ONUN “ÖMÜR KARVANI”
Azəri poeziyası min ildən bəri baş alıb gələn nəhəng bir karvanı xatırladır. Bu sənət karvanını Nizami, Füzuli, Vaqif, Sabir, S.Vurğun kimi böyük söz ustaları çəkib bu günlərə qədər gətirmişdir. Müasir şerimiz isə bu qüdrətli poeziya karvanının yeni, yüksək bir mərhələsidir. İstedadlı şair Məmməd İbrahimin yeni çapdan çıxmış “Ömür karvanı” şerlər kitabı fikirlərimizə parlaq misaldır. Bu kitabı oxuyarkən qəlbimiz nəhayətsiz bir sevinclə dolur. Şerləri oxuduqca inanırsan ki, şair son dərəcə orijinal bir poeziya kitabı yaratmışdır. Kitabda toplanan şerlərin ruhu, ideyası yenidir. Şair sənət aləmində təzə söz deyir. M. İbrahim kitabdakı şerləri öz məzmun və mündərəcəsinə görə “Poeziya, poeziya...”, “Sənin istəyin”,“Məktublar..düşüncələr ”, və “Kölgələr” fəsillərinə ayırmışdır.
Kitab “Özümlə söhbət” şerilə açılır. Məmməd öz ilham pərisini “Quşqonmaz zirvələrə” sürür, çox təbii olaraq sənət aləmində birincilik arzusu ilə yaşayır. Arzu şairin qanadlarıdır. O, arzu ilə yaşayıb yaradır. Bu səmimi duyğu onun bütün şerlərinin canında, cövhərində yaşamaqdadır.
Məmməd şair vüqarından söz açır, onun müqəddəsliyindən bəhs edir. Şairləri “Vətənin ərköyün övladları” adlandırır. Onu ucaldan da xalqdır. “İstəsən şairi əyəsən, onun əlindən xalqının alqışını al” deyir.
Klassiklərə məhəbbət, onlar haqqında yazmaq, səmimi sözlər demək M.İbrahim yaradıcılığında əbədi və əzəli bir mövzudur. Böyük sənət hər zaman klassiklərə borcludur. Bu baxımdan şairin “Səməd Vurğunla söhbət”, Q. Xemenqueyin ölümünə, Ə. Ələkbərovun xatirəsinə, böyük Füzuliyə həsr etdiyi şerləri səciyyəvidir. Şair Səməd Vurğundan sonrakı dövr ədəbiyyatımıza, şerimizin xəritəsinə nəzər salır. Haqlı olaraq mövcud olan nöqsanları tənqid edir. “Tənqid zəlzələsi”nin olmamasından narazı qalır:
Yeni tənqid zəlzələsi yoxdur hələ.
Səndən sonra tənqid bir az yuxalıbdır,
Yaxşı-pisin çəki daşı yoxalıbdır - deyir.
Kitabda şairin öz subyektiv “mən”i ilə bağlı olan şerləri bir silsilə təşkil edir. Bu şerlər müəllifin şəxsi keyfiyyətləri ilə tanış olmaqda oxucuya kömək edir. Bunlar bir növ ümumbəşəri məziyyətlərə malik olan şerlərdir. Şairin gördüklərini, eşitdiklərini və keçirdiyi hissləri hər bir oxucu da görə, eşidə və keçirə bilər. Buna görədir ki, həmin şerlər bizə yaxın və doğma görünür. Məmməd İbrahim necə gəldi yazmır. “...Ana uşağı öz bətnində bəsləyib böyütdüyü kimi, o da poetik fikrin toxumunu öz qəlbində bəsləyib böyüdür” və sonra oxucusuna təqdim edir.Buna görə də onun sərf etdiyi əmək, çəkdiyi söz əzabı səmərəsiz qalmir, özünə tez ünvan tapır və oxucusuna sahiblənir. “Özümdən şikayət məktubu”, “İki səs”, “Deyirlər ki...”, “Mövzularım tükənəndə”, “Qayğılar”, “Məhəbbət körpümüz” və s. belə şerlərdəndir. Şairə hər bir şey tez təsir edir, onun hissləri çox kövrəkdir, müqəddəs və təmizdir. Oxucuya adi görünən şey ona poetik görünür. M. Şoloxov günəşin şeh damcılarında əks olunmasından təsirlənir. A.S.Puşkin kitabın arasından çıxan saralmış yarpağa şer yazır. S.Vurğun ceyran qaçışında, quş uçuşunda bir şeriyyət, poeziya görür və s. Məmmədə də bu ali duyğular yaxındır, doğmadır, o, da ağacda budağın qurumasından, bulağın gözünün tutulmasından təsirlənir:
Bir bağda barını qurd-quşlar yeyən,
Budaq quruyubsa – günahkar mənəm.
