Hər qəlbdə əbədi nəğməsi vardır.
                         Coşqunsan,güclüsən, Volqa, a Volqa!
                         Səndə Lenininmi nəfəsi vardır?
     Kitabçada müəllifin son illər yazdığı  50-dən çox şeri və bir poeması dərc edilmişdir. “Şair ömrü”, “Görüşlər vidalar” silsiləsindən verilmiş şerlərdə şair doğma yurdunun gözəlliklərini, sosializm  quruluşunun müvəffəqiyyətlərini, saf və ülvi məhəbbəti böyük bir coşqunluqla təsvir və tərənnüm edir, bürokratları, irəliləyişimizə mane olan hər cür tüfeyli ünsürləri ciddi tənqid atəşinə tutur. Məhəbbətdən danışarkən o, milyon dəfələrlə təkrarlanmış trafaret yollarla getmir, yeni obrazlı ifadələrlə insanı ucaldan, onun adını şöhrətləndirən məhəbbəti tərənnüm edir. Şairin hicran hissləri də pak və müqəddəsdir. O, ümidsizlik deyil, gələcəyə böyük inam oyadır.
     “Anamdan yadigar nəğmələr” silsiləsindən olan  “Bacım Gülsümə məktub”, “Son anında”, “Ana yaşı”, “Cümə günləri” və sair şerlərində qədirbilən bir övladın doğma və unudulmaz anasına bəslədiyi sonsuz məhəbbət hissləri əks olunur. “Bir şair küsüb”, “Vilayi” şerlərində isə ənənəvi Cənub mövzusu,- dili, adəti və ənənəsi bir olan xalqın iki yerə parçalanması mövzusu əsas yer tutur.
     M.İbrahium kiçik yaşlı uşaqları da unutmamışdır. Onun  “Buluda minmək olar?”, “Quzum”, “Böyük olsam”, “Təmiz balalar”  və s. əsərləri körpələrimiz üçün yazılmış anlaşıqlı, oynaq, sadə dilli və müvəffəqiyyətli uşaq şerlərinin, ümumiyyətlə, Azərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələrindən hesab edilə bilər.
     “Paslı qılınc” poemasında isə ailə məsələsindən, ər-arvad münasibətlərindən bəhs olunur. Musaxan arvadı Rəmziyyəni və iki uşağını ataraq varlı, dul qadın olan Gülsura (Qadası) ilə yaşayır. Rəmziyyə ilə məhkəmədə boşanır. Lakin bu, gənc hakimi təmin etmir. O, Musaxanı ailəsinə qaytarmaq üçün bəlkə də qanunun icazə vermədiyi vasitələrə əl atır. Müttəhimin evinə gedir, qonaqlıq məclisində Gülsuranın əsil pozğun simasını açıb Musaxana göstərir. Musaxan başa düşür ki, o, Gülsura üçün “kürsək tulasından” başqa bir şey deyildir. Meşşan qadının bütün daxili aləmi onun dediyi aşağıdakı sözlərlə çox gözəl ifadə olunmuşdur:
                                   Fərqi yox, Musaxan, İsaxan olsun,
                                   Mənim döşəyimi qızdıran olsun!
    Poemanın sonuna yaxın  Musaxan hakimin və iş yoldaşlarının köməyi ilə öz səhvini gec də olsa anlayır və Gülsuradan üz döndərir.
     Təəssüflər olsun ki, kitabdakı “Pəncərəm önündə ev”, “Bir otaqda”, “Gələcəyin addım səsi”, “Dalğalarla oynayan qız” və başqa bir sıra şerlər bədii cəhətdən zəif, məzmunca mücərrəddir.
     Lakin bu nöqsanlarına baxmayaraq  “Anamdan yadigar nəğmələr” kitabı gənc şair Məmməd  İbrahimin yaradıcılığında irəliyə doğru atılmış, həm də cəsarətlə atılmış müvəffəqiyyətli  bir addım hesab edilməlidir. Bu kitab nahaq yerə  “Anamdan yadigar nəğmələr” adlandırılmamışdır. Kitabdakı şerlərin əksəriyyəti ana laylası kimi oxucunun könlünü oxşayır, onda xoş arzular və mübarizə əzmi oyadır.
1967
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws