ÖLÜM QORXUR QƏLƏMDƏN
Qələm mənim yol yoldaşım, Qələm mənim oxum, nizəm. Qələm mənim söz qardaşım, Qələm mənim mübarizəm.
Qələmimdən gen düşəndə Öz-özümə yaslanıram, Öz-özümə əzilirəm, Köhnəlirəm, paslanıram.
Masam üstdə yallı tutan Giley olur, qeybət olur, Göz oxşayan gözəlliyə Gözəyarı qiymət olur.
Qələm mənə - dağlara çıx, Buludlara dırman, deyir. Yamanlığın ağzına sən Qaya kimi yaman, deyir.
Qələmimlə dil tapanda Yön alıram gündoğana, Bu məqamda ölüm istər Yeri dana, göyü dana.
Qələm ucu top gülləsi, Qəm sarayı yıxır qələm. Gülləsini düz ölümün Gözlərinə sıxır qələm.
Ey qələmim, qəhr olundu Çox imkanım, çox inadım. Hikmətini gec anladım, Qüdrətinə gec inandım...
1981
|
|