M.İbrahimin poeziyasında sağlam, həyati bir ruh vardır. O, ən fəci hadisəyə belə nikbin məzmun verə bilir.
“Professor Gülə məktub” şerində şairin vətəndaşlıq duyğularının səmimiyyətinə inanmaya bilmirsən. Şair – vətəndaş Xəzərin gələcək taleyini düşünür, doğma vətənini, gözəl Bakını Xəzərsiz təsəvvür edə bilmir. O, məktubunda arzu edir ki, Xəzərin gələcək həyatı üçün nəzərdə tutulan məsələlər kağızlar üstündə qalmasın. Onun qulluğunda durmaq, nazını çəkmək hər bir vətəndaş çağrılan kəsin borcudur. Məmmədi narahat edən budur ki:
Xəzərdən sahilə
Qızıl dartırıq,
Gülab tökürük.
Sahildən Xəzərə
Zəhər axıdır,
Çirkab tökürük.
“Ömür karvanı” şairin mənalı və zəngin bir ömür kitabıdır. Bu ömür kitabında həyat bütün ziddiyyətləri ilə verilir. Şair o şeyləri poeziyanın materialına çevirir ki, onun bütün mahiyyətini, daxili qanunauyğunluğunu dərk edir. Həyatın müxtəlif rəngləri, onun nəhayətsiz çalarları vardır. Kitab bu rənglər qarışığından yaranmışdır – desək səhv etmərik. Məhəbbət, vətən torpağının tərənnümü, müharibə, müxtəlif düşüncələr: - bütün bu məfhumlar yeni olmasa da şair onları təzə sözlə, orijinal forma ilə poeziya işığından keçirir.
Şerlər kitabı yüksək sənətkarlıqla yazılmışdır. Şair hər sözü, hər ifadəni yerində və məqamında işlədir. Onun şerlərində dərin bir xalq ruhu, xalq nəfəsi vardır. Bu şerlərdə dilimizin bütün gözəlliyi və bədiiliyi öz əksini tapmışdır.
Bəlkə bu yerlərə bir də gəlmədim
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal.
V.Q. Belinski Puşkin yaradıcılığından bəhs edərək yazırdı: “Rus dilinin bütün akustik zənginliyi, bütün qüvvəti burada qəribə bir mükəmməlliklə özünü göstərir; bu şeriyyət incədir, şirindir, dalğa hərəkəti kimi yumşaqdır, şimşək kimi parlaqdır, büllur kimi şəffaf və təmizdir, bahar kimi ətirli və təravətlidir, pəhləvanın əlindəki qılınc zərbəsi kimi möhkəm və qüvvətlidir. Onda dilə gəlməz füsunkar gözəllik və dilbərlik, göz qamaşdırıcı parlaqlıq və incə təravət, dil və qafiyənin melodiya və ahəng zənginliyi, yaradıcılıq xəyalının və şair ifadəsinin bütün naz və gözəlliyi vardır”.
Böyük ilham və məhəbbətlə deyilmiş bu sözləri eynilə M.İbrahim poeziyasının ruhuna aid etmək olar. Azəri dilinin bütün zənginliyi onun “Ömür karvanı” kitabında tam aydınlığı ilə təzahür etmişdir.
M. İbrahim şerdən-şerə, kitabdan-kitaba dəyişir, inkişaf edir. Qoy hər yeni kitab onun şair ömrünü daha da zənginləşdirsin.
1